1905.az saytının “Dəyirmi masa” rubrikasının bu dəfəki qonaqları ali məktəblərə yüksək balla daxil olan tələbələrdir. Onlarla vətənpərvərlik mövzusunda söhbət etdik.
Fatimeyi-Zəhra Nəbizadə “Dəyanət” liseyinin məzunudur. I qrup üzrə 700 balla Qafqaz Universitetinə qəbul olub.
Könül Qurbanlı “Zəngi” liseyinin məzunudur. I qrup üzrə 700 balla Azərbaycan Diplomatiya Akademiyası Universitetinə qəbul olub.
Fatimə Əsgərova 48 nömrəli məktəbin məzunudur. III qrup üzrə 687 balla Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Gülsüm Həsənova “Bakı Avropa liseyi”nin məzunudur. III qrup üzrə 683 balla Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Mustafa Hacıyev “Gənc İstedadlar liseyi”n məzunudur. I qrup üzrə 695 balla Bakı Ali Neft Məktəbinə qəbul olub.
Mirlan Kərimov I qrup üzrə 660 balla Bakı Ali Neft məktəbi, neft qaz mühəndisliyi fakultəsinə qəbul olub.
Abdullayev Fərid II qrup üzrə 654 bal toplaraq Qafqaz universiteti, sənəyenin təşkili və idarə olunması fakultəsinə qəbul olub.
Fuad Babayev: Dostlar, ilk növbədə xoş gəlmisiniz!
Sizi yüksək balla universitetə qəbul olmağınız münasibəti ilə təbrik edirik.
Yəqin ki, bir neçə il öncə hansı qrup üzrə hazırlaşacağınızı, kim olmaq istəyinizi planlamışdınız. Adətən III qrup üzrə imtahan verəcək abituriyentlər fizika fənninə və ya I qrup üzrə hazırlaşan abituryentlər tarix fənninə meyl göstərmirlər. Siz əvvəlcədən müəyyən etmişdiniz ki, məsələn, məhz hüquq fakultəsində təhsil almaq istəyirsiniz, yoxsa yüksək bal toplayandan sonra qərar verdiniz?
Könül Qurbanlı: Mən Azərbaycan Diplomatiya Akademiyası Universitetində (ADAU) Kömpüter texnologiyaları fakültəsinə qəbul olmuşam. İlk öncə onu deyim ki, 9-cu sinif də daxil olmaqla bütün fənnləri yaxşı oxumuşam.
Tarix, biologiya, kimya, ədəbiyyat fənnləri arasında heç bir fərq qoymamışam. Ancaq əksər uşaqlar kimi mən də uşaq yaşlarımda “həkim olacağam” deyirdim. 9-cu sinfi bitirəndə başa düşdüm ki, həvəsim texniki fənlərə, I qrup ixtisaslarınadır. İxtisas seçiminə gələndə isə 2 seçimim var idi: ya neft sahəsi, ya da informasiya texnologiyası. İkincini seçməyə üstünlük verdim. Çünki neft sahəsi düşünürəm ki, qadın işi deyil.
Gülsüm Həsənova: Mən III qrup ixtisasını hüquqa olan marağıma görə seçmişəm. Məktəb vaxtı özünü qorumağa gücü çatmayan, əzilən uşaqları müdafiə etməyə çalışmışam.
Fuad Babayev: Fiziki olaraq əzilən?
Gülsüm Həsənova: Yox… Haqqları pozulan uşaqların. Buna görə də düşünmüşəm ki, hüquqşünas olum. Bununla həm də haqq-ədalətin yanında olaram.
Mustafa Hacıyev: İxtisasım proseslərin avtomatlaşdırlmasıdır. Özümü bu ixtisasa daha yaxın bilmişəm həmişə. Orta məktəbdən də bu sahəyə meylim olub. Buna görə də avtomatlaşdırmaya olan marağım bu ixtisası seçməyə stimul verdi.
