1918-ci il aprel çevrilişinə qədər erməni vəhşiliklərindən ən çox ziyan görmüş Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Bu müddət ərzində erməni quldur dəstələrinin həmin qəzanın müsəlman əhalisinə qarşı güc işlətmək siyasəti bir an da olsun belə kəsilmir, hərdən səngisə də, sonra daha yeni qəddarlıqlarla təkrar olunurdu. Fövqəladə İstintaq Komissiyasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, müxtəlif nazirliklərin arxivlərində bu haqda çoxlu tarixi sənədlər qorunub saxlanılır. Onların arasında Fövqəladə təhqiqat komissiyasının məruzələrini, Azərbaycan parlamentinin 1918-ci il dekabrın 20-də keçirdiyi və bu məsələyə həsr olunmuş xüsusi fövqəladə iclasının materiallarını, xüsusilə orada Baş nazir F. X. Xoyskinin çıxışını, parlamentin adına gəlmiş teleqramları və s. qeyd etmək olar. (Bax: ARDA. f. 895, siy. 1, iş 1299, f. 970, siy. 1, iş 161, f. 1061, siy. 1, iş 49-65 və s.).
Hündür dağ bölgəsində yerləşən bu qəzanın demək olar ki, əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdir. Müsəlman kəndləri tək-tək erməni kəndlərinin aralarında qaldıqlarına və bir – biriləri ilə əlaqə saxlamaq üçün yalnız erməni kəndlərindən istifadə etməyə məcbur olduqları üçün ilk gündən özlərinin bu üstün vəziyyətini hiss edən ermənilər həmin qəzada üstünlüyü öz əllərinə almışlar. Qəzanın müsəlman əhalisinin Azərbaycanın başqa əyalətlərinə nisbətən vəziyyəti bir də ona görə pisləşmişdir ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı bu qəzada general Andranikin çox yaxşı təşkil edilmiş erməni əsgərlərindən ibarət nizami qoşunları da vardı. Andranik öz ətrafında nizami qoşun və erməni quldur dəstələrini cəmləşdirərək görünür ki, Erməni Respublikası hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edir ki, ya Ermənistan hökumətinə tabe olsunlar, ya da qəzanın ərazisini tərk etsinlər. Guya bu qəza Ermənistan Respublikasına daxildir. Qəzanın demək olar ki, bütün dünyadan təcrid olunmuş və çox zəif silahlanmış əhalisi Andranikin bu tələblərini rədd edir. Buna görə də ermənilər həmin əhaliyə qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Öz respublikalarının ərazisini genişləndirməyə cəhd edərək ermənilər müsəlmanlara aman vermirdilər. Hətta müsəlmanlar könüllü olaraq öz doğma ocaqlarını tərk etdikdə belə ermənilər onların kəndlərini yandırır, özülünə qədər dağıdır, əhalini görünməmiş vəhşiliklərlə qətlə yetirir, onların mal-heyvanlarını sürüb aparır, əmlaklarını müsadirə edir, onların torpaq sahələrini zorla ələ keçirib əkirdilər. Məruzədə göstərilirdi ki, hazırda bu qəzada yalnız Oxçu dərəsi müsəlman kəndlərinin əhalisi çox mərdliklə öz doğma ev-eşiklərini, ata-baba ocaqlarını müdafiə edirlər.
Sisyan mahalının birinci polis sahəsində olan bütün müsəlman kəndləri, ikinci polis sahəsində olan kəndlərin əksəriyyəti, üçüncü, dördüncü və beşinci polis sahəsindəki müsəlman kəndlərinin isə çox hissəsi məhv edilmişdir. Bəzi kəndlər ümumiyyətlə yer üzərindən silinmiş, həmin kəndlərin torpaqları ermənilər tərəfindən əkin üçün şumlanmışdır. 50 mindən yuxarı müsəlman qaçqını qismən dördüncü polis sahəsində, qismən də Cəbrayıl qəzasında özlərinə sığınacaq tapmışlar.
Fövqəladə təhqiqat komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları sadalanır.
