Bu gün Ermənistan dövlətinin, erməni diasporunun, lobbisinin illərdir tətbiq etməyə çalışdığı hədəflərin necə saxta olduğunu elə təkcə 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində baş verən mart soyqırımının saysız qurbanları ilə puç etmək olar. Özünün Osmanlı dövləti tərəfindən soyqırımına məruz qaldığını iddia edən ermənilər hələ də anlamırlar ki, vətəndaşı olduğu dövləti içdən dağıdanda, ona arxa çevirəndə, onun dinc sakinlərini süngüdən keçirəndə dövlət əgər dövlətdirsə, mütləq bunun cavabını verməlidir və günahkarlar cəzalandırılmalıdır. Quldur erməni terror təşkilatlarının Osmanlı dövləti tərəfindən cəzalandırılmasına, onların üstünə qoşun göndərilməsinə, dinc ermənilərin münaqişə bölgəsindən rəsmi şəkildə köçürülməsinə soyqırımı yarlığı vuran erməni paranoik düşüncəsi hələ də anlamır ki, Şərqi Anadoluda onlar tərəfindən öldürülən türklərin sayı ölmüş ermənilərdən iki dəfə çox olmuşdur. Azərbaycanın şimalında və cənubunda isə üst-üstə yüz minlərlə insan qətliama məruz qalmışdır.
Bəs bunlar soyqırımı deyil, nədir ? Bu barədə AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Yaqub Mahmudov bir sıra maraqlı məqamlara aydınlıq gətirdi. O bildirdi ki, bu gün Prezident İlham Əliyevin milli məsələlərdə göstərdiyi prinsipiallıq, qətiyyət bütün sahələrdə olduğu kimi, tarix sahəsində də uğurlarla yadda qalır. Mən həmişə bunu qeyd edirəm ki, Prezident İlham Əliyevin öz xalqı qarşısında tarxi xidmətlərindən biri də bu oldu ki, o, “26 Bakı komissarı” abidəsi kimi anılan yerin Bakı şəhərinin mərkəzindən çıxarılmasına göstəriş verdi. O, bunu nəyə görə etdi ? Çünki, xalq özü də bilmədən həmin yerə hörmətlə, ehtiramla yanaşırdı. Bunu sovet ideologiyası xalqın beyninə yeritmişdi. Halbuki, orada sümükləri olan “qəhrəmanların” əksəriyyəti bu xalqın soyqırımını təşkil edən quldurlar olmuşdur. Oradakı cəsədlər götürüləndə məlum oldu ki, orada 26 yox, 23 cəsədin sümüklərinin qalığı var və bununla bağlı xüsusi komissiya yaradıldı.
Nəticədə məlum oldu ki, əli on minlərlə azərbaycanlının qanına batmış quldur Şaumyanın cəsədi orada yoxdur. Tatevos Əmiryan orada yoxdur. Yaşa görə, pataloji anatomiya tibbi ekspertizasına görə müəyyən oldu. Əlimizdə sənədlər var idi. Biz onları çap etdirdik. “26-lar” 1918-ci il sentyabrın 20-də güllələniblər. Şaumyanla Mikoyan isə bu hadisədən 10 gün sonra Krasnovodskda bir kamerada yatıblar. Əlbəttə, bizə mane olmağa çalışan qüvvələr də var idi. Guya, biz yalan danışırıq. Guya, Şaumyan öldürülüb, cəsədi də Bakının həmin qeyd etdiyimiz yerindədir. Lakin biz daha da dərinə getdik. Məlum oldu ki, bu adam Hindistanda Kəlküttədə yaşayıb. Bizim qocaman jurnalistlərimizdən biri konkret olaraq orada, Şaumyanın evində olub. Hətta, Rəşid Behbudovun, Bilal Əliyevin xatirələri var bu barədə. Yəni sözüm odur ki, ermənilər indi “soyqırımı”nın 100 illiyini keçirməyə hazırlaşırlar. Guya, onlara qarşı soyqırımı ediblər. Lakin heç vaxt arxiv sənədlərinin açılmasını istəmirlər. Ermənistan dövlətinə dəfələrlə Türkiyə rəhbərliyi təklif edib ki, gəlin arxiv sənədlərini açaq. Lakin onlar buna getmirlər. Niyə getmirlər? Çünki yaxşı anlayırlar ki, o sənədlərdə ermənilərin deyil, əksinə, türklərin soyqırımına məruz qalmasına aid dəlillər üzə çıxacaq. Bu dəlillərlə bağlı bir sıra ədalətsevər, tanınmış əcnəbi tarixçi də yetərincə danışmış və əsərlər yazmışdır. Halbuki, istər Şərqi Anadoluda quldur Andronikin, istər də Azərbaycanda quldur Şaumyanın, Lalayanın, Hamazaspın insanlığa yaraşmayan amansız hərəkətləri, dinc insanlara qarşı vəhşicəsinə qətliam törətmələri və sonra cəzasız qalmaları sübut edir ki, əsl soyqırımını onlar törədiblər. Azərbaycan türklərinin bu yerlərdə kökünü kəsmək, “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq, bu bölgələri türksüzləşdirmək, müsəlmansızlaşdırmaq istəyiblər. Yəni, məqsəd bir idi. İstər daşnak Andronikin, istərsə də özünü əsl bolşevik, sosialist göstərməyə çalışan, əslində isə elə daşnak olan Şaumyanın məqsədi eyni idi. Bütün bu faktlar bir daha onu sübut edir ki, Şaumyan heç də bolşevik yox, qatı daşnak millətçisi olmuşdur. Dünya arxivlərindən sənədlər gətizdirdik. Bundan əlavə məlum oldu ki, Andronik nəinki türk kəndlərini, hətta kürd kəndlərini də viran edib. İngilis kəşfiyyatının məlumatında bildirilir ki, Andronikə burada bizim maraqlarımızı qorumaq üçün pul ayırmaq lazım deyil.
Biz bununla burada möhkəmlənə bilmərik. İngiltərənin siyasəti Azərbaycana yönəlməlidir. İngilis arxiv sənədlərində xalqımızın humanistliyindən, mərdliyindən yazırlar, liderlərimizi – Fətəli Xan Xoyskini tərif edirlər. Yəni soyqırımı edilən bizik, ermənilər deyil. Onların bu torpağa gəlmə olduğu bütün tarixi mənbələrdə var. Hələ onlar bura gəldiklərinin 150 illiyi münasibətilə abidə də qoymuşdular. Sonradan quldur Ermənistan rejimi bunu dağıtdı. O abidənin əvvəlki və dağıntıdan sonrakı görüntülərinin hamısı bizdə var.
Anar TURAN