Suallarımızı cavablandıran “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğludur.
- İnsanlarımızın davranışında aqressiyanın artmasınızn səbəbini nədə görürsünüz?
- Artıq 200 ildir ki, qərb ölkələrində xüsusi elm sahələri formalaşır. Mən sizə elə elmin dili ilə cavab vermək istəyirəm. Hər hansı bir insanın, sosial qrupun davranışına 4 mühüm amil öz təsirini göstərir. Birinci insanın fitrətidir. Fitrət insanın daxili potensialı, gen yaddaşı kimi predmetləri ehtiva edir. İkinci amil mühit, üçüncüsü aldığı informasiyalar, dördüncüsü isə üstünlük verdiyi mənəvi dəyərlərdir. Bir müddət bundan əvvəl Nərmin adlı balamızın vəhşicəsinə öldürülməsi hadisəsini yada salaq. Yaşlı nəsildən soruşsanız onlar deyəcək ki, 50 il qabaq belə bir hadisənin baş verməsi mümkün deyildi. Olsa da bu yalnız anlaqsız, psixoloji rahatsızlığı olan şəxs tərəfindən törədilə bilərdi. Təkcə Nərmin hadisəsi ilə də bitmir. Biz çox tez-tez bu qəbildən hadisələrin törədilməsi ilə bağlı informasiyalar alırıq. Kimi anasını öldürür, kimi bacısını öldürür.
- Yəni, bu tip cinayətlər adiləşib və qınaq obyektinə çevrilmir.
- Bunun kökü nədədir? Mənə tez–tez müxbirlər zəng vurub soruşurlar ki, Əhməd müəllim nə etmək lazımdır? Bu bir-iki tədbirlə yekunlaşası, nəticə əldə olunası iş deyil axı. Fikir versək, min illərdir ki, ən müdrik şəxsiyyətlər, filosoflar, Nizami, Füzuli kimi dühalar, bütün dini kitablar, peyğəmbərlər hamısı bizə onu aşılamağa çalışır ki, çalışın cəmiyyətdə mənəvi dəyərlər ön planda olsun. Yəni, ailədə də mənəvi dəyərlər öndə olsun, iş yerlərində də, ictimai yerlərdə də. Bu ideologiyanın səbəbi nədir? Çünki mənəvi dəyərlər öndə olan cəmiyyət özü-özünü tənzimləyir. Ancaq mənəvi dəyərlər arxa plana keçdikcə həmin mühitdə gərginlik yaranır, kriminallıq artır, əcaib hadisələr baş verir. 15-20 il bundan öncə televiziyaların birində çıxış edirdim. Sumqayıtda bir kişi keçmiş həyat yoldaşını parkda öldürmüşdü. Mən dedim ki, həyəcan təbili çalmaq lazımdır. Çünki hadisələr bu məcrada inkişaf etdikcə ölkədə belə hallar çoxalacaq. Hətta açıq efirdə bu fikirləri səsləndirdiyim üçün məni qınadılar. Dedim ki, mən sosioloqam, mütəxəssisəm, insanları necə aldadım. Bax indi də biz həyəcan təbili çalmalıyıq. Təcili olaraq tədbirlər görməliyik ki, belə davam etməsin. Nə qədər qanun qəbul edilsə də, göstərişlər verilsə də, tədbirlər keçirilsə də bunun heç bir xeyri yoxdur.
- Mənəvi dəyərlərə olan münasibətin deformasiyaya uğraması, onların arxa plana keçməsi sizin fikrinizcə nə ilə bağlıdır? İqtisadi çətinlik, yoxsa ideoloji boşluq və ya digər səbəblər?
- Mən sizə deyim. Burda bir neçə faktor var. Əvvəla qloballaşma sürətlə getdiyinə görə. Düzdür, qloballaşma təbii tarixi prosesdir, o getməlidir.
- Biz ona müqavimət göstərə bilmərik.
