Politoloqlara “Türkiyənin “Zeytun budağı” əməliyyatının gedişini necə dəyərləndirirsiniz, bu əməliyyat Türkiyə üçün bataqlığa çevrilə bilərmi” sualı ilə müraciət etdik
Cavid Vəliyev (Strateji Araşdırmalar Mərkəzi xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri) türk ordusunun çox çətin şərtlər daxilində əməliyyatı davam etdirdiyini bildirdi: “Türk ordusu Afrin regionuna bir istiqamətdən girmədi, aypara şəklində üç istiqamətdən girdi və irəliləyir. Ən son məlumata görə, türk ordusunun keçirdiyi əməliyyat nəticəsində 300 kilometrlik sahə terrorçulardan təmizlənib. Bura 47 kənd, 5 təpə və bir dağ daxildir. Son rəqəmlərə görə, türk ordusunun 32 şəhidi və 143 nəfər yaralısı var. Buna qarşılıq 1600-dən çox terrorçu məhv edilib. Əlbəttə, məsafə az görünə bilər, lakin bu region 6 ildir terrorçuların kök saldığı ərazi olub. Xarici dövlətlərin dəstəyi nəticəsində o regionda yerləşən YPG/PYD silahlıları kiçik bir silahlı dəstədən çox silahlanmış və logistik dəstəyə sahib birliyə çevrilib. ABŞ DAEŞ-ə qarşı mübarizə çərçivəsində bu silahlı terror təşkilatına 3 min tır silah göndərib. Üstəlik ABŞ konqresi ölkə büdcəsindən PYD/YPG üçün 550 milyon dollar maliyyə yardımı ayırıb. ABŞ generalları açıq-aşkar terror təşkilatına təlim keçir və onlar üçün betondan səngərlər düzəltdirib və bunların hamısı tunellər vasitəsilə bir-biri ilə bağlanıb. PYD/YPG-nin sahib olduğu silahlar, uzun zamandır o bölgədə mövcudluqları və beton səngərlər türk ordusunun irəliləməyini çətinləşdirir. Heç türk ordusu da şəhid sayını artırmamaq üçün sürətlə irəliləmək istəmir. Ordu əgər normal silahlı ordu ilə qarşı-qarşıya qalmış olsaydı, qısa müddətdə daha çox məsafə qət edə bilərdi. Terror təşkilatlarının istifadə etdiyi döyüş taktikası adətən assimetrik döyüş taktikasıdır. Bu isə o deməkdir ki, türk ordusu ehtiyatlı olmalı və irəlilədiyi yerləri təmizləyərək davam etməlidir. Terror təşkilatları mülki əhalidən qalxan kimi istifadə edir, mülki paltar geyinib, orduya qarşı döyüşür. Bütün bunlar ordu üçün problemlər yaradır. Mülki əhalidən kim ölsə və ya mülki geyimdə terrorçu öləndə, xarici dövlətlər tərəfindən Türkiyəyə qarşı istifadə oluna bilər. Hazırda türk xalqının Afrin əməliyyatına dəstəyi yüksək səviyyədədir. XDP partiyasının dəstəkçilərindən başqa digər bütün partiyalar Afrin əməliyyatını dəstəkləyir”.
Elçin Mirzəbəyli əməliyyatın məcburiyyətdən irəli gəldiyini söylədi: “Zeytun budağı” əməliyyatı Türkiyə üçün məcburiyyətdən doğan bir addımdır. Ərazi bütövlüyü və vətəndaşlarının təhlükəsizliyi üçün yaranan təhlükə, terrorizm və aqressiv separatizmlə bağlı artan çağırışlar Türkiyənin qonşu ölkənin terrorçuların nəzarətində olan ərazisinə müdaxilə etməyə məcbur edib. Bunun alternativi Suriyada PKK terror təşkilatının fərqli adlar altında təqdim olunan ayrı-ayrı qruplarının daha da güclənməsini, terorçuların vahid gücə çevrilmələrini və təbii ki, Türkiyənin ərazi bütövlüyünə daha ciddi təhlükə yaratmalarını gözləməkdən ibarət idi ki, Ankara da proseslərin bu məcrada inkişafı ilə razılaşa bilməzdi. Bu vəziyyətə Türkiyəni sevən və yaxud sevməyən, azərbaycanlıların Türkiyəyə olan sevgisindən qıcıqlanan insanların gözü ilə deyil, real təhlükə və beynəlxalq hüququn prinsiplərindən yanaşmaq lazım olduğu qənaətindəyəm. Nə “Zeytun budağı” əməliyyatı, nə də Türkiyənin öz təhlükəsizliyini təmin etmək məqsədilə atacağı digər addımlar bu ölkə üçün bataqlığa çevrilməyəcək. ABŞ və müttəfiqləri, Rusiya, İran və bəzi simasız ərəb ölkələri onsuz da bölgədə bataqlığın yaranması üçün hər şey ediblər. Bölgə terror bataqlığına çevrilib”.
