Ermənistan silahlı birləşmələri dünən axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərə hücum edib. Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, erməni hərbi birləşmələrinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan açdığı atəş nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. Qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə xəstəxanaya yerləşdirilib. Ordumuz düşməni cavab atəşi ilə susdurub, həmçinin, hadisə ilə bağlı beynəlxaq qurumlar məlumatlandırılıb.
Bu hadisələrə mütəxəssislərin və keçmiş döyüşçülərin münasibətini öyrənməyə çalışdıq:
«Azeri Defence» hərbi-texnoloji jurnalının təsisçisi Rəşad Süleymanov:
Ermənilər yaxşı bilirlər ki, cəbhəyanı yaşayış məntəqələrinin hamısında bizim mülki əhali yaşayır. Və ilk dəfə deyil ki, emənilər belə bir cinayət törədirlər. 5-6 il öncə erməni snayperi Ağdamda bir uşağı öldürmüşdü. Oxşar hadisələr Tərtər istiqamətində, Tovuzda da törədilmişdi. Hətta uzaq məsafədən Azərbaycan yaşayış məntələrinə atılan mərmilərin video görüntüləri də yayılmışdı. Bütün bunlar mənfur erməni xislətindən irəli gəlir. Son vaxtlar həm yerli, həm də xarici mətbuatda azərbaycanlıların Böyük Qayıdışa başlamalarından söhbət gedir. Azərbaycanlıların məskunlaşmağa başladıqları Coçuq Mərcanlı kəndi ilə cinayətin baş verdiyi Alxanlı kəndləri arasında məsafə də o qədər böyük deyil. Dünənki hadisə ilə ermənilər insanlardakı dönüş əhval-ruhiyyəsinə zərbə vurmaq istəyirlər. Ona görə də düşünürəm ki, bu cinayət məqsədli surətdə törədilib. Onlar yaxşı bilirlər ki, həmin kənddə dinc əhali məskunlaşıb. Ermənilər dinc əhali arasında panika yaratmaq, onların Azərbaycan Ordusuna inamını qırmaq istəyirlər. Düşünürəm ki, əvvəlki illərdəki kimi onların bu cəhdinin də heç bir səmərəsi olmayacaq. Azərbaycan Ordusu yetərincə güclüdür və elə düşmənin cavabı da dərhal verildi. Ordumuz qarşısına qoyulan istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır. Ermənistan Silahlı Qüvvələrindən də fərqli olaraq heç vaxt dinc əhaliyə qarşı silahdan istifadə etmir.
Bu hadisə təsadüf deyildi, konkret təxribat idi. Erməni rəhbərləri son illərdəki çıxışlarında dəfələrlə qeyd ediblər ki, onlar Azərbaycanın sosial və infrastruktur obyektlərini hədəfə alıblar. Bu, bir daha göstərdi ki, onlar sözdən əmələ keçiblər. Əslində isə 25-26 il əvvəlki siyasətlərini davam etdirirlər. Onlar Azərbaycan Ordusu ilə deyil, dinc azərbaycanlılarla müharibə aparırlar. 25 il öncə dinc azərbaycanlılara qarşı soyqırım, deportasiya siyəti həyata keçirirdilərsə, indi də həmin siyasəti bir qədər fərqli formada yerinə yetirirlər. Çünki hakimiyyətdəkilər yenə eyni adamlardır – Serj Sarkisyan, onun əlaltıları və havadarları. Ermənilər danışıqlar prosesində dəfələrlə deyirdilər ki, dinc azərbaycanlıların döyüş bölgəsindən 100 kilometr aralı zolağa çıxarılmalıdılar. Amma Azərbaycan tərəfi haqlı olaraq bu təklifi rədd edib. Düşünürəm ki, Azərbaycan Ordusu erməni mövqelərinə, atəş nöqtələrinə güclü zərbə vurmalıdır. Bunun üçün həm imkanımız var, həm də hakim yüksəkliklər artıq əlimizdədir.
