Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Mütərəqqi islami dəyər və ənənələrin uca tutulduğu Azərbaycanda dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd olunan müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsidir.
Azərbaycana rəhbərliyinin bütün dövrlərində ümummilli lider Heydər Əliyevin apardığı dövlət quruculuğu siyasəti, azərbaycançılıq ideyası milli-mənəvi amilləri yüksək tutaraq adət-ənənələrimizin, islami və bəşəri dəyərlərin qorunub saxlanmasına xidmət edib”.
Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyevin bu gün davam etdirdiyi uğurlu siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqlarının daha da möhkəmləndiyinin qeyd olunduğu təbrik məktubunda vurğulanıb ki, Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə edib, islami və bəşəri, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, humanist, tolerant dövlət olaraq dünyada şöhrət qazanıb.
“Bu müqəddəs bayram günündə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini hörmətlə yad edir, onların ailə üzvlərini və yaxınlarını, bu yolda sağlamlığını itirmiş silahdaşlarımızı və əziz veteranları Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalan şəxsi heyət döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq Ali Baş Komandanın rəhbərliyi altında hər an döyüşlərə hazır olacaqdır.
Sizi müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram. Bayramınız mübarək olsun!”,- deyə Müdafiə nazirinin təbrikində xüsusi vurğulanıb.