Məruzədə göstərilən 115 kənd ermənilər tərəfindən yandırılmış, əmlakı oğurlanıb aparılmış, ərazisi ermənilər tərəfindən zəbt olunmuşdur. Bu kəndlər məhv edilərkən o qədər haqsızlıqlar, vəhşiliklər törədilmişdir ki, onları ayrı-ayrı kəndlər üzrə göstərməyə imkan yoxdur. Ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklər haqqında təhqiqat komissiyasının aktları, onlara əlavələrdə kifayət qədər məlumatlar vardır.
Yuxarıda göstərilən 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə tam olmayan məlumata görə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Belə ki, erməni vəhşiliklərinin qurbanları daha çox olmuşdur. Ancaq indiki dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.
Şahidlərin ifadələri əsasında tərtib olunmuş məruzədə ermənilərin törətdikləri vəhşiliklər haqqında ətraflı məlumatlar verilmişdir. Vaqudu kəndində erməni əsgərlərinə paylanmış və zorlanmış 15 nəfər gözəl azərbaycanlı qızları namussuzluq əzabına dözə bilməyərək özlərini məhv etmişlər. Elə həmin kənddə 400-dən yuxarı azərbaycanlı əhali məsciddə sığınacaq tapır və güman edirlər ki, ermənilər müqəddəs yer olan məscidə dəyməzlər. Ancaq məscidi mühasirə edən erməni vandalları əvvəlcə məscidə əl bombaları atır, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırırlar. Həmin kənddə Qədəm Tahir qızı qılıncla doğranmış və döşü kəsilərək başı kəsilmiş südəmər uşağın ağzına soxulmuşdur. Həmin kənddə ermənilər Yolçu Şıx Hüseyn oğlunu öldürərək, cinsiyyət üzvünü kəsib ağzına soxmuşlar. Həmin kənddən dörd nəfər cavan qız – Nisə Əmən qızı, Acib Nuhbala qızı, Sona Cəfər qızı və Şahnur Cəlal qızı ölənə qədər ermənilər tərəfindən zorlanmışlar. Həmin kəndin yaxınlığında Gülməstə Qasım qızı öldürülmüş, döşləri kəsilmiş, kürəklərinin arasına at nalı mıxlanmışdır. Nüvədi kəndində ermənilər yorğan-döşəkdən dura bilməyən yüz yaşlı Əsəd bəy Məlik Abbasovu süngü ilə dəlik-deşik etmişlər.
Həmin kənddə küçələrdə qaçıb canını qurtarmaq istəyən uşaq və qadınların şaşka və xəncərlərlə başlarını üzmüşlər. Şəki kəndinin küçələrində döşləri kəsilmiş qadın və iki yerə şaqqalanmış uşaq meyitləri atılıb qalmışdır. İrmişli kəndini talan edərkən ermənilər südəmər uşaqları süngülərə taxaraq göyə qaldırır, öldürülənlərin meyitləri tikə-tikə doğranırdı. Aqudi kəndində ermənilər müsəlmanlardan xristianlığı qəbul etməyi tələb edirlər, bundan imtina edən qadınların döşlərini kəsir körpə uşaqların ağzına soxurdular. Elə həmin kənddə ermənilər sağ-sağ Qulam Şakir oğlunun ayaqlarını kəsmiş, sonra süngü ilə onu dəlik-deşik edərək qanı qurtarıb ölənə qədər kəsik ayaqları üzərində hərəkət etməyə məcbur etmişlər. Həmin kənddə gözəl qızlar əvvəl zorlanmış, sonra isə öldürülmüşlər. Çullu kəndində ermənilər yorğan-döşəkdə xəstə yatan 9 nəfər müsəlmanı qılıncla doğramışlar. Bağır-bəyli kəndində ermənilər 7 nəfər azərbaycanlını bir evə yığıb evlə birlikdə diri-diri yandırmışlar. Müsəlmanlar kəndində meyitlərin əli, ayağı, başı kəsilmiş və o qədər eybəcər hala salınmışlar ki, bilmək olmurdu ki, həmin əzalar hansı meyitə məxsusdur. Qatar kəndində çox hörmətli Məşədi Qələndər Məşədi Qulu oğlunun üzərinə ermənilər neft tökərək diri-diri yandırmışlar. Həmin kənddə ermənilər Kərbəlayı Allahverdi Hüseynəli oğlunun əl-ayağını bağlayaraq qoyun kimi boğazından kəsmişlər. Vartanazur kəndində ermənilər xüsusilə çox uşaq və qadını xəncərlə doğramışlar.