Alxanlıda törədilmiş qətliam dəhşətli hadisədir. Qızğın döyüşlər getsə də, çoxdan idi ki, mülki əhaliyə qarşı belə zərbələr vurulmurdu. Birmənalı olaraq bu, düşünülmüş bir təxribat idi. Burada heç bir təsadüfilikdən söhbət gedə bilməz. Aydındır ki, ermənilər belə təxribatlara həmişə hazırdılar. Amma uşaq ölümü heç bir bəhanəyə haqq qazandıra bilməz. Bu dəhşətli hadisə beynəlxalq təşkilatlarda geniş müzakirə olunmalıdır.
“Baş verən hadisə nə davam edən atəşkəsin ruhuna, nə də heç bir müharibə əxlaqına sığmır. Dinc insanların, xüsusilə 2 yaşlı körpənin öldürülməsi qətiyyən başa düşüləsi hadisə deyil. Azərbaycan dərhal hərəkətə keçərək dünya birliyini məlumatlandırmalıdır. Ordumuz isə düşmənə layiqli cavab verməlidir”.
Hərbi jurnalist Ramin Məmmədli:
Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu ilə təmas nöqtəsində yerləşdirdiyi silahlı birləşmələr müxtəlif dövrlərdə mülki azərbaycanlılara qarşı bu səpkidə terror aktları törədiblər. Alxanlı kəndində ermənilərin 2 yaşlı uşağı qətlə yetirməsi isə insanlığa yaraşmır, müharibə qanunlarına, beynəlxalq konvensiyalara qəti şəkildə ziddir. Münaqişənin həlli ilə bağlı öz üzərinə öhdəlik götürmüş ATƏT-in Minsk qrupu, həmsədr ölkələr – ABŞ, Rusiya və Fransa bu hadisəyə ən yüksək səviyyədə kəskin reaksiya verməli və onu pisləməlidilər. Açığı, ATƏT-in Minsk qrupunun reaksiyası ikrah doğurur və hesab edirəm ki, bu, baş verən hadisəyə birmənalı qiymət yox, diplomatik yanaşmadır. Belə halda diplomatik yanaşmaya heç bir ehtiyac yoxdur. Bu, qəbulolunmazdır. Əlbəttə ki, Azərbaycan Silahlı Qüvvələri bunun cavabını verəcəklər. Lakin humanizm prinsipindən çıxış edərək dinc əhalini yox, bu hadisədə “əməyi” olan erməni hərbiçilərini cəzalandıracaqlar. Ən əsası ilə məsələyə beynəlxalq konvensiyalar çərçivəsində hüquqi qiymətin verilməsinə çalışmalıyıq. Dəfələrlə təmas xəttində dinc azərbaycanlılar qətlə yetirilib, bunun qarşısı alınmazsa, münaqişənin həllindən söhbət gedə bilməz.
Jurnalist, keçmiş döyüşçü Asəf Quliyev:
Bu hadisə yadıma Xocalı hadisələrini saldı. Tomas de Vaalın “Qara bağ” kitabında Serj Sarkisyan deyir: “Xocalıya qədər azərbaycanlılarda belə bir stereotip var idi ki, ermənilər dinc sakinlərə əl qaldırmayacaqlar. Biz bu stereotipi qırdıq”. Alxanlı hadisələrində də S.Sarkisyanın bəyanatının ab-havası hiss olunur. Coçuq Mərcanlıya qayıdışın başladığı ərəfədə belə bir qətliamın törədilməsi ermənilərin həmişəki dəst-xəttidir. Onlar guya azərbaycanlıların gözlərini qorxutmaq istəyirlər. Amma buna nail ola bilməyəcəklər. Çünki indiki Azərbaycan 1992-ci ildəki deyil. İkinci məqam isə odur ki, son vaxtlar Azərbaycanın siyasi rəhbərliyi Dağlıq Qarabağın erməni əhalisinə öz xoş məramını nümayiş etdirib. Bu isə Ermənistan rəhbərliyində narahatçılıq yaradır. Axşamkı hadisə ilə onlar ziddiyyətləri daha da dərinləşdirməyə, iki xalq arasında münasibətləri daha da kəskinləşdirməyə çalışırlar. Çünki Azərbaycan Silahlı Qüvvələrinin cavab verəcəyinə əmindilər. Amma nəzərə almırlar ki, Azərbaycan Ordusu dinc əhaliyə qarşı silahdan istifadə etmir.
Gündüz Nəsibov, 1905.az