“1905.az” saytında bizim Zəngəzurdan, müqəddəs torpaqlarımızın Ermənistana verilməsindən danışdıq. Müzakirələrdə texnika elmləri doktoru, professor Ziyadxan Nəbibəyli, filologiya elmləri doktoru, professor Vilayət Əliyev, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa və araşdırmaçı Razim Əliyev iştirak edirdi.
Müzakirələri giriş sözü ilə “1905.az” portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev açdı: “Biz “1905.az” portalı olaraq işğal olunmuş ərazilərimiz, soydaşlarımızın deportasiyaları, atəşkəsə rəğmən davam edən müharibə ilə bağlı mövzuları daimi olaraq diqqət mərkəzində saxlayırıq. Bu günkü mövzumuz Zəngəzurla bağlıdır. Əlbəttə, biz hamımız çox gözəl bilirik ki, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. Bunu o ərazilərin toponimikası, coğrafi yerləşməsi və saysız-hesabsız başqa məqamlar təsdiqləyir. Zəngəzurun tarixi, əhatə etdiyi ərazi, hansı şərtlər daxilində ermənilərin onu ələ keçirməsi ilə bağlı adi oxucu yetərincə məlumata malik deyil. Ona görə də bugünkü görüşdə həmin məsələləri müzakirə etmək istədik”.
“Zəngəzurun qısa tarixi və coğrafiyası” kitabının müəllifi, professor Ziyadxan Nəbibəyli Zəngəzurun inzibati-ərazi vahidi kimi tarixindən və əhatə etdiyi ərazi haqqında danışdı: “Təəssüf ki, uzun illər Zəngəzurun tarixi, coğrafiyası, etnoqrafiyası Azərbaycan mütəxəssisləri tərəfindən öyrənilməyib, unudulub. Xüsusilə də XX əsrin əvvəllərində Zəngəzurun da İrəvan kimi ermənilərə “pay” verilməsi bu ərazini bizim üçün qapalı sahə etmişdi. Zəngəzur qəzası inzibati-ərazi vahidi kimi 25.02.1868-ci ildə Yelizavetpol (Gəncə) quberniyasının yaranması ilə formalaşıb, ərazisinə indiki Sisyan (Qarakilsə), Gorus, Qafan, Mehri, Zəngilan, Qubadlı, Laçın bölgələri daxil idi. Bu doğma torpaqlarımızın xeyli hissəsi Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilərin hiyləsi, Rusiyanın köməkiliyi ilə alınıb, Ermənistana verilib. Zəngəzur tarixin bütün mərhələlərində azərbaycanlılara, Azərbaycan türklərinə məxsus yaşayış yeri olub. Bunu eramızdan əvvəlki mənbələrə və əsatirlərə əsaslanara söyləməyə haqqımız var. Mənim fikrimcə, Zəngəzurun Azərbaycan torpağı olması ilə bağlı xaricdə demirəm, amma Azərbaycanın özündə insanların ümumi məlumatı var. Amma xarici ölkələrə, xüsusilə Avropa, Amerika, Rusiyaya çıxarılmaq üçün lazım olan məlumatlar, Zəngəzurla bağlı olan yazılar məni qane etmir. Onların çatışmazlığı təqdimatla bağlıdır. Hər hansısa bir faktı elə deyə bilərsən ki, 5 dəqiqədən sonra yaddan çıxır, bir də var onu elə təqdim edərsən ki, insanın beynində iz buraxar, yaddaşlarda qalar”.
Professor Vilayət Əliyev Zəngəzurun tarixən başıbəlalı ərazi olduğunu qeyd etdi: “Ermənilər daim Zəngəzur ərazisindəki bir sıra tarixi abidələri süni surətdə saxtalaşdıraraq onları xristian kilsəsi, məbədi adlandırmaqla VII-X əsrlərdə bu diyarda guya ancaq ermənilərin yaşadıqlarını sübut etməyə cəhd ediblər. Ən qəribəsi budur ki, məbədlərin ermənilərə məxsus olmadığını bildikdən sonra da bunu etiraf etmək istəmir, əksinə, dövlət qoruğu səviyyəsində qeydiyyatdan keçirirlər. Zəngəzurun bütün toponomikasını erməniləşdirməyə nail olublar. Zəngəzur çox əhəmiyyətli bir bölgədir. Bu bölgəni ələ keçirməklə Ermənistan İranla özünə sərhədi təmin etdi. “Zəngəzurda qalan izimiz” kitabının müəllifiyəm, bu kitabı mənim valideyinlərimin, bütün dünyasını dəyişən Zəngəzur elinin, obasının insanlarının ruhuna həsr etmişəm. Azərbaycan MEA-nın Tarix İnstitunda xüsusi bir şöbə bu bölgənin tarixini araşdırır. Amma təəssüf ki, indi Zəngəzurdan bizə heç nə qalmayıb. Zəngəzurda qalan izimiz oradakı cığırlarımız, xarabalıqlarımız və bir də qəbiristanlığımızdır.”.