Bu göstərilənlər ermənilərin törətdikləri vəhşiliklərin cüzi bir hissəsi idi. Bu cür və bundan daha dəhşətli vəhşiliklər ermənilərin dağıtdıqları bütün kəndlərdə təkrar olunurdu. Lakin təəssüflər olsun ki, o kəndlərin çoxunda bu vəhşiliklərin şahidləri belə qalmamışdır.
Çoxlu şahidlərin dediyinə görə Zəngəzur qəzasında 1918-ci il yayın axırları və payızında baş verən bu hadisələr bilavasitə cəllad Andranikin rəhbərliyi altında keçirilmişdir. Zəngəzur qəzasının müsəlman kəndlərinə hücum etmiş erməni quldur dəstələrinin başçıları və bu dəstələrin yüzlərlə üzvləri şahidlər tərəfindən tanınmışlar. Onlardan Gorus şəhərindən Nikolay Osipov, Simon Mimmov, Darabas kəndindən – Şamir Şahnazarov, Meğri kəndindən David Arşak, Matevos Maçiants, Kəvər kəndindən Hamazasp, Xotanan kəndindən zabit Avanes Ter-Petrosov, Araazur kəndindən Sumbat Melik-Stepanov və onlarla başqaları idi.
Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmış, 10 minlərlə iribuynuzlu mal-qara və 100 minlərlə xırdabuynuzlu qoyun-keçi ermənilər tərəfindən sürülüb aparılmış, bağlar, taxıl zəmiləri və otlaq sahələri yandırılmış, dağıdılmış, bir sözlə qəzanın müsəlman əhalisinin iqtisadi vəziyyəti üçün zəmi kökündən məhv edilmişdir. Qəzanın Azərbaycanın müxtəlif kəndlərinə qaçıb dağılmış əhalisinə ermənilər tərəfindən o vaxtın qiymətləri ilə 1 milyard manata yaxın maddi ziyan vurulmuşdur.
Ermənilərin Zəngəzurun müsəlman əhalisinə qarşı hücumları 1919-cu ilin dekabrından yenidən şiddətlənir. Artıq noyabr aylarında ermənilər müsəlmanlar yaşayan Oxçu, Atqız, Şabadan, Pirdavdan kəndlərinə qarşı geniş hərbi əməliyyata başlayırlar. Özü də bu vaxt artıq Ararat Respublikasının rəsmi nizami ordusu bu işdə iştirak etməyə başlayır. (ARDA: f. 894, siy. 4, iş 65).
1920-ci il yanvarın 6-da keçirilən iclasda Azərbaycan Cümhuriyyəti Dövlət Müdafiə Komitəsi “Zəngəzurun müsəlman kəndlərinin ermənilər tərəfindən dağıdılmasının davam etməsinə qarşı tədbirlər görülməsinin zəruriliyi haqqında” daxili işlər nazirliyinin məlumatmı müzakirə edir və qərara alınır ki, dinc əhaliyə qarşı ermənilərin bu hərəkətlərinin qarşısını almaq üçün müəyyən tədbirlər görülsün və bu haqda mütəffiq qoşunlarının bölgədəki nümayəndəsinə məlumat verilsin. (Bax: ARDA. f. 897, siy. 1, iş 112, vər. 48).
Erməni millətçilərinin azərbaycanlılara qarşı Zəngəzurdakı vəhşilikləri 1920-ci ilin əvvəllərində özünün kulminasiya nöqtəsinə çatır. Həmin il yanvarın ortalarında Paris sülh konfransı ölkələri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması ilə əlaqədar olaraq ermənilər Zəngəzurda daha da fəallaşırlar. Özü də əvvəllər Zəngəzurda baş verən hadisələrin bilavasitə təşkilatçısı olan Ararat Respublikası rəsmi yazışmalarda bu işlərdən qətiyyən xəbəri olmadığını iddia edir. Həmin hadisələrin günahını gah Andranikin, gah da Zəngəzurda yaradılmış digər erməni təşkilatlarının üzərinə atırdı. Lakin 1920-ci ilin yanvarından Zəngəzurda baş verən bütün hadisələrin bilavasitə təşkilatçısı məhz Ararat Respublikasının özü idi. Burada da əsas məqsəd Zəngəzur qəzasını tezliklə tamamilə müsəlmanlardan təmizləyərək sülh konfransı ölkələrini bu məsələnin Ermənistanın xeyrinə həllində həyata keçirilmiş fakt qarşısında qoymaq idi. Artıq bu təmizləmə siyasətində Zəngəzurdakı erməni quldur dəstələri ilə yanaşı Ararat Respublikasının top və pulemyotlarla silahlanmış on mindən yuxarı nizami qoşun dəstələri də iştirak edirdi.
Bu hücumla əlaqədar olaraq 1920-ci il yanvarın 20-dən Azərbaycan Respublikasının Parlamentinə, hökumətinə müxtəlif partiya fraksiyalarının rəhbərlərinə Zəngəzur, Cəbrayıl və Şuşadan çoxlu həyəcanlı xəbərlər daxil olur.
İlk teleqram 1920-ci il yanvarın 21-də Azərbaycan Respublikası Parlamentinin üzvü Cəlil Sultanov tərəfindən Cəbrayıldan Azərbaycan Parlamentinə göndərilmişdir. Orada deyilirdi: “Zəngəzur qəzasında dörd gündür ki, erməni quldur dəstələrinin nizami ordu ilə birlikdə top və pulemyotların atəşi altında hücumları davam edir. Cəbhə xətti Qubadlıdan Xocahana qədər 50 verst məsafədə uzanır. İtkilər olduqca çoxdur. Əhali vahimə içərisində qaçır və kömək umur. Artıq dərəcədə xahiş edirəm çox sayda ordu və patron göndərmək haqqında təcili tədbirlər görün. Qəzanın bədbəxt əhalisi adından yalvarıram, kağız üzərindəki etirazlardan fəal hərəkətə keçin. Azərbaycanın ən gözəl guşələrindən birini tamamilə məhv olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır. Bütün bunların itirilməsi üçün siz türk (Azərbaycan – A. P.) xalqı və Azərbaycan qarşısında cavab verəcəksiniz”. (ARDA: f. 895, siy. 1, iş 299, vər. 20).
Elə həmin gün Şuşadan da Azərbaycan Parlamentinin ünvanına Məmməd Həsən Xocahanlı, Fərrux bəy Sarmasbəyov, Abbas bəy Mirzəyev, Baqrat bəy Cavanşir, İsmayıl Muxtarov tərəfindən vurulmuş teleqramda deyilirdi: “Yanvarın 19-dan başlayaraq ermənilər nizami ordu və artilleriyanın köməyi ilə Zəngəzur müsəlmanlarını qırmağa başlayıblar. Artıq Əliqulu uşağı, Eyvazlı, Şamsız, Şurnux, Məzrə, Novla, Tarovlu kəndləri tamamilə dağıdılıb, hücum davam edir. Müsəlmanların vəziyyəti çıxılmazdır. Heç yandan kömək yoxdur. İranlı ermənilər tərəfindən də təhlükə gözlənilir. Yalvarırıq, təcili tədbirlər görün”. (ARDA: f. 895, siy. 1, iş 299, vər. 35-37).
Yanvarın 22-də isə Cəbrayıl məktəbinin nəzarətçisi H. Axundzadə Azərbaycan Parlamentinə göndərdiyi teleqramda yazırdı: “Ayın 19-da səhərdən erməni silahlı qüvvələri Zəngəzurda Xocahandan Qaladərəsinə kimi ərazidə bütün cəbhə boyu toplardan və pulemyotlardan müsəlman kəndlərini atəşə tuturlar. Altı kənd tamam dağıdılmış, doqquz kənd isə od içərisində yanır. Ermənilər qadınlara və uşaqlara belə rəhm etmədən qəddarlıqla müsəlmanları qırır, kəndləri dağıdırlar. Müqavimət göstərməyə heç bir qüvvələri olmayan müsəlmanlar bütün əmlaklarını ermənilərə qoyaraq yalnız qaçmaqla canlarını qurtarırlar”. (ARDA: f. 895, siy. 1, iş 299, vər. 31-33).
