Həmsöhbətimiz istefada olan zabit, Cəbrayıl uğrunda döyüşlərin iştirakçısı Zahid Hacıyevdir.
– Zahid müəllim, 1991-1998-ci illərdə orduda zabit kimi xidmət etmisiniz. Necə düşünürsünüz, birinci Qarabağ müharibəsində bizim uğursuzluğumuzun əsas səbəbləri nə idi?
– Hesab edirəm ki, Qarabağ müharibəsində bizim uğursuluğumuzun əsas səbəbi zabit və sıravi heyətin təcrübəsizliyi, ordudakı pərakəndilik, sistemsizlik və vahid rəhbərliyin zəifliyi idi. Uğursuzluğumuzun digər səbəbini isə ağır texnika və silahlarımızın olmamasında görürəm.
– Bəs siyası səbəblər necə? Sizcə, siyası amil yox idi? Məsələn, dünya birliyinin bölgədəki proseslərə biganəliyi, Rusiya amili və s.
– Əlbəttə, onlar da var idi. Heç kimə sirr deyil ki, Ermənistana Rusiya tərəfindən böyük dəstək göstərilirdi. İstər silah-sursat, istərsə də digər vasitələr baxımından. Ancaq Azərbaycana heç bir yardım yox idi. Çoxlu sayda muzdlular ermənilərin tərəfində döyüşürdü. Yadıma gəlir, 1993-cü ildə avqust ayında çox ağır döyüşlərdən biri idi. Biz qarşı tərəfdən həlak olanların əksəriyyətinin ermənilərdən deyil, xaricdən gətirilmiş muzdlulardan ibarət olduğunun şahidi olmuşduq. Yəni əcnəbilər ermənilərin tərəfində döyüşürdülər. Ermənistana yalnız silahla yardım göstərilmirdi, onlar həm də düyüşçülərlə təmin edilirdilər.
– Zahid müəllim, bir ay öncə, Ağdam rayonunun ermənilər tərəfindən işğal edilməsinin ildönümü idi. Ağdamın işğalından cəmi bir ay sonra isə biz eyni gündə iki rayonumuzu – Cəbrayıl və Füzulini itirdik. Sizcə, ardıcıl uğursuzluğa nə səbəb oldu?
– Cəbrayıl uğrunda gedən döyüşlərin iştirakçısı kimi bildirməliyəm ki, torpaqlarımız döyüşsüz itirilmirdi. Hər bir kənd uğrunda ağır döyüşlər gedirdi. Amma təəssüf ki, orduda idarəçilik demək olar ki, yox idi. Aviasiyadan, artilleriyadan effektlə istifadə olunmasına maneçilik törədən də bu idi. Cəbrayılın işğalından danışdıqda isə deyə bilərəm ki, bir tərəfdən Dağlıq Qarabağdakı erməni silahlı birləşmələri, bir tərəfdən işğal olunmuş Laçın və Ağdamdakı erməni qoşunları sanki bizi təkləmişdilər. Elə buna görə də Cəbrayıl və Füzuli rayonları bir günün içində işğal olundu.
– Döyüşlərdə iştirak etmiş, müharibənin canlı iştirakçısı olmusunuz. Yadınızda qalan ən təsirli səhnə hansıdır?
– Cəbrayıl rayonu Hadrut rayonu ilə həmsərhəddir. Sovet dönəmində Hadrutda sərhəd qoşunlarının komandanlığı yerləşirdi. Rus ordusu çıxanda bütün silah-sursatı orada qoyub çıxmışdı. Həmin bölgənin silahı hesabına ermənilər çox qüvvətlənmişdilər. Bizə döyüş tapşırığı verilmişdi ki, Ağ yol deyilən ərazini ələ keçirək. Gəncədən bir tabur da gəlmişdi. Bizə çox köməklik edirdilər. Həmin ərəfədə mən bölük komandiri idim. Ağ yola üç tərəfdən hücum etmişdik. Qızğın döyüş gedirdi. Şəxsən mənim bölüyümdən yaralıları demirəm, yalnız həlak olanların sayı səkkiz nəfər idi.