Fərid Abdullayev: Bal yığandan sonra bu ixtisası seçmişəm. Belə desəm balıma uyğun…
Fuad Babayev: Bəs, balınız az olsaydı hansı ixtisası seçərdiniz?
Fərid Abdullayev: Balım az olsaydı audit ixtisasını seçərdim.
Aynur Hüseynova: Adətən bizdə gənclər universitetə qəbul olub, 4- 6 il təhsil alsalar da deyirlər ki, özlərini 5 il sonra bu sahədə görmürəm. Və ya bəziləri deyir ki, bu ixtisasın perspektivi yoxdur. Magistr təhsilini başqa istiqamətdə alacaq.
Bəs siz özünüzü 5 il sonra hansı vəzifədə, kim olaraq görürsünüz?
Gülsüm Həsənova: 5 il sonra özümü məhz hüquqşünas, vəkil kimi görürəm və inanıram ki, belə də olacaq. Ayrı peşə sahibi kimi necə çalışa bilərəm? Təsəvvür edə bilmirəm.
Fatimə Əsgərova: Hüquqşünas olmaq üçün hüquq anlayışını geniş dərk etməlisən. Hər tərəfli öyrənməlisən. Həm də tək hüququ yox. Planlarım ingilis dilimi təkmilləşdirmək, ya magistr ya da bakalavr təhsilimi xaricdə almaqdır. Peşəni “hüquqşünas olmaq istəyirəm” deyə seçməmişəm. İstəmədiyim ixtisasları çıxandan sonra yerdə hüquq qaldığı üçün seçmişəm.
Fatimeyi-Zəhra Nəbizadə: Bilirsiniz, biri var lider olasan nəsə dəyişdirməyə çalışıb, irəlidə getməyə can atasan, biri də var ki, karyera qurasan. Düşünürəm ki, karyera qurmaq çox asandır. Liderlik isə çətindir. Sən özünü nələrdənsə məhrum eləməlisən ki, seçilə biləsən. Mən də çalışacam ki, lider olam öz sahəmdə. Nə isə bir dəyişklik edəm.
Mirlan Kərimov: Düzünü desəm, 5 il sonra kim olacam bilmirəm. Amma çox istəyərdim ki, heç olmasa magistr təhsilimi informasiya texnologiyaları üzrə alam. Məktəbdə o qədər də yaxşı oxuyan şagird olmamışam. 9-cu sinifdə fizikaya olan marağım məni I qrupa gətirdi. Ancaq gələcəkdə özümü informasiya texnologiyaları sahəsində də sınamaq istəyirəm ki, arzum ürəyimdə qalmasın.
Fuad Babayev: Siz yüksək balla universitetə qəbul olmusunuzsa, sözsüz ki, tariximizi, mədəniyyətimizi, texniki elmləri də yaxşı oxumusunuz. Təsəvvür edək ki, xaricə səfərdəsiniz. Və Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münasibətləri və s. bu kimi vətənpərvərlik mövzusunda istər bir xarici, istərsə də bir erməni nümayəndə ilə debata girməli olmusunuz. Biliklərinizin yetərli səviyyədə olduğunu düşünrsünüzmü? Sizcə ehtiyac olsa biliyinizlə nəyi isə sübut edə biləcək gücdəsiniz?
Könül Qurbanlı: Açığı, bu sahədə biliklərimin yetərli olduğunu düşünmürəm. Amma fikirləşəndə ki, qarşımdakı bir erməni gəncidir məncə, ölkəmi kifayət qədər yaxşı təmsil edə bilərəm. Biz təkcə Qarabağ haqqında biliklərimizi yox, oranın bizə aid olması ilə bağlı faktları daha çox qabartmalıyıq.
