1905.az portalının suallarını Amerika Birləşmiş Ştatlarında social işçi kimi çalışan həmyerlimiz Zərifə Musayeva cavablandırır.
– Neçə illərdir ki, həyatınız ABŞ ilə bağlıdır. Bu illər ərzində Azərbaycanın məruz qaldığı təcavüz, ərazilərimizin 20 faizinin işğalı, ötən əsrin əvvəllərindən bəri azərbaycanlıları təqib edən soyqırımlar haqqında okeanın o tayındakı insanların məlumatlılığı artıbmı?
– 7 ilə yaxındır ki, ABŞ-da yaşayıram və bu dövr ərzindəki müşahidələrimə əsasən deyə bilərəm ki, okeanın bu tayında Azərbaycan və onun məruz qaldiğı təcavüzlə bağlı məlumatlılıq səviyyəsi azda olsa artmaqdadır.Nəzərə alsaq ki, bu ölkədə erməni lobbisinin təbliğat maşını uzun illər boyu yanlış və təhrif olunmuş məlumatlar yayaraq ictimai fikri formalaşdırmağa nail olmuşdur, Azərbaycan icmasının çiyinlərinə düşən işin ağırlığını təsəvvür etmək çətin deyildir.Nümunə olaraq bu yaxınlarda Kaliforniyada qəbulunu dayandırmaq istədiyimiz AJR 32 (Assembly Joint Resolution) göstərə bilərəm. Bu sənəd erməni lobbisinin təsiri altında qanunverici Mike Gatto tərəfindən Dağlıq Qarabağın müstəqilliyini tanimaq üçün təklif edilmışdi. Nəzərə alsaq ki, hal-hazırkı Kaliforniya qanunvericilik orqanında Kaço Açadjan və Adrin Nazaryan adlı 2 nəfər erməni fəaliyyət göstərir və onların digər qanunvericilər içində güclü nüfuzları var, onda bizim işimizin nə qədər çətin olduğunu izah etməyə ehtiyac qalmır. May ayının 8-də bu sənədin müzakirə çıxarılacağını bildiyimizdən aprel ayının 22-də biz bir qrup azərbaycanlı olaraq Sacramentodakı qanunvericilərlə görüşə getdik. Məqsədimiz icma olaraq birliyimizi nümayiş etdirmək və ermənipərəst qanunun qəbul edilməməsinə cəhd göstərmək idi. Gün ərzində 25-ə yaxın qanunverici ilə görüşüb həm icmamızı tanitdiq, həm də gündəliyə gətiriləcək məsələ ilə bağlı aydinlıqlar gətirdik. Səmimi etiraf etməliyəm ki, qanunvericilərin çoxu ilk dəfə idi ki, Azərbaycan haqqında eşidirdi və bizim icmanın movcudluğundan xəbər tuturdu. Bu bir icma olaraq bizə ciddi siqnal idi ki, biz özümüzü tanıtmaq üçün gecikmişik və mənfur qonşularımız da bundan məharətlə istifadə ediblər.
Muzakirə öncəsi Kaliforniayada yaşayan yüzlərlə azərbaycanlı AJR 32 qəbul edilməməsı ilə bağlı Qaydalar Komitəsindəki nümayəndələrinə zənglər etdi, e-maillər göndərdi və onlayn petisiyalar imzaladı. May ayının 8-də AJR32 -nin müzakirəsində iştirak etməyə 50 -dən çox azərbaycanlının gəldiyini görən ermənilər, eləcə də qanunvericilər heyrət içində idilər. Baxmayaraq ki, AJR32 həmin gün müzakirədən keçdi , qanunvericilər , eləcə də ermənilər bizim susub durmadiğımızı gördülər və bizimlə hesablaşmalı olacaqlarını da dərk etdilər.
– Orta statistik amerikalının bizim bölgə ilə maraqlanması üçün nə etməliyik? Ümumiyyətlə, bu mümkündürmü? Və bizə nə verə bilər?
– Ümumiyyətlə amerikalılar bir millət olaraq digər mədəniyyət daşiyiciları olan millətlərə qarşı çox səmimidirlər və onlar haqqında öyrənməyə çox həvəslidirlər. Eyni zamanda coğrafi bilikləri də çox məhduddur. Buna görə də sıravi amerikaliya Azərbaycanın harada olduğunu başa salmaq bir az çətin olur.Amma sən ölkənin mədəniyyətini, mətbəxini təqdim edirsənsə bu sual anında həll olunur. Məsələn, təşkil elədiyimiz Azərbaycan mədəniyyəti gecəsinə gözlədiyimizdən də artiq iştirakçı gəlmişdi və hər kəs ölkəmizin tarixi, mədəniyyəti haqqında məlumat almış və ləziz yeməklərimizi dadmış oldu. Bu qəbildən olan tədbirlərin icmamız üçün əhəmiyyəti ondan ibarətdir ki, bu yolla biz təkcə ölkəmizi deyil, həmçinin tarixi həqiqətlərimizi də tanıda bilirik, özümüzə dəstək qazanırıq.
Azərbaycan dövləti olaraq sıravı Amerika vətəndaşlarını məlumatlandırmaq məqsədi ilə ölkədəki kitabxanalara nəfis tərtib edilmış kitablar, subtitrli filmlər və digər digital məlumatlar bağışlamaq olar ki, onlar da bizim ölkəni tanısınlar.Mən özüm bir neçə ştatda yaşamışam və indiyə qədər ölkəmizlə bağlı heç bir nəşrə rast gəlməmişəm. Üz qabığında başı çalmalı olan bir kişi rəsmi olan kitabdan başqa.
– Erməni “həqiqət”ləri doğrudanmı Amerikada ayaq tutub yeriyir?
– Müəyyən mənada bu həqiqətən də belədir. Məsələn elə götürək yuxarıda qeyd etdiyim AJR 32 sənədini. Onu dəstəkləyən qanunvericilərdən biri – Şeril Braun adlı xanım dönə-dönə təkrar etdi ki, o cənab Adrin Nazaryanın dəvəti ilə tanınmamış Dağlıq Qarabağ Respublikasına gedib və onların “müstəqillik”lərini necə əziyyətlə qazandıqlarının şahidi olub və buna görə də özünə borc bilir ki, bu sənədi dəstəkləsin. Yaxud elə həmin dinləmələrdə Qarabağdan şahid qismində çıxış edən Alina Nalbandyan adlı gənc qadın guya “uşaqlığının, vətənin” məhz biz azərbaycanlılar sayəsində əlindən alındığı üçün Amerikaya gəlmək məcburiyyətində qalıb və ona görə də “ədalət istəyir”. O bu sözləri həmin siyasətçilərə artıq o qədər demişdi ki, onlarda bunun yalan ola biləcəyinə şübhə belə yox idi. Erməni lobbisi saxta iddialarını bu cur yollarla çatdırmaqla əsl həqiqətləri yaymağa maneə yaradırlar.
– 1905.az saytına nəyi tövsiyyə edərdiniz?
– Bəzən Qarabağ yaxud digər önəmli məsələrlə bağlı onlayn petisiyaları imzalamaq lazım gəlir və bunu yalnız xaricdə yaşayan həmyerlilərimizin gücü ilə həll etmək mümkün olmur. Əgər saytınız vasitəsi ilə belə vacib addımları işıqlandirasnız, təbliğ etsəniz ölkəmiz üçün böyük xeyri olar.
– Minnətdaram. Sizə uğurlar arzulayıram.
Fuad Babayev
1905.az