1905.az portalının növbəti həmsöhbəti publisist, telejurnalist, “Qərib Axşamlar” verilişinin keçmiş aparıcısı Yusif Günaydındır.
– Yusif müəllim, insanlarda vətənpərlik ruhunun aşılanmasında bir sıra alətlərdən istifadə olunur- məktəb, kitab, kütləvi informasiya vasitələri, rəsmi təbliğat və s. Sizcə, bütün bu sadalananlar insanlarımızın, xüsusən gənclərimizin vətənpərvərlik hissinin tərbiyə olunmasında öz rolunu yerinə yetirə bilirmi?
– İnsanlarda vətənpərvərlik hissini, vətən sevgisini, vətən duyğusunu məktəbdən öncə inkişaf etdirmək lazımdır. Uşaq hələ yazı-pozu bilməyəndə, bizim nağıllarımıza, bayatılarımıza, ümumilikdə milli folklorumuza aşiq olmalıdır. Uşaq öz təfəkkürü və hafizəsi ilə nənəsi ona qorxulu nağıllar danışanda, qorxulu yuxular görməli, laylay deyilən zaman onun məzmununa dalmalıdır. Vətənə sevgi, vətənə məhəbbət, bizim ədəbiyyata, folklorumuza olan məhəbbətdən, nənələrimizin şirin dilinə, babalarımızın məsəllərinə olan məhəbbətdən başlayır. Yaponlarda belə bir xüsusiyyət var: uşaq dil açmamış, onun şüuru formalaşmamış, onunla yad dildə danışmırlar. Uşaq hələ körpə ikən, onun beşiyinin yanında gecə-gündüz yapon xalq mahnıları səsləndirirlər, milli ruh onun iliyinə işləyir. Uşaq artıq böyüdükdən sonra, bütün bunları bir daha kəşf edir. Məktəbdə isə, bütün bunlar təbii ki, daha sistemli şəkildə olmalıdır. Məktəbdə milli ədəbiyyatımıza, tariximizə bağlılıq tərbiyə edilməlidir. Amma buna ilk növbədə ailədən, valideynlərdən başlanılmalıdır. Əgər valideyn öz ana dilini, tarixini bilmirsə, dostunu düşmən kimi, düşmənini dost kimi qəbul edirsə, bu cür valideynin övladı necə vətənpərvər ola bilər? Ona görə də mənim zənnimcə, vətənpərvərlik hissinin formalaşdırılması ilk növbədə ailədən başlanmalı, məktəbdə, daha sonra isə ali məktəbdə davam etdirilməlidir. Ali məktəbdə uşaq artıq milli ideyanın nə olduğunu, onun mahiyyətini başa düşməlidir. Bəzi insanlar demokratik ölkəyə milli ideologiyanın lazım olmadığını qeyd edirlər. Amma bu çox yalnış fikirdir. Demokratik ölkə milli ideya ilə rövnəqlənən bir dövlətdir. Milli ideologiya nə deməkdir? Sən kimsən, atan, baban kimdir, hara, hansı məqsədə doğru gedirsən, bu yolda arxalandığın mənəvi-əxlaqi keyfiyyətlər hansılardır? Bu yolda müttəfiqin və düşmənin kimdir? Bütün bunları dərk etdikdən sonra uşaq doğrudan da vətənpərvər olur. Vətənpərvərliyi tərbiyə etmək lazımdır. Vətənpərvərlik özbaşına əmələ gəlmir. Son vaxtlar şübhəsiz ki, bu məsələyə ciddi fikir verilir. Sadəcə olaraq, bir çox ziyalılar kimi, kadr hazırlığı məni də qane etmir. Yəni orta məktəb müəllimlərinin hazırlıqlarından, peşəkar səviyyələrindən, bəzən isə hətta vətəndaşlıq səviyyəsindən şikayətim var. Çünki övladlarım da bizim məktəblərimizdə təhsil alıblar. Bəzən Azərbaycan bölməsində təhsil aldıqları üçün təəssüf hissi keçirmişəm, amma buna baxmayaraq, onları o məktəbdən çıxamamışam. Peşəkar kadr, müəllim çatışmamazlığı var.
– Samuel Consonun belə bir sözü var, “vətənpərvərlik əclafların son sığınacağıdır”. Çox vaxt belə deyilir ki, vətənpərvərlik nəticə etibari ilə, sənin millətinin bütün millətlərdən üstünlüyü, ölkənin bütün ölkələrdən qədimliyi fikrinə gətirir və s. Ona görə də vətənpərvərlikdən çəkinirlər. Sizcə, bundan çəkinməyə dəyərmi?
– Əlbəttə, milli müstəsnalıq fikrini uşağa təqdim etmək gec-tez şovinizmə gətirib çıxarır. Bu, ermənilərin işidir. Ermənilər öz milli müstəsnalığını uşaqlarına deməklə bərabər, bütün dünyaya yayırlar. Amma vətənpərvər olmaq normal bir haldır, vətənpərvər olmamaq naqislikdir. Axı sən bu dövlətin övladısan. İnsan atasına, babasına necə münasibət bəsləyirsə, torpağına da elə münasibət bəsləməlidir. Mən özümü dərk edən zamandan həmişə görmüşəm ki, Şimaldan da, Cənubdan da, Qərbdən də bu Vətənin ünvanına iftiralar yönəldir, onu gözdən, ilk növbədə də elə öz gözümüzdən salmaq istəyirlər. Sovet dövründə bir çox beynəlmiləl şəhərlərin olmasına baxmayaraq, Bakını beynəlmiləl şəhər adlandırırdılar. Çünki o zaman Bakıda hər kəs rus dilində danışırdı. Hətta o zaman Bakıda öz milli dilimizdə danışmaq qəbahət hesab olunurdu. Təəssüf ki, o dövrdə yaşayan bir sıra “ziyalı”lar bu fikri öz övladlarına təlqin edirdilər. O zaman əcnəbi dildə danışmaq mədəniyyətin, savadlılığın əlaməti kimi qələmə verilirdi. Halbuki bizim öz ana dilimiz var, bu dildə bizim babalarımız danışıblar. Düşmənlər bizə təlqin etməyə çalışırdılar ki, bu torpaqda türkdilli etnos olmayıb. Guya bu torpaqda türk dilində danışmağa 13-cü əsrdən, səlcuq axınından sonra başlanıb. Görürsünüzmü, düşmən necə incə hiylələrə əl atır? Yəni burada türk elementi, türk etnosu 13-cü əsrdən sonra əmələ gəlib. Bu versiyanı farslar, ruslar irəli sürürdülər, ermənilər isə onu əllərində dəstəvuz etmişdilər. Mən həmişə yazılarımda da, məqalələrimdə də bunlara cavab vermişəm. Mən tarixə ekskurs edərkən, sözün ətəyindən tutmuşam. Çünki söz elə bir sərvətdir ki, zamanın tufanları ona toxunmur. Azərbaycan xalq folklorunda nağıllarla, bayatılarla, dastanlarla bərabər, alqışlar, qarğışlar kimi çox gözəl janrlarımız da vardır. “Kül başına” qarğışının nə qədər tarixi var? Yaxud “ətimi yesən də, sümüyümü çölə atmazsan” kimi el məsəlində bir dənə də olsun yad söz yoxdur. Bu misal e.