Davamı (əvvəli bu linkdə http://1905.az/%c9%99sassiz-erm%c9%99ni-iddialari-v%c9%99-tarixi-faktlar-2/
Mersani dərəsində erməni terrorçuları tərəfindən xəncər və odlu silahla qətlə yetirilən türk əhali, 23 iyul 1915
Suallar və cavablar
Son vaxtlar qondarma erməni “soyqırımı” ilə bağlı avantüralar yenidən dünya gündəmindədir. Real tarixi faktları görməzdən gələrək heç bir əsası olmayan saxta “dəlil”lərlə beynəlxalq ictimaiyyətin mövqeyini çaşdırmağa yönələn bu kimi bədnam kampaniyalar çərçivəsində əsl həqiqətlərin daha geniş miqyasda təbliğinə zəruri ehtiyac yaranır. 2011-ci ildə Ankarada “Center for Strategic Research” tərəfindən ingilis dilində nəşr edilən “Armenian allegations and historical facts. Questions and answers” (“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”) kitabı bu baxımdan erməni yalanlarına qarşı mübarizədə əsas vasitələrdən biri hesab oluna bilər.
Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər BAXŞƏLİYEVA tərəfindən Azərbaycan dilinə tərcümə olunan və dərci üçün müəyyən ixtisarla redaksiyamıza təqdim edilən bu kitab yalnız elmi ictimaiyyət deyil, ümumilikdə hər bir azərbaycanlı üçün əsl tarixi gerçəkləri öyrənmək baxımından dəyərli istinad mənbəyi ola bilər. Onu müəyyən hissələrlə diqqətinizə təqdim edirik.
5-ci sual:
“Genosid” termininin mənası nədir?
Bu terminin mənası “mükəmməl şəkildə təşkil olunmuş cinayət” deməkdir və tərifi İkinci Dünya müharibəsindən sonra beynəlxalq konvensiyada təsbit olunub. “Genosid cinayətinin qarşısının alınması və genosidə görə cəzalandırılma” haqqında konvensiya 1948-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında təsdiq olunub, 1951-ci il yanvar ayının 11-də qüvvəyə minib. Həmin konvensiya Türkiyə tərəfindən imzalanıb və ratifikasiya edilib.
Konvensiyada genosid cinayəti 3 elementdən ibarətdir. Birincisi, burada milli, etnik, irqi və dini tərkib olmalıdır. Daha sonra konvensiyanın siyahısında göstərilən müəyyən əməllər törədilməlidir. “Qatillərin uşaqları zorla bir qrupdan digər qrupa köçürməsi, qrup üzvlərinə ciddi fiziki və mənəvi ziyan vurması konvensiya siyahısında gələn əməllər arasındadır. Amma ən vacibi həmin qrup insanı tam və ya qismən məhvetmə niyyətinin olmasıdır”.
Bu əsas xarakteristika genosid və homisidin (qətl) başqa formaları olan müharibə və ya üsyanlar nəticəsində baş verən hadisələr arasındakı fərqi aydınlaşdırmağa kömək edir. Məhz müəyyən dini, etnik, milli qrupa aid olduğu üçün insanlar açıq və ya gizli şəkildə fiziki olaraq məhv edildikdə homisid genosidə çevrilir. Bu səbəbdən Sartre Vyetnam müharibəsində Rassel tribunalında qeyd etdi ki, hətta gizli şəkildə bu niyyətin olmasını sübut etmək üçün faktları obyektiv araşdırmalıyıq.
6-cı sual:
Türklər 1915-ci ildə planlaşdırılmış və sistematik erməni qətliamı törədiblərmi?
Osmanlıların 1 noyabr 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması erməni millətçiləri üçün əlverişli fürsət idi. Luis Nalbandyan qeyd edir: “Erməni inqilab komitələri hesab edirdilər ki, Osmanlı imperiyasının müharibə şəraitində olması ermənilərin üsyan etməsi üçün ən əlverişli andır”. Bu hal qarşıdurma zamanı daxili hücumun nisbətən mümkünsüzlüyündən xəbər verirdi.
Hələ müharibə başlamazdan əvvəl 1914-cü ilin avqust ayında Ərzurumda Osmanlı rəhbərləri ilə daşnakların görüşündə Osmanlı hərbi qüvvələri ermənilərin bu müharibədə onlara dəstək olmalarına ümid edirdi. Daşnaklar müharibə başlayan andan etibarən Osmanlı ordusuna sadiq olaraq öz vəzifələrini yerinə yetirəcəklərinə söz verdilər. Lakin bu vəd baş tutmadı, çünki hələ bu razılaşmadan əvvəl məxfi daşnak konqresində 1914-cü ilin iyun ayında Ərzurumda Osmanlı dövlətinə qarşı ümumi hücumun həyata keçirilməsi barədə qərar verilmişdi. Müharibə elan olunandan Rusiya erməniləri rus ordusuna qoşularaq osmanlılara qarşı hücuma hazırlaşdı. Eçmiədzin katolikosu rus canişini, Qafqaz general-qubernatoru Vorontsov-Daşkovu inandırmağa çalışırdı ki, “Rusiyanın osmanlıları məcbur edib ermənilərin xeyrinə bütün islahatlara imza atmasının müqabilində ermənilər Rusiyanın iştirak etdiyi bütün müharibələrdə qeyd-şərtsiz onlara dəstək olacaqlar”.
