Bu kitabı birnəfəsə oxumaq olur.
Bu kitabı birnəfəsə oxumaq lazımdır.
Sevil Gültənin “Uşaqlıq illərimin şəkilləri” kitabı çox qısa müddətdə oxunub, çox uzun müddət ərzində unudulmayan kitablardandır. Hər halda mən belə düşünürəm.
Bu nəyə görə belədir?
Məncə bu ilk növbədə ona görə belədir ki, “Uşaqlıq illərimin şəkilləri”ndə toplanmış yazılarla hər birimizin yaddaş saxlancında yer tutan məlumat “qovluq”ları arasında rabitəni tapmaq olur. Əlbəttə, axtarmaq lazımdır bu rabitəni. Tapanda da təsirlənəcəcəyinizi gözünüzün altına almalısınız.
Sevil xanımın 2014-cü ilin 6 iyununda qələmə aldığı “Anamın yuxu gördüyü ev” yazısındakı ev o qədər bənzəyir ki, bizim kənddəki evimizə. Bu yazını oxudum və 1959-cu ildə Qubanın Xanəgah kəndində rəhmətlik nənəmin çətinliklə tikdiyi ev haqqında indiyə kimi heç nə yazmadığıma görə özümü qınadım.
Ya da 2014-cü ilin 23 yanvarında yazılmış “Kitabsız evlər”i götürək. Hər kitabı bir xatirə adlandırır, tələbə vaxtı aldığı kitabların hər birini aylıq təqaüdünün yadigarı sayır Sevil xanım.
Mənim də şəxsi kitabxanamdakı kitablar haqqında bu sözləri demək olar axı. Mən də elə onun kimi ağlım kəsəndən kitab toplamışam…
Kitabda cəmi 30 yazı var. Və bu yazıların az qala hər birində Zərdabdan söhbət açılır. Sevil xanım bu rayonda dünyaya gəlib, boya-başa çatıb və məhz bu rayonun Bıçaqçı, Yuxarı Seyidlər, Dəkkəoba, İsaqbağı kəndlərində ingilis dili müəllimi kimi çalışıb. Elə doğma elinə-obasına bağlılıq 2013-cü ilin 10 yanvarında yazdığı “Haradan başlanır Vətən?” yazısında qoyulan sualı uğurla cavablandırmaqda kömək edib ona.
Mən bu yazıda yer alan cavablarla razıyam.
Doğrudan da “ata yurdundan, ata yurdundakı ağaclardan vaşlanır vətən.”
Doğrudan da “…doğmalarımızın əbədi yuxuya getdiyi kənd qəbiristanlığından başlanır vətən.”
Doğrudan da bu cavablarla razılaşmamaq çətindir…
Ümid edirəm ki, Sevil xanımın “Uşaqlıq illərimin şəkilləri” qədər dəyərli kitabları çox olacaq.
Fuad Babayev, 1905.az