Düz 90 il öncə bir daşnakın etdiyi etiraflardan yazmaq fikrindəyik. Özü də bu daşnak sıradan birisi deyil.
1918-ci ildə qurulmuş Ermənistan Respublikasının ilk baş naziri olmuş, Sovetlər hakimiyyətə gələndən sonra yurd dışına yerləşmiş bir daşnakdır o. Və etiraflarının yer aldığı kitab da, əslində, onun hazırladığı bir hesabatdır. 1923-cü ildə Daşnaksutyun Partiyasının Buxarestdə keçirilən qurultayında Ermənistanın artıq mühacirətdə olan keçmiş baş naziri Ovanes Kaçaznuni türk millətinə, Ümumqafqaz evinə qarşı tutduqları yanlış mövqeyi, Avropa ölkələrinə və Rusiyaya yarınmaq üçün səhv yola getdiklərini çılpaqlığı ilə dilə gətirir. Yetərincə uzun olan bu hesabat günümüz baxımından, özəlliklə də ermənilərlə münasibətlərin müzakirəsi zamanı çox faydalı ola bilər. Beləliklə, keçmiş baş nazir Ovanes Kaçaznuni nələri etiraf edir?
“1914-cü ilin payızında Türkiyə hələ savaşan tərəflərdən birinə qatılmamış, … Güney Qafqazda erməni könüllü birlikləri təşkil edilməyə başladı.” – Anlaşılan budur ki, Osmanlı Türkiyəsinin ermənilərlə işi yoxmuş. Sadəcə, Türkiyə dışındakı ermənilər sonradan iç erməniləri də ayaqlandıracaq hərəkatlara həvəslənmiş görünür.
“1914-cü ilin payızında erməni könüllü birlikləri quruldu və dərhal türklərə qarşı fəaliyyətə keçdi.” – Artıq xoruzun quyruğu göründü. Kitabda nədən belə bir zərurətin olduğu haqqında heç nə deyilmir.
“Günümüzdə kimin suçlu olduğunu soruşmaq da anlamsızdır. … Yepiskop Mesrop, Xatisov, dr. Zavriyev, Arutyunov, Dro və Andranik olmasaydı, başqaları ortaya çıxacaq və eyni işləri edəcəkdi.” – Demək ki, bunların xisləti istənilən halda belə qatilləri yetişdirməliymiş.
“Ağlımız dumanlanmışdı. Biz öz istəklərimizi başqalarının adına çıxaraq, məsuliyyətsiz adamların boş sözlərinə böyük önəm verərək və özümüzə etdiyimiz hipnozun təsirilə gerçəkləri anlamadıq və xəyallara qapıldıq.” – Acı bir etirafdır doğrusu.
“Türklər nə etdiklərini bilirdi və bu gün peşmanlıq duymalarını zəruri edən bir əsas yoxdur.” – O dönəm olaylarında türkləri günahlandıranlar üçün açıq və aydın bir etiraf!
“Pis taledən şikayət etmək və fəlakətlərimizin səbəblərini kənarda axtarmaq milli psixologiyamızın xarakteristik bir özəlliyidir və Daşnaksutyun Partiyası da bundan qaça bilməmişdir.” – Əsl erməni xisləti bu bir cümlədə çox aydın ifadə edilmişdir.
“Ermənistan tatarlara aid Şərur-Naxçıvan olmadan yaşaya bilməzdi…” – Niyə, ay balam? Demək ki, Ermənistan adında bir şey yoxmuş ki, “tatarlara aid” torpaqlara göz dikirsiniz də…
“Daşnaksutyun Bakıda tatar hakimiyyəti qurulmasından əndişə duyaraq yerli bolşeviklərlə sıx əlaqələrə girmişdi və onlara yardım edirdi.” – Daşnakların əzəli və əbədi türk yurdu, Azərbaycan torpağı olan Bakıda aborigen xalqın hakimiyyətə gəlməsinə qarşı çıxdığına açıq şəkildə işarə edilir.
Kitabın üz qabığı
“Bolşeviklər bizim dəstəyimizi alaraq Bakıda Müsavatı darmadağın etdilər (mart, 1918); biz isä bolşeviklərin rus ünsürlərinin yardımıyla Bakını türk-tatar hücumundan qoruya bildik.” – Mart, 1918-ci il Bakı soyqırımı üçün bundan gözəl etiraf ola bilməz yəqin ki.
“Ordumuzda çox sayda rus zabit xidmət edirdi… Hərbi əməliyyatların başlaması üçün çox gərəkli olan düşmənlik atmosferini formalaşdırmaq amacıyla bizim hərbi dairələri də böyük ehtimalla onlar qızışdırmışdılar.” – Necə də günümüzdəki duruma bənzəyir, deyilmi? Yenə də “atan kazaklardır”…
“Azərbaycanla az-çox qəbul edilə biləcək bir keçici anlaşmaya vara bilmədik. Müsəlman bölgələrin idarə edilməsində düzən təmin edə bilmədik; silah tətbiq etmək, ordu yeritmək, yıxmaq və qətliam törətmək zorunda qaldıq, hətta bu məsələlərdə də başarısız olduq ki, bu da heç şübhəsiz iqtidarın nüfuzunu sarsıtdı. Vedibasar, Şərur-Naxçıvan kimi önəmli məntəqələrdə öz iqtidarımızı silah gücüylə belə qura bilmədik, yenildik və geri çəkildik.” – Bu da daha bir soyqırım etirafı və daha maraqlısı, adı keçən torpaqların Azərbaycana aidliyinin təsdiqi. Orada erməni əhali olsaydı soyqırım cəhdləri olmaz, üstəlik də həmin torpaqlar rahatlıqla daşnaklar tərəfindən işğal edilə bilərdi.
