www.1905.az portalının suallarını Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli cavablandırdı.
– Əkrəm müəllim, əvvəlcə rəhbərlik etdiyiniz təşkilatın “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında innovativ təşəbbüslərin artırılması” layihəsini gerçəkləşdirməyə qədər keçdiyi yoldan danışaq.
– Göstərdiyiniz diqqətə görə təşəkkür edirəm. Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi bu vaxta qədər bir sıra layihələr həyata keçirib. Bu təşkilat 2004-cü il 29 noyabrında Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. QHT-nin əsas fəaliyyət istiqaməti media sahəsində, o cümlədən Qarabağla bağlı problemləri araşdırmaq, elmi tədqiqatları genişləndirərək bu məsələlərin həllinə dəstək olmaq idi. Bizim mətbuatla bağlı, o cümlədən media iqtisadiyyatının formalaşdırılması, KİV sahəsində iqtisadi münasibətlərin tənzimlənməsi mexanizmləri və digər mövzularla bağlı araşdırmalarımız və layihəmiz olub. Hətta media iqtisadiyyatının inkişaf istiqamətləri ilə bağlı müəyyən tədbirlər, müzakirələr təşkil etmişik. Bütün bu bunlarla paralel olaraq münaqişə, insan faktoru, Qarabağ həqiqətlərinin ortaya çıxarılması istiqamətində layihələrimiz olub.
Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq edərək bir sıra uğurlu layihələrin icrasına nail olmuşuq.
SRTİB-nin layihəsi çərçivəsində yaradılan www.fact-info.az (Fakt Azərbaycan) internet saytı hazırda üç dildə (Azərbaycan, ingilis, rus dilləri) fəaliyyət göstərir.
Təşkilat “Ermənistan-Azərbaycan münaqişəsinin tədqiqatı və həqiqətlərin beynəlxalq aləmə çatdırılması”, “Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası naminə xarici ölkələrdə elektron medianın rolunun gücləndirilməsi”, “Ermənistan-Azərbaycan münaqişəsinin insan faktoruna vurduğu ziyanla bağlı tədqiqatların aparılması və digər layihələr icra edib.
“Ermənistan-Azərbaycan münaqişəsinin insan faktoruna vurduğu ziyanla bağlı tədqiqatların aparılması və bu yöndə innovativ təşəbbüslərin artırılması” layihəsi çərçivəsində iki rayona (Ağdam və Füzuli) münaqişə, ümumilikdə işğal faktı nəticəsində vurulan ziyan təsnifatına uyğun olaraq hesablanıb. Müharibə nəticəsində bu bölgələrdə insan faktoruna vurulan ziyanla bağlı çox maraqlı faktlar ortalığa çıxmışdı. Ermənistanın təcavüzü tək ətraf aləmə, maddi- mədəni resurslara deyil, həmçinin insan faktoruna da dəhşətli ziyan vurmuşdu. Biz layihə çərçivəsində hər iki rayona dəyən ziyanı qismən də olsa müəyyən edib, geniş təhlil etdikdən sonra 2013-14-cü illərdə ictimaiyyətə təqdim etdik.
– İndi də bu günlərdə təqdimatını keçirdiyiniz kitab haqqında. Bildiyim qədər kitab bir neçə illik araşdırmaların məhsuludur.
– XX əsrdə Azərbaycan xalqına qarşı törədilən ən dəhşətli və uzun müddət ictimaiyyətdən gizlədilən soyqırımlardan da biri də məhz 1918-ci il hadisələridir. Biz QHT təmsilçiləri olaraq bu məsələlərin son bir neçə ildə yenidən araşdırılması ilə məşğul olub, hadisələrin coğrafiyasını nəzərə alaraq bir sıra rayonlara səfərlər etmişik.
Bu səfərlər müddətində bölgələrdə yaşlı və məlumatlı insanlardan informasiyalar toplamışıq. Xatırladırıq ki, ötən ilki layihəmizdə belə tədqiqatlar ardıcıl olaraq aparılmışdı.
Bu vaxta qədər isə 6 rayonun 30-a yaxın kəndində olaraq 100-ə yaxın insanla söhbət etmişik. Birbaşa 1918-ci il hadisələrinin iştirakçıları, canlı şahidləri təbii ki, barmaqla sayılacaq qədər azdır. Lakin yaşlı, məlumatlı, bu hadisələri uzun müddət araşdıran insanlar var.
