Fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov portalımızın suallarını cavablandırıb.
– Zeynəddin müəllim, Azərbaycan elmində gender problemi hansı vəziyyətdədir, sizcə?
– Ümumiyyətlə, gender məsələsi böyük mövzudur. Tarixçilərin fikrincə,bəşəriyyət yaranandan cəmiyyətə qadınlar rəhbərlik edib və bu dövrü matriarxat adlandırıblar. Sonralar ictimai əmək bölgüsünün yaranması, hücum, müdafiə elementlərinin önə çəkilməsi nəticəsində qadınlar öz öz üstün mövqelərini heç bir zorakılıq olmadan kişilərə güzəştə getdilər və patriarxat dövrü başladı ki, hazırda da davam etməkdədir. İnkişaf etmiş bəzi ölkələrdə isə bir çox qanunlar qəbul edilib və bu qanunlara görə, biarxat dövrü başlayıb. Bu dövrün özünəməxsusluğu ondan ibarətdir ki, hər iki cinsin nümayəndələrinə eyni hüquq və imkanlar verilib. Müxtəlif ölkələrdə beynəlxalq standartlar çərçivəsində qanunlar qəbul olunub. Ancaq səmimiyyətlə qəbul edək ki, qanunların varlığı hələ bütün məsələləri həll etmir. Çünki həmin ölkənin cəmiyyəti bu qanunla qoyulmuş tələbləri həzm etməlidir. Gender mədəniyyətini özündə ehtiva etməlidir ki, cəmiyyətdə problem yaşanmasın. 1979-cu ildə qadınlara qarşı zorakılığın, ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında konvensiya qəbul edilib. Əslində söhbət dörd ayrı-seçkilik formasından gedir – iqtisadi, fiziki, psixoloji-mənəvi, cinsi. Cəmiyyət inkişaf edir, tədricən müsbət keyfiyyətlər qazanırıq, ancaq təəssüf ki, indi bu zorakılıqların formaları əvvəlkindən çoxdur.
Azərbaycanın ictimai-siyasi və elmi həyatına gender termini ötən əsrin 90-cı illərində daxil olub. 1998-ci ildə BMT-nin İnkişaf Proqramının gender layihəsi Azərbaycanda fəaliyyətə başladı. “Gender inkişafda” layihəsinin Azərbaycanda həyata keçirilməsinə başlandı. Layihəyə professor Rəna İbrahimbəyova rəhbərlik etdi, bu sahədə böyük işlər görüldü, təbliğat, maarifləndirmə işi aparıldı. İnsanlar əvvəllər heç “gender” sözünü qəbul etmək istəmirdilər. Çətin dövr idi, bu sahədə tədqiqat aparan alimlərə qarşı da münasibət birmənalı deyildi. Bütün bunlara baxmayaraq, böyük təbliğat işi aparıldı. 2000-ci illərdə BMT İnkişaf Proqramının layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində “Genderşünaslıq” elmi-kütləvi jurnalı nəşr olundu. Müxtəlif alimlər, pedaqoqlar cəlb edildi və jurnal Azərbaycanda geniş yayıldı. AMEA Fəlsəfə İnstitutunda gender problemlərinin araşdırılması ilə məşğul olan xüsusi şöbə yaradıldı. Burada gender sahəsində geniş tədqiqatlar, araşdırmalar aparılmağa başlandı. Bu şöbədə 27 adda genderin müxtəlif istiqamətlərini əks etdirən müxtəlif kitablar nəşr olundu. Alimlərdən Zümrüd Quluzadənin, Rəna Mirzəzadənin, Əli Abasovun, Lalə Mövsümovanın, Kifayət Ağayevanın və b. sanballı elmi tədqiqatları gender probleminin həlli istiqamətində böyük dəyərə malikdir.
– Sizcə, Azərbaycanda praktikada, gündəlik həyatda gender qeyri-bərabərliyi nə qədər başa düşülür?