ə 6-cı minilliyə bağlanır. O dövrdə bu ərazidə danışdığımız dildə danışıblar. Bu misal atəşpərəstlərin dövründən gəlmədir. Və ya “Kül başına” misalı. “Başına kül çəkmək” matəm əlamətidir. Ona görə də belə qarğış edirdilər. Əhali o zaman yanan ölünün külünü başına çəkərək, uzun müddət o külü yumazdı. Görün neçənci əsrdə xalis, saf, duru ana dilində sözlər olub. Və o dövrdən başlayaraq, bu torpaq nə qədər qısalıb, daralıb. Torpaqlarımız getməmişdən əvvəl, bizim milli ənənələrimiz əldən gedib. Təəssüf ki, tariximiz belə səhifələrlə doludur. Milli dövlətimiz yaranandan, qurbanlar bahasına, 20-ci əsrdə ikinci dəfə milli dövlətimiz qurulandan sonra, artıq bu cür təxribatların qarşısı dövlət səviyyəsində alınır. Müstəqilliyimizin əlamətlərindəndir ki, sizin belə bir portalınız yaranıb və düşmən provokasiyasının qarşısı alınır və mən də bu işdə azca da olsa, kömək edə bildiyim üçün çox şadam. Qeyd edim ki, jurnalistlərin özlərində də vətənpərvərlik hissi olmalıdır. Boş yerə hay–küy salmaqla vətənpərvərlik olmur. Vətənpərvərlik faktlara əsaslanmalıdır. Nə üçün, hansı səbəbdən bu məsum xalqı, saf torpağı gözdən salmağa çalışırlar? Bu xalq necə bahadırlar, sərkərdələr, necə sənət adamları yetişdirib. Deyilir ki, muğam Azərbaycanın deyil, ümumşərq mədəniyyətinin təzahürüdür. Bəli, təbii ki, muğam Hindistanda, Pakistanda, İranda, Türkiyədə, Özbəkistanda və s. yerlərdə də mövcuddur. Amma muğamın nəzəri əsaslarını işləyən üç böyük azərbaycanlı olub. 11-ci əsrdə Səfiəddin Urməvi, orta əsrlərdə Əbdülqadir Marağayi və nəhayət 20-ci əsrdə Üzeyir Hacıbəyov kimi böyük bəstəkarımız risalələr yazıb, muğamın nəzəri əsaslarını işləyiblər. Azərbaycanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən beynəlxalq muğam festivallarına gələn bütün sənətçilər də təsdiq edirlər ki, həmin iki azərbaycanlıdan muğamın nəzəri əsaslarını öyrənirlər. Üzeyir Hacıbəyov isə muğamları kompozisiya şəklinə salıb. İranda Segahı 10 dəqiqədən artıq dinləmək qeyri-mümkündür. Çünki bir saata yaxın eyni səviyyədə davam edir. Amma Azərbaycan muğamının girişi, kuliminasiyası, finalı, arada isə təsnifləri, rəngləri var. Bu kompozisiyanı böyük bəstəkarımız Üzeyir Hacıbəyov gətirib. Muğam demək olar ki, Azərbaycanda formalaşıb. Niyə axı biz bunları Hindistanın və ya İranın adına yazmalıyıq? Azərbaycanın həm maddi, həm də mənəvi mədəniyyəti ilə fəxr etməyə dəyər. Və bütün bunlar ona dəlalət edir ki, Azərbaycan mədəniyyəti qədim mədəniyyətdir. Azərbaycan ulusu dünyanın ən qabaqcıl ulusları sırasındadır..
– Bildiyiniz kimi, Ermənistan dövlətinin mövcudluğunda erməni diasporunun rolu çox böyükdür. Uzun müddət ərzində “Qərib axşamlar” verilişinin aparıcısı kimi Azərbaycan diasporu ilə sıx işləmisiniz. Sizcə, Azərbaycan diasporunu bizim ictimai hadisələrə münasibətini bildirmək və ya ölkəmizin ictimai həyatında iştirak etmək baxımından cəlb edə bilmişikmi?
