Müsahibimiz fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru Zeynəb Kazımovadır.
Zeynəb xanım, Azərbaycanda fransızdilli qəzetin auditoriyasının parametrləri haqqında nə demək olar?
Bizim qəzetin auditoriyası birbaşa olaraq fransızdilli oxuculardır. Bu o deməkdir ki, başda Fransa olmaqla, İsveçrə, Belçika, Polşa, Mərakeş və digər fransızdilli ölkələrin vətəndaşları olan oxucular bu qəzeti sərbəst şəkildə oxuyaraq Azərbaycan haqqında məlumat ala bilərlər. Biz öz oxucularımıza ölkəmizin tarixi, coğrafiyası, mədəniyyəti, musiqisi haqqında məlumat verir, Azərbaycanın təbliği, ölkəmiz haqqında düzgün informasiyanı, o cümlədən Qarabağ həqiqətlərini fransız dilində fransızdilli oxuculara çatdırırıq. Qəzetimiz ölkəmizdə yaşayan, burada müəyyən xarici şirkətlərdə, diplomatik korpuslarda işləməyə gələn, o cümlədən beynəlxalq təşkilatlarda çalışan fransızdilli oxucular tərəfindən maraqla oxunur. Bununla yanaşı, fransız dilini bilən, bu dili öyrənən, Fransanı, fransız mədəniyyətini sevən, bu ölkəyə marağı olan insanlar tərəfindən oxunur.
Həmçinin, qəzetimiz Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin Parisdəki ofisinə göndərilir. Burada 110 ölkədən 3000-dək jurnalist təmsil olunur. Qəzetin Fransanın Azərbaycandakı səfirliyi və fransızdilli digər ölkələrin səfirlikləri, ölkədəki xarici şirkət və beynəlxalq təşkilatların yerli ofisləri ilə əməkdaşlığı var. Yeganə fransızdilli qəzet olmaqla bərabər, bu nəşr bir sıra ali təhsil müəssisələrinin fransız dili üzrə müəllim və professor heyəti, o cümlədən tələbələr, bu dili öyrənən gənclər arasında çox maraqla qarşılanır.
İndi isə qəzetin yaranma tarixçəsi haqqında danışaq…
“Le Carrefour” qəzetinin ilk sayı 2007-ci ilin iyul ayında çıxıb. Belə ki, 2007-ci il may ayının 14-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınan qəzet oxucularının görüşünə ilk dəfə iyul ayında gəlib. Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan-Fransa əlaqələrinin inkişafına töhfə vermək, Azərbaycan haqqında fransızdilli oxuculara məlumat verməklə ölkəni tanıtmaq və xalqın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet ilk sayından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxucu kütləsinə çatdırır. Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızları və ümumilikdə, əcnəbiləri ölkədə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin yuxarıda qeyd etdiyim kimi, Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb..
Qarşıya qoyduğunuz hədəflərə çatmısınızmı? Heç olmasa qismən?
Çatmaq istədiyimiz hədəflər 9 ildir ki, bizim nişangahımızdadır. Sadəcə bəzən hədəfləri dəqiq və sərrast vurmaq üçün daha güclü, daha təminatlı olmaq məcburiyyətində qalırsan. Bu baxımdan, bu günkü reallıqda hədəflərə tam olaraq nail olmaqda çətinliklər var. Amma qismən də olsa müəyyən dərəcədə çatmışıq. Ən azından 9 illik fəaliyyətimiz dövründə bir çox işlər görə bilmişik. Müəyyən tədbirlər həyata keçirmişik. “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə 2008 və 2012-ci illərdə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri”mövzusunda Azərbaycan Mətbuat Şurası ilə birgə iki dəfə dəyirmi masa təşkil edilib. Eyni zamanda, 2016-cı ilin yanvar ayında qəzetin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar olaraq tədbir təşkil olunub. 2016-cı ilin aprel ayının 19-da Azərbaycan Dillər Universitetində sözügedən ali təhsil müəssisəsinin İctimaiyyətlə əlaqələr departamenti ilə birgə “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda konfrans keçirilib. Nə bizdən öncə, nə də sonra bu istiqamətdə mövzular müzakirəyə çıxarılmayıb. Baxmayaraq ki, Azərbaycanda xaricidilli media, onun problemləri və inkişaf perspektivləri hazırda aktual məsələrdən biri olmalıdır. Prezident İlham Əliyev Milli Mətbuatın yaranmasının 140 illiyi ərəfəsindəki çıxışında bu məsələni şəxsən qabartmışdı, xaricidilli medianın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolunun böyük olduğunu demişdi. Lakin biz “Le Carrefour” qəzeti olaraq, bir media orqanı kimi tam şəkildə görə biləcəyimiz işlərdən az görməyə məcburuq. Bu da sırf maliyyə və maddi dəstəyin olmamasından doğur.