Arzu Nağıyev ikinci Əfqanıstan cəbhəsinə bənzər tendensiyanın yarana biləcəyindən ehtiyatlanır: “Afrin əməliyyatı düşünülən qədər asan əməliyyat olmadı. Yanvarın 20-dən başlanan əməliyyat bu günə kimi davam edir. Mənim subyektiv fikrim ondan ibarətdir ki, Rojava anklavı mühüm əhəmiyyət kəsb etdiyinə və 500 minə yaxın kürd əhali yaşadığına və müxtəlif hərbi, siyasi maraqların toqquşduğuna görə, düşünürəm ki, ikinci Əfqanıstan cəbhəsinin açılması kimi qorxulu tendensiya yarana bilər. Müəyyən itkilərə baxmayaraq, Türkiyə ordusu yüksək səviyyədə əməliyyat keçirir. İndiyə qədər 1700-dən çox terrorçu məhv edilib, müəyyən strateji əhəmiyyətli yüksəkliklər ələ keçirilib. Hətta NATO üzvü kimi ABŞ və digər maraqlı dövlətlərlə razılıqlar əldə olunub. Əsas məqamlardan biri də odur ki, Azad Suriya Ordusu deyilən qurum da bu müharibədə, münaqişədə Türkiyə ordusu ilə birlikdə iştirak edir. Əvvəllər yüksək dağlıq ərazilərdə İŞİD-ə qarşı vuruşa bilən kürd döyüşçülərindən ABŞ istifadə edirdi. İndi razılığa gəlinib ki, ABŞ bu əməliyyatların gedişinə qarışmır.”
Zaur Məmmədov türk ordunun qarşıya qoyulan məqsədə addım-addım nail olduğundan əməliyyatın bataqlığa çevrilə biləcəyini istisna edir: “Zeytun budağı” əməliyyatının məqsədləri var və bu məqsədlər reallaşmaqdadır. Əgər əməliyyatlar zamanı türk ordusu məqsədinə çata bilməsəydi, o zaman hansısa bataqlıqdan və uğursuzluqdan danışmaq olardı. İş orasındadır kı, türk əsgərləri daxil olduqları ərazilərdə dinc əhalinin olmasını nəzərə alaraq kifayət qədər ehtiyatlı davranırlar. Digər ordularda biz bunu görmürük. Onlar kor – koranə qarşılarına çıxan bütün maneələri aradan qaldıraraq çoxlu sayda qadın – uşaqların, yaşlıların ölümünə səbəb olurlar. Bu, bir daha türk ordusunun hümanist, barışçı imicini təsdiqləyir”.
Elxan Şahinoğlu əməliyyat genişləndikcə təhlükə və risklərin də artacağını qeyd edir: “Zeytun budağı” əməliyyatı genişləndikcə, müəyyən təhlükə və risklər artır. Türkiyə öz sərhədində bir təhlükəsizlik zolağı yaratmaqda haqlıdır. İndi türk ordusu Afrinə yaxınlaşır, sonra isə hədəfdə Münbiç var. Afrində PKK-nın müəyyən tör-töküntüləri yerləşdiyindən, küçü döyüşlərinin olması da mümkündür. Münbiç isə o baxımdan təhlükəlidir ki, həmin şəhərdə amerikalı hərbi mütəxəssislər var. Ona görə də əməliyyatın bu mərhələsi Amerika ilə də razılaşdırılmalıdır. Bu baxımdan vəziyyət təhlükəli həddə çatıb, amma geriyə də yol yoxdur. Dünən belə bir informasiya da yayıldı ki, Əsəd hərbi birliklərini Afrinə göndərib və PKK-çılarla yerdəyişmə edə bilər. Kürd döyüşçüləri öz mövqelərini Əsədə təhvil verməyə hazırdır, bir şərtlə ki, türk ordusu şəhərə daxil olmasın. Amma düşünürəm ki, bu, bütün hallarda Türkiyəni geri çəkilməyə vadar etməyəcək. Çünki ehtiyatlanaraq geri çəkilməsi həm Ərdoğanın, həm də türk ordusunun imicinə zərbə ola bilər.
“Əməliyyatın perspektini necə dəyərləndirirsiniz” sualımız politolqların cavabları belə oldu:
Cavid Vəliyev əməliyyatın Türkiyənin diplomatik mövqeyini gücləndirdiyi qənaətindədir: “Türkiyənin əsas hədəfi o regionda təhlükəsizliyinə təhdid olan terror təşkilatlarını zəiflətmək və Suriyanın ərazi bütövlüyünün qorunmasına nail olmaqdır. İraq-Suriya terror kantonları arasında əlaqələri kəsmək, PYD/YPG-nin Aralıq dənizinə çıxışının və terror təşkilatlarının Türkiyəyə qarşı istifadəsinin qarşısını almaq, Yaxın Şərqdə söz sahibi olan ölkələrdən birinə çevrilmək istəyir. Terror təşkilatının ABŞ, Rusiya və Əsəd hakimiyyəti ilə əlaqələri var və bu məsələ bir diplomatik bazarlıq vasitəsidir. Əsəd hakimiyyətinin Afrinə daxil olması da əslində təsadüfi deyil. Rusiya açıq qeyd etdi ki, PYD/YGP ABŞ-ı seçdiyi üçün başına bunlar gəldi. İndi də ABŞ Dövlət Departamentinin rəhbəri Tillersonun Türkiyəyə səfərindən sonra Suriya ordusu Afrinə daxil olmağa başladı. Bu addımın əslində Türkiyə-ABŞ yaxınlaşmasından narahat olan Rusiyanın dəstəyi ilə atıldığı düşünülür. “Zeytun budağı” əməliyyatından sonra Türkiyə diplomatik olaraq mövqeyini möhkəmləndirdi və hərbi cəhətdən daha yaxşı vəziyyətdədir”.
