Xocalıda baş verənlərin soyqırımı olduğunu həmin dövrdə xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri də təsdiqləmişlər
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi təcavüzü dünyanın yeni münaqişələr tarixinə beynəlxalq hüquqi normaların ən çox və kobudcasına pozulduğu faktlardan biri kimi daxil olub. Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq soyqırımı siyasətindən əziyyət çəkmiş, böyük faciələri taleyində yaşamışdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirmişdir.
Xocalıda baş verənlərin soyqırımı olduğunu həmin dövrdə bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri də təsdiqləmişlər. Bu baxımdan faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi çoxlu müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. Jurnalist “Libardion” qəzetində çap etdirdiyi “Erməni terroriziminin canlı şahidi oldum” sərlövhəli yazıda Xocalıda baş verənlərin əvvəlcədən cızılan ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuşdur. Erməni terrorizmi dünyanı məhz bu yolla “ram etməyə” çalışmışdır. Fransalı müxbir Xocalı qətliamında iştirak edən erməni terror dəstələrinin necə amansızlıq etdiklərinin canlı şahidi olduğunu yazmışdır. Mənfur sovet ordusunun 366-cı motoatıcı alayının ermənilərlə birgə Xocalı üzərinə hücumundan bir gün əvvəl Xankəndidə bu alayın qərargahında olan Vayner orada rus polkovniki Zaviqarovun əməliyyata ciddi hazırlaşdığının şahidi olduğunu göstərmişdir. “Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı alayın qərargahında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Cəsədlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi. Çünki oradan dəhşətli dərəcədə meyit iyi gəlir, itlərin, çaqqalların səsləri eşidilirdi” – deyə müşahidələrini obyektiv şəkildə qeydə almış fransalı jurnalist Xocalıya hücum ərəfəsində Ermənistanın hakimiyyət orqanları rəhbərlərinin 366-cı motoatıcı alayın qərargahında olduğunu da vurğulamışdır.
Xocalı faciəsi ilə bağlı həmin dövrün aparıcı kütləvi informasiya vasitələrinin yaydıqları dəhşət doğuran digər məlumatlara da nəzər yetirək:
“The Washington Post” qəzeti (ABŞ), 28 fevral 1992-ci il: “Qaçqınlar bildirirlər ki, yüzlərlə insan erməni hücumu zamanı həlak olub. Bu gün 7 meyit tapılıb, onların ikisi uşaq və üçü qadın idi, biri yaxın məsafədən sinəsindən güllələnmişdi. Digər 120 qaçqın Ağdam xəstəxanasında ağır yaralarla müalicə olunur”.
“The İndependent” (London), 29 fevral 1992-ci il: “Helen Uomak – “Reuters”in Ağdamdakı müxbiri Elif Kaban bildirir ki, mülki əhalinin kütləvi qırğınından sonra azərbaycanlılar Xocalı şəhərinə ermənilərin hücumu zamanı həlak olmuş insanları dəfn edirdilər. “Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə sadəcə izləyirsiniz, – deyə adamlardan biri bir qrup jurnalistə qışqırıb”.
“The Sunday Times” qəzeti (London), 1 mart 1992-ci il: “Tomas Qolts: “Sağ qalan azərbaycanlılar danışırlar ki, erməni əsgərləri 450-dən çox azərbaycanlını güllələyib, süngüdən keçiriblər. Onların əksəriyyəti qadın və uşaqlar olub. Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşüb və ya həlak olub. Dünən axşam Ağdamın meyitxanasında 579 ölü qeydə alındı. 29 meyit qəbristanlıqda basdırılmışdı. Dəfn mərasimi gözlənilən yeddi meyitin ikisinin uşaq, üçünün isə qadın olduğunu gördüm. Onlardan biri yaxın məsafədən sinəsindən güllə yarası almışdı. Ağdam xəstəxanasında dəhşətli mənzərə yaranmışdı. Həkimlər qırğından qaçan 140 xəstənin əksəriyyətinin güllə yarası aldığını bildirirdilər…”
“The Washington Times” qəzeti (ABŞ), 2 mart 1992-ci il: “Erməni hücumu zamanı yüzlərlə azərbaycanlı öldürüldü və ya itkin düşdü. Təxminən 1000 Xocalı sakini çərşənbə axşamı erməni ordusu tərəfindən qətlə yetirildi. Azərbaycan televiziyası Xocalı ərazisindən gətirilən meyitlərlə dolu yük maşınlarını göstərdi”.
