“1905.az” Diskussiya Klubunda “Bizim Milli Qəhrəman” silsiləsindən ilk görüşdə Milli Qəhrəman Rasim İbrahimovun atası Səxavət İbrahimov, bacısı Sevda İbrahimova, qohumu Ağalar Əzimov, döyüş yoldaşları Babək Qoca, Camal Hacıyev, Elçin Rəfiyev, AVCİYA-nın eksperti Ramiz Sevdimalıyev, “Azərbaycanın Milli Qəhrəmanları” kitabının müəllifi Vüqar Əsgərov və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təmsilçisi Asif Şirinovla danışdıq. Rasim İbrahimov haqqında.
Fuad Babayev: Mən hamını ürəkdən salamlayıram! Çox işıqlı, çox böyük və bizim hər birimizə əziz olan, təkcə qohumları üçün deyil, həm də bütün azərbaycanlılar üçün əziz olan bir insanın xatirəsini yad edəcəyik. Milli Qəhrəmanımız Rasim İbrahimovun xatirəsini. Söhbətimizə Milli qəhrəmanımızın atası Səxavət müəllim başlasa, məncə yerinə düşər.
Səxavət İbrahimov: Mən onun haqqında nə deyə bilərəm. Müharibədə iştirak etməyini, qəhrəmanlığını döyüş yoldaşları deyə bilər. Mən 55 il dənizdə işləmişəm. Oğlumu da o adada böyütmüşəm (red.- Çilov adası). Pirallahıdakı 131 saylı orta məktəbdə oxuyub. Yoldaşım da, mən də orada yaşayıb-işləmişik. İki uşağım olub. Qızım və oğlum. Qızım ədəbiyyatı çox sevib. Oğlum isə körpə vaxtı bağçaya aparanda plastilindən özü üçün fiqurlar, tank, top düzəldirdi.
Fuad Babayev: Səxavət müəllim, mən “Yaddaş” studiyasının rəhmətlik haqqında hazırladığı filmdə Siz Valentin Katayevin “Alay oğlu” kitabını ona bağışlamağınızdan danışırsınız. Rasim deyəsən elə uşaqlıqdan hərbçi olmağa meyl edib.
Səxavət İbrahimov: O dövrdə məzuniyyət vaxtı Rusiyaya gedəndə Katayevin “Alay oğlu” kitabını alıb gətirmişdim. Hiss edirdim ki, Rasimin hərbi işə meyli var. Evimizin yanında da hərbi hissə var idi. Dərsdən sonra boş vaxtı olan kimi hərbçilərin yanına gedirdi, onlara yemək aparırdı. Və bu həvəs də onu Cəmşid Naxçıvanski adına Hərbi məktəbə gətirdi. Əvvəlcə onu qəbul etmədilər. Gözündə problem olduğu üçün təyyarəçi ixtisasını seçə bilməzdi. Naxçıvanskini bitirəndən sonra Almaniyada 5 il qulluq etdi.
Sevda İbrahimova: Naxçıvanskidən sonra Rasim təhsilini Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbində davam etdirdi. Almaniyaya hərbi qulluğa artıq zabit kimi getmişdi.
Fuad Babayev: Rasim Almaniyadan neçənci ildə qayıtdı?
Sevda İbrahimova: 1988-ci ildə Azərbaycana qayıtdı və Ağsu rayon Hərbi Komissarının müavini vəzifəsinə təyin edildi.
Səxavət İbrahimov: Sonra Füzuli rayonunda hərbi komissarın müavini kimi çalışmağa başlayır və özünümüdafiə taboru yaradır. Bütün valideynlər istəyirdi ki, övladları Rasimin taborunda xidmət etsin.
Fuad Babayev: Səxavət müəllim, bəlkə sözü Rasimin cəbhə yoldaşlarına verək.
Səxavət İbrahimov: Əlbəttə, onlar cəbhəni bizdən daha yaxşı bilir.
Camal Hacıyev: Bizim üçün danışmaq çətin olsa da, biz hər il aprelin 18-də Şəhidlər Xiyabanına yığışıb rəhmətliyin qəbrini ziyarət edirik. Rasim komandir kimi hər bir şeyə layiq olan insan idi. Mən elə çox danışa bilmirəm. Babək müəllim öz fikirlərini daha yaxşı ifadə edə bilər.
