Bu yazı adi adamlar üçün nəzərdə tutulub.
Və mütəmadi olaraq adi adamlar tərəfindən kiçik və böyük toy məclislərinə çağrılan adi adamlar haqqındadır. Daha doğrusu, adi adamın dəvətnamə aldıqdan sonra atdığı addımlar haqqında.
Beləliklə, növbəti toy məclisinə dəvətnamə alan adi adam adətən şadyanalıq məclisinin baş tutacağı məkanda yerin qiyməti ilə maraqlanır. Öyrənmək istəyir ki, toya çağıran bir adamlıq yer üçün restorana nə qədər pul verəcək. Bu çox mühüm informasiya əldə edildikdən sonra toya çağrılan öz maddi durumunu ailə üzvləri ilə müzakirə edir. Müzakirələrdə yaxın, bəzən də uzaq keçmişə nəzər salınır. Və bu retrospektiv baxış çərçivəsində ailə arxivində səliqə ilə saxlanan “toy dəftəri”nə müraciət olunur. Bu zaman ikinci rəqəm aşkarlanır və həmçinin müzakirə edilir.
Məsələ burasındadır ki, toya çağrılan nə vaxtsa hökmən toya çağıran qismində də çıxış edib.Və ikinci rəqəm indi toya çağıran şəxsin vaxtilə toya çağrılan qismində saldığı (bəli, bəli, məhz saldığı) pulun məbləğidir.
Şübhə doğurmayan iqtisadi uğurlarımız inflyasiyanı-filanı çoxdan tarixin arxivinə göndərib, odur ki, ailə arxivindəki dəftərin hər hansı rəqəmi aktuallığını itirə bilməz. Və bu rəqəm adi adamın çağrıldığı toyun düzənlənəcəyi məkandakı müasir qiymət qədər mühümdür.
Hökmən misal çəkməliyəm ki, tam aydın olsun.
Deyək ki, A. müəllimi B. müəllim (bizdə hamı müəllimdir, bunu bilirsiniz) 2013-cü ildə toya çağırıb. Və ilkin araşdırma nəticəsində restorandakı bir yerin toy sahibinə 35 manata başa gələcəyi aşkarlanıb. Ailə arxivində saxlanan dəftərdə isə B. müəllimin A. müəllim tərəfindən 10 il əvvəl düzənlənmiş toya 10 “şirvan” (indiki pulla 20 manat) saldığı aşkarlanıb.
Adının çəkilməsini istəməyən mötəbər mənbələr iddia edirki, A. müəllimin dəvətnamə aldıqdan sonrakı mərhələdə davranışını tənzimləyən daha bir rəqəm də var. Bu rəqəm A. müəllimin yaxın gələcəkdə düzənləyəcəyi növbəti şadyanalıq məclisinin başturacağı məkanda yerin qiymətini əks etdirir. Axı B. müəllim ora çağrılacaq hökmən.
Əsas odur ki, sonda əsas qazanc restoran sahibi C. müəllimə qalacaq. Bu təbiidir.
Əşşi, təki həmişə toy olsun!
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 46-47)