“The Times” qəzeti (London), 2 mart 1992-ci il: “Anatoli Liven: “Biz qarla örtülmüş Dağlıq Qarabağ təpəliklərinə endikcə cəsədlərin hər tərəfə yayıldığını gördük. Açıq-aydın görünürdü ki, insanlar xilas olmaq üçün qaçarkən güllələnmişlər…”
“Channel 4 News” televiziyası (Böyük Britaniya), 2 mart 1992-ci il: “2 fransız jurnalisti mülki geyimdə olan 32 qadın, kişi və uşaq meyiti görüb. Onların əksəriyyəti bir metrdən də yaxın məsafədən başlarından güllələnib”.
“The Times” qəzeti (London), 3 mart 1992-ci il: “Anatoli Liven: “Dağlıq Qarabağın təpəliklərinə səpələnmiş qadın və uşaqlardan ibarət 60-dan çox meyit erməni qoşunlarının dinc azərbaycanlı əhalisinin qətlə yetirdiyi barədə bəyanatları təsdiqləyir. Yüzlərlə insan itkin düşüb. Təpəliklər və kiçik vadi boyu qurumuş otların üzərinə səpələnmiş Azərbaycan qaçqınlarının cəsədləri ötən çərşənbə erməni hərbçilərinin törətdikləri qırğından xəbər verir…”
“Nie” qəzeti (Bolqarıstan), Violetta Parvanova: “Xocalı insanlığın faciəsidir”.
“BBC Morning News”, 3 mart 1992-ci il, saat 07.37 yayımında vəziyyəti belə əks etdirmişdir: “Hadisə yerində olan müxbirimiz 100-dən çox azərbaycanlı kişi, qadın və uşaq cəsədlərini gördüyünü və bunların başlarına yaxın məsafədən atəş açılaraq öldürüldüyünü xəbər verir”.
“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür”.
“Financial Times” qəzeti (London), 14 mart 1992-ci il: “General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır”.
“The Times” qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdı”.
“The Age, Melbourne” qəzeti (Avstraliya), 6 mart 1992-ci il: “Helen Vomak: “Qurbanların dəqiq sayı bəlli deyil, lakin şübhə edilmir ki, ötən həftə Dağlıq Qarabağın qarlı dağlarında Azərbaycanın Xocalı şəhərinin mülki əhalisi erməni ordusu tərəfindən qətlə yetirilib. Ağdam şəhərində sığınacaq tapmış Xocalı qaçqınları ermənilərin fevralın 25-də onların evlərinə necə hücum etdiklərini və meşələrə qaçaraq gizlənənləri izləyib öldürdüklərini ətraflı danışırlar. Ağdama çərşənbə axşamı çatanda təzə qazılmış 75 qəbir və eybəcər hala salınmış dörd cəsədi məsciddə gördük…”
“The Sunday Times” qəzeti (London), 8 mart 1992-ci il: “Tomas Qolts: “İnsanlar uğursuz talelərini əvvəlcədən görürdülər. Azərbaycanlı müdafiəçilər bir-bir həlak olurdular. Sağ qalanlar bildirirdilər ki, erməni qüvvələri bundan sonra amansız qırğına başladılar, tərpənən hər şeyə atəş açırdılar. Bəziləri qəzəblərini xaricilərə bildirirdilər: “Hanı mənim qızım, hanı mənim oğlum?”, – deyə analar ah-nalə edirdilər. Zorlanmışdır. Doğranmışdır. İtkin düşmüşdür”.
“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır”.
“İzvestiya” (Moskva), 13 mart 1992-ci il: “Mayor Leonid Kravets: “Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.
