…İndiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir.Azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qaçqınlıq məhrumiyyətləri nəinki Azərbaycanda, eləcə də Ermənistan özündə və başqa ölkələrdə çap olunmuş kitablarda da kifayət qədər öz əksini tapıb.
Erməni müəllifi Zaren Karkadyanın “Sovet Ermənistanının əhalisi 1831-1931-ci illərdə” kitabında yazır: “1820-ci ilədək indiki Ermənistan ərazisində olan 2300 yaşayış məntəqəsindən 2.000-də azərbaycanlılar yaşayıb. “Belə ki, Azərbaycanın parçalanması ilə nəticələnən 1828-ci il İran və Rusiya arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar vaxtaşırı kütləvi deportasiyalara məruz qalıb. 1986-cı ildə Yerevanda dərc olunmuş “Ermənistan və ətraf rayonların toponimləri lüğəti” adlı kitabda yazıldığı kimi “indiki Ermənistan ərazisində yaşayanların 70 faizi 1828-1830-cu illərdə Türkiyə və İrandan gəlmiş mühacirlərdir.”
Və ya 1911-ci ildə Peterburqda nəşr olunmuş Y.Şavrovun “Zaqafqaziyada rus işinə təhlükə” kitabından oxuyuruq: “1828-1930-cu illərdə Zaqafqaziyaya İrandan 40 000, Türkiyədən isə 84.600 erməni köçürülərək erməni millətinin cüzi olduğu İrəvan quberniyasının ən yaxşı torpaqlarında yerləşdirilib.” Həmçinin ABŞ professoru Castin Makkarti “Genosid olmuşdurmu?” kitabında qeyd edir: “1820-1830-ci illərdə 600 min erməni Rusiya ərazisinə köçürülmüş, iki milyon müsəlman isə bu ərazini tərk edib.”
XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı – 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər adlı – dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.
Tapdıq Fərhadoğlu
http://www.amerikaninsesi.org