Erməni millətçilərinin Zəngəzurdakı dəhşətli cinayətləri və onlara layiqli cavab verilməməsi – azərbaycanlı əhali arasında ümidsizlik doğurur. 1920-ci il yanvar ayının 23-də Cəbrayıldan müəllim Hüseyn Axundzadə və başqaları tərəfindən kiril əlifbası ilə Azərbaycan dilində Azərbaycan Cümhuriyyəti Parlamenti və hökuməti adına göndərdikləri teleqramda deyilirdi: “İkinci dəfə olaraq teleqraf edirik. Zəngəzur müsəlmanları tərəfindən başınız sağ olsun. Nə qədər zəngəzurlular ağladılarsa da, nalələri Zəngəzur dağları, dərələri və obaları arasından bir tərəfə çıxmadı. Qarı arvadların məmələri kəsilmiş, məsum balalarının başsız bədənləri qırmızı qanlarına bulaşmış çöllərdə qalıblar. Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavüz edilmişdir. Zəngəzurda düşmən müqabilində bir az kişi qalıb. Lakin onlar da tam ümidsiz vəziyyətdədirlər. Heç bir tərəfdən kömək gəlməmişdir. Ermənilərin nizami orduları on min nəfərə çatmışdır və hər an qüvvələri artmaqdadır. Ararat (Respublikası – A. P.) tərəfindən hər an onlara kömək gəlir. On ədəddən yuxarı topları və çoxlu pulemyotları vardır. Topların gurultusu Cəbrayılı həyəcana gətirmişdir. On minlərlə Zəngəzur qaçqını Cəbrayıl qəzasına yayılmışdır. Üzümüzü çeviririk ümumi Azərbaycan dindaşlarımıza. Onları Zəngəzurdakı qardaşlarımızın, bacılarımızın, məsum balaların məzlumanə şəkildə şəhid olmalarına qarşı kömək, kömək deyə yalvarışlarına cavab verməyə çağırırıq.
Ermənilərin fikri budur ki, Zəngəzurla qurtarmaqla Cəbrayıl erməniləri ilə birləşib buralarda da dəxi dava etsinlər və Naxçıvan ilə bizim əlaqələrimizi tamamilə kəssinlər. Əgər hökumət tərəfindən fövqəladə binagüzarlıq olmazsa müsəlmanların işi fəna olacaqdır”. (ARDA. f. 895, siy. 1, iş 299, vər. 8-12).
Elə həmin gün Cəlil Sultanovdan da Azərbaycan Parlamentinə, hökumətinə, bütün Parlament fraksiyalarının sədrlərinə aşağıdakı məzmunda ikinci teleqramı daxil olmuşdur: “İndicə aldığım səhih məlumata görə yanvarın 19-da erməni nizami ordusu 10 top və çoxlu pulemyotlarla Xocahan və Qaladərəsi arasındakı bir sıra tatar (azərbaycanlı – A. P.) kəndlərinə hücum etmişlər. Dünənə qədər 15 kənd məhv edilmişdir. Hücum Cəbrayıl qəzasının Xanlıq kəndi yaxınlığında davam edir… Qaçqınlar böyük sayda Cəbrayıla gəlirlər. Təkrar edir və yalvarıram ki, təcili tədbir görərək ordu göndərin. Xahiş edirəm mənim teleqramımı bütün Parlament üzvlərinə elan edəsiniz. Mən hərbi əməliyyat yerinə gedirəm”. (ARDA: f. 895, siy. 1, iş 299, vər. 14-17).