Elçin Mirzəbəyli Türkiyənin terror bataqlığını qurutmağa çalışdığını bildirir: “Türkiyə həyata keçirdiyi əməliyyatla bu terror bataqlığını qurutmağa çalışır. Öz təhlükəsizliyini təmin etmək, müdafiə olunmaq və real təhlükənin qarşısını almaq Türkiyənin hüququdur və beynəlxalq hüququn bütün norma və prinsipləri bu məsələdə Türkiyənin tərəfindədir”.
Arzu Nağıyev Türkiyənin bu ərazidəki terrorçuların axırına çıxana qədər əməliyyatı davam etdirəcəyinə inanır: “Əməliyyat davam edir, hələ Afrinin mərkəzinə çatmaq üçün müəyyən qədər məsafə var. Düşünürəm ki, əməliyyat xeyli davam edəcək. Türkiyə sərhədləri yaxınlığında bufer zona yaratmağa çalışır. Türkiyə Rojava anklavı yaxınlığında olan terror qruplaşmalarının axırına çıxana qədər bu əməliyyatlar davam edəcək”.
Zaur Məmmədov qarşıdakı hadisələrin daha maraqlı və gərgin olacağını hesab edir: “Suriyada yalnız bu əməliyyatda deyil, hər hansı döyüşdə qalib gəlmək o qədər də asan məsələ deyil. Çünki kifayət qədər güclü oyunçular və müxtəlif maraqlar var. Əsəd (əslində Rusiya) ilə kürdlər arasında barışıq və anlaşma onu göstərir ki, qardaş ölkənin ordusu kifayət qədər uğurla cənuba doğru addımlamaqdadır. Rusiya Suriyanın şimalında Türkiyə ilə sərhəd bölgələrdə sabitlikdə maraqlıdır, eyni zamanda türk ordusunun daha da Suriyanın içərilərinə doğru irəliləməsini istəmir. Ona görə tez bir zamanda PYD-YPG ilə Dəməşq arasında anlaşmaya nail oldu. Amma, bu o demək deyil ki, kimsə türk ordusunu durdura bilər. Ankaranın istəyi bölgənin terrorçulardan təmizlənməsidir. Buna kim müvəffəq olsa, Ankara razı olacaq. Əgər kimlərsə bir müddət pauza alaraq, kürd terrorçularını gücləndirməkdə davam edəcəksə o zaman bu böyük hiddətə səbəb olacaq. Suriyada qarşıda maraqlı və gərgin hadisələr davam edəcəkdir. ABŞ və Rusiya münasibətləri və liderlərinin davranışları birbaşa olaraq orada vəziyyətin hansı istiqamətdə davam edəcəyini göstərəcək.”
Elxan Şahinoğlu Türkiyə ordusunun dayanmayacağını düşünür: “Bütün hallarda türk ordusu dayanmayacaq. Dünən Rusiya və İran rəhbərləri ilə telefon danışında da görünür ki, Ərdoğan Türkiyə ordusunun dayanmayacağını Əsədə çatdırmalarını onlardan istəyib. Ordu artıq Afrinə yaxınlaşmaqdadır – ya küçə döyüşləri olacaq, ya da PKK öz xoşu ilə şəhəri tərk edəcək. Nə Afrin, nə də Münbiç onlara məxsus deyil. Sadəcə olaraq PKK-çılar vətəndaş müharibəsi üzündən həmin yaşayış məskənlərini ərəblərin tərk etmələrindən istifadə edərək tutublar. Bu baxımdan Türkiyə haqlıdır, neçə ki, həmin ərazidə PYD/YPG var, onun üçün həmin bölgələrdən təhlekə gözlənəcək. Sərhəddən hücumlr olacaq, Türkiyənin daxilində terror hadisələri baş verəcək. Düşünürəm ki, əməliyyat davam edəcək, Afrin də ələ keçiriləcək. Bundan sonra nə baş verəcəyini proqnozlaşdırmaq isə çətindir: Münbiçə doğru əməliyyat genişlənəcək, yoxsa ABŞ-l razılığa gəlinərə, bu şəhərin təhlükəsizliyi qorunacaq?”