Sonradan çarın göstərişi ilə Tiflisə təyin olunmuş katolikos deyirdi: “Anadoluda ermənilərin azad olunması türk süzerenindən ayrılmış muxtar Ermənistan vilayətinin yaranmasına gətirəcək və belə bir Ermənistan yalnız Rusiyanın mühafizəsi altında mümkün ola bilər. Həqiqətdə isə ruslar Şərqi Anadolunu ələ keçirmək üçün məhz ermənilərdən istifadə etmək niyyətində idilər ki, katolikos bu məsələdən xəbərsiz idi.
Rusiya Osmanlı imperiyasına müharibə elan edən kimi daşnakların rəsmi orqanı bəyan etdi: “Ermənilər heç bir şübhə oyatmadan Antanta dövlətlərinin tərəfində olduqlarını göstərirdilər və eyni zamanda bütün qüvvələrini Rusiyanın nəzarəti altında cəmləşdirmişdilər və onlar həmçinin könüllü batalyonlar da yaradırlar”.
Erməni daşnak komitəsi Osmanlı imperiyasına qarşı üsyan qaldırmaq üçün əlavə hərbi qüvvələr topladı: “Rusiya sərhədləri keçən kimi və Osmanlı ordusu geriyə çəkiləndə siz hər yerdə üsyan qaldırmalısınız. Beləliklə, Osmanlı ordusu iki od arasında qalacaq. Əgər Osmanlı ordusu Rusiyaya qarşı çıxarsa, erməni əsgərləri ordunu tərk edəcək və Rusiya ilə birləşib quldur dəstələri yaradacaqlar”.
“Hnçak” komitəsinin Osmanlı ərazisindəki təşkilatlarına təlimatı belə idi: “Antantanın, xüsusilə də Rusiyanın müttəfiqi kimi Ermənistan, Qafqaz, Kilikiya və Azərbaycan üzərində qələbə qazanmağa inandırmaq üçün “Hnçak” komitəsi Antanta dövlətlərinə kömək etməkdə bütün vasitələrdən istifadə etməlidir”.
Hətta Osmanlı parlamentində Van millət vəkili erməni Papazyan tezliklə osmanlılara qarşı qüvvələrin lideri kimi özünü göstərərək bəyan edirdi: “Qafqazdakı könüllülər alayı Rusiya ordusu ilə müttəfiq olaraq ermənilərin yaşadığı ərazilərdə əsas mövqeləri ələ keçirmək və erməni ittifaqına birləşərək Anadolunu işğal etmək üçün özünü müharibəyə hazırlamalıdır”.
Rusiya qoşunları Osmanlı ərazisindəki Şərqi Anadoluya doğru irəliləməyi başlayan kimi onlara Osmanlı və Rusiya könüllüləri, həm də Osmanlı ordusunu tərk etmiş və Rusiya ilə birləşmiş ermənilər də qoşuldular. Bir çoxları Osmanlı anbarlarına hücum etmək məqsədilə illər boyu erməni kilsələri və məktəblərində gizli saxlanılan silah-sursatla təchiz olunan quldur dəstələri də yaratdılar.
Müharibə başlamazdan əvvəl bir neçə ay ərzində erməni partizan dəstələri ruslarla sıx əlaqəyə girərək şərqdə yerləşən türk şəhər, qəsəbə və kəndlərinə vəhşicəsinə hücum edir, bu ərazilərin insanlarını amansızcasına qətlə yetirir, eyni zamanda Rusiya qoşunlarının irəliləməsini asanlaşdırmaq məqsədilə yolları və körpüləri dağıdaraq, karvanlara hücum edərək və digər mümkün vasitələrlə Osmanlı qoşunlarına qarşı təxribat törətməklə məşğul idi. Rus ordusunu müşayiət edən könüllü erməni dəstələrinin törətdiyi vəhşiliklər elə həddə çatmışdı ki, artıq rus komandirləri özləri onları ön cəbhədən geri çağırmış və arxa cəbhədə müdafiə-gözətçi vəzifələri tapşırmışdılar. O zamanlar şərqdə xidmət etmiş bir çox rus zabitinin xatirələrində erməni partizanları tərəfindən zamanın ən primitiv müharibə standartları ilə müqayisədə daha amansızlıqla törədilən vəhşiliklər barədə qeydlər öz əksini tapmışdır.
