Ziyali kimdir?
Doğrudan da, kimdir ziyalı?
Bu sualın hamını qane edən cavabı ola bilər görəsən?
Məşhur Don Kixotla təxminən elə onun qədər məşhur olan Robin Qudun sintezidir ziyalı? Üstəlik babat dioptriyalı eynəyi və ən azı bir diplomu olmalıdır ziyalının, deyilmi? Xarici dillərdən birini də bilməlidir. Özü də yaxşı bilməlidir. Bəs necə? Bizim ziyalı yeri gələndə, ya da elə yerin gəlməsini gözləmədən Azərbaycan, tarixi həqiqətlərimiz barədə məlumat verməli deyilmi dünyaya? Üstəlik, o bunu ailəsi ilə birlikdə, kirayədə yaşadığı mənzildən, nimdaş kompüterinin köməyilə də edə bilər. Hansısa təyyarəyə bilet almağına, hansısa ölkəyə getməyinə də ehtiyac olmamalıdır, bizim həqiqətləri sistematik olaraq təhrif edən məkrli yadellilərlə əyani olaraq görüşməyinə də.
Hə, bir də ziyalı ictimai yerlərdə uca səslə danışmamalıdır, tez-tez üzr istəməlidir. Üzündə də səmimi təbəssüm ifadəsi olmalıdır. Və bu təbəssüm onun çöhrəsini heç zaman tərk etməməlidir. Kiçik çaplı məmurun özbaşınalığı ilə qarşılaşanda da. İctimai nəqliyyatda orta ölçülü nadanlıqla üzləşəndə də. Ehtiyac zənbilinin qulpu şiddətli ağırlığa dözməyib qırılanda da gülümsəməlidir ziyalımız.
Səbrli olmalıdır.
Amma, o deyəsən yalnız öz dolanışığının çoxməchullu tənliyini həll edəndə səbrli olmalıdır. Yanılmıram ki? Tutaq ki, o böyük bir məhəllənin içməli su təchizatında illərdən bəri yaşanan problemi cəsarətlə ictimailəşdirməyə borcludur. Danışmalıdır bu barədə! Yazmalıdır! Şikayət etməlidir. Etməyəcəyi təqdirdə, şübhəli ziyalı pyedestalından süpürülüb atılacağını gözünün altına almalıdır, ağzıgöyçək şərhçilərin qurduğu Linç məhkəməsinə müttəhim kimi qatılacağını da. Amma, iş ömür-gün yoldaşının kiçik, lap kiçik mətbəxin kosmetik təmiri ilə bağlı kövrək xəyallarını gerçəkləşdirməyə yetişəndə… susmağa, köks ötürməyə, keyfiyyətsiz siqaretin müəmmalı tüstüsünü ciyərlərinə çəkib düşünməyə üstünlük verməlidir?
Bilmirəm.
Mənə elə gəlir ki, az qala hər addımda “ziyalı mövqeyi” tələb edən soydaşlarımızın əhəmiyyətli hissəsi də bilmir.
Bəs görəsən, belə gözəl, yüksək əyarlı ziyalıların məskunlaşdıqları xəyali məmləkətin ziyalı olmayan insanları hansı tələblərə cavab verməlidirlər?
Bəlkə bu barədə də düşünək?
Və bir xeyli düşünüb-daşındıqdan sonra əlahəzrət ziyalının kimlliyi ilə bağlı sualı bir daha cavablandıraq.
Fuad Babayev