İndiki kimi yadımdadır, döyüş meşəlik, dağlıq ərazidə gedirdi. Həmin gün biz üç erməni postunu ələ keçirmiş, Ağ yola yaxınlaşmışdıq. Bizim PDM-in mərmiləri qurtarmışdı. Zəng etdim ki, bizə kömək lazımdır. Yarım saat sonra zəng edib dedilər ki, əmr verilib ki, geri qayıdasınız. Dedim axı, üç post ələ keçirmişik, nəyə görə geri dönməliyik? Dedilər, əmr belədir, dönməlisiniz. Çox sarsılmışdım. Çünki biz çoxlu itkilər hesabına həmin postları ələ keçirmişdik, amma nəticəsiz qaldı. PDM-i idarə edən Gəncədən idi, çox döyüşkən, qoçaq oğlan idi. Çox çətinliklə PDM-ni posta qədər sürmüşdü, geri dönməklə bağlı əmr verildiyini ona deyəndə, gəldi oturdu, başladı ağlamağa. Deyirdi ki, bu boyda əziyyətdən sonra niyə geri dönürük? Çətin günlər idi. Döndük hərbi hissəyə. Sübh tezdən ermənilər hərbi hissənin kazarmalarını atəşə tutmağa başladılar. Həmin PDM sürücüsü də aldığı qəlpə yarasından yerindəcə dünyasını dəyişdi. Bu hadisə mənə çox təsir eləmişdi.
– Cəbrayıldan sonra harada döyüşmüsünüz?
– Füzulinin ermənilərdən azad olunan kəndləri uğrunda döyüşmüşəm. O vaxt Horadizdə 15-20 gün ağır döyüşlərdə iştirak etmişəm. Atəşkəsdən sonra tabor dağıdıldı, məni də nazirliyin sərəncamına göndərdilər. Bir müddət Bakıda poliqonda, daha sonra isə Masallı rayonundakı hərbi hissədə xidmət etmişəm. 1998-ci ildə kapitan rütbəsi ilə ordudan təxris olunmuşam.
– Sizcə, 20 illik atəşkəs dövründə ordumuzu formalaşdıra bilmişik?
-Bəli. İndiki ordumuzla xidmət etdiyim dövrdəki ordunu müqayisə edəndə nəhəng fərqi görürəm. İndi bizim nizamlı, mütəşəkkil ordumuz var. Mən xidmət etdiyim dövrdə isə belə deyildi. Bu gün Azərbaycanın təhsilli hərbçiləri, yüksək hərbi təhsil verən müəssisələri var. Hesab edirəm ki, belə mütəşəkkil orduya sahib olmağımızda Heydər Əliyevin rolu böyükdür. Bu gün gənclərimiz hərbi təhsil almağa böyük meyl göstərirlər. Heç kim onları bu təhsilə məcbur etmir.
Bir neçə gün öncə – avqustun əvvəllərindəki cəbhədə gərginlik yaranan günləri yadımıza salaq. Nə qədər gənc könüllü hərbi xidmətə, müharibəyə getməyə hazır olduğunu bildirirdi. Hətta övladları şəhid olan ailələrin valideynləri də başını dik tutub “Vətən, sağ olsun” deyirdi. Bütün bunlar orduya göstərilən qayğının, ordu quruculuğundakı böyük inkişafın göstəricisidir.
– Zahid müəllim, bir ziyalı kimi Cəbrayılın Azərbaycan tarixindəki rolunu necə qiymətləndirirsiniz?
– Cəbrayıl çox qədim rayondur. Əvvəlki adı Qıraxdin olub. Cəbrayıl adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış elm və sənət adamlarının, igid oğlanların vətənidir. Böyük tarixə və bərəkətli torpağa malik diyardır.
– Zahid müəllim, Dağlıq Qarabağ problemi ilə bağlı bugünkü vəziyyəti necə qiymətləndirirsiniz? Problemin həlli yolunu görürsünüzmü?
– Əvvəllər yox, amma indi çox ümidliyəm. İnanıram ki, torpaqlarımız geri dönəcək. Bu gün istər Avropa, istər Amerika dövlətləri artıq problemin kökünü bilirlər. Ona görə də inanıram ki, vətənimizə geri dönəcəyik. Zəbt edilmiş torpaqlar boşaldılmalı, köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. Biz həmin torpaqlara mütləq qayıdacağıq. Elə bizi yaşadan da bu ümiddir.
Gündüz Nəsibov, Aynur Hüseynova
1905.az