Babək Qoca: Belə bir tədbiri təşkil etdiyiniz üçün çox sağ olun. Çox istərdim ki, Camal və Elçin qardaşlarımız da öz fikirlərini bizimlə bölüşsün. Çünki, onlar Füzuli sakinləridir, həm də Rasim müəllimi məndən öncə tanıyıblar. Yerli özünümüdafiə batalyonunun döyüşçüləri olaraq söhbət etməyə onların məndən daha artıq haqları var. Həmin dövrdə mütəşəkkil hərbi hissə, mütəşəkkil döyüş qaydalarına uyğun mühit tapmaq çox çətin idi, Milli Ordu tam təşəkkül tapmamışdı. Biz könüllülər kimi Laçın, Zəngilan, Qubadlı kimi bir çox bölgələrimizdəki əsgərlərmizə köməklik göstərməyə çalışırdıq. Və nəticə etibarilə Füzuliyə gələndə Rasim müəllimin batalyonunda qonaq olduq. Əvvəlcə batalyon Feodovka deyilən küçədə, sonradan Müsiqi İnternat Məktəbinin ərazisində yerləşirdi. Ora gəldiyimdə oradakı mühiti, sistemi, ciddiliyi, davranışı, zabit-əsgər münasibətini, insanlardakı ruh yüksəkiliyini gördüm. Daxilən özüm qərar verdim ki, mən burada döyüşmək istəyərəm. Sonra könüllü şəkildə özünümüdafiə batalyonunun üzvü olmağa çalışdıq. Düzdür, çalışdıq ona görə deyirəm ki, Rasim müəllim o qədər ciddi idi ki, bu məsələlərdə kimsə öz istəyinə əsasən gəlib harasa üzv ola bilməzdi. Və mənim o hərbi hissəyə üzv olmağım çox çətinliklə başa gəldi. Sonrakı dövrdə sözsüz ki, o peşəkarlıq, zabit bilikləri, təcrübə döyüşlərdə, lokal və böyük əməliyyatlarda Rasim müəllimin rəhbərliyi özünü göstərirdi. O batalyonun nəzdində əsas ağırlığı mənim xidmət etdiyim kəşfiyyat-diversiya dəstəsi yerinə yetirirdi. Biz o lokal əməliyyatlarda o təşkilatçılığın peşəkarlığını hiss edirdik və az itki ilə böyük nəticə ilə hər zaman əməliyyatlardan geri qayıdırdıq. Sözsüz ki, Rasim müəllimin və onun timsalında həmin batalyonda, həmin bölgədə şəhid olan, dünyasını dəyişən zabit və əsgərlərimizin də xatirəsini ehtiramla yad etmək doğru olar. Bir əsgər olaraq arxasında Rasim müəllim kimi öz işini bilən zabitlərin olduğunu biləndə insan həqiqətən də rahat olur. Mən Rasim müəllim üçün sonuncu olan 28 iyun döyüşündə danışmaq istəyirəm. Bu döyüşdə Camal və Elçin kimi başqa dostlarımız da iştirak edib. Biz çox qısa bir zamanda qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə müvəffəq olduq. Çünki, o dövrdə Ağdərə və fərqli istiqamətlərdə genişmiqyaslı hücum əməliyyatları keçirilirdi. Və biz də böyük əməliyyatın bir hissəsi idik. Hərbiçilər daha gözəl bilirlər yəqin ki, o strategiyanı. Biz o qədər həvəslə hücum əmrini gözləyirdik ki, və həqiqətən də şəhid olmaq üçün can atmağı mən orada gördüm. Sözsüz ki, Xocalı faciəsi, Şuşanın, Laçının süqutu və bizim bir çox məğlubiyyətlərimiz o həvəsi daha da artırmışdı. Məsələlərdən agah olmayan insanların bəzən dediyi kimi əsgərlərdə ruh düşkünlüyü yox idi. Əksinə, ruh yüksəkliyi vardı. Ruh yüksəkliyinin səbəblərindən biri də Rasim müəllim kimi zabitlər idi. Həqiqətən onların bizim içimizdəki Vətən sevgisini artırdığını hiss edirdik. 28 iyunda başlayan döyüşə Qırmızı bazar əməliyyatı da deyirlər.
