Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq.
Dövlətimizin başçısına Horadiz–Zəngilan avtomobil yolunda görülən əsaslı təmir işləri barədə də məlumat verildi.
Qeyd edək ki, Horadiz–Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsi ötən əsrin 80-ci illərində inşa edilib və otuzillik işğal dövründə tamamilə sıradan çıxarılaraq yararsız vəziyyətə salınıb.
Uzunluğu 61 kilometr olan Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən həyata keçirilib. Təmir-tikinti işləri Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsində aparılıb. Üçüncü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metrdir. Yolboyu mövcud asfalt-beton örtüyü qazılaraq kənarlaşdırılıb, yol yatağının və yol əsasının tikintisi, müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülüb. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Sonra Prezident İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu.