– Nadir müəllim, bu gün, noyabrın 24-ü sizin ilk fərdi sərginiz olacaq. Rəssam üçün fərdi sərgi hesabatdır. Rəssamlar İttifaqının sərgi salonunda açılacaq bu sərgi haqqında qısa məlumat verərdiniz.
– Sərginin adı “Narahat dünya”dır. Bütünlükdə dünyanı əhatə edən narahat hadisələri canlandırmağa çalışmışam. Sərginin əsas hədəfi ziddiyət, ünvansız müharibədir. Əsərlərimdə Azərbaycanda milli azadlıq hərəkətı, o cümlədən bütün Qafqazda baş verən müharibələrə toxunmuşam. Ona görə də sərginin adnı belə seçdim. Amma əsas obraz, motiv insandır.
BU GÜN İNCƏSƏNƏTDƏ VƏTƏNPƏRVƏRLİK MÖVZULARINA AZ TOXUNULUR
– Nadir müəllim, ilk fərdi sərginiz niyə məhz 2014-cü ildə baş tutur? Buna qədər sərgi təşkil etməyə imkan yox idi, yoxsa siz buna hazır deyildiniz?
– Hazır deyildim. İndiki qədər həvəsli olmamışam. İndi də özümü tam hazır bilmirəm. Amma düşünürəm ki, zamanı çatıb. Həm də “Narahat dünya” sərgisini təşkil etmək üçün çoxlu əsərlərim yığılıb. Onları təqdim etmək lazımdı. Bu gün incəsənətdə vətənpərvərlik mövzularına az toxunulur. Bəs vətənpərvərlik, 1 milyon qaçqınımız, məcburi köçkünümüz? Müharibə mövzusu? Onları kim təsvir edəcək? Bu mövzular yaddan çıxıb. Xatirimdədir, ümummili liderimiz Heydər Əliyev bir dəfə sərgiyə gəlmişdi. Qaçqınlarımızla, müharibə mövzusunda əsərlərlə maraqlanırdı.
– Təqdim ediləcək əsərlərdən ən yenisi nə vaxt çəkilib?
– Sonuncusunu ərəb ölkələrində gedən müharibə mövzusuna həsr etmişəm. Ümumiyyətlə, əsərlərdə planetin də narahat olduğunu göstərməyə çalışmışam.
– Sərgidə neçə əsəriniz təqdim olunacaq?
– 50-dən çox. Bu əsərlərin əksəriyyətini çoxdan çəkmişəm.
HƏDDİNDƏN ARTIQ POZİTİV İNSANAM
– Dünya doğrudan da narahatdır. Bu narahat dünyada Azərbaycan həqiqətləri hansı formada təsvir edilib?
– Bir əsərimdə qoca, kor kişi obrazı var. Dünyaya kor gəlib. Əsərdə qara lövhələr, qara tüstülər təsvir edilib. Müharibə abu-havası var. Bu kişi isə çəliklə yeriyir. Deyir ki, mənim gözüm kordur. Bəs, dünyanı niyə bu günə qoyublar? Mənzərə, məişət janrında da əsərlərim var. Bir əsərimdə Abşeronu təsvir etmişəm. Bir kişi su dəyirmanına baxır. Elə çəkmişəm ki, sanki bu kişi də dəyirman fırlandıqca bu dünyadan gedir. Gedən insan, gedən dünya təsvir olunub.
– Sizə bədbin insan demək olar?
– Yox, qətiyyən, həddindən artıq pozitiv insanam.
– Bir də qayıdaq bizim ərazilərimizin işğalı, insanlarımızın yurd-yuvalarından didərgin düşmələri ilə bağlı əsərlərinizə.
– Mən qaçqınlarımızla bağlı bir əsər çəkmişəm. 10 il işləmişəm bu əsərin üzərində. Bu günkü sərgidə həmin əsər təqdim ediləcək əlbəttə ki. Bir neçə gün bundan əvvəl əsərimi Muzey Mərkəzinin saxlancından götürəndə dəhşətə gəldim. Heç demə əsərim qalıb yağışın, suyun, tozun altında. Əsərə belə hörmətsiz münasibət olar? Əsər rəssamın övladıdır. Onu biz göz-bəbəyimiz kimi qoruyuruq. Əsəri o vəziyyətdə görmək çox ağrılıdır.
– Nadir müəllim, ilk fərdi sərginizdə və gələcək işlərinizdə sizə uğurlar!
– Çox sağ olun!
Fuad Babayev, Aynur Hüseynova
1905.az
24 noyabr 2014-cü il