Cəlil Sultanov yanvarın 23-də hərbi əməliyyat yerindən Parlamentə göndərdiyi üçüncü teleqramında yazırdı: “Bu gün axşam vaxtı qəza rəisi ili birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Ermənilərin döyüş meydanında qalmış ölüləri arasında bir neçə rəngli ingilis əsgəri də vardı. Xocahan və Zabux arasındakı bütün yüksəkliklər ermənilər tərəfindən tutulmuşdur. Əkərə çayının sağ sahili boyu üçüncü polis sahəsi tamamilə toplarla və pulemyotlarla məhv edilmişdir. Bu gün Zəngəzur qəzasının dördüncü polis sahəsinin sağ qalan hissəsini ermənilər mühasirə ilə kəsib ayıraraq onun da axırına çıxırlar. Zəngəzurda tam hakimiyyətsizlik hökm sürür. Döyüşmək və müqavimət göstərmək üçün heç bir vəsait yoxdur. Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan türk xalqına müraciət edir. Aldığımız məlumata görə sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın Dağlıq hissəsinin erməniləri sürətlə üsyana hazırlaşırlar. Hökumətin cinayətkarcasına fəaliyyətsizliyi Zəngəzur və Qarabağın məhvinə gətirib çıxarıb. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain xatisovların təntənəli ziyafətləri, Azərbaycanın erməni təbəələrinin həyasızlığı yetər. Xahiş edirəm təcili tədbir görün ki, heç olmasa Şuşa və Cəbrayıl qəzaları xilas edilsin. Hər dəqiqə qiymətlidir. Yubanmaq xalq və vətən qarşısında cinayət və satqınlığa bərabərdir. Hərbi nazirin iştirakı çox vacibdir”. (ARDA: f. 895, siy. 1, iş 299, vər. 18, 22, 26).
1920-ci il yanvarın 24-də Cəbrayıldan C. Sultanovun Azərbaycan Parlamenti adına göndərdiyi son teleqramında deyilirdi: “Bütün teleqramlarıma əlavə olaraq hərbi əməliyyat yerindən məlum edirəm ki, Zəngəzur sarıdan başınız sağ olsun. Ermənilər öz qüvvələrini Cəbrayıl qəzasının sərhədlərində – Əkərə çayı ətrafında cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır. Erməni xəyanəti və hiyləgərliyi qurbanlarının sayı hesaba gəlməzdir. Yalvarıram, təcili və qəti tədbirlər görün”. (ARDA: f. 895, siy. 1, iş 299, vər. 5-7).
Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin Qarabağın general-qubernatoru X. Sultanova 1920-ci il 24 yanvar tarixli gizli məktubundan məlum olur ki, Zəngəzur və Qarabağda ermənilərin yaratdığı bu həyəcanlı vəziyyətlə bağlı hərbi nazirliyin xüsusi tədbirlər planı hazırlaması ilə yanaşı Dövlət müdafiə komitəsinin qərarı ilə daxili işlər orqanlarına yerli əhalidən müdafiə dəstələri yaratmaq üçün 5 milyon manat vəsait ayrılmış, bu vəsaitin lazımi yerlərə çatdırılması və nəzərdə tutulan məqsəd üçün sərf edilməsi işində yardımçı olmaq vəzifəsi həvalə edilmişdir. (Bax: ARDA: f. 894, siy. 7, iş 21, vər. 26). Lakin bu vəsait, xüsusilə hərbi sursatın yerlərə çatdırılmasında böyük çətinliklər yaranmasına baxmayaraq, nəhayət ki, bu çətinliklər aradan qaldırılaraq qəzanın əhalisindən ayrı-ayrı müdafiə dəstələri yaradılaraq Abdallardan Zəngilana qədər cəbhə boyu xəttində yerləşdirilmişdir. (Bax: “Azərbaycan” qəzeti, 1920-ci il, 26 fevral).
Dövlət müdafiə komitəsinin qərarı ilə hərbi nazirlik Xankəndi qarnizonunda və Gəncədə olan əsgəri qüvvələri Cəbrayıla yönəldilir. Daxili işlər naziri vəzifəsini ifa edən M. Vəkilov 1920-ci ilin fevralında Qarabağ general-qubernatoruna, Zəngəzura hərbi yardım məqsədilə digər yerlərin əhalisindən təşkil olunmuş min nəfərlik müdafiə dəstəsi yaradaraq bölgəyə gətirilməsini tapşırır. (Bax: ARDA. f. 894, siy. 7, iş 21, vər. 53).