Həmçinin oxu: Şəhidlər ölməz, Vətən bölünməz (Birinci söhbət)
Elçin Rəfiyev: Qırmızı bazar bizim sağ istiqamətimiz idi.
Babək Qoca: Biz Tuğ istiqamətində idik.
Fuad Babayev: Bu Hadrut rayonu ərazisində idi?
Elçin Rəfiyev: Bəli keçmiş Hadrut rayonu bizim sol istiqamətimiz, Qırmızı bazar, Tuğ isə sağ istiqamətimiz idi. Təkcə Füzulidə yox, Cəbrayıl, Ağdam bütün cəbhəboyu əməliyyat aparılırdı.
Babək Qoca: Əsas məqsədlərdən də biri bizim Hadrut-Xankəndi yolunun və ümumiyyətlə, oradakı strateji yüksəkliklərin tutulması idi. Biz Tuğ istiqamətində, məşhur Azıx mağarası istiqamətində irəliləyirdik. Qısa bir zamanda biz rüh yüksəkliyi və peşəkarlıqla vəzifəmizi yerinə yetirdik. Təyin olunmuş məntəqələr tutuldu və inanın ki, bütün bunlar demək olar ki, itkisiz baş verdi. Sonradan döyüş başladı, döyüşdə müəyyən dönüşlər baş verdi. Bir komandir olaraq, bir rəhbər olaraq Rasim müəllim irəlidə idi, öz əsgərlərinin önündə idi və o yaralanma hadisəsi baş verdi. Camal o hadisələrin tam mərkəzində olub. Biz də mühasirədə olan əsgərlərdən idik. Amma, Camal qardaşım yaralanma hadisəsi, oradakı Rasim müəllimin döyüşdən çıxarılma istəyi hadisəsi, çünki biz onu tək qoyub çıxmaq istəmirdik. Camal, danışmaq lazımdır ki, tarixə keçsin. Xahiş edirəm. Qoy insanlar bilsin. Biz özümüzü öymək üçün danışmırıq. Rasim müəllimin, orada həlak olan qardaşların ruhu üçün danışırıq.
Camal Hacıyev: Mənim üçün bu barədə danışmaq çox çətindir.
Fuad Babayev: Çox minnətdaram, Babək müəllim. Bu tədbir əlbəttə ki, bəlkə də alınmazdı, əgər Vüqar müəllim və həm də bu dəyərli insanların bura dəvət olunmasında kömək etmiş Asif müəllim olmasaydı. İstərdik ki, Sizi dinləyək Vüqar müəllim “Azərbaycanın Milli Qəhrəmanları” kitabının müəllifisiniz və təkcə Rasim İbrahimov haqqında deyil, onlarla Milli qəhrəmanımız haqqında yaddaqalan kitab ortaya qoya bilmisiniz. Buyurun, söz sizindir.
Vüqar Əsgərov: Mən ümumiyyətlə, “Azərbaycanın Milli Qəhrəmanları” kitabının yaranma tarixindən danışsam daha yaxşı olar. Bilirik ki, ölkədə o zaman Milli qəhrəmanlar haqqında 1992-ci ildə qanun hazırlandı və təltiflər barədə fərmanlar verilməyə başladı. Bizdə o zaman demək olar ki, mükəmməl məlumatlar yox idi. Mən 2000-ci ildə Respublika Xatirə Kitabı Redaksiyasına gələndə təşəkkür edirəm elə Asif Şirinovla bərabər orada tanış olduq və milli qəhrəmanlarla bağlı ümumi qərara gəldik. Bizə kimi haradasa ayrı-ayrılıqda 5-10 nəfər haqqında bu kitablar çap olunmuşdu. Amma toplu şəklində yox idi. Ümumiyyətlə, o zaman bizim əlimizdə mükəmməl siyahımız da yox idi, bilmirdik ki, neçə nəfər milli qəhrəmanımız var. Müəyyən çətinliklərlə o məlumatları əldə edə bildik və 2005-ci ildə o kitabın ilkin nəşri işıq üzü gördü. O zaman 209 nəfər Milli qəhrəmanımız var idi. 2010-cu ildəki nəşrdə 211 milli qəhrəman oldu. Aprel döyüşlərindən sonra 3 nəfər milli qəhrəmanımız oldu.