- Cəmiyyət mürəkkəbləşir. Təsəvvür edin ki, siz iki nəfərlə söhbət edirsiniz, üçüncü adam o söhbətə daxil olanda söhbət bir qədər gərginləşir, dördüncü daxil olanda daha bir qədər və get-gedə mürəkkəb hal alır və nəzarətdən çıxır. Qloballaşma sürətlə getdiyi yerdə istənilən ölkədə proseslərin gedişatı nəzarətdən çıxır. Digər tərəfdən bu qloballaşmanı öz xeyrinə yönəltmək istəyən mərkəzlər var. Buna subyektiv müdaxilə deyilir. Onlar hadisələrə elə müdaxilə etmək istəyirlər ki, ökədə yaranan vəziyyət onların xeyrinə olsun. Ən çox istifadə edilə biləcək meyar da mənəvi amillərdir. Topla, tüfənglə tutula bilməyən bir yer mənəvi amillərə təsir etməklə çox rahat tutula bilər. SSRİ-nin dağılması buna bariz nümunədir.
- İdeoloji müharibə, etnik məsələlər, iqtisadi məsələlərlə.
- Bəli, tamamilə doğrudur. Bunlarla SSRİ-ni dağıtdılar. İndi də hər hansı bir ölkəyə daxil olmaq üçün, o ölkədə hegemonluq qazanmaq üçün güc mərkəzlərinin istifadə etdiyi silahlardan biri də mənəvi dəyərlərə təsir etməkdir. Bizə qeyri-adi gələ bilər. Amma bir neçə nüans var ki, onlara güclü təsir etmək kifayət edir. Əsas olan mərkəz nöqtəni tapmaqdır. Ona görə də ölkəni təhdidlərdən qorumaq üçün mənəvi immun sistemimizi gücləndirməliyik. O sistemdəki zəifliklər, boşluqlar bir çox çətinliklər yaradır. Bizim çox yaxı bir atalar sözü var: “Yaxşı oğul neylər ata malını, pis oğul neylər ata malını.” İmmun sisteminin güclü olduqda mənəvi dəyərlər də qorunur.
- İlk baxışdan bizim buna potensialımız da var. Dini dəyərlərimiz, mənəvi dəyərlərimiz və.s.
- Bizim çox böyük potensialımız var.
- Amma işləmir.
- Bizim mükəmməl dinimiz, orta əsr mədəniyyət irsimiz var. Nizami, Füzuli, Nəsimi kimi saysız hesabsız incilərimiz var.
- Amma sanki arada bir boşluq yaranıb və rabitə qırılıb.
- Bilirsiniz, mən həmişə azərbaycanlıları lal-cəvahirat sandığı üstündə oturub acından ağlayan uşağa oxşadıram. Bizim orta əsrlərdə yaşamış böyük alimlərimiz bizim üçün zəngin, böyük sərvət yaradıblar. Amma o sərvətdən istifadə olunmur, biz onları gün üzünə çıxartmalıyıq. Bizə indiyə qədər elə təlqin edirdilər ki, sanki bizdə mədəniyyət sovet qurulandan sonra yaranıb. Guya ondan qabaq mədəniyyətimiz olmayıb. Halbuki, bizim Nadir şah kimi, Şah İsmayıl kimi böyük hökmdarlarımız olub. Tarixi vərəqləyəndə həqiqətən də çox gözəl, zəngin mənzərə yaranır. Sadəcə olaraq elə bir maneə mövcuddur ki, biz o nəhəngliyimizi görə bilmirik. Mənəvi dəyərlərimiz inkişaf etdikcə biz öz köklərimizdən qidalanırıq. Həm islamdan, həm türkçülükdən, həm qədim köklərimizdən gələn mənəvi dəyərlərdən, həm də müasirlikdən. Fikir verin, nə vaxt ki, türkçülük, müasirlik və islam vəhdət təşkil edib, həmişə intibah olub. Bu Nizaminin dövründə də olub, keçən əsrin əvvəllərində də. Azərbaycanda kimlər yetişmişdi? M.Ə.Rəsulzadə, C.Məmmədquluzadə. M.Ə.Sabir, M. Hadi və.s. Onlar mənəvi köklərdən qidalanmış şəxslər idi. Molla məktəbində islamı yaxşı öyrənmişdilər. Bunları əsas gətirərək demək olar ki, bizdə böyük potensial var. Elə şərait yaranıb ki, qloballaşmanın tempi, Qarabağ problemi ölkədə ajiotaj yaratdı və mənəvi dəyərlər məsələsi yaddan çıxdı. Amma yadımızda saxlayaq ki, SSRİ kimi bir rejimdə baxmayaraq ki, bir çox qanlı hadisələr baş verirdi, yenə də ölkə mənəvi dəyərlər üzərində köklənirdi.
