Ukraynada prezident seçkiləri başa çatdı və dünənə qədər incəsənət sahəsində fəaliyyət göstərən Vladimir Zelenski ölkə prezidenti seçildi. Politoloqlarımıza Ukraynadakı seçkiləri necə dəyərləndirərdiniz sualı ilə müraciət etdik.
Elxan Şahinoğlu Ukrayna seçkilərində gözlənilən nəticənin əldə edildiyini bildirdi: “Vladimir Zelenskinin reytinqi həm birinci, həm də ikinci turun əvvəlində yüksək idi. Üstəlik bütün rəy sorğuları da onun qələbə çalacağını göstərirdi. Petro Poroşenkonun yalnız debatda fərqi azalda bilmək şansı vardı. Amma o da debatda məqsədə nail ola bilmədi. Güman ki, Poroşenko Zelenskini naşı hesab edirdi və düşünürdü ki, debatda onun üzərində qələbə qazanmaq rahat olacaq. Nəticədə isə Poraşenko böyük fərq çoxluğu ilə məğlub oldu. Zelenski siyasətdə yeni bir adamdır. Ona çox çətin olacaq. Əvvəla, parlamentdə fraksiyası yoxdur. Ukrayna isə yarı prezident, yarı parlament respublikasıdır. Bir çox qərarlar parlamentdən keçir və prezidentin səlahiyyətləri böyük deyil. Parlamentdə fraksiyanın olmaması qərarları keçirmək üçün çətinliklərlə üzləşmək deməkdir. Düzdür, oktyabrda parlament seçkiləri olacaq, amma həmin dövrə qədər Zelenskini böyük çətinliklər gözləyir. Yəqin ki, oktyabrda özünün “Xalqın xidmətçisi” hərəkatını daha ciddi hərəkata keçirərək parlamentdə səs çoxluğu qazanmağa çalışacaq. Amma daxili və xarici siyasətdə Ukraynanın çox böyük problemləri var. İşsizlik, sənaye müəssisələrinin işləməməsi, böyük borclar, investisiyaların yoxluğu, müharibə – bütün bunları mahir siyasətçi sayılan Poroşenko həll edə bilmədi. Ona görə də, mən Vladimir Zelenskinin prezident kimi gələcək fəaliyyəti ilə bağlı çox da optimist fikirdə deyiləm.
İlqar Vəlizadə hesab edir ki, Ukrayna seçkiləri xalqın Petro Poroşenko kursuna rədd cavabıdır: “Poroşenkonun reytinqinin aşağı olduğunu nəzərə alsaq, bu gözlənilən nəticə idi. Son iki-üç il ərzində onun reytinqi çox aşağı idi və ikinci tura o, yalnız inzibati resursların hesabına çıxmışdı. Bunu yarışmada iştirak edən digər namizədlər də qeyd etdilər. Lakin ikinci turda Zelenski və ona dəstək olan siyasi, maliyyə, sənaye qrupları birləşərək daha aqressiv seçki kampaniyası apardılar. Bütün hallarda xalqın Petro Poroşenkonun hakimiyyətindən yorulduğu və yenilik istədiyi görünürdü. Bu yeniliyi də Vladimir Zelenski təklif etdi. Elə təəssürat yaranırdı ki, Ukrayna seçicisi belə vəziyyətdə hər kəsə səs verə bilərdi, təki Poroşenko yenidən prezident olmasın. Vladimir Zelenskinin aktyoru olduğu serialının milyonlarla tamaşaçısı vardı, elə seçkilərdə də onun seçiciləri tamaşaçıları oldu. Əslində bu protest səsverməsidir. Çünki məntiqlə Vladimir Zelenski siyasətçi deyil, iqtisadi təhsili olmağına baxmayaraq iqtisadiyyatla da məşğul olmayıb. Onun proqramında real təkliflərdən daha çox şüarlar vardı. Amma Petro Poroşenkoya münasibət o dərəcədə idi ki, seçicilər Zelenskinin hər təklifinə razı idilər. Bəli, Zelenski qalib gəldi, amma indi seçiciləri ondan vəziyyəti düzəltmək üçün real təkliflər gözləyirlər. Halbuki o, iqtisadi proqram təklif etməyib. Xarici siyasətdən mesajlar yox idi. Yalnız ümumi sözlər idi. Amma məsələn, Donbasda gedən mürəkkəb proseslərlə bağlı real addımlar atılmalıdır. Və yaxud sosial siyasətdə verilən vədləri yerinə yetirmək lazımdır. Həmçinin nəzərə almaq lazımdır ki, Ukraynada ilin axırında parlament seçkiləri gözlənilir. Baş nazir postunda əyləşəcək şəxsin kimliyi, parlamentdə yer tutacaq partiyalar, baş nazir prezident münasibətləri Ukrayna siyasətində özünü göstərəcək. Bəli, Vladimir Zelenski qələbə çaldı, amma Ukraynadakı vəziyyəti nəzərə alsaq, bunu Pirr qələbəsi adlandırardım. Hər şeyi zaman göstərəcək”.
