Zaur Qəriboğlu Bakı şəhərində anadan olub. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ilin Prezident mükafatçısıdır. Bir neçə kitab müəllifidir. Karababakhinfo.com Beynəlxalq Elektron Jurnalının baş redaktorudur.
– Sizin saytınızın yarandığı gündən bu günə qədər keçdiyi yolu hansı mərhələlərə bölə bilərsiniz?
Öncə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətlərinin, erməni xislətinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərən genişmiqyaslı layihənin – www.1905.az portalının işlərində uğurlar arzu etmək istəyirəm.
AVCİYA ailəsinə daxil olan bu cür saytların mövcudluğu informasiya müharibəsində ermənilərin bizə qarşı apardığı çirkin informasiya siyasətinin qarşısının alınmasında mühüm rol oynayacaq. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən sonra xalqımızın başına gətirilən faciələrin ən dəhşətliləri XIX əsrin sonundan etibarən başlanıb. 1905-1906, 1918-ci illərin faciəli hadisələri tariximizə qanlı səhifələr kimi daxil olub. Bu faciələrdən vaxtında nəticə çıxarmadığımız üçün də 1988-ci ildə ermənilərin ərazi iddiaları uğrunda başladığı müharibə Azərbaycanın 20 faiz torpalarının işğal olunması ilə nəticələnib. Hazırda bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşamaqdadır, on minlərlə soydaşımız erməni silahlı dəstələri tərəfindən qətlə yetirilib, əsir götürülüb və ömürlük şikəst edilib. İşğal altında olan torpaqlarımızda minllik tarixə malik milli, mədəni abidələrimiz yerlə-yeksan olunub. Azərbaycan dövləti və cəmiyyəti bu ədalətsizliyi dünya ictimaiyyətinə çatdırmaq üçün bir sıra vasitələrdən istifadə edir. Bu vasitələrdən biri, bəlkə də birincisi AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun ideya müəllifliyi və təşəbbüsü ilə yaradılmış “karabakhinfo.com” (www.karabakhinfo.com) beynəlxalq elektron jurnalıdır. Fəaliyyətimizə 3 dildə – Azərbaycan, erməni və ingilis dillərində başladıq. 2012-ci ilin aprel ayından başlanan iş bu gün artıq 10 dildə (Azərbaycan, ingilis, erməni, alman, rus, türk, ispan, italyan, fransız və ərəb) aparılır və virtual informasiya müharibəsində ermənilərin baş ağrısına çevrilməkdə davam edir. Əvvəlcə xəbər, polemika, araşdırma, danışır şahidlər, faktlar, müsahibə, mədəniyyət və ədəbiyyat bölmələrimizə məlumatları yerləşdirmək baş redaktor olaraq mənim üzərimdə idi. Gecələr belə yatmır, saytın məlumatlarını toplayır və özüm onları sayta əlavə edirdim. Zamanla gördüyümüz iş qarşıda qoyulan hədəflərə çatdığına görə, hazırda 25 nəfərdən çox kollektivlə virtual dünyada ermənilərlə mübarizə aparırıq. Bir neçə gün öncə, ermənilərin oxunaqlı saytlarından olan www.panarmenian.net saytının bizim haqqımızda geniş yazı verməsi və bizlərlə bacara bilmədiklərini etiraf eləmələri gördüyümüz işlə hədəfə vurduğumuzu bir daha göstərir. Bu illər ərzində siyasi xadimlərlə yanaşı, Qarabağla bağlı araşdırma aparan mütəxəsissləri də ətrafına toplamağa nail olan “karabakhinfo.com” beynəlxalq elektron jurnalı tam əminliklə deyə bilərik ki, ermənilərin informasiya siyasətinin qarşısını ala bilir.
– Bəs növbəti hədəflər hansılardır?
Növbəti hədəflərimiz barədə ilk olaraq onu qeyd edim ki, artıq üç aya yaxındır ki, internet məkanında www.karabakhinfo.TV layihəsinin icrasına başlamışıq. Hərbi hissələrdə, sərhəd bölgələrimizdə çəkilişlər aparmışıq. TV-də müxtəlif dillərdə verilişlər, xəbərlər hazırlayıb dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik. TV vasitəsilə Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmdə göstərmək niyyətindəyik. Eyni zamanda elektron jurnalda dillərin sayını ilkin olaraq 15-ə çatırmaq qarşıda duran hədəflərimzə daxildir. Bakı Dövlət Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Turizm İnstitutu və digər ali məktəblərdə saytın təqdimatını keçirmək, professor, müəllim və tələbələrə www.karabakhinfo.com beynəlxalq elektron jurnalı barədə ətraflı məlumat vermək planlarımıza daxildir. Artıq sosial şəbəkələrdə xarici vətəndaşlardan ibarət Azərbaycanın dostları qrupunu yaratmağa başlamışıq. Bu gün internet istifadəçilərinin hər biri müxtəlif sosial şəbəkələrdən istifadə edirlər. Ölkələr və istifadə etdikləri dillərə uyğun olaraq sosial şəbəkələrdə təbliğat qrupları yaradırıq və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün məlumatlandırma işləri aparmaqdayıq. Hazırda ərəb, italyan, ispan dillərində sosial şəbəkələrdə qruplarımıza həmin dilli ölkələrdən olan vətəndaşlar qoşulublar. Belə qrupların sayını artımaq istəyirik. Redaksiyanın daxilində “Qarabağ Kitabxanası” yaratmaq və buraya alimləri, tələbələri və Qarabağ mövzusunda maraqlanan şəxsləri də cəlb etmək planımız var.