Amma bunu ermənilərə yox, başqa xalqların nümayəndələrinə çatdırmağa çalışmalıyıq. Onların əlində məlumat çox ola bilər, amma fakt faktlığında qalır. Bizim məlumatlarımız faktlardır. Ona görə biz daha güclü tərəfik. Yəqin ki, yaxın gələcəkdə xarici səfərlərimiz çox olacaq. Buna görə də bu sahədə biliklərimizi indidən möhkəmləndirməliyik.
Mustafa Hacıyev: Mən də Könül kimi özümü bu sahədə tam hazır bilmirəm. Amma bir erməni gəncindən biliklərimin az olduğunu da hesab etmirəm. Çünki o olmadığı tarixini danışa bilməz. Bizdə isə tarix və fakt var. Amma bu görüşdən sonra da hesab edirəm ki, bu barədə daha ciddi düşünmək lazımdır. Və olan bilikləri genişləndirməyə ehtiyac var.
Gülsüm Həsnova: Biz xaricdə erməni gənci ilə qarşılaşacağımız təqdirdə necə davranarıq, faktlarımızı sübut edəcək gücümüzün olub-olmadığını müzakirə edirik. Hesab edirəm ki, faktlarımız ermənilərə bu və ya digər şəkildə təsir etsəydi o zaman heç belə vəziyyət yaranmazdı. Buna görə də biz ermənilərə yox, dünya ictimaiyyətinə həqiqəti çatdırmağa meyl etməliyik. Daha çox hegemon dövlət nümayəndlərinə, məsələn, bir Amerika yaxud İsrail vətəndaşına. Çünki erməni onsuz da bilir ki, danışdığı həqiqət deyil. Sadəcə ona don geyindirib, saxtalaşdırıb onu sübuta yetirməyə can atır.
Fuad Babayev: Siz düşünürsünüz ki, bir erməni danışdığı tarixin, mədəniyyətin, musiqi və ya yeməklərin onların olmadığını bilə-bilə bunu danışır?
Gülsüm Həsənova: Gənc nəsil yəqin ki, bilmir. Çünki təbliğat çox güclüdür. Onlar həqiqətən də bəzi şeylərin onlara məxsus olduğunu hesab edirlər.
Fuad Babayev: Hesab edirəm ki, çox nadir hallarda onlar danışdıqlarının saxta olduğunu düşünürlər. Yəni siz dediyiniz kimi yox, əksinə, danışdıqlarının fakt olduğuna əmindirlər.
Gülsüm Həsəsnova: Ola bilər. Amma bunun da kökündə təbliğat dayanır. Məsələn, 1905.az saytı və 1905-ci il hadisələri. Sizcə, bu gün neçə adamın 1905 hadisələri barədə məlumatı var? Çox az…
Mirlan Kərimov: Təbliğat məsələsinə gələndə məncə, yaxın 100 ildə nəyəsə nail olmaq mümkün olmayacaq. Səbəb isə 100 il ərzində əks-təbliğatın aparılmasıdır. Bunu bərpa üçün bizə 100 il lazımdır. Əməldə vətənpərvər olmaq çox çətindir. Hərəkət etmək üçün zaman lazımdır.
Gündüz Nəsibov: Mənim üçün bizim orta məktəb tarix kitablarımız çox maraqlıdır. Sizcə, tarix kitablarımız orta məktəb şagirdlərinə tarixmiz barədə kifayət qədər məlumat verə bilir?
Gülsüm Həsənova: Yox, birmənalı şəkildə. Birinci növbədə uşaqlarda maraq oyatmaq lazımdır. Tarixə maraq olmasa onsuz da şagird o dərsliyi oxumayacaq. Bir də bizim tarix kitablarımızda səhv məlumatlar var. Bu yaxınlarda onların bəzilərində düzəliş edildi. Bu məsələdə də məncə, çox diqqətli olmayıq.