“28 may 1919-da parlament Ermənistanı “birləşmiş” elan etdi. … Türk hakimiyyəti altındakı erməni torpaqlarının da Ermənistana qatıldığını elan etdi… Bu addım Türkiyə ermənilərinin bir qismi tərəfindən öz haqlarının qəsb edilməsi kimi dəyərləndirildi…” – Hətta Osmanlı Türkiyəsindəki ermənilərin özləri belə daşnakların bu iddiasının əsassız və ağılsız olduğunu başa düşür və dəstəkləmirdi demək…
“Biz savaşdan qaçmaq üçün etməli olduğumuz heç nəyi etmədik. Sonuclar bir yana, türklərlə ortaq bir anlaşma zəmini tapmaq üçün var gücümüzlä çalışmalıydıq. Elə biz də bunu etmədik.” – Açıq şəkildə etiraf edilir ki, savaşa meyl edən məhz ermənilərin özü olub. Yəni anlaşılır ki, türklər belə bir durumda müdafiə olunmağa məcbur ediliblər.
“Sərhədimizdə hərbi əməliyyatlar başladığında türklər bizimlə … görüşməyi təklif etdilər. Biz isə onların təklifini rədd etdik. Bu, böyük bir xəta idi.” – Daha bir dəfə yuxarıdakı fikrimiz təsdiq edilir…
“… əfv ediləz bir gerçək budur ki, biz savaşdan qaçmaq üçün heç nə etmədik, əksinə, savaş üçün səbəblər yaratdıq.” – Bu isə artıq üçüncü dəfə eyni fikrin təsdiq edilməsidir…
“1919-cu ilin yazında … tələbləri … müttəfiq dövlətlərə … təqdim etdilər. … aşağıda adı keçən torpaqların Ermənistan dövlətinin sərhədləri içinə keçməsi gərək idi: … İrəvan əyalətinin tamamı, Ərdəhanın quzey qismi xaric Qars vilayəti, Tiflis əyalətinin güney kəsimi, Yelizavetpol əyalətinin güney-batı kəsimi, …Van, Bages, Diyarbəkir, Harberd, Sivas, Karin, Trabzon, … Maraş, Sis, Cəlal-Bərəkət, Aleksandritta və Adana.” – Doğrudan da bir millət xəstə olmalıdır ki, heç zaman ona aid olmayan torpaqlara iddia etsin. Adı keçən torpaqlarda heç bir zaman nəin ki erməni dövləti olmayıb, ümumiyyətlə oralarda erməni yaşamayıb, yaxud da çox az sayda yaşayıb.
“Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından ərəb çöllərinə uzanan böyük Ermənistan … tələb edilməkdəydi.” – Xəstə təxəyyülün daha bir təsdiqi üçün bundan artıq etirafa gərək qalmır zatən.
“Bu qəribə və inanılmaz bir durumdur. Amma bu tələbi Paris erməniləri önə sürdü vä bizim nümayəndələr də koloniyalarda hakim olan mövqeyə uydu.” – Və olayın arxasındakı barmaq budur! Paris erməniləri! Əslində, Paris erməniləri bu cür xülyaları özündən uydurmurdu, onları hərəkətə keçirən Türk düşmanlığından heç bir zaman qurtulmayacaq fransızlar idi ki, günümüzdə də eyni halı müşahidə etməkdəyik.
“Dövlət ilə partiyanı ayıra bilmir və partiya ideologiyasını dövlət işlərinə qarışdırırdıq. Biz dövlət adamları deyildik.” – Bu etirafla Ovanes Kaçaznuni, əslində, ermənilərin bir dövlət gələnəyinin olmadığını, ümumiyyətlə onlarda dövlət adamının yoxluğunu dilə gətirməkdədir.
Kitabda bu cür etiraflar yetərincədir. Ümumiyyətlə isə deyə bilərik ki, həmin kitab elə başdan ayağa ermənilərin qapıldığı xəyallar, türklərə qarşı düşmən mövqedə olmaları, Rusiya və bäzi Avropa dövlətləri, həmçinin ABŞ-a ümid edərək yanlış yola düşmələri haqqında böyük və sənədli bir etirafdır. Elə bunu anlayan Ovanes Kaçaznuni təmsil etdiyi partiyanın – Daşnaksutyunun bütün bunlardan nəticə çıxararaq özünü buraxmasını təklif edir və deyir: “Bəli, intihar təklif edirəm. Partiya özünü buraxmalıdır. Çünki artıq edə biləcəyi heç bir iş qalmamışdır”. Bir daha xatırladırıq ki, bu etirafların yer aldığı hesabat 1923-cü ilin aprel ayına təsadüf edir.
Yeri gəlmişkən onu da əlavə edək ki, adı keçən hesabat Ermənistanda yasaqlanmışdır və kimsə onu dərc etdirib yaya bilməz.
Maraqlananlar üçün kitab haqqında bilgilər: Ovanes Kaçaznuni (Ermenistanın ilk Başbakanı). Taşnak Partisinin yapacağı bir şey yok (1923 Parti Konferansına rapor), Kaynak Yayınları, 23. Basım, Ocak 2009. İstanbul. ISBN: 978-975-343-438-6
Azər Həsrət
2.03.2013
www.azerhasret.com