Görülmüş tədbirlər nəticəsində Cəbrayıl qəzasından göndərilən 600 nəfərlik süvari dəstəsinin və Zəngəzur qəzası 3-cü sahəsinin pristavı Cəmilbəyovun 2 pulemyotla göndərdiyi 300 nəfərlik silahlı dəstələr birgə səy nəticəsində həm əsgərlərin sayı, həm hərbi texnika cəhətdən özlərindən 6 dəfə üstünlüyə malik erməni ordusuna böyük zərbələr endirərək Dondarlı ilə bərabər Qubadlı və digər kəndləri ermənilərdən geri aldılar. (ARDA: f. 894, siy. 7, iş 21, vər. 35). Dondarlıdakı məğlubiyyətdən sonra erməni silahlı qüvvələri Əliquluşağı kəndindən Zəngilana qədər olan ərazidə geri çəkilməyə məcbur olurlar. Bu həm də azərbaycanlı əhalidə mübarizəyə ümid oyatdı və sübut etdi ki, azərbaycanlılar yaxşı təşkil olunduqda ermənilərə layiqincə cavab verə bilirlər. Bu qələbənin əsas əhəmiyyətlərindən biri də onda idi ki, ermənilərin Qarabağa soxulmaq planları pozuldu. Həm də bu vaxt Türkiyə hərbi hissələri Naxçıvan mahalında yerli əhali ilə birlikdə ermənilərə qarşı döyüşlərdə erməni qüvvələrinə üstün gəlməsi erməniləri məcbur edir ki, özlərinin Zəngəzurdakı hərbi qüvvələrinin 2 minlik bir hissəsini kömək üçün geri çağırsın. (Bax: ARDA. f. 894, siy. 7, iş 22, vər. 13-14).
Nəticədə Azərbaycan Ordu birləşmələri Cəbrayıl və Zəngəzur partizanları ilə birlikdə apardıqları müvəffəqiyyətli əməliyyatlar nəticəsində bir neçə kəndi ermənilərdən geri almış, hətta onlardan əsir götürmüş və hərbi sursat ələ keçirmişdir. (ARDA: f. 894, siy. 7, iş 29 a, vər. 5-6).
Azərbaycan ordusu və partizan dəstələrinin müvəffəqiyyətli əməliyyatlarını pozmaq, onlar arasında çaşqınlıq yaratmaq məqsədilə 1920-ci ilin martında Novruz bayramı günü ermənilər azərbaycanlıların bayram şənliklərinə başı qarışdığı bir vaxtda Qarabağda qiyam qaldırır və Azərbaycan ordusunun Xan kəndindəki hərbi hissənin düşərgəsinə xaincəsinə basqın edirlər. Qarabağ qiyamı Azərbaycan ordusu tərəfindən müvəffəqiyyətlə yatırılır. Öz təcavüzkarlıq niyyətindən əl çəkməyən Ermənistan daşnak hökuməti Zəngəzura əlavə silahlı qüvvələr göndərməklə burada hərbi əməliyyatları yenə də qızışdırırdı. Nəticədə əlavə yeni qüvvələr alan erməni hərbi hissələrinin martın 27-də başlanan yeni hücumları nəticəsində bölgədə vəziyyət yenə də ağırlaşır. Güllə çatışmadığı üçün partizan dəstələri geri çəkilməyə məcbur olurlar. Fürsətdən istifadə edərək Qarabağ ermənilərindən yardım alan Zəngəzurdakı daşnak ordusu martın 27-də partizanların geri aldıqları Fərican kəndinə hücum etmişlər. Martın 29-da gedən döyüşlər nəticəsində azərbaycan əsgər və partizanları heç bir itki vermədən Əliquluşağı kəndini geri almış və 300-ə qədər ermənini məhv etmişdir. (ARDA: f. 894, siy. 7, iş 29 a, vər. 8-9).
Lakin martın sonu, aprelin əvvəllərində Zəngəzur və Qarabağ erməni silahlı dəstələrinin xeyli üstün qüvvələrlə güclü hücumları Həkəri çayından Şuşaya qədər olan ərazidəki Əliyanlı, Müsəlmanlar, Muradxanlı, Qaraimanlı və s. kəndlərin əhalisinin öz yaşayış yerlərini tərk edərək Cəbrayıl qəzasına qaçmağa məcbur oldular. (Yenə orada, vər. 15).
