Həyatımızı lazım ola biləcəyindən də artıq dərəcədə rəngarəng edən qadağa və məhdudiyyətlər hər şeydən əvvəl adi vətəndaşları, onların rifahını düşünən çox hazırlıqlı adamlarımız tərəfindən işlənib hazırlanır. Açıq-aşkar sezilən məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, durmadan təptəzə qadağa və məhdudiyyət növləri fikirləşib tapan çox hazırlıqlı adamlarımız yorulmaq barədə ibtidai təsəvvürə belə malik deyillər. Elə bunun nəticəsində də günümüz artıq elan olunmuş, qüvvəyə minmiş qadağalara alışmaqla, bir də qüvvəyə minəcəyi deyilən məhdudiyyətlərin yolunu gözləməklə keçir…
Bu yaxınlarda daha bir müjdəli xəbər yayıldı.
Bildirdilər ki, Azərbaycanda doqquz mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması məsələsi araşdırılır.
Doğrusu mən bu məsələ ilə bağlı məlumatı diqqətlə oxumağa lüzum görmədim. İlk növbədə ona görə ki, bizdə buna bənzər müzakirələr birmənalı şəkildə peşəkarların iştirakı ilə aparılır və həmin peşəkarlar da yuxarıda qeyd edildiyi kimi bizləri düşünürlər. Bu baxımdan arxayınam. Əlbəttə, son illər ərzində Bakıda saysız-hesabsız doqquz mərtəbəli olmayan göydələnlər tikilib. Görünür, yeni qadağanı tətbiq etməyi əsaslandıracaq say-seçmə mütəxəssislər tikinti “bum”u yaşanarkən çox məşğul olduqlarından bu məsələni yalnız indi, yeni bina tikməyə faktiki olaraq yer qalmayandan sonra yada salıblar. Amma bu da çox hazırlıqlı adamların daimi əsaslarla mənim kimi xüsusi hazırlığı olmayan adamları düşünmələrinə olan sarsılmaz inamıma xələl gətirə bilməz.
Mən 1991-ci ildə birdəfəlik süqut etmiş Sovet İttifaqı dövründə doqquzmərtəbəli binaların kütləvi şəkildə tikilməsinin səbəblərinə toxunmaq istəyirəm.
Sovet əyyamında Bakıda xeyli doqquzmərtəbəli bina tikilib. Sovet təhlükəsizlik normativlərinə görə 28 metrdən hündür binaların hər alaqapısında biri yük daşımaq üçün nəzərdə tutulan iki lift olmalı idi. Bu isə tikilini daha bahalı edirdi. Bundan əlavə, sovet yanğınsöndürən maşınlarında quraşdırılmış pilləkənlərin uzunluğu 28 metr olurdu…
“Sovetin yaxşı vaxtı”nın binalarının adətən doqquz mərtəbədən çox boy ata bilməməsi belə izah olunur.
Doqquzmərtəbəli binaların tikintisinə qayıdış söhbətlərinin aktuallaşdıran səbəblərdənsə xəbərim yoxdur.
Buna lüzum da görmürəm. Bizdə belə müzakirələr həmişə çox hazırlıqlı adamlar tərəfindən aparılır.
Gəlin elə indidən qəbul ediləcək qərarı dəstəkləyək.
Fuad Babayev