Bu kitabın başqa formatlarda da nəşri gündəmdədir. Çünki, həyat davam edir. Dünyasını dəyişmiş milli qəhrəmanlarımızın yolunu davam etdirən övladlar var, hazırda həyatda olan milli qəhrəmanlarımız var.
Fuad Babayev: Bu tükənməz mövzudur.
Asif Şirinov: Respublika Milli Qəhrəmanları Tanıtma İctimai Birliyini yaradarkən qarşımıza məqsəd var idi. Azərbaycanın Milli Qəhrəmanlarını bütün respublikada tanıtmaq. Cəmiyyəti yaratdıq, qeydiyyatdan keçirdik. Biz o kitabı tərcümeyi-hal kimi tərtib etdik. O vaxt heç yerdə düzgün məlumat yox idi.
Fuad Babayev: Məlumatlar da çox zaman bir-birini təkzib edirdi.
Asif Şirinov: Doğum və ölüm tarixlərində çox ziddiyyətlər va idi. Çox istərdim ki, bu gün Azərbaycanda Milli Qəhrəman muzeyi olsun. Yubileyleri olan Milli qəhrəmanların anılması böyük bir tədbirdir. Buna görə sizə təşəkkür edirik.
Fuad Babayev: İstərdim sözü Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) ekspertlərindən biri, siyasi elmlər doktoru Ramiz Sevdimalıyevə verim.
Ramiz Sevdimalıyev: Tam səmimiyyətlə deyim ki, Sizin aranızda olmaq bizim üçün fəxrdir. Vaxtilə Milli qəhrəmanların tanıtım layihəsinə başlayanda Fuad müəllimlə birlikdə AVCİYA-nın prezidenti Elxan Süleymanovla söhbətlər etdik. Milli qəhrəmanları tanıtmaq layihəsinə başlamaq təklifi ilə çıxış etdim. Səbəbi də o idi ki, mən sovet mühitində böyümüşəm. O böyük dövlətin pis tərəfi də olub, yaxşı tərəfi də olub. Amma, yaxşını da qeyd etmək lazımdır. Mənim kimi bütün insanların şüuruna yeridirdilər ki, Sizin milli qəhrəmanlarınız, əmək qəhrəmanlarınız, döyüş qəhrəmanlarınız var. Müxtəlif sahələrdə qəhrəmanlar var. Mən Zoya Kosmedemyanskayanı, təyyarəçi Qastellonı tanıyıram, “Əsl insan haqqında povest”in qəhərmanı Meresyevi, Qaqarini, Mehdi Hüseynzadəni tanıyıram. Mən özümə sual verirəm ki, gecə-gündüz yazı-pozu ilə məşğulam, bizim milli qəhrəmanlardan kimləri tanıyıram. Utanıram deyəm ki, mən 5-6 nəfərdən uzağa gedə bilmədim. Bilirsiniz, bizim eposlar var, dastanlarımız var. “Dədə Qorqud” dastanımız buna bariz nümunədir. Orada Dədə Qorqud körpə uşağa deyir ki, oğul torpaq o vaxt Vətəndir ki, onun uğrunda qan tökülür. Əgər sən Vətən torpağını müdafiə edə bilmirsənsə, onu əkib-becərməyə dəyməz.
Biz bunu etiraf etməliyik. Amma, biz də onları yaşatmalıyıq. Onların yaşaması üçün biz onları müxtəlif vasitələrlə, müxtəlif mexanizmlərlə bizim uşaqların şüuruna yeritməliyik ki, bala sənin bu gün varlığını təmin edən o insanlardır. Onlar canlarını, qanlarını verməsəydilər, bu gün sən də olmazdın. Biz onu səmimi şəkildə bizim uşaqlarımızın beyninə yeritməliyik. Onlar gözünü açanda bilməlidilər ki, Rasim İbrahimov kimdir. Çox xoş təsadüfdir ki, Rasim İbrahimovun 55 yaşı tamam olur. Məndən cəmi 5 yaş cavandır. Mən burada fikir verdim, döyüş yoldaşları onun haqqında necə səmimiyyətlə, həssaslıqla danıırlar. İnsan həyatda cəmi bir neçə qrup insana etibar edə bilir. Məktəb yoldaşına, tələbə yoldaşına və əsgər, cəbhə yoldaşına. O Sizə etibar edib, Siz də ona etibar etmisniz. Mən hesab edirəm ki, müəyyən mexanizm qurmaq lazımdır ki, döyüş yoldaşlarının bəlkə hansısa epizod yadına düşdükcə onları göndərsinlər burada toplansın.