– Bu gün hər kəs bilir ki, Azərbaycanda evdə tərbiyə prosesinin 80 faizi qadınların üzərindədir. Bəs necə olur ki, qadının tərbiyə etdiyi kişinin sonradan qadına qarşı münasibəti dəyişir? Böyük alman psixoloqu K.Horni deyir ki, bu zərif varlıq – qadın anadan olandan bir asılılıq içərisindədir. Anadan olduğu andan atasının hökmü altındadır, sonra isə növbəylə qardaşının, həyat yoldaşının və oğlunun təzyiqlərinə məruz qalır və çevrə qapanır. Beləliklə, qadın bütün ömrü boyu asılı vəziyyətdədir. Bir azərbaycanlı kimi mən də qəbul edirəm ki, nəzarət yaxşıdır. Ancaq qadınlar deyirlər ki, kişilər patriarxiyadan, özlərinə verilən hüquqlardan sui-istifadə etdikdən sonra zərif cins nümayəndələri problemlərlə üzləşməyə başlayıblar. Hələ lap qədimlərdən qadınların hüquqları total şəklidə pozulub. Hətta iş o yerə gəlib çatıb ki, anasına hörməti ilə seçilən hökmdar-sərkərdə Makedoniyalı İsgəndər öz məclisinə belə bir sualla müraciət edib: “Qadını insan hesab etmək olarmı?” Hazırda bizə demokratiya dərsi keçən İngiltərədə 1850-ci illərə qədər əhalinin ümumi siyahıya alınmasında qadınları hesaba almayıblar. Azərbaycanda gender bərabərliyi, məişət zorakılıqlarının aradan qaldırılması ilə bağlı qanunlar var. Cəmiyyət inkişaf edib, qadınlar ictimai həyatın bütün sahələrində fəaliyyət göstərirlər. Qadınlara kişilərlə bərabər hüquq və imkanlar verilsə də yenə də cəmiyyətdə gözəgörünməz “şüşə tavan” mövcuddur ki, bu tavan sanki qadınlar üçün ölçünü, həddi müəyyən edir. Yəni, hansı mərhələyə kimi qadın ucala bilər, bundan o tərəfə keçmək olmaz. Cəmiyyətdəki köhnəlmiş bəzi streotiplər də bir sıra problemlərin yaranmsına gətirib çıxarır. Bunların qarşısını almaq üçün gender mədəniyyəti geniş təbliğ və tədris olunmalıdır. Hazırda Bakı Dövlət Universitetində “Genderə giriş” və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Gender siyasətinin əsasları” fənni tədris olunur, Qərb Universitetində “Gender elminə giriş” adlı iri həcmi dərlik yazılb. Fikrimcə, həm orta, həm də ali məktəblərdə bu fənnin əsasları öyrənilməlidir.
– Azərbaycanda islam dini gender bərabərliyinə hansı təsiri göstərir, Sizin müşahidələrinizə görə?
– Müqəddəs kitabımızda qadın və kişi sözləri bərabər sayda yazılıb, səhv etmirəmsə 73 dəfə. Bəlkə də təsadüfdür, ancaq bu maraqlı bir faktdır. Biz Quranın məallarını oxuyuruq, gərək müqəddəs kitabı yüksək səviyyəli tərcüməçilər ərəbcədən tərcümə etsinlər. Rus dilinə tərcümə edən əsas üç isim var – Kraçkovski, Sablukov və Proxorova. V.Proxorovanın özü də etiraf edib ki, Quran qədər qadına dəyər verən başqa müqəddəs kitab yoxdur. Qərbdə müqəddəs kitabımızdakı qadının döyülməsi məsələsini bizə irad tuturlar. Ərəbcə bu söz “darebe”dir. Məlum olur ki, bu söz ancaq 13-cü mənada döymək deməkdir. Ancaq şəriətimizlə tanış olanda görürük ki, İslamda qadına, anaya, qızlara böyük hörmət var. Dini, şəriəti düzgün başa düşmək lazımdır. Dinimiz bərabərlik adı altında qadınların həddən artıq yüklənməsinə də qarşı çıxır.
– Linqvistik patriarxiya ilə bağlı nə düşünürsünüz? Məsələn, nəyisə “qız kimi etmək” zəiflik göstəricisi olduğu halda, “kişi kimi etmək” güc göstəricisidir. Bununla bağlı nə deyə bilərsiniz?
– Həqiqətən də qadın bəşəriyyətin zərif yarısıdır, kişi isə güclü yarısıdır. Cəmiyyətimizdə qadına güzəşt də var, hörmət də. Qadınlar da kişilərlə bərabər özlərini təsdiqləyə bildikləri yerdə fəaliyyət göstərirlər. Doğrudur, uzun illər ərzində formalaşan bəzi stereotiplər cəmiyyəti geri sürükləyir. “Kişi işi”, “qadın işi” məsələsi də bu qəbildəndir. Qadın harada özünü təsdiq edə bilirsə ona imkan vermək lazımdır. Qızın və oğlanın tərbiyəsindəki fərqli elementlərə də həssalıqla yanaşmaq lazımdır.Gender identikliyini də özümüz yaradırıq. Cəmiyyət xeyli inkişaf edib, informasiyalar, texnologiyalar dövrüdür. Biz dünyanın bir hissəsi kimi inkişafdan geri qala bilmərik. Qərbdəki yenilikləri öz təfəkkür, milli mədəniyyət süzgəcimizdən keçirdikdən sonra həyatımıza tətbiq edə bilərik.
– Yaxşı, bəs Sizcə necə edək ki, gender bərabərliyini qoruyaq? Yəni heç bir formada ayrı-seçkiliyə yol verilməsin, qadın və kişilər eyni azadlıqlara sahib olsunlar, eyni yerlərdə eyni sözləri deyə bilsinlər?
– Xalqımızın gözəl prinsipləri var, onlardan biri də ölçü prinsipidir. Hər bir hüqüq və imkanlar ölçü daxilində olmalıdır. Fiziki qabiliyyət və fiziologiya nəzərə alınmalıdır. Bunun üçün qanunlarda “pozitiv diskriminasiya” elementləri vardır ki, qadınlar bundan çox razılıq edirlər.