Razim Əliyev daha çox Zəngəzurun Azərbaycana məxsus hissəsi ilə bağlı danışdı: ”Zəngəzur elə bir zəngin diyardır ki, nə qədər yazsan, yenə də azdır. Amma alimlərimiz işləyir, tədqiqatlar aparırlar, arxeoloqlar vaxtilə işləyiblər, kifayət qədər əldə materiallar var və indi də o proses davam edir. Qubadlı, Laçın, Zəngilan Şərqi Zəngəzur adlanır, əvvəl verilib Ermənistana, sonradan Nəriman Nərimanov təkidlə o rayonları qaytarmağa nail olub. Zəngəzurluların çoxu müharibə zamanı yaxın rayonlara – Laçına, Zəngilana, Qubadlıya köçüblər. Ona görə də hesab edirəm ki, yalnız bütün Zəngəzurun deyil, həm də onun ayrı-ayrı bölgələrinin də tarixini dərindən araşdırmağa böyük ehtiyac var. Qubadlı rayon İcra Hakimiyyəti bir müddət öncə, Azərbaycan MEA Tarix İnsitutu qarşısında məsələ qaldıraraq, Qubadlı haqqında kitab yazmağın vacibliyini qabartdı. Akademik Yaqub Mahmudov başda olmaqla komissiya yaradıldı və məni də komissiyaya daxil etdilər. Çap edilən kitabı biz bütün diaspora təşkilatlarımıza verdik. Üstəlik kitabın xarici dildə çap olunması da təmin edilib”.
Fuad Babayev bir sıra mənbələrdə Zəngəzurun ermənilərə verilməsində Nəriman Nərimanovun adının hallandırıldığını və bu məsələnin anatomiyası ilə maraqlandı.
Tarixçi alim Nazim Mustafa əvvəlcə tarixə ekskurs etdi: “İlk dəfə Zəngəzurun etnik cəhətdən tərikibinin dəyişməsinə cəhd ermənilər tərəfindən 1905-1906-cı illərdə olub. O zaman Zəngəzurda olan 409 kənddən 92-sində ermənilər yaşayıb, qalanında isə azərbaycanlılar. Onlar da sonradan Türkmənçay müqaviləsi ilə köçürülüb gətirilən ermənilər idi. Çünkü Zəngəzurun yerli erməni əhalisi olmayıb. Zəngəzurdakı yerli erməni deyilən əhali alban tayfalarının qalıqları idi. Çarın fərmanı ilə 1836-cı ildə alban kilsəsinin ləğvi və Eçmiədzin kilsəsinə tabe edilməsindən sonra, orada qriqoryanlaşdırma prosesi getdi, əhalinin bir qismi müsalmanlaşdı, bir qismi də erməniləşdi. Martirosyan adlı erməni müəllifinin “1905-1906-cı illərdə Qafqazda türk-erməni toqquşmaları kitabı” var, kitabın Zəngəzurla bağlı hissəsində 409 kənddən yalnız 92-də ermənilərin yaşadığı qeyd olunur. Ermənilər Zəngəzurun ələ keçirilməsinə böyük əhəmiyyət verirdilər. 1918-ci ilin fevralında rus ordusu Türkiyədən geri çəkildikdən sonra Andronikin başçılığı ilə qaniçən erməni silahlı dəstələri Şərqi Anadoluda qırğınlar törətməyə başladı. Qırğlnların qarşısını almağa gələn Kazım Qarabəkir Paşanın rəhbərlik etdiyi ordu Androniki Türkiyə ərazisindən çıxmağa məcbur etdi. Tezliklə Andronik öz başkəsənləri ilə Zəngəzurda peyda oldu. Zəngəzurun bir hissəsini tutmuşdu və dəfələrlə Azərbaycan hökuməti ermənilərə qoşunlarını çəkməyi tələb etmişdi. Ermənistan hökuməti axırda belə bir bəyanat verdi ki, Andronikin qoşunları Ermənistan ordusuna tabe deyil, özbaşına fəaliyyət göstərir və onun Ermənistan dövlətinə aidiyyatı yoxdur. Buna görə də tədbir görə bilmirlər. Halbuki onu silahlandıran və istiqamətləndirən Ermənistan hökuməti idi. Nəhayət, Azərbaycanın Paris sülh konfransındakı nümayəndə heyəti məsələni belə qoydu ki, Azərbaycan və Ermənistanın sərhədləri müəyyən edilənə qədər Andronikin qoşunları Zəngəzurdan çıxsın. O zaman Böyük Britaniya hökuməti Qafqazın mandat sahibi idi və general Tomsona təzyiq göstərildi ki, Andronik Zəngəzurdan çıxarılsın. 