Fatimə Əsgərova: Bizim hazırlıq prosesində əsas işimiz dərsliklərdə olan məlumatı əzbərləmək və onu yadda saxlamaqdan ibarət olur. Biz fikirləşirik ki, mən nə öyrənsəm də onsuz da bu mənə imtahanda düşməyəcək. Buna görə də əlavə heç nə öyrənmirik. Buna heç vaxtımız da qalmır. Tarix elədir ki, hamı onu sevmir. Onu sevdirmək üçün isə təkcə əyani vəsaitlər yox, həm də turlar təşkil edilməlidir. Məsələn, məktəbdə ekskursiyalara ancaq aşağı sinifdən olan şagirdləri aparırlar.
Bu yaxınlarda isə “Azərbaycanı tanıyaq” adında bir kampaniya başlayıb. Orada rayon məktəblərindən olan uşaqları başqa bölgələrə aparıb, bölgələrimizdəki abidələrlə onları tanış edirlər. Mən görmədim ki, kimsə bizim məktəbə gəlsin və bizi də rayonlara aparsın. Məncə, bölgələrdə olan hər hansı şagird elə öz rayonunda olan abidənin tarixini bilsə daha yaxşı olar. Nəinki onun başqa rayona gedib başqa abidə tarixini öyrənməsi.
Aynur Hüseynova: Əksəriyyətimiz sosial şəbəkələrdə əktivik. Və yenilikləri izləyirik. Bəzən ermənilərə məxsus hər hansı səhifənin tariximizi, mədəniyyətimizi saxtalaşdırıdığını açıq-aşkar görürük. Və təbii ki, bu cür paylaşımlara şərhlər gəlir. Ancaq diqqət etsək, özümüzü müdafiə edən insanların şərhinin sayı adətən azlıq təşkil edir. Bu barədə danışanda isə deyirik ki, bizdə vətənpərvərlik hissləri zəifdir, ona görə də sözümüzü deyə bilmirik. Marifləndirmək lazımdı insanları belə mövzularda. Yaxşı bəs, sizin nəyisə dəyişmək imkanınız olsaydı gəncləri maarifləndirmək üçün ilk növbədə nədən başlayardınız? Sizcə, ən effektiv üsul nədir?
Fatimeyi-Zəhra Nəbizadə: Hesab edirəm ki, biz məktəbə təkcə təhsil verən müəssisə kimi yox, həm də bizə mədəniyyət, tarix öyrədən müəssisə kimi baxmalıyıq. Bu sahədə biliklərimizi genişləşdirməyimizə ehtiyac var. Hamımız oxuyur, öyrənirik, amma bəzən ən adi şeyləri bilmirik. Məncə, biz burda yanılırıq.
Mustafa Hacıyev: Müşahidə etməşəm ki, yanımızda əcnəbi nümayəndələr olanda və söhbət vətən mövzusu olanda bu mövzularda debatlara girmirik nədənsə. Bilmirəm bunun səbəbi nədir. Ancaq əksəriyətimiz beləyik. Burda bir dəyişiklik etmək lazımdır.
Mirlan Kərimov: Məncə, təhsildən başlamalıyıq. Məsələn, məktəblərdə insan və cəmiyyət, konstitusiya kimi fənnlər keçirik. Təəssüf, uşaqların ən az maraq göstərdiyi fənnlərdəndir. Bunun da əsas səbəbi yəqin ki, həmin fənnlərin məktəbdə sonuncu dərs saatlarına salınmasıdır. Uşaqlar 5-6 dərsdən sonra yoruluruq və bizim üçün çox vacib dərsə diqqətlə qulaq asmırıq. Diqqət yetirsək görərik ki, həm də ən çox məlumat öyrənə biləcəyimiz fənnlərdir. Lakin maraq göstərmirik. Hesab ediriəm ki, insan və cəmiyyət, təbiət, konstitusiya kimi fənnlərin tədrisinə nəzarəti artırmaq lazımdır.
Fuad Babayev : Hər birinizə işlərinizdə və dərslərinizdə uğurlar arzulayırıq.
Hazırladı : Aynur Hüseynova
1905. az