- İdeologiya ilə ayaqda qalırdı.
- Kommunist ideologiyası olsa belə insanları əxlaqi dəyərlərlə bir yerdə tuta bilirdilər. Sovetdən də qabaq bu dəyərləri İslam dini qoruyub. Şəriətdə qəbul olunan, olunmayan dəyərlər, davranışlar bir növ insanları idarə edirdi. Son vaxtlar qəribə bir şərait hökm sürür, insanlar düşünür ki, nə istəyirlərsə onu da edə bilərlər. Tovuzda bu hadisə niyə baş verdi? İnsanlar televiziyaya baxırlar, tez-tez kriminal hadisələr görürlər, istər xəbərlər olun, istər teleseriallar. Əvvəlki mühit yoxdur televiziyada.
- Senzura yoxdur yəni.
- Əvvəllər insanların böyük əksəriyyəti bədii ədəbiyyat oxuyurdu, bədii ədəbiyyat isə insanlara yüksək mənəvi dəyərlər aşılayırdı. Sovet ədəbiyyatı olsa belə.
- Şəxsiyyət ona görə formalaşırdı.
- Koroğlu ilə də formalaşa bilərdi, Ovodla da. Amma nəticədə insan mənəvi dəyərlərlə qidalanırdı. İndi elə ədəbiyyat yoxdur. Yayılan ədəbiyyatlar isə bəzən pornoqrafiya, zorakılıq kimi mövzuları əhatə edir. Bunlar sanki müasirlik kimi qəbul olunub. Əslində bu müasirlik deyil. Müasir texnologiyanın bizə gətirdiyi bəlalardır. Ona görə də bayaq danışdığım 4 meyarın oriyentasiyası çox mühümdür. Ümumiyyətlə, Azərbaycan xalqı fitrəti, gen yaddaşı yaxşı olan xalqdır. Ancaq mühit dəyişib, informasiya dəyişib və son olaraq dəyərlər.
- Biz isə onlara adekvat dəyişə bilməmişik.
- Biz elə etməliydik ki, mühitimiz də, informasiyamız da, dəyərlərimiz də elə bir səviyyədə olsun ki, biz daha yaxşı olaq, daha pis yox. Baxırsan ki, televiziya kanallarında ancaq kriminal hadisələr göstərilir, onun yerinə hansısa nümunəvi bir hadisə, nailiyyət də göstərilə bilər. Televiziyada yalan, xəyanət və.s. mənfi şeylər işıqlandırılır. Bu siyasətdə də müəyyən dəyişiklik olmalıdır. Necə ki, siz mənim facebook statusumu oxuyub reaksiya verdiniz, cəmiyyət də hiss edir ki, bıçaq sümüyə dayanıb və hökmən mənəvi dəyərlərdən istifadə etmək lazımdır. Bu zərurətdir. Cəmiyyətin xilas yolu mənəvi dəyərlərdədir. O, cəmiyyəti qurur, inkişaf etdirir. Artq bunu hər kəs hiss edir. Bu məsələlər reaksiya artıq olmalıdır.
- Cəmiyyətdə baş alıb gedən aqressiya ilə bağlı facebook statusunuzda qeyd edirsiniz ki, sosiologiya, sosial psixologiya, pedaqogika, sosial idarəetmə, sosial iş kimi elmlərin imkanlarından istifadə edərək yeni texnologiyalar hazırlanmalıdır. Bu fikrinizi bir qədər genişləndirməyinizi istərdik.