Fransızdilli qəzeti çıxarmaq, bu dildə yayımlanan saytı ayaqda saxlamaq asan olmaz hər halda?
Bəli, bu istiqamətdə çalışmaq çətindir. Əsas çətinlik isə yaradıcı nöqteyi-nəzərdən deyil, sırf maddi-texniki bazanın olmaması, maliyyə ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) KİV-ə maliyyə yardımı müsabiqəsinin qaydalarında öz əksini tapan müsabiqənin prioritet istiqamətlərində göstərilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi, Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği, Azərbaycançılıq ideyasının təbliği, Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi, elm və təhsilin inkişaf etdirilməsi istiqaməti əslində reallıqda götürsək, Azərbaycanda fəaliyyət göstərən xaricidilli media olaraq fransızdilli « Le Carrefour » qəzetinin fəaliyyət istiqamətidir. Lakin “Le Carrefour” qəzeti tərəfindən yuxarıda sadalanan bu istiqamətlərdə əməli işlər görülsə də, Fondun müsabiqəyə təqdim olunan layihələrə aid tələbləri müvafiq müsabiqədə iştirak etməyə əngəl yaradır. Bu baxımdan, bir neçə dəfə bu barədə müvafiq təkliflər irəli sürmüşəm ki, Azərbaycanda xaricidilli mediaya dövlət dəstəyinin həyata keçirilməsi üçün müvafiq konsepsiya ortaya qoyulmasına zərurət vardır. Sözügedən konsepsiya əsasında xaricidilli media ilə bağlı xüsusi şərtlər (peşəkarlıq, dil biliyi, təcrübə və sair) nəzərə alınması çox vacibdir. Yeni konsepsiyaya müvafiq olaraq xaricidilli mediaya maliyyə vəsaitinin ayrılması, Azərbaycan Mətbuat Şurasından dəstək verilməsi, müvafiq tədbirlər planı hazırlanması vacibdir. Bu məsələ ilə bağlı KİVDF-nin sədri Vüqar Səfərli və MŞ-ın sədri, millət vəkili Əflatun Amaşovla da müzakirə aparmışıq. Bu istiqamətdə konkret olaraq təşəbbüsümüzün dəstəklənməsinə ümid edirəm. Əminəm ki, ölkədəki xaricidilli medianın əhəmiyyəti önə çıxacaq.
Planlarınız necədir ?
Planlarımız çoxdur. Fransızdilli qəzet olaraq bu ilin əvvəlində elektron versiyamızı – lecarrefour.az saytını yenidən yaratdıq. 2009-cu ildə qəzetin saytını yaratsaq da, maliyyə çətinliyindən bağlanmışdı. Əlbəttə, sosial şəbəkədə – Facebookda səhifəmiz də var.
Fransızlara və fransızdilli oxuculara ölkəmizi tanıtmaq, təbliğ etmək işlərini davam etdirəcəyik. Qarabağ həqiqətlərinin yayılması istiqamətində xüsusilə ciddi çalışacağıq. Digər maraqlı layihələr də planlaşdırırıq. Qismət olsa, qarşıdakı aylarda həyata keçirəcəyik.
Sizə uğurlar arzulayırıq.
Gündüz Nəsibov, 1905.az