– İndi isə yazar Zaur Qəriboğludan danışaq. Hansı əsər üzərində işləyirsiniz?
– Bilirsiniz, mən yazaram, ruh insanıyam. www.karabakhinfo.com saytının baş redaktoru olaraq çiynimdə ağır bir iş durur: “Virtual dünyada informasiya müharibəsində ermənilərə cavab vermək”. Bu işlərin çətinliyinə baxmayaraq yaradıcılığımı da davam etdirirəm. Hazırda “Fikir cizgiləri”nin davamı olan iki kitabım nəşriyyatdadır. Zaman baxımından kitabın nəşri gecikir. Esselərim dərc edilir. Şeirlər yazıram. Müasir dünya ədəbiyyatı ilə paralel olaraq, müasir Azərbaycan ədəbiyyatını da oxuyuram. Hamısını vaxt baxımından çatdırıb oxuya bilməsəm də, qarşıma çıxan pisi də, yaxşını da oxuyuram ki, tanışlığım olsun. Bilirsiniz, mən yazılarımı da bu gün yox, sabah üçün yazıram. Sabah tarixin ələyi onlara qiymət verəcək. Toz ələnib, yerə töküləcək, iri daşlar qalacaq. Mən iddia etmirəm ki, mənim yazdıqlarım da həmin daşların arasında olacaq. Çünki bu günün ədəbiyyatına nə qədər çalışsaq da, obyektiv qiymət verə bilmərik. Bu qiyməti zaman verəcək. Ola bilər, bu gün elə adamlar üzdə ola bilər ki, sabah tarix onları saxlamaz, ələyib, tökər. Məsələn, əvvəllər elə məşhur yazıçılar var idi ki, bu gün onları heç kim tanımır. Çünki zamanında tanındı, sevildi və bitdi. Bitdi, ona görə ki, o, həmin gün üçün yazmışdı, sabah üçün yox. Amma elə yazarlar da var ki, zamanında yaxşı tanınmasa, qəbul olunmasa da, bu gün tanınır və sevilir.
– Və sonda yenə Qarabağdan bəhs edən lectron jurnal haqqında. Daha doğrusu, bu jurnalın Qarabağdan bəhs edən səhv etmirəmsə yeganə elekron jurnal olması barədə?
– Bəli, Azərbaycanda 10 dildə Qarabağ həqiqətlərini dünyaya yayan ilk elektron jurnalıq. Bu günə qədər bir çox uğurlu nəticələrə nail olmuşuq. İndiyə qədər Azərbaycanın 100-ə yaxın tanınmış ziyalısı (bunlar arasında siyasət, mədəniyyət, incəsənət, idman, elm və s. sahələrdə çalışanlar üstünlük təşkil edir) haqqımızda müsbət fikirlərini bildirib. ”HƏDƏFİMİZ QARABAĞDIR!” şüarı ilə ölkədən kənarda çoxsaylı insana, o cümlədən 30-a yaxın ölkənin rəsmi adminstrasiyasına, parlamentarilərinə, beynəlxalq təşkilatlara, dünyanın çeşidli şirkətlərinə, qeyri -hökumət təşkilatlarına, nüfuzlu media orqanlarına, universitet və digər təhsil ocaqlarına, hətta keçmiş dövlət məmurlarına www.karabakhinfo.com saytı haqqında informasiya xarakterli məlumatları özündə əks etdirən elektron məktub göndərmişik. Redaksiyada Qarabağ müharibəsinin iştirakçıları, ictimai və siyasi xadimlərlə, gənclərlə, məcburi köçkünlərlə görüşlər keçirilib, Qarabağ həqiqətləri istiqamətində beynəlxalq elektron jurnalın fəaliyyəti barədə ətraflı məlumat verilib. Bir məlumatı da qeyd edim ki, keçən bir il ərzində təxminən 50-ə yaxın internet xəbər portalı və ölkə qəzetləri www.karabakhinfo.com saytının fəaliyyətini ümumi və ya ayrıca şəkildə işıqlandırıb, xüsusi məqalələr dərc ediblər. İstinad verərək saytın materiallarından istifadə ediblər. Bir məsələyə xüsusi diqqət yetirmək istəyirəm. AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov beynəlxalq təşkilatlarda çıxışlarında dəfələrlə qeyd edir ki, Dağlıq Qarabağ məsələsi münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzüdür. Biz də “karabakhinfo.com” olaraq Qarabağ həqiqətlərini Ermənistanın Azərbaycana silahlı təcavüzü olaraq dünyaya çatdırırıq. Bu, artıq bizim virtual dünyada necə bir güc olduğumuzun göstəricisidir.
AVCİYA rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Başda Elxan Süleymanov olmaqla, jurnalın baş direktoru Vəli Əlibəyov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev hər zaman dəstəklərini göstərib haqq işimizdə yanımızda olublar. Bizim işimizdə əsas şüarımız cənab Prezident İlham Əliyevin – “Ancaq bu gün mən tam əminliklə deyə bilərəm ki, Ermənistanla və xüsusilə erməni lobbisi ilə informasiya müharibəsində biz qalib gəlirik. Onların son müddətdə müşahidə olunan çox əsəbi və isterik hərəkətləri onu göstərir ki, biz informasiya müharibəsində böyük uğurlara nail ola bilmişik”, – sözləridir. Və biz bunu doğrultmağa çalışırıq.
1905.az