Ermənilərin törətdikləri bu vəhşiliklərdən yalnız türklər deyil, eləcə də digər müsəlmanlar ziyan çəkmişdi. Erməni partizanları yunanların və yəhudilərin onların qiyamçı proqramlarını tam şəkildə dəstəkləməməsinə görə məyusluqlarını gizlətməmişlər. Nəticədə onlar Trabzon və ətraflarında minlərlə yunanı qətliama məruz qoymuş, Hakkaridə isə yəhudilər erməni partizanları tərəfindən kütləvi şəkildə qətlə yetirilmişdi. Bu vəhşiliklərin əsas məqsədi “yeni Ermənistan dövləti” yaratmaq üçün sözügedən ərazilərdə yalnız ermənilərin qalması idi. Bu səbəbdən sülhün bərqərar olmasına hazırlıq məqsədilə ermənilərin həmin ərazilərdə məskunlaşmış əhali arasında çoxluq təşkil etməsini təmin etmək üçün digər millətlərdən olan insanlar qətlə yetirilir və ya canlarını qurtarmaq üçün qaçmağa məcbur edilirdi.
Rus işğalçılarının müşayiəti altında Osmanlı sərhədlərini aşan ilk erməni bölmələrinə inqilabçı Armen Garo adı ilə məşhur olan keçmiş Osmanlı parlamentinin Ərzurum vilayəti üzrə üzvü Qaregin Pastırmacyan rəhbərlik etmişdi. Digər keçmiş Osmanlı parlament üzvü Hamparsum Boyaciyan arxa cəbhədə “Murad” adı altında türk kəndlərini viran qoyan erməni partizan dəstələrinə rəhbərlik etmiş, bu zaman “türk uşaqlarının erməni xalqı üçün böyük təhlükə doğurduğunu iddia edərək onların öldürülməsini” xüsusi olaraq əmr etmişdi. Başqa bir keçmiş Osmanlı parlament üzvü Papazyanın rəhbərliyi altında erməni partizan dəstələri Van, Bitlis və Muş ərazilərini yerlə yeksan etmişdi.
1915-ci ilin mart ayında rus qoşunları Vana doğru irəliləyirdi. Həmin ilin aprel ayının 11-də Van erməniləri Rusiyanın əyaləti tez və asan işğal etməsinə şərait yaratmaq üçün gözlənilmədən qiyam qaldıraraq bütün türkləri qətlə yetirdi. Çar II Nikolay aprel ayının 21-də Vanın erməni inqilab komitəsinə təşəkkür teleqramı göndərərək “Rusiya qarşısında xidmətlərinə görə” minnətdarlığını bildirirdi. Amerika Birləşmiş Ştatlarında dərc olunan erməni qəzeti “Hnçak” 1915-ci il may ayının 24-də Vanda cəmi 1500 türkün sağ qaldığını, qalanlarının qətlə yetirildiyini böyük fəxrlə qeyd edirdi.
1915-ci ilin fevralında Tiflisdə təşkil olunmuş erməni milli konqresində daşnak nümayəndəsi bildirirdi ki, “Rusiya hələ müharibə başlamazdan əvvəl Osmanlı ermənilərini silahlandırmağa və qiyam qaldırmağa hazırlamaq üçün 242 min rubl ilə təmin etmişdi” və bunu da belə izah edirdilər ki, “rus-erməni ittifaqı osmanlıların müharibə cəhdini pozmağa uzun müddətdən bəri müttəfiqlərlə birgə hazırlaşmışdılar”. Bu vəziyyətdə ruslarla birgə şərqdən irəliləyərək, erməni partizanları Osmanlı ordusuna arxadan hücum edərək zərbə endirir, imperiyaya qarşı bütün cəbhə boyu – Qalisiyadan İraqa, Qallipolidən Misir və Suriyayacan vuruşurdu. Belədə osmanlıların erməniləri müharibə zonasından uzaqlaşdırması tamamilə qanuni özünümüdafiə xarakteri daşıyan qərar idi.
Hətta Vandakı qiyam və qırğınlardan sonra Osmanlı hökuməti özünü ermənilərdən müdafiə etmək üçün patriarxı, parlamentin bir neçə erməni üzvünü və digər nümayəndələri görüşə çağırdı və xəbərdarlıq etdi ki, əgər ermənilər müsəlmanları qırmağı dayandırmasalar və hərbi əməliyyatları pozmaqdan əl çəkməsələr, onlara qarşı ciddi tədbirlər görüləcəkdir. Bütün bunlar nəticəsiz qaldığından hökumət fəaliyyətə başladı. 1915-ci il aprelin 24-də erməni inqilab komitələri bağlandı və onların 235 rəhbər üzvü dövlətə qarşı fəaliyyətdə təqsirləndirilərək həbs olundu. Bu həbslərin tarixi erməni millətçiləri tərəfindən həmin vaxtda guya baş verən “soyqırımı” günü kimi anılaraq bütün dünyada hər il qeyd olunur. Halbuki nə o zaman, nə də müharibənin sonrakı illərində soyqırımı baş verməmişdir. İmperiyanın o vaxt üzləşdiyi böyük təhlükələr üzündən erməniləri qorumaq və əmin-amanlığı təmin etmək üçün onları imperiya daxilində Suriya, Fələstin və İraqa köçürmək qərara alındı. Beləliklə, Osmanlı Nazirlər Şurası qərar verdi: “Ön cəbhədə yerləşən şəhər və kəndlərin erməni əhalisinin köçürülməsi rahatlıq və mühafizə ilə təmin olunmalı; qaçqınlar gəlmədən öncə onlar üçün qalmağa yer və qida ehtiyatları hazırlanmalı; xüsusi mülkiyyət və torpaq əvvəlki maliyyə vəziyyəti və cari ehtiyacları nəzərə alınaraq paylaşdırılmalı; əlavə yardıma ehtiyacları olanlara hökumət tərəfindən ev tikilməli, əkinçi və müxtəlif peşə sahiblərini taxıl və avadanlıqlarla təmin etməli”.