Asif Şirinov: Azərbaycanın 526 Sosialist Əməyi Qəhrəmanı, 89 Sovet İttifaqı Qəhrəmanı olub. 215 Milli Qəhrəmanımız var. Mən o Qəhrəmanlar haqqında informasiyaları, siyahını Sizə təqdim edə bilərəm.
Həmçinin oxu: Şəhidlər ölməz, Vətən bölünməz ( İkinci söhbət)
Ramiz Sevdimalıyev: Jurnalistləri istiqamətləndirmək olar ki, milli qəhrəmanlarımız haqqında mətbuatda tez-tez materiallar versinlər. Bu aksiya, kampaniya kimi yox, bizim həyat tərzimiz olmalıdır. Bizim Qarabağ müharibəsi haqqında elmi əsərlər yazılsa da, Qarabağ müharibəmizin tarixi yazılmayıb.
Fuad Babayev: Fadeyevin “Gənc qvardiya”, Polevoyun “Əsl insan haqqında povest” kimi əsərlərin Zoya Kosmedemyanskaya, Meresyev kimi qəhrəmanların tanıdılmasında böyük rolu olub. Bu böüyk bir potensialdır. Biz əlbəttə ki, ondan istifadə edəcəyik. Sevda xanım, Sizi dinləyək.
Sevda İbrahimova: Bilirsiniz, Rasim Almaniyadan qayıdandan sonra təyinatını Bakıda Hərbi Komissarlığa almışdı. Bir müddətdən sonra Ağsu Hərbi Komissarlığına göndərildi. O Ağsuda Hərbi Komissar müavini işlədiyi dövrdə Füzuli rayonunda döyüşlər gedirdi. O Füzuliyə getmək fikrində idi və bu barədə mənimlə məsləhətləşdi. Mən o vaxt da polisdə işləyirdim, leytenant idim. Biz rus məktəbini bitirmişik. Rasim Almaniyadan qayıdan vaxtı Azərbaycan dilində təmiz danışa bilmirdi. Mən onu fikrindən daşınmağa çalışdım. O mənə dedi ki, Füzulidə ağır döyüşlər gedir. Çörək zavodunda işləyənlər gedib Füzulidə batalyon komandiri olurlar, orada hərbçi kadrlara ehtiyac var. Sözün düzü, bu mənə qəribə gəldi. Füzulinin hərbi komissarı Arif müəllim danışırdı ki, Rasimi döyüşdən saxlaya bilmirmiş. Hərbi komissar müavini olmasına baxmayaraq batalyon yaradıb döyüşlərə gedirdi.
Fuad Babayev: Bu gərək ki, 1991-ci il idi.
“Rasim danışırdı ki, Xocalı faciəsindən sonra onlar meşədən meyitləri çıxarmağa gediblər. İşğalçıların vəhşiliyi onu dəhşətə gətirmişdi. Xocalı faciəsindən sonra Rasim tamam başqa adam oldu.”
Sevda İbrahimova: 1991-ci il idi. Xocalı soyqırımından sonra sonra o çox böyük sarsıntı keçirmişdi. Xocalı faciəsindən sonra Rasim Bakıya gəlmişdi, çox böyük stres içində idi. Rasim danışırdı ki, Xocalı faciəsindən sonra onlar meşədən meyitləri çıxarmağa gediblər. İşğalçıların vəhşiliyi onu dəhşətə gətirmişdi. Xocalı faciəsindən sonra Rasim tamam başqa adam oldu.
Rasimin hərbi təyyarəçi olan oğlu Nizami onun yolunu davam etdirir.
Rasimin ayağına güllə dəyəndə o özü həmin gülləni ayağından çıxarıb yanındakına demişdi ki, erməni elən bilir ki, bu güllə ilə məni öldürə biləcək. Güllə dərinə getməmişdi, onu çıxarıb cibinə qoymuşdu. Oğluna göstərmək üçün.