– Maraqlı sualdır. Həqiqətən də 4 ilə yaxın müddətdə Azərbaycan diasporu ilə sıx təmasda oldum, Dünya Azərbaycanlılarının son 3-cü qurultayının nümayəndəsi seçildim və qabaqcıl diaspor təşkilatları il tanış olmaq imkanı qazandım. Mən bir sevindirici halı qeyd etmək istərdim, ermənilərin 100-150 ilə keçdiyi yolu, Azərbaycan diasporu 10 ilə keçdi. Azərbaycan diasporu demək olar ki, tam formalaşıb, təşkilatlanıb. Müstəqil Azərbaycan dövlətinin əhalisini, qonşu İran İslam Respublikasının türk-azərbaycanlı əhalisini istisna etsək, dünyanın 80-dən yuxarı ölkəsində 11 milyon azərbaycanlı yaşayır. Bu, böyük bir qüvvədir. Bu qüvvə birləşəndə və eyni hədəfə vuranda, daha böyük gücə çevrilir. Biz 3-cü qurultayda da şahidi olduq ki, doğrudan da, formalaşma prosesi artıq geridə qalıb. Artıq təşkilatçılıqdan lobbiçiliyə keçmək lazımdır. Bunun üçün vacib şərtlər hansılardır: ilk növbədə, azərbaycanlılar fəaliyyət göstərdikləri xarici ölkələrin ictimai-siyasi həyatına çox sıx inteqrasiya olmalıdılar. İkincisi, öz fəaliyyətləri ilə elə nüfuz qazanmalıdılar ki, ictimai şüura təsir etmək imkanına malik olsunlar. Bu yaxınlarda çox qabaqcıl diasporçu Leyla xanım İsveçdən gəlmişdi. 26 ildir ki, bu ölkədə yaşayır. Əvvəllər Malmö şəhərində “Xəzər” cəmiyyəti təşkil etmişdi. İndi isə Stokholm İcra Hakimiyyətinin başçısının müşaviridir. Təsəvvür edin, artıq mətbuatda, kütləvi informasiya vasitələrində adı çəkilən bir xanımdır. Mən ona, fəal diasporaçı deyə müraciət edəndə, o artıq lobbiçi olduğunu bildirdi. Çünki artıq sözü eşidilir, kütləvi informasiya vasitələrində çıxış edir, öz mövqeyini açıq şəkildə ifadə edir və qoruyur. İndi bütün dövlətlərdə fəal diasporaçı mövqeyindən, fəal lobbiçi mövqeyinə keçmək lazımdır. Bizim ictimai-siyasi həyatımıza gəldikdə isə, elə bir tədbir yoxdur ki, orada xaricdə, bunu yaxşı şəkildə təqdim etməsinlər. Qarşıdan Xocalı faciəsinin ildönümü gəlir. Diaspor təşkilatlarımız həmin hadisəni qeyd edəcəklər. Bu mənada mən Azərbaycan diasporunun fəaliyyətindən çox razıyam. 3-cü qurultayda cənab prezident diapora müraciət edərək dedi ki, artıq müdafiə taktikasından hücum taktikasına keçmək lazımdır. Diaspor təşkilatlarımız əllərindəki faktlardan istifadə etməklə, erməni təbliğatını ifşa etməlidir. Azərbaycan diasporu Azərbaycan dövlətinin göstərdiyi yol ilə gedərək, bu istiqamətdə inkişaf edir. İndi ermənilər qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşırlar. Bütün diasporlarımız yalançı erməni təbliğatına qarşı çox güclü tədbirlər görməyə başlayıblar. Türkiyə, Şimali Avropa, Asiya və digər yerlərdə çox güclü diaspor təşkilatlarımız mövcuddur. Diasporumuz artıq Azərbaycan həqiqətlərini təbliğ etməyi bacarır. Mən diaporumuzun lobbiçilik fəaliyyətində də qələbələr qazanacağına inanıram. Çünki bugünkü inkişafı görən insanlardan biriyəm. Əminəm ki, lobbiçilikdə də erməniləri üstələyəcəyik. Erməni diasporu zorla yaradılan diaspordur. Onlar demək olar ki, zor hesabına diaspor üzvlərindən pul yığırdılar. Pul verməyəndə və ya razılaşmayanda isə onları məhv edirdilər. Amma bizim diasporlar tam könüllü şəkildə yaradılıb. Onların yaranmasında, özəyində Vətənə məhəbbət, vətəndaşlıq hissi durur. Biz öz siyasətimizi ermənilər kimi yalan üstündə qurmuruq. Bu gün bütün dünya artıq Azərbaycanı tanıyır. Həm diaspor təşkilatlarının fəaliyyəti, həm də Azərbaycan dövlətinin qurduğu siyasət nəticəsində dünyanın ölkəmizə münasibəti müsbətdir. Məsələn, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropanın qədim mədəniyyət mərkəzlərində keçirilən Azərbaycan mədəniyyət günlərində xalqımızın özünəməxsus qədim mədəniyyəti təqdim olunur və rəğbətlə qarşılanır.