Növbəti dəqiqləşdirmə üçün:
“Yuxarıda deyilənlər nəzərə alınaraq erməni inqilab komitələri ilə mübarizədə daha diqqətli olmaq, müsəlman və erməni qırğınına yol verməyən üsullarla həll olunmalıdır”.
“Köçürülən erməniləri müşayiət etmək üçün xüsusi şəxslər üçün hazırlıq görülməli, onların ərzaq və digər zəruri şeylərlə təchiz olunması təmin edilməli və bununla bağlı bütün xərclər mühacirlər üçün ayrılmış büdcədən qarşılanmalıdır”.
“Səfər zamanı ünvana çatanadək mühacirlər ehtiyac duyduqları ərzaqla, yerləşmələri üçün kasıb mühacirlər kreditlə təmin olunmalıdır. Köçürülən şəxslər üçün nəzərdə tutulmuş düşərgələr daimi nəzarətdə saxlanılmalı, rifahı üçün zəruri tədbirlər görülməli və təhlükəsizliyi təmin olunmalıdır. Yoxsul mühacirlərə kifayət qədər ərzaq verilməsini və onların səhhətinin gündəlik həkim nəzarətində saxlanılmasını təmin edin… Xəstələr, kasıblar, qadınlar və uşaqlar dəmir yolu ilə, digərləri isə dözümündən asılı olaraq qatırların belində, arabalarda və ya piyada göndərilməlidir. Hər konvoyu bir mühafizəçi dəstəsi müşayiət etməli, onlar ərzaqla təmin edilməli və təyinat yerinə çatanadək mühafizə olunmalıdırlar. İstər düşərgələrdə, istərsə də səfər zamanı mühacirlərə hücum edilərsə, hücumların dəf edilməsi üçün bütün səylər göstərilməlidir”.
1917-ci ilədək bu yolla aparılan 700 min ermənidən bəziləri irimiqyaslı hərbi əməliyyatlar və keçdikləri ərazilərdə baş verən quldurluq, habelə ümumi təhlükəsizliyin təmin olunmaması və karvanlara hücum edən qəbilələrlə qanlı qarşıdurma nəticəsində həyatlarını itirdi. Bundan əlavə, ermənilər köçürülən zaman imperiyada böyük yanacaq, qida, dərman və digər vəsaitlərin qıtlığı yaşanır, taun xəstəliyi tüğyan edir və aclıq hökm sürürdü. Unutmaq olmaz ki, eyni zamanda şərqdə Osmanlı ordusu aclıq üzündən 90 000 nəfər itki verdi, yaxud da müharibə nəticəsində imperiyanın bütün regionlarında 3 və ya 4 milyon Osmanlı əhalisi köçürülənlərin üzləşdiyi vəziyyətlə üzləşərək həyatını itirdi. Erməni millətçilərinin heysiyyətsizliyi və faciəsi ermənilərin üzləşdiyi bəlaların səbəblərini imperiyanın bütün ərazilərində yaşayan sultan təbəələrinin üzləşdiyi çox mürəkkəb mühitdən kənarda axtarmasında görünür. “XX əsrin ilk soyqırımı” kimi qurama şüarlarla tarixi həqiqətləri təhrif edən saxta iddiaların kölgəsində gizlənən yeganə reallıq bundan ibarətdir”.
Birinci Dünya müharibəsindən sonra 1919-1922-ci illərdə Osmanlı məmurlarına qarşı aparılan hüquqi proseslərin tərkib hissəsi kimi erməni iddiaları araşdırılmağa başlandı. Məğlub edilmiş Osmanlı imperiyasına qarşı irəli sürülən Sevr sülh müqaviləsinə əsasən, Osmanlı hökumətindən “qətliam törətməkdə” təqsirləndirilənləri müttəfiq qüvvələrə təhvil vermək tələb olunurdu. Nəticədə 144 yüksək rütbəli Osmanlı məmuru Britaniya tərəfindən həbs olunaraq mühakimə üçün Malta adasına aparıldı. Həbslərə yol açan məlumatlar əsasən yerli ermənilər və erməni patriarxı tərəfindən verilmişdi. Sürgün olunanlar Maltaya çatdıqdan sonra İstanbulda yerləşən Britaniya işğalçı qüvvələri Osmanlı paytaxtında mütləq hakimiyyəti ələ aldı və sürgün olunan Osmanlı məmurlarını ittiham etmək məqsədilə ən kiçik dəlillər tapmaq üçün təhqiqat apardı.
Britaniyalılar tərəfindən təyin olunmuş erməni tədqiqatçı Hayk Kazaryan Osmanlı və Britaniya arxivlərində olan bütün sənədli sübutları böyük diqqətlə araşdırmağa başladı. Lakin Kazaryan Osmanlı hökumətinin və Maltaya sürgün olunan Osmanlı məmurlarının erməni qətliamını həyata keçirdiyini və ya buna şərait yaratdığını göstərən heç bir dəlil tapa bilmədi.