Ağalar Əzimov: Space telekanalının düz yanında bir bağ var. Həmin bağ və oradakı bulaq Rasim İbrahimovun adını daşıyır. Orada onun barelyefi və şəkli var. Amma oradan keçənlərin çoxu heç bilmir ki, bu Milli Qəhrəman Rasim İbrahimovun adını daşıyır. Keçən il 18 apreldə Rasimin ad günü bütün saytlara baxdım. Vesti.azdan başqa heç bir yerdə informasiyaya rast gəlmədim.
Səxavət İbrahimov: Çilov adasında 131 saylı məktəbin bağında Rasim İbrahimovun və 10 nəfər şəhidin büstü qoyulub. Ona çox yaxşı baxırlar.
Babək Qoca: Sevda xanım, mərhumların dəyişdirilməsi haqqında detalları vurğulamağınızı istərdik. Mərhumun torpağa tapşırılması Sevda xanımın ad gününə təsadüf etmişdi.
Sevda İbrahimova: İyunun 28-i Rasimin döyüşdə şəhid olmasını heç kim bilmirdi. Biz o günü toyda idik. Anam da Rasimin xoşladığı mürəbbə və kompotları çantaya qoyub atamla Rasimə göndərmişdi. Atam Füzulidə olanda döyüşçülərimizin mühasirəyə düşməsini, Rasimin həlak olmasını ona demirlər. Atam 2 gün Füzulidə qaldıqdan sonra Bakıya qayıtdı. Mən də anama deyirəm ki, belə də iş olar. Atam buradan durub Füzuliyə onun yanına gedir, o vaxt tapıb onunla görüşmür. Biz Rasim haqqında məlumatı iyulun 2-də “Səhər” qəzetindən öyrəndik. Həmin gün mən Füzuli ilə əlaqə saxlaya bilmədim. Nəhayət, bildik ki, Rasim mühasirədə qəhrəmancasına həlak olub və meyiti ermənilər tərəfdə qalıb. Rasimin nəşi bir ana və bir uşaqla dəyişdirildi. O vaxt böyük dayım və yoldaşı onların dəyişdirilməsində iştirak etdi.
Babək Qoca: Mən Ramiz müəllimin sözünə əlavə etmək istəyirəm. Orada bir detalı vurğuladınız ki, məlumatlar toplanılmalıdır, kitablar yazılmalıdır. Bu baxımdan 1905.az saytının Qarabağ tarixi haqqında fəaliyyəti, yüksək səviyyədə hazırladığı informasiyalar təqdirəlayiqdir. Döyüş anlarını, qəhrəmanlıq anlarını qısametrajlı formada da olsa xronika üçün sənədləşdirmək lazımdır. Bu gün milli qəhrəman olmayan şəhidlərimiz unudulmamalıdır. Onların arasında milli qəhrəmanlardan heç də geri qalmayan oğullarımız olub. Rasim müəllim o an orada olmaya bilərdi. O komandir idi, onun vəzifəsi bizi kənardan idarə etmək idi. Amma, Vətən sevgisi, əsgərlərə qarşı həssaslıq və diqqəti onu səngərdə bizdən də irəlidə olmağa sövq etmişdi. Rasim müəllimin ruhu şad olsun!
Ramiz Sevdimalıyev: Burada oturanlar hamınız Rasimin yaxınlarısınız. Haradasa yəqin məktəb yoldaşları var, uşaqlıq yoldaşları var. Rasimin ümumi obrazını yaratmaq üçün onu tanıyanların xatirələri və bütün məlumatlar toplanmalıdır. Bu məlumatlar əsasında hekayə və ya povest yazıla bilər. Bu məlumatlar toplanandan sonra gələcəkdə kino çəkilişindən, onların dərsliklərə salınmasından danışmaq olar. Bu böyük bir prosesin tərkib hissəsi olmalıdır.
Fuad Babayev: Başda Səxavət müəllim olmaqla, hamınıza təşəkkür edirəm.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Əlaqədar link:
Material ilk dəfə 19.04.2017-ci ildə dərc olunmuşdur.