-Yusif müəllim, müstəqillik dövründə ölkəmizdə hərbi-vətənpərvərlik mövzusunda layiqli əsərlər yaradıldımı?
– Müstəqillik dövründə hərbi-vətənpərvərlik haqqında əsərlər yazılıb. Bizim başımıza gələn 20 Yanvar faciəsi, Xocalı faciəsi, 20-ci əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı təcavüzü çox sarsıdıcı və ağır hadisələrdir. Yəni bu faciələri dərk etmək lazımdır. Ona görə də yaradıcı adamlar bu hadisələri öz süzgəclərindən keçirməlidir. Bu hadisələr başlananda bizim həqiqəti demək imkanımız yox idi. O vaxtkı mərkəzi mətbuat üzümüzə bağlı idi. Amma müstəqillik dövründə belə əsərlər yarandı. Bu mövzuda musiqi əsərləri, təsviri sənət əsərləri, romanlar mövcuddur. Məncə, daha böyük əsərlərin yaranması üçün uzun müddət lazımdır. Sənət inciləri birdən-birə yaranmır. Məsələn, Böyük Vətən müharibəsi haqqında ən yaxşı film rejissor S.Bondarçukun “İnsanın taleyi” filmi müharibədən 20-30 il sonra yarandı. Y.Ozerovun silsilə filmləri, A.Tarkovskinin filmi çox sonralar çəkildi. Mənə elə gəlir ki, gənclər üçün vətənpərvərlik movzusunda təbliğatın da yollarını tapmaq lazımdır.
– Ötən il Rusiya İctimai Palatası məsələni müzakiryə çıxarmışdı ki, bəzi əsərlər orta məktəbdə tədris olunmamalıdır. Sizcə, bizdə də orta məktəb proqramından çıxarılası əsərlər varmı?
– Xeyr, bizdə elə əsərlər yoxdur. Bizdə sosializm dövründə yaranan əsərlərə əlbəttə, yenidən nəzər salınmalıdır. Almaz İldırımın “Azərbaycan” şeiri dərsliyə salınmalıdır. Sovet dövründə Səməd Vurğunun çox gözəl “Azərbaycan” şeirini rus şairəsi tərcümə etdikdən sonra, bütün Rusiyada Azərbaycanın adı çəkilirdi. Sabirin satirasi tədris olunmalıdır. Sabirin satirasının hədəfindəki müsəlman nadan, cahil müsəlmandı. Yəni Sabir satirasını uşağa başa salandan sonra, uşaq anlayır ki, Sabirin personajları öz dilləri ilə özlərini ifşa edirlər. Bu personajlar həm mənəvi, həm əxlaqi cəhətdən naqis personajlardır. Mirzə Fətəli Axundovun əsərləri keçirilməlidir. “Hacı Qara” pyesində erməni obrazları mövcuddur. Hacı Qara Araz kənarında iki erməniyə rast gəlir. Və bu zaman Hacı Qara onların quldur olduğunu düşünərək onlara tüfəng çəkir. Onlar isə quldur deyil, Tuğ kəndindən əkinçi olduqlarını bildirir və “əgər yalan deyiriksə, qanımız sənə halal olsun”, söyləyirlər. Hacı Qara isə cavabında ”Sizin qanınız həmişə halaldır” deyə bildirir. Yeri gəlmişkən, bəs o Tuğ kəndi hanı? Cəfər Cabbarlının “1905-ci il” əsərindəki personajlar da Tuğ kəndindəndilər. Azərbaycan ədəbiyyatında “Bahadır və Sona” sindromu var. Yəni bütün bu işləri görən, bir qrup millətçidir, onlar qan tökən, zalımdırlar, amma onlar qəhr olub getdilər. Uşaqları “Bahadır və Sona” sindromundan xilas etmək lazımdır. Onlara yuxarı siniflərdə başa salmaq lazımdır ki, erməniləri Qafqaza ona görə gətirdilər ki, Qafazdan türk-islam amilini, etnosunu təmizləsinlər. 