1919-cu ilin yayında Andronik Zəngəzuru tərk etdi. Andronikdən sonra Dro və Nijde Zəngəzuru ələ keçirdi. Azərbaycan hökuməti Zəngəzuru azad etmək üçün əməliyyat keçirməliydi. Azərbaycan ordusu Cavad Şıxlınski ilə Davud bəy Yadigarovun komandanlığı altında Zəngəzura iki tərəfdən hücum edib, azad etməli idi. Lakin Davud bəy Yadigarovun dəstəsindəki anası gürcü olan bir zabiti ermənilər pulla ələ aldılar və xəyanət sayəsində bu hücum baş tutmadı.
Zəngəzurun Ermənistana verilməsi məsələsinə gəldikdə isə 1920-ci il noyabrın 29-da Ermənistanda Sovet hakimiyyəti quruldu. Bakıda Bakı şəhər Partiya Komitəsi ilə İnqilab Komitəsinin birgə iclası keçirildi. Orada Nəriman Nərimanovun çıxışı var. N.Nərimanov çıxışında deyir: “Bizimlə Ermənistan arasında sərhəd məsələsi, mübahisə, münaqişə edilən bir məsələ qalmayıb və Dağlıq Qarabağa öz müqəddaratını müəyyən etmək hüququ verilsin. Dağlıq Qarabağ erməniləri Azərbaycanın və ya Ermənistanın tərkibinə qatılacaqlarını özləri müəyyən etsinlər”. Amma bir gün sonra Bakıda çıxan “Kommunist” və “Bakınskiy raboçiy” qəzetlərində ermənilər yazdılar ki, Nəriman Nərimanov bəyanat verib ki, Naxçıvan və Zəngəzuru Ermənistan torpağı, onun ayrılmaz tərkib hissəsəsi hesab edir. Ayın 7-də isə İrəvanda çıxan qəzetlərdə bu məlumat dərc olunur. Bu sözdür, yəni sənəd deyil əslində. N.Nərimanov bu sözü demiş olsaydı belə, bunun sənədlə imzalanması gərəkirdi, lakin tərəflərin qarşılıqlı iştirakı ilə imzalanan sənəd yoxdur. N.Nərimanov da deyirdi ki, ermənilər onun sözlərini təhrif ediblər. Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi məsələsi N.Nərimanovun çıxışında yoxdur. Ermənilər bu qəzet təhrifindən istifadə edərək Zəngəzuru, Naxçıvanı erməni torpağı hesab edirlər. Ermənistanda ilk sovet hakimiyyəti qurulan dövrdə də Zəngəzur Ermənistan torpağı deyildi. Yəni Ermənistanda yaradılan qəzaların içərisində Zəngəzur yoxdur. Yalnız sonradan Zəngəzur məsələsi həll ediləndə Ermənistan hökuməti təklif etdi ki, Zəngəzur bir qəza kimi Ermənistana daxil edilsin. Zəngəzurun 6.742 km2 ərazindən 3.105 km² Azərbaycan SSR tərkibində qalmış, ondan bir qədər çoxu Ermənistana verilmişdi. Rusların çirkin bir xəyanət oyunu var burada. Ruslar Zəngəzur parçalanandan sonra onun statusu məsələsinə baxdılar. Zəngəzur o zaman Yelizavetpol quberniyasının ən böyük qəzası idi, onun 4 nahiyəsini Ermənistana verdilər, 3-ü Azərbaycanda qaldı. Sonrakı proseslərdə artıq azərbaycanlılar oradan deportasiya edildi və ermənilər Zəngəzurun tamamilə işğalına nail oldular.
Hazırladı: Gündüz Nəsibov, 1905.az