Martın 31-də axşam Qubadlı və Dondarlı kəndlərinin ermənilərin əlinə keçməsi ilə əlaqədar olaraq polkovnik Qacarın başçılıq etdiyi hərbi hissələr Cəbrayıl qəzasının Xanlıq kəndinə çəkilməyə məcbur oldular. Bununla da Zəngəzurdakı erməni silahlı qüvvələri Qarabağdakı erməni hərbi dəstələri ilə birləşərək region üçün ciddi təhlükə yaradır. Belə ki, Zəngəzurun çox hissəsinin erməni hərbi birləşmələrinin əlinə keçməsi və onun Şuşa üzərinə hücum üçün real zəmin yaranması, Cəbrayıl qəzasını tutaraq Ağdam ilə əlaqəni tamamilə kəsə bilmək təhlükəsi yaranır. Buna görə də həmin il aprelin 1-də hərbi şuranın müşavirəsində ertəsi gün bütün Cəbrayıl qəzası üzrə hücuma keçmək qərara alınmışdır. Görülən bütün tədbirlər nəticəsində aprel ayında aparılan döyüşlər nəticəsində Ermənistanın nizami silahlı dəstələri Zəngəzurda xeyli sıxışdırılmış və hadisələrin gedişi üzərində nəzarət artıq bərpa edilmiş, daha müvəffəqiyyətli əks hücumlar üçün zəmin yaranmışdır. 1920-ci il aprelin 27-də XI Qızıl ordunun Bakını, sonra isə Azərbaycanın başqa bölmələrini işğal etməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Azərbaycanın ərazi bütövlüyünün təmin etmək üçün gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi. Ermənistan Sovetləşən kimi heç bir qeyri şərtsiz həmin ərazilər Sovet Ermənistanına bağışlandı.
Azərbaycanda 1920-ci il aprel çevrilişindən sonra həmin ilin dekabrında Ermənistanın sovetləşdirilməsinə qədər Zəngəzur məsələsi ilə bağlı Sovet Rusiyasının yeritdiyi siyasətlə Ermənistan sovetləşəndən sonra yeritdiyi siyasət arasında köklü fərq mövcud olmuşdur. Belə ki, əgər 1920-ci il aprelin 30-da XI ordunun siyasi rəhbərliyi Azərbaycan İnqilab Komitəsi sədrinin müavini M. D. Hüseynovu Ermənistan daşnak hökumətinə nota ilə müraciət edərək Qarabağı və Zəngəzuru öz qoşunlarından təmizləməyi tələb edirdisə, həmin ilin dekabrında Zəngəzuru Ermənistana bağışlamağı məcbur etmişlər. Əlbəttə, bu o dövrkü Azərbaycan rəhbərliyinin öz təşəbbüsü ilə həyata keçirilmiş bir akt olmayıb. V. İ. Leninin başçılıq etdiyi Sovet Rusiyasının hakim dairələrində böyük nüfuz sahibi olan erməni və gürcü bolşeviklərinin diktəsi ilə bu regionda yeritdiyi yeni müstəmləkəçilik siyasətinin təcəssümü idi.
1920-ci ilin dekabrında Zəngəzurun heç bir qeyri-şərtsiz Ermənistana verilməsi ilə mənfur Z. Balayanın “Ocağ”ında deyildiyi kimi “Türkün ürəyinə çalınmış paz” onsuz da iki yerə parçalanmış Azərbaycanın şimal hissəsini yenidən bölüb iki yerə ayırdı. Görünür ki, bu məsələnin tamamilə öz xeyirlərinə həll olunduğunu hiss edən ermənilər müvəqqəti sakitlik yaratmaq üçün Zəngəzurdan qovulmuş azərbaycanlı əhalinin geriyə, öz yurd – yuvalarına qayıtmalarına etiraz etmirlər. Ancaq sonrakı hadisələr göstərdi ki, bu razılıq müvəqqəti imiş. Bütün vasitələrdən istifadə edən ermənilər bu ərazidə yaşayan azərbaycanlıları sıxışdıraraq azaltmış, 1980-ci illərin axırlarında M. Qorbaçovun bədnam “yenidənqurma” siyasətindən məharətlə bəhrələnərək onları son nəfəslərinə qədər əzəli və əbədi torpaqları olan Zəngəzurdan qovmuşlar.
Paşayev Ataxan. Açılmamış səhifələrin izi ilə. Bakı, 2001, səh. 240-253.
04.11.2019