Bundan sonra Britaniya Xarici İşlər Nazirliyində düşündülər ki, Amerika hökumətində “qətliam” zamanı tərtib olunan çoxlu sayda sənədli sübut mövcuddur. Həqiqətən iddia edilən qətliam 1915-1917-ci illərdə baş vermişdisə, amerikalılarda bu barədə külli miqdarda məlumat olmalı idi. Belə ki, həmin vaxt amerikalı diplomatlar və konsulluq nümayəndələri Türkiyədə sərbəst şəkildə fəaliyyət göstərirdi. Habelə Osmanlı hökuməti köçürülmə zamanı beynəlxalq missioner təşkilatı olan Amerika Yaxın Şərqə Yardım Cəmiyyətinin Anadoluda öz yardım funksiyalarını həyata keçirməsinə icazə vermişdi. Buna görə də onlar bütün cinayətlərin şahidi olmalı və Osmanlı rəsmiləri əleyhinə kifayət qədər dəlil-sübut toplamalı idi.
Beləliklə, əlacsız qalan Britaniya Xarici İşlər Nazirliyi Vaşinqtonda yerləşən Amerika arxivinə müraciət etməli oldu. 1921-ci il mart ayının 31-də Lord Kerzon Britaniyanın Vaşinqtondakı səfiri cənab A.Qeddesə teleqraf göndərərək bildirirdi: “Əlahəzrət Malta hökumətinin əlində olan bir neçə türk erməni qətliamında iştirak etməkdə ittiham edilərək həbs olunub. Onların günahının sübuta yetirilməsində böyük çətinliklər qarşıya çıxır… Xahiş edirəm Birləşmiş Ştatlarda istintaq üçün zəruri olan dəlil-sübutların mövcud olub-olmadığını müəyyən edəsiniz”.
1921-ci il iyulun 13-də Britaniyanın Vaşinqtondakı səfirliyi bu cavabı verdi: “Nəzərinizə çatdırmaq istəyirəm ki, səfirlik əməkdaşlarından biri …Dövlət Departamentinə… getmişdir. Əməkdaşımıza Birləşmiş Ştatların konsullarının baş vermiş vəhşiliklərlə bağı təqdim etdikləri hesabatlara baxmaq icazəsi verilib… Təəssüf hissi ilə bildirirəm ki, hesabatlarda türklərin əleyhinə istifadə ediləcək heç bir dəlil yoxdur…”
İstintaqın yekununda ermənilərin iddialarını əsaslandıracaq heç bir dəlil-sübut tapılmadı. Maltada iki il dörd ay həbsdə saxlanıldıqdan sonra bütün Osmanlı sürgünləri mühakimə olunmadan azad edildi. Sürgün edilənlərə heç vaxt təzminat ödənilmədi.
Sual 7:
Tələt paşa kütləvi qırğınları sifariş edən məxfi teleqram vermişdimi?
Kütləvi qırğınların Osmanlı dövlətinin bir siyasəti olduğunu iddia edən erməni təbliğatı belə bir qərarın həqiqətən də qəbul edilməsi faktının sübutunu tələb edir. Bu məqsədlə ermənilər guya 1918-ci ildə general Allenbinin komandanlığı ilə Britaniya silahlı qüvvələrinin Hələb şəhərini tutduqları zaman tapılan və Tələt paşaya aid edilən teleqramların sayını azaldırlar. Bəyan edilmişdir ki, onlar Naim bəy adlı bir Osmanlı rəsmisinin ofisində tapılmışdır və yalnız ona görə məhv edilməmişdi ki, Britaniya işğalı gözlənilmədən baş verdi. Bu teleqramların nümunələri Aram Andonyan adlı bir erməni müəllif tərəfindən 1920-ci ildə Parisdə nəşr olunmuş, eləcə də Tələt paşanı öldürən erməni terrorçusu Tehliryan Berlin məhkəməsinə təqdim edilmişdi. Bununla belə, məhkəmə bu sənədləri nə “sübut” kimi qəbul etmiş, nə də onların həqiqiliyini təsdiq edən hər hansı bir qərar vermişdi.
Lakin sənədlər tamamilə saxtalaşdırılıb və buna görə də onlardan irəli gələn iddialar qəbul edilə bilməz. Faktiki olaraq onlar 1922-ci ildə Londonun “Daily Telegraf” qəzeti tərəfindən nəşr edilib və burada da Allenbi ordusunun bir kəşfi kimi qeydə alınıb. Lakin Böyük Britaniyanın Xarici İşlər Nazirliyi onlar haqqında Hərbi Nazirliyə və Allenbinin özünə sorğu verdiyi zaman məlum olmuşdu ki, onlar Britaniya ordusu tərəfindən aşkar edilməmiş, Parisdə erməni qrupu tərəfindən hazırlanmışdır. Bundan başqa, Andonyanın təqdim etdiyi topludakı fotoşəkillərin ekspertizası açıq-aydın surətdə göstərdi ki, istər forma, istər qrafika, istərsə də frazeologiya baxımından onlar normal Osmanlı inzibati sənədlərinə oxşamır və çox kobud şəkildə hazırlanmış falsifikasiyadır.