- Belə izah edim ki, uyğun strukturlar bu işlə məşğul olmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və.s. subyektlərin hazırlayacağı fəaliyyət proqramlarının arxasında elmi təminat olmalıdır. Avropa bu elmləri, elmi mərkəzləri elə-belə yaratmayıb. İngiltərədə, Fransada, Amerikada hər hansısa nazir nəyi necə etmək lazım olduğunu özü oturub fikirləşmir. Həmin mərkəzlərdə aparılan araşdırmaların nəticəsi onların qarşısında olur. Onlar əsasında müzakirələr aparılır, nəticə çıxarılır və qərar qəbul edilir. Bizdə kimə elmi təminatdan danışırsan, soyuq qarşılayır. Biz peşəkar jurnalist, alim ola bilərik, amma bizim də bacarmadığımız işlər var ki, peşəkarı üçün o uşaq oyuncağıdır. Çünki hər sahənin öz mütəxəssisi var və o sahədə digər insanlara münasibətdə daha dərin biliyə malikdir. Mürəkkəbləşən cəmiyyətdə isə mütəxəssislərə, elmi təminata tələb get-gedə artır. Mən həmişə tələbələrimə bu misalı deyirəm. Fərz edin ki, hər hansı bir kənddə 20 ev var, o kiçik cəmiyyəti idarə etmək üçün ciddi elmi təminat lazım deyil. Amma 20 yox 200 ev olsa artıq cəmiyyət mürəkkəbləşməyə başlayır. 2000 olduqda isə artıq mütləq şəkildə strukturlara ehtiyac yaranır. Kompütersiz, elmsiz idarəetmə artıq mümkün deyil. İntellektin imkanları xaricindədir. Sosiologiya necə yarandı? Fransada 19-cu əsrdə çoxsaylı inqilablar baş verirdi. İnsanlar düşünürdü ki, inqilab müsbət nəticələr verəcək. Və həmin dövrdə riyaziyyatçılar, fiziklər, filosoflar cəmiyyəti təhlil etməyə başladılar. Beləliklə pozitiv psixologiya yarandı. Avropada sənayeləşmə getdikcə cəmiyyət mürəkkəbləşirdi və mütəxəssislər görürdü ki, cəmiyyəti idarəetməyə də elm lazımdır. Müasir cəmiyyətdə bu elmlər mütləqdir. Avropada sosiologiyaya hörmət yüksəkdir, amma bizim cəmiyyətdə belə deyil. Sosiologiya, sosial iş dedikdə hamı qeyri-ciddi bir şey kimi baxır. Bu sahədə mükəmməl dərsliklər, kadrlar olmalıdır. Sosioloq, sosial işçi deyilən kəs cəmiyyətin həkimi rolunu oynayır. Təsəvvür edin ki, tibb elmi yoxdur, həkim yoxdur. Cəmiyyətdə də bu rolu sosioloqlar icra edir. Tibbin nailiyyətlərindən istifadə etmədən sağlamlığı qorumaq nə qədər mümkünsüzdürsə, sosioloqun potensialından istifadə etmədən də mürəkkəbləşmiş cəmiyyəti tarazlamaq o qədər çətindir.
- Belə cinayətlərdən qorunmaq, sığortalanmaq üçün nə etmək lazımdır?
- Ən pisi də odur ki, bu məsələlər barədə danışanda deyirlər ki, nə etmək olar, cəmiyyətdə mürəkkəbləşmə gedir, bu belə də olmalıdır. Belə deyil, bu çox səhv fikirdir. Azərbaycanda 10 milyon əhali var, bir neçə milyonu ölkədə deyil, ortada aktiv 4-5 milyon əhali var. Və həmin 4-5 milyonun bayaq dediyim 4 faktora görə davranışını dəyişmək mümkünsüz bir şey deyil.
- Yetər ki, istəyəsən.
- Bəli. Məmurlarda təsəvvür yoxdur ki, bunu dəyişmək olar. Mən bunu həmişə aşılamağa çalışmışam ki, mənəvi məsələlər üzərində köklənmək lazımdır. Mənəvi dəyərləri necə sıxışdırılır? Harınlıq, özbaşınalıq, meşşanlıqla. Sovet dövründə insanlar təhsili, ailəsi, çala bildiyi musiqi aləti, yaxşı mahnı oxumağı ilə fərqlənirdi, amma indi belə deyil. Bu da dəyərlərin dəyişməsi ilə bağlıdır. Biz gərək mənfi hadisələrə, hərəkətlərə qarşı ictimai qınağı artıraq. Televiziyamızda da, qəzetlərimizdə də.
Aytac Hüseynova, Təmkin Məmmədli, 1905.az