
“Yüksəliş” müsabiqəsi iyunun 11-də əyani mərhələnin imtahanlarına start verib.
AZƏRTAC xəbər verir ki, imtahanlar Bakı şəhərində 5 imtahan mərkəzində keçirilir. Əyani mərhələnin imtahanında müsabiqənin əvvəlki mərhələlərini uğurla keçən 1202 nəfər iştirak etmək hüququ qazanıb.
Əyani mərhələ “Qabiliyyət üzrə yoxlama” və “İdarəetmə bacarıqları” üzrə olmaqla 2 imtahandan ibarətdir. Qabiliyyət üzrə yoxlama imtahanı abstrakt və məntiqi düşüncə üzrə 25, rəqəmsal məlumatlarla işləmək bacarığı üzrə 25, verbal məlumatların təhlili üzrə 6 mətn olmaqla 24 sualdan ibarətdir. İki saat ərzində keçirilməsi nəzərdə tutulan imtahanda iştirakçılar onlayn mərhələnin qabiliyyət imtahanında göstərdikləri ümumi doğru cavabların sayının azı 70 faizini, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırdığı sualların isə azı 50 faizini təkrar etməlidir.
Bu mərhələnin “İdarəetmə bacarıqları üzrə imtahan”ına yalnız “Qabiliyyət üzrə yoxlama imtahan”ından uğurla keçən iştirakçılar buraxılacaq. Əyani mərhələnin yoxlama imtahanının nəticələri iştirakçılara həmin gün təqdim olunacaq.
“İdarəetmə bacarıqları üzrə imtahan”da iştirakçılara qərarların verilməsi üzrə 20 situasiya və 29 sual, tənqidi düşüncə üzrə 20 tapşırıq və 60 sual, layihələrin, o cümlədən, iş prosesinin idarə edilməsi üzrə 20 situasiya və 30 sual, sosial intellekt kateqoriyası üzrə isə 20 situasiya və 36 sual təqdim olunacaq. İmtahana ümumilikdə 4 saat vaxt ayrılacaq.
Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman nazirlikləri və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə keçid edəcək. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə ikinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.