İstanbulun Antanta tərəfindən işğalından sonra ingilis və fransızlar Osmanlı dövlətinin bir sıra siyasi və hərbi xadimlərini və bəzi ziyalılarını müharibə cinayətləri ittihamı ilə həbs etdilər. Bununla onlar sultan tərəfindən müharibədən sonra hakimiyyətdə yerləşdirilən və uzun müddət ərzində siyasi düşməni olan İttifaq və Tərəqqi Partiyasını, onun liderlərini tamamilə məhv etmək üçün əlindən gələn hər şeyi edən Osmanlı Liberal Birlik Partiyasına əhəmiyyətli yardım göstərdilər. Məhbusların əksəriyyəti Maltada həbs cəzasını çəkməyə göndərildi, lakin işğaldan əvvəl qaçıb ölkəni tərk edən İttifaq və Tərəqqi Partiyasının dörd lideri İstanbulda qiyabi olaraq edama məhkum edildi. Üç digər dövlət rəsmisi edama məhkum edildi və cəza icra olundu, lakin məhkəmə qərarının əsaslandığı sübutların saxta olduğu faktı sonradan aşkarlandı.
Bu zaman Britaniya Maltaya göndərilənlərə qarşı dəlillər tapmaq üçün hər cür axtarışa əl atırdı. Osmanlı Liberal Birlik hökuməti ilə tam əməkdaşlığına baxmayaraq, Osmanlı hökumətinə qarşı heç bir ittihamedici sənəd tapılmadı. Britaniya arxivlərində oxşar axtarışlar da nəticəsiz qaldı. Nəhayət, əlacsızlıqdan Britaniya Xarici İşlər İdarəsi Vaşinqtonda Amerika arxivinə müraciət etdi, lakin onların nümayəndələrindən R.C.Kreyqi Lord Kerzona belə cavab yazdı:
“Mən Siz Lord Həzrətlərinə təəssüflə xəbər verirəm ki, hal-hazırda Maltada nəzarət altında saxlanılan türklərə qarşı dəlil kimi istifadə edilə bilən heç bir şey burada yoxdur… Cinayətə dəlil ola biləcək qənaətbəxş heç bir konkret fakt yoxdur… Sözügedən hesabatlar, hər halda, bu türklərə qarşı dəlilləri ehtiva etmirlər, hətta əlavə müşayiətedici kimi faydalı ola bilən məlumatlar artıq əlahəzrətlərinin hökumətinin əlindədir”.
Artıq iki il ərzində məhkəmə araşdırması olmadan, hətta hər hansı bir dəlil və ya sübutu olan ittiham təqdim edilmədən saxlanılmış məhbusların gələcək talelərinin qeyri-müəyyənliyi nəticəsində Xarici İşlər İdarəsi Londonda məhkəmə-hüquq palatasına məsləhət üçün müraciət edir və o, 29 iyul 1921-ci ildə belə qərar çıxarır:
“Bu günə qədər məhbuslara qarşı sürülən ittihamların həqiqiliyini təsdiq edə bilən heç bir ifadə şahidlərdən alınmamışdır. Hər hansı bir şahidin həqiqətən tapıla biləcəyi qeyri-müəyyəndir”.
Həmin zaman Andonyanın istehsal etdiyi “sənədləri” asan əldə etmək mümkün idi, lakin məhkəmədə dəlil kimi təqdim edilə bilən sənədlərin ciddi axtarışlarına baxmayaraq, Britaniya onlardan heç vaxt istifadə etməmişdir, çünki saxta olduğu aydın məsələ idi. Nəticədə məhbuslar heç bir əsaslandırılmış ittiham təqdim edilmədən, 1921-ci ildə sakitcə azadlığa buraxıldılar.
Andonyanın “sənədləri”nin hamısının aşkar saxtakarlıq nümunəsi olduğunu sübut edən silsilə dəlillərin əsas elementlərini bir daha qeyd etmək faydalı olar:
1. Saxtalaşdırılmış “orijinal Osmanlı sənədləri”nin həqiqi olduğunu göstərmək üçün Andonyan baxılan “sənədlər”in, onun dediyinə görə, bir neçəsinin üzərində olan Hələb valisi Mustafa Əbdülxaliq bəyin imzasına istinad edirdi. Rəsmi sənədlərin üzərində Mustafa Əbdülxaliq bəyin qorunub saxlanılmış bir neçə həqiqi imzasının nümunələrinin araşdırılması müəyyən etmişdir ki, Andonyanın “sənədlər”ində iddia edilən imzalar saxtalaşdırılmışdır.
2. Saxta sənədlərdən birində Andonyan Mustafa Əbdülxaliq bəyə aid edilən qeyd və imzanın tarixinə istinad edir. Yenə də Hələb valisi və İstanbulda Daxili İşlər Nazirliyi arasında baş verən həqiqi yazışmanın sənədlərini müqayisə edərkən sübut edilmişdir ki, sözügedən tarixdə Hələbin valisi Mustafa Əbdülxaliq bəy deyil, Bəkir Sami bəy olmuşdur.