Tofiq Abbasov da Petro Poroşenkonun məğlubiyyətinin gözlənilən olduğu qənaətindədir: “Prezident olduğu beş il ərzində Ukraynanın heç bir fundamental problemini həll edə bilməməsi Poroşenkonun reytinqini aşağı saldı. Üstəlik həmin proqramların gerçəkləşdirilməsi üçün də problemlər vardı. Çünki, həmin proqram və islahatların ən azından üzərində işləmək lazım idi. Bu isə baş vermədi. Hesab edirəm ki, Poroşenkonun ən böyük siyasi səhvi ondan ibarət idi ki, o, siyasi komponentə daha çox diqqət yetirdi, nəinki iqtisadi komponentə.
Ukraynanın ən böyük problemlərindən biri, həyat səviyyəsinin aşağı düşməsidir. Belə ki, insanlar neçə illərdir köklü islahatları gözləyirlər, Poroşenko isə bu məsələnin öhdəsindən gələ bilmədi. Hesab edirəm ki, Vladimir Zelenskini də böyük sınaqlar gözləyir, çünki, ölkənin bir çox problemləri havada qalıb; ərazi bütövlüyünün pozulması, ölkənin iqtisadiyyatında pozitiv tendensiyaların oturuşması, ölkənin dünya bazarlarına inteqrasiyası. Yəni Ukrayna ilə Rusiya, eləcə də digər post Sovet ölkələri arasındakı iqtisadi əlaqələrin zəifləməsi Ukrayna eksportunun çökməsi ilə nəticələnib. Faktiki olaraq ölkə xarici donorlardan asılıdır. Poroşenkonun zamanında siyasi çəkişmələr durmadan inkişaf edirdi. Vacibdir ki, Vladimir Zelenski buradan özünə dərs götürsün. Ölkə böyükdür və 40 milyona yaxın əhalisi var və onun ilk növbədə iqtisadi stabilliyi üçün düşünülmüş proqram və çox güclü idarəçilik lazımdır. Zelenskinin hələ komandası yoxdur, dövləti idarə etmək isə eksperiment meydanı deyil. Orada mütləq şəkildə intellektuallardan, mütəxəssislərdən, iqtisadçılardan, hüquqşünaslardan ibarət komanda lazımdır”.
Elşən Manafovun fikrincə, seçkilər azad, ədalətli və demokratik keçirildi, amma Zelenski xalqın azad istəyi nəticəsində prezident seçilmədi: “Onun da bu posta gəlməsini maliyyələşdirən İqor Kolomoyski kimi oliqarxlar vardı. Bu mənada Vladimir Zelenskinin prezident seçilməsi Ukrayna üçün yaxşı heç nə vəd etmir. Petro Poroşenko ilə müqayisədə Zelenskinin dövlət idarəçiliyində heç bir ciddi təcrübəsi yoxdur. Rusiya ilə gərgin münasibətlərin diplomatik yolla aradan qaldırılmasının tərəfdarıdır. Amma o da bəyan etdi ki, Donbasa xüsusi statusun verilməsinin əleyhinədir. Krımın Rusiya tərəfindən ilhaqını tanımır, dediyinə görə, bütün səylərini Krımın məhz Ukraynanın ərazisi kimi dünya tərəfindən tanınmasına yönəldəcək. Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə tərəfdardır. Ən əsası odur ki, Ukraynada bir qrup oliqarxın hakimiyyəti başqa bir qrup oliqarxın hakimiyyəti ilə əvəz olunur. Poroşenko özü də hakimiyyətə gələndə Ukraynada oliqarxların yeri belə formada dəyişmişdi. Rusiyanın maraqlarını təmsil edən sabiq preziden Yanukoviç ABŞ və qərb maraqlarına işləyən və daha çox özünün korporativ maraqlarını üstün tutan Poroşenkoyla əvəz olunmuşdu. Ən maraqlısı ondan ibarət idi ki, Poroşenko prezident olduğu dönəmdə rəsmən kommersiya fəaliyyəti ilə məşğul olmasa da Ukraynanın ən varlı, imkanlı adamlarından birinə çevrildi. Sonuncu prezident seçkilərində də ən çox vəsaiti Poroşenko xərcləmişdi, təxminən 51 milyon ABŞ dolları məbləğindən yuxarı idi. Amma bu onun seçkilərdəki qələbəsini təmin etmədi.
Əlbəttə ki, istəyərdik ki, Zelenski Ukraynanın məlum bölgələr üzərində suverenliyini bərpa etsin və Rusiya ilə münasibətlərdə olan gərginliyin aradan qaldırılması üçün daha təcrübəli siyasətçilərin imkanlarından bəhrələnsin. Ukrayna Azərbaycana dost olan ölkələrdən biridir. Biz zamanında separatizmdən əziyyət çəkən digər MDB dövlətləri ilə GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatında təmsil olunmuşuq. Təəssüf ki, Potro Poroşenkonun dönəmində Ukrayna Avropa ölkələri arasında korrupsiya göstəricilərinə görə birinci yerə çıxdı, ölkədə əhalinin maddi durumu ağırlaşdı. Düşünmürəm ki, Zelenski qısa müddətdə bu problemlərin həllinə nail olsun. Hər şey onun komandasından və həyata keçirdiyi islahatlardan asılı olacaq”.
Hazırladı: Ülviyyə Tahirqızı, 1905.az