R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına görə, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
“Newsweek” jurnalı (ABŞ), 16 mart 1992-ci il: “Ötən həftə Azərbaycan yenidən məzarlığa çevrilmişdir: kəsilmiş cəsədlər məscidin arxasına düzülmüşdü. Bunlar erməni hərbi birləşmələri tərəfindən 25-26 fevralda ələ keçirilmiş Dağlıq Qarabağın kiçik Xocalı yaşayış məntəqəsinin sadə azərbaycanlı kişiləri, qadınları və uşaqları idi. Bir coxları qaçmağa çalışarkən yaxından atılan güllə ilə öldürülmüş, bəzilərinin üzləri qəddarcasına əzilmiş, digərlərinin isə skalpı çıxarılmışdır. Şəhidlərin ailələri göz yaşı axıdırlar”.
“Reuters” agentliyinin fotoqrafı Frederix Lenqeyn: “Birinci maşında mən 35 meyit saydım, ikincidə isə meyitlərin sayı bundan çox idi. Bəzilərinin başları kəsilmiş, çoxları isə yanmışdı…”
“Boston Sunday Globe” qəzeti (ABŞ), 21yanvar 1993-cü il: Globe əməkdaşı Con Auerbax: “Palçıqlı qaçqın düşərgəsindəki qorxmuş uşaqlar, nalə çəkən analarla dolu yük maşınları, qorxudan sifəti ağarmış insan dənizi, minlərlə azərbaycanlı sual yaradır: nə üçün onlar burada sığınacaq axtarırlar. Gördüklərimiz – onların yolu üstündəki hər bir kəndin sistematik olaraq dağıdılmasının nəticəsidir. Bu, bizim gördüyümüz ən nifrət doğuran hadisədir…”
Xocalı faciəsinin şahidi olan və sonra Livanın paytaxtı Beyrutda məskunlaşan erməni jurnalist Daud Kheyriyan, “For the Sake of Cross” (Xaçın xatirinə) adlı kitabında (səhifə: 62-63) yazır: “…Ölülərin yandırılması ilə məşğul olan bir dəstə erməni martın 2-də Xocalının 1 kilometr qərbində yerləşən bir əraziyə 100 azərbaycanlının meyitini gətirib yığdı. Axırıncı yük maşınında gətirilən ölülərin içərisində 10 yaşlı bir qız uşağı gördüm. Başından və əlindən yaralanmışdı. Sifəti göyərmişdi. Soyuğa, aclığa və yaralanmasına baxmayaraq, hələ də yaşayırdı. Çox çətin nəfəs ala bilirdi. Gözlərini ölüm qorxusu sarmışdı. Həmin vaxt Tiqranyan adlı bir əsgər qızı tutub cəsədlərin üzərinə atdı. Sonra bütün cəsədləri yandırdılar. Mənə elə gəldi ki, yanan cəsədlərin içərisində bir nəfər bağırır. Heç nə edə bilmədim”.
“Böyük Ermənistan” ideyasının əsas ideoloqlarından biri olan Zori Balayanın Xocalı soyqırımında birbaşa iştirakını təsdiqləyən faktlar mövcuddur. Zori Balayan 1996-cı ildə dərc olunmuş “Ruhumuzun canlanması” adlı kitabında (260-262-ci səh.) Xocalıda baş verən soyqırımı barədə qeyd edir: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincindən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim”.
Bu faktlar, canlı şahid ifadələri, foto və videomateriallardan istifadə edən Azərbaycan bütün dünyada Xocalı soyqırımı ilə bağlı geniş təbliğat aparmaq imkanlarını genişləndirir. Beynəlxalq hüquq normaları da Xocalı faciəsinin soyqırımı olduğunu bir daha təsdiqləyir.
“Vətəndaşlarımız, soydaşlarımız unutmamalıdır ki, erməni millətçilərinin antiazərbaycan təbliğatı getdikcə genişlənir, mənfur formalarda davam etdirilir. Ermənilər ərazi iddialarını əsaslandırmaq üçün yeni-yeni əsassız tezislər uydurur, məkrli siyasət aparırlar. Buna görə də biz belə ideoloji təxribatlara qarşı ayıq olmalı, onları vaxtında ifşa etməliyik” – deyən cənab İlham Əliyev Ermənistanın təcavüzü nəticəsində xalqımızın üzləşdiyi faciələri real faktlarla dünya ictimaiyyətinə çatdırılmasını mühüm vəzifə kimi müəyyənləşdirib.
Elnur HACALIYEV,
“Azərbaycan” qəzeti, 28 fevral 2017