Elə insanlar var ki, onların verdiyi informasiyalara kitablarda rast gəlinmir. Biz apardlğımız araşdırmaları, əldə etdiyimiz məlumatları təhlil edərək, sonda bu qənaətə gəlmişik ki, 1918-ci il hadisələrini-ermənilərin törətdiyi vəhşilikləri bir daha beynəlxalq ictimaiyyətə təqdim etmək məqsədilə yeni bir kitab çap etdirək.
Onu da qeyd edim ki, araşdırmalarımız bir neçə istiqamətdə olub. İnsan faktoruna dəyən ziyanla bərabər həmin dövrdə Azərbaycanın maddi və mədəniyyət resurslarlarına, tarixi memarlıq abidələrinə qarşı törədilən təcavüz faktları da araşdırmalarımızda aydın şəkildə göstərilib.
– Kitab elektron formatda internet istifadəçiləri üçün əlçatan olacaqmı?
– “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabının elektron versiyası istifadəçilər üçün tam açıq olacaq. Biz çalışacağıq ki, maksimum əcnəbi oxucuları ingilis dilli versiyasının oxunuşuna cəlb edək. Yaxın müddətdə internet formatını istifadəçilərin ixtiyarına buraxacağıq. Dostlarımızdan xahiş edəcəyik bu versiyanın daha geniş şəkildə paylanmasında bizə yardımçı olsunlar.
– Soyqırım həqiqətlərimizin dünyaya çatdırılması işində axsamalar da var. Prosesi optimallaşdırmaq üçün nə təklif edərdiniz? Qarşıdan 1918-ci ilin 100-cü ildönümü gəlir.
– Siz çox vacib bir məsələyə toxundunuz. Ümumilikdə Qarabağ məsələsi, Ermənistan –Azərbaycan münaqişəsi və həmçinin 1918-ci il hadisələri ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında müəyyən boşluqlar var. Təbliğatın metodologiyası getdikcə dəyişir. Daha innovativ vasitələrdən istifadə etmək gərəkdir. Düşünmək lazımdır soyuqqanlı Avropa əhlinə soyqırım həqiqətlərimizi necə çatdıra bilərik? Xüsusilə, QHT-lər bu məsələdə daha məsuliyyətli və ayıq olmalıdırlar. Bəziləri həqiqətləri dünyaya çatdırmaq üçün internet saytı yaradır. Layihə bitən kimi sayt fəaliyyətini tam dayandırır. Bu yolverilməz işdir. Əvvəla hər kəs üçün sayt yaratmaq məqsədilə qrant vəsaitinin ayrılması düzgün deyil. İkincisi, maliyyə verən təşkilat belə layihənin davamlı olmasında maraqlı olmalıdır. Nəhayət, sahibkarlar, imkanlı şəxslər bu məsələdə yaxalarını kənara çəkməməlidirlər. Onlarda lazım olan məqamda öz dəstəklərini göstərməlidirlər. Etinasızlıq, bu məsələlərə biganə yanaşma halları olmamalıdır. Bundan əlavə peşəkar səviyyədə Azərbaycan həqiqətlərini dünyaya çatdıran QHT-lərə diqqət artmalıdır. Azərbaycan elə də böyük ölkə deyil ki, kimisə tanımaq çətin olsun. Əlqərəz səmimi və peşəkar səviyyədə Azərbaycan həqiqətlərini dünyaya çatdıran QHT-lər maliyyə sıxıntısı içərisində olmamalıdır.
Nəhayət, soyqırım həqiqətlərimizi dünyaya çatdırmaq üçün bədii və sənədli filmlərin çəkilməsinə daha çox ehtiyac hiss olunur. Filmin təsir etmə imkanları çox genişdir. Kitabla, internet saytları və digər təbliğat vasitələri ilə bərabər cəlbedici filmlərin çəkilişi yaxşı olardı. Mən bəzən düşünürəm ki, bizim rejissorlar, aktyorlar nəyə görə, müharibə mövzusunda dünyada məşhur olan “Pianoçu” səviyyəsində bədii filmlər çəkməsinlər? Bunun üçüm yetərincə, mövzular, potensial var.
Onu da qeyd edim ki, biz 1918-ci il hadisələri ilə bağlı sənədli film çəkmək istəyirdik. Ssenari var. Təəssüf ki, bu və digər önəmli işlərin gerçəkləşməsi üçün lazımı maliyyə dəstəyi hələlik tapa bilməmişik.
Dadaş Musayev, 1905.az