Valideynləri tərəfindən universitetə hazırlaşması üçün vəsait xərclənən bir abituriyent oğlan ixtisas seçimində ibtidai sinif müəllimliyini seçərsə, bu valideynlərin narazılığına səbəb olar. Qızın belə seçimi isə alqışlanır. Azərbayanda bu gün təhsil, mədəniyyət, səhiyyə sahəsində qadınlar, siyasət, hüquq, meşə, tikinti, ağır və yüngül sənayedə və nəqliyyatda kişilər üstünlük təşkil edir. Yəni, cəmiyyət özü-özünü tənzimləyir.
– Tənzimləyən qüvvədən söz düşmüşkən, biz bilirik ki, hamiləlikdə dölün cinsiyyəti məlum olduğu zaman qız uşaqlarının abortu gerçəkliyi var. Bu özü də bizim xalqımızın bir xüsusiyyətidir axı, hamı istəyir ki onun oğlu olsun. Siz necə düşünürsünüz, bu fenomenlə bağlı hansı araşdırmalar aparılır?
– Bunlar stereotiplərdən irəli gəlir. Geniş təbliğat işlər aparılır, həm QHT-lər tərəfindən, həm də dövlət tərəfindən. Ancaq araşdırmalar göstərir ki, abortlar daha çox üçüncü tərəfin müdaxiləsindən sonra baş verir və bu üçüncü şəxs adətən kişinin anası olur. Demək olar ki, dölün cinsi barədə məlumatı verən USM-lər qız uşaqlarının Əzrayılına çevriliblər. Cahillik dövründə qız uşaqların anadan olan kimi basdıran cəmiyyət, kamillik dövründə anadan olmamış məhv edir. Bu inkişafın göstəricisidirmi? Oğul nəslin davamçısıdır, varisdir. Qızı olmayan ailədə sakitlik olsa da, oğul olmadıqda problemlər, narahatçılıqlar, gəlindən etirazlar başlayır. Sanki, oğulun olmamasının günahkarı gəlindir. Müasir tibb elmi bu məsələni ətraflı izah etsə də, məlumatsızlıq və savadsızlıq neqativ elementlərin baş qaldırmasına səbəb olur.
– Erkən nikahlarla bağlı nə demək olar?
– Erkən nikah ifadəsinə qarşıyam, qızların vaxtından əvvəl ərə verilməsi deyirəm mən buna. Çünki ailələr oğullarını 13-14 yaşında evləndirmirlər, ancaq qızlarını 13-14 yaşında ərə verirlər. Həm dövlət, həm də ictimai birliklər səviyyəsində belə nikahlara qarşı xeyli iş aparılır. Belə nikahların sayı azalsa da hələ də qalmaqdadır. Bunun günahkarları qızını varlı birisinə vermək istəyən valideynlərdir. Qızını üzünü görmədiyi, Rusiyada “yaxşı işi olan”a verən valideyn əslində qızın sonrakı taleyi barədə fikirləşməlidir. Təhsilsiz, ixtisassız qızın gələcəyini də nəzərə almaq lazımdır. Çünki uğursuzluq belə nikahlar arasında çoxluq təşkil edir.
– Bu halların pedofiliya nümunələri olduğunu bilirik və cinayət tərkibi var. Sizcə buna qarşı hansı işlər aparılır?
– Belə nikahlardan son illərdə 5 minə yaxın uşaq doğulub. Bu cür hallar cənub bölgələrimizdə daha çoxdur. Təhsili, savadı olmayan qadınlar da sonradan problem yaşayır. Problemlərin qarşısının alınması üçün mübarizə aparılır. Yaxşı ki, indi bu mübarizəyə müxtəlif QHT-lər vasitəsilə gənclər də qoşulub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, aidiyyatlı orqanlar bu məsəsləyə xüsusi diqqət yetirir.
– Mübarizəni necə aparmaq lazımdır?
– Elliklə. Qonşular mütləq reaksiya verməlidirlər. Valideynləri bu səhv addımdan çəkindirmək lazımdır, ictimai qınaq işə düşməlidir. Dostlar, yaxınlar, məktəb rəhbərliyi, müəllimlər daha fəal olmalıdır.
– Bəs bu problemlərlə əlaqədər nə qədər elmi araşdırma aparılır?
– Bunlarla bağlı araşdırmalar aparılır, ancaq əksər hallarda bu araşdırmalar hansısa bir layihənin tərkibində olur və layihələr də aydındır ki, bir neçə il sonra bitir. Dissertasiyalar, monoqrafiyalar yazılır, tövsiyə və təkliflər irəli sürülür. Təkliflər paketi hazırlanıb aidiyyatlı qurumlara ötürülür. Maarifləndirmə işləri davamlı olmalı, təbliğat işləri aparılmalıdır. Hər bir vətəndaş problemin həlli yolunda bacardığı töhfəni verməlidir.
Şəhla Babayeva, xüsusi olaraq 1905.az üçün