1813-1828-ci illərdə ermənilər buraya köçürüləndən sonra mərhələ şəkilində bunlar həyata keçiriblər. İlk öncə Ermənistanda dövlət qurmuşdular, sonra Zəngəzuru, Göycəni aldılar. 1890-cı ildə Tiflisdə “Daşnaksütyun” partiyasının təsis qurultayı olub. Və orada onun inqilabçı, terrorçu partiya olduğu elan edilmişdi. İlk dəfə dənizdən-dənizə “Böyük Ermənistan” şüarı orada səsləndirilib. Çarizmdən bunu gizlətmək mümkün olardım? Təbii ki, onun əli ilə qurulmuş bir partiya idi. Məqsəd Türkiyənin şimal sərhədində bufer zonası yaratmaq idi. Bu zonada nə türklərin, nə də müsəlmanların yaşamaları nəzərdə tutulmamışdı. Bunun tarixi səbəbi isə o idi ki, bütün rus çarlarının ən böyük istəyi Konstontilopolu Rusiyanın paytaxtı görmək idi. Və bütün bu istəklər baş tutmayanda, onlar erməniləri türklərin üzərinə saldılar. Təəssüf ki, 1890-cı ildə əsası qoyulmuş Daşnaksütyun partiyası mərhələ şəkilində öz istəklərinə nail olur. Amma mən əminəm ki, həqiqət gec-tez qələbə çalacaq. Buna görə də siz demişkən, ədəbiyyata vətənpərvərlik mövzusunda olan əsərləri daxil etmək daha yaxşı olardı. Yoxsa, tutaq ki. “Çapayev” şeirinin bizim uşaqlar üçün nə əhəmiyyəti var?
– Son olaraq, sizdən yaradıcı planlarınız haqqında bilmək istərdik..
-Hal-hazırda elmi tədqiqatla məşğulam. Azərbaycan MEA-nın Əlyazmaları İnstitutunun böyük elmi işçisiyəm. Üzeyir Hacıbəyovun jurnalistlik fəaliyyətini tədqiq edirəm. Üzeyir Hacıbəyov jurnalistikaya 1905-ci ildə gəlib. 1905-ci il hadisələri onun gözünün qarşısında olub. Üzeyir Hacıbəyovun erməni məsələsini işıqlandırdığı məqaləsində, öz arzu və istəkləri ilə yanaşı, dövrün çox gözəl ziyalıları olan Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və digərlərinin arzusu ifadə olunur və bu arzularda müstəqil dövlət qurmaq niyyəti sezilir. Üzeyir Hacıbəyov hələ özünü bəstəkar kimi təsdiq etməmiş, necə gözəl jurnalist imiş, çox gözəl satiraları var. Hələ “Molla Nəsrəddin” nəşr edilməzdən 1 il öncə satirik felyetonları ilə dövrün naqisliklərinə, cəhalətə qarşı mübarizə aparıb. İndi həm də bədii tərcümələrlə də məşğul oluram. Yaxın gələcəkdə televizyaya qayıda bilərəm.
– Çox sağ olun, müsahibəyə görə minnətdarıq.
Gündüz Nəsibov, Aynur Hüseynova
1905.az
müsahibə ilk dəfə 11 fevral 2015-ci ildə dərc olunmuşdur.