3. Andonyanın saxtalaşdırmaları müntəzəm surətdə ona dəlalət edir ki, o, müsəlman və xristian təqvimləri arasında fərq haqqında ya tamamilə xəbərsizdir, da etinasızlıqdan bu fərqi nəzərə almayıb. Elə tək onun bu səhlənkarlığı nəticəsində buraxılmış çoxsaylı səhvlər düzəltdiyi “sənədlər”in saxta olduğunu sübut etmək üçün artıq kifayətdir. Digər məsələlərlə yanaşı, Andonyanın bu baxımdan etdiyi səhvlər sırasında onun uydurulmuş “sənədlər”i üçün istinad nömrələri və tarixlər sisteminin məhv edildiyini də qeyd etmək olar.
4. Nazirlikdən göndərilən şifrələnmiş hər bir məlumatın tarixi və qeydiyyat nömrəsi xaricə göndərilən sənədlərin daxili reyestrlərində təfərrüatlı müqayisə edilmiş və sübut olunmuşdur ki, Andonyanın “şifrələnmiş teleqramlar” adlandırdığı saxta sənədlərin üzərində yerləşdirilən tarix və rəqəmlərin nazirliyin Hələbə sözügedən dövrdə göndərdiyi real şifrələrlə üst-üstə düşmür.
5. Eləcə də Andonyanın “şifrələnmiş teleqramlar”ının türkcə “əsl”lərinin osmanlıların şifrələnmiş məlumatlarının həqiqi nümunələri ilə müqayisəsi göstərdi ki, onun istifadə etdiyi rəqəmlər sisteminin həmin dövrdə osmanlılar tərəfindən istifadə edilən real şifrələrlə heç bir əlaqəsi yoxdur. Beləliklə, o, saxtalaşdırdığı teleqramları etibarlı göstərmək üçün bir sıra istifadə edilməyən, mövcud olmayan şifrələr yaratmışdı. Üstəlik, onun bu növ saxtalaşdırmalarının üzərində olan tarixdən saymağa başlasaq, osmanlılar bu şifrələrdən gərək 6 ay müddətində istifadə edəydilər, bu isə qeyri-mümkün idi. İstifadə olunan şifrələrin dəyişdirilməsinə dair rəsmiləri təlimatlandıran bir sıra sənədlərin nəşr edilməsi onu göstərir ki, müharibə illərində osmanlılar istifadə etdikləri öz şifrələnmiş kodlarını orta hesabla iki aydan bir dəyişdirirdilər.
6. Andonyanın iki saxta məktubu üstündə yazılan və ümumi islam qaydalarına görə bütün Osmanlı sənədlərinin üzərində yazılmağı tövsiyə edilən Bəsmələ ibarəsinin yazı tərzini Osmanlı dövrünün sənədlərinin bir çox əslləri ilə müqayisə edərkən belə qənaətə gəlmək olar ki, Andonyan tərəfindən bu terminin bacarıqsız saxtalaşdırılması ondan irəli gəlirdi ki, qeyri-müsəlmanlar, hətta Osmanlı Türkiyəsini yaxşı tanıyanlar da bu qaydaya riayət etmirdilər.
7. Andonyanın saxtalaşdırmalarından gətirilən bir sıra nümunələr onu nümayiş etdirir ki, hər hansı bir Osmanlı rəsmisinin cümlələrdə bu qədər qrammatik və sintaktik səhvlərə yol verməsi qeyri-mümkündür. Eyni qaydada bir sıra ifadələr, görkəmli Osmanlı məmurlarının guya işlətdiyi ifadələrin bir çoxu heç zaman Osmanlı türkləri tərəfindən istifadə olunmurdu. Andonyanın məqsədi bu hallarda aydın idi: o, sadəcə istəyirdi ki, belə görsənsin, sanki türklər, əslində, onun tərəfindən saxtalaşdırılıb hazırlanmış cinayətləri özləri boyunlarına alırlar.
8. Saxta sənədlər ikisi istisna olmaqla sözügedən dövrdə Osmanlı dəftərxana-bürokratik sistemində istifadə edilən rəsmi kağızlara xas xüsusi əlamətlərsiz olan sadə kağızlar üzərində yazılmışdır. Saxta sənədlərdən birinin osmanlıların heç zaman şəxsi yazışmalarda işlətmədikləri cüt xətli kağız üzərində yazılması Andonyan tərəfindən buraxılmış daha ciddi səhvlərdəndir. Hətta ilk baxışdan Osmanlı dəftərxanasının rəsmi kağızı üzərində yazılmış kimi görünən iki “sənəd” gerçəkdə Osmanlıda hər kəsin hər hansı istədiyi poçt məntəqəsindən teleqram göndərə biləcəyi adi teleqraf blankı üzərində yazılıb.
9. Britaniyalıların məhkəmədə istintaq üçün “Erməni hadisələrinə görə cavabdehlər” kimi əllərində saxladıqları bir qrup Osmanlı rəsmisinə qarşı hər hansı bir “sübut” tapmaq məqsədilə dünya arxivlərində gərgin axtarışda olduqları zaman ingilis nəşrində asan əldə edilə biləcək Andonyanın “sənədlər”indən istifadə etməkdən çəkindikləri Britaniya hökumətinin bu saxta sənədlərin həqiqi mahiyyətindən tam xəbərdar olduğunu göstərir.
10. Əgər Andonyanın saxtalaşdırıb uydurduğu sənədlər doğrudan mövcud olsaydı, onların məxfi-konfidensial mahiyyəti təhlükəsizlik baxımından ictimaiyyət üçün açıq olan teleqraf sistemi ilə deyil, kuryer vasitəsilə çatdırılmasını şərtləndirərdi. Bundan başqa, əgər belə sənədlər həqiqətən də yazılsaydı, təsəvvür etmək mümkün deyil ki, onlar oxunan kimi o saat məhv edilmək əvəzinə üç il ərzində sənəd kimi çətin ki, saxlanaydı.
11. Andonyanın kitabının fransız və ingilis nəşrləri arasında da bir çox fərqlər var. Həqiqətən, bu fərqlərin elə cəhətləri var ki, onları çap xətaları və ya tərcümə səhvləri kimi qiymətləndirmək tamamilə mümkün deyil.
12. Nəhayət, nəzərdən bu faktı da qaçırmamalıyıq ki, hətta erməni dairələri ilə sıx bağlı olan və ermənilərin maraqlarının ifadəçiləri kimi çıxış edən bəzi müəlliflər Andonyanın “sənədlər”inin doğruluğuna şübhələrini bildirmişdilər.
Bir sözlə, “Tələt paşanın teleqramları” adlandırılan sənədlər başdan-ayağa Andonyan və onun əlbirləri tərəfindən düşünülmüş və kobud surətdə həyata keçirilmiş saxtakarlıqdan başqa bir şey deyil.
Bundan əlavə, Osmanlı arxivlərində Tələt paşanın deportasiya zamanı baş verən hücumlara görə cavabdehləri tapıb cəzalandırmağı əmr edən, eyni tarixdə verilmiş və həqiqiliyi şübhəsiz təsdiq edilən bir sıra əmrləri qorunub saxlanılır. Çətin ehtimal edilə bilər ki, o, bir tərəfdən qırğınlar törətməyi əmr edir, digər tərəfdən isə, bu cür cinayətlərlə bağlı araşdırmalar və cəzalar haqqında sərəncam verirdi.
18 fevral 1331-ci il (2 mart 1916-cı il) tarixli Aram Andonyanın saxtalaşdırılmış məktubu. Məktub müsəlman tərəfindən heç zaman yazıla bilməz “bismillah” ilə açılır. Lakin saxtakar Andonyan ən kobud ciddi səhvini məhz məktubun tarixində edib. Görünür, Osmanlı Rumi ilinin çevrimlərinə görə nəzərə alınmalı Rumi və Qriqorian təqvimləri arasında on üç günlük fərq haqqında onun kifayət qədər xəbəri yox idi. O, tarixi hərflərlə verərək bir ili tam olaraq səhv göstərmişdi.
1330 (1915) əvəzinə o, 1331 (1916) yazmışdı. Məktubun məzmunu 1915-ci ilin köçürülmə əməliyyatının çox-çox əvvəl planlaşdırıldığının sübutunu nəzərdə tutur.
“Yaxın Şərqə Yardım Cəmiyyəti” adlı Amerika yardımçı təşkilatına deportasiya zamanı Anadoluda qalmaq və öz funksiyalarını yerinə yetirmək üçün Osmanlı hökuməti tərəfindən icazə verilmişdi. Hətta ABŞ-ın Osmanlı imperiyasına qarşı Antanta tərəfində müharibəyə qatılmasından sonra da həmin təşkilatın Anadoluda qalmasına icazə verilirdi. Bu, İstanbulda Amerikanın səfiri Elkusun hesabatlarında qeyd olunur. Bu halda əgər “ermənilərin qətli” haqqında sərəncam verilmişdisə, Osmanlı hökuməti “qırğınlar”ın şahidi olmaq üçün Amerika təşkilatına icazə vermiş olardımı? Başqa sözlə, Osmanlılar Amerikaya belə deməli idi: “Biz erməniləri qırırıq. Nəyə görə siz bunun şahidi olmayasınız?!” Odur ki, belə əsassız iddia heç vaxt tarixi faktların məntiqi izahı ola bilməz.
Nəhayət, ən vacibi odur ki, müharibə sona çatan zaman erməni əhali Qərbi Anadolu, Trakiya və İstanbulda hələ də əhəmiyyətli sayda mövcud idi. Əgər Osmanlı hökuməti qırğınları sifariş etsəydi, aydın məsələdir ki, həmin əhali də həlak olardı. Ona qalsa, əgər Osmanlı hökuməti imperiyanın bütün ermənilərini məhv etmək istəsəydi, xarici müşahidəçilərin gözlərinin qarşısında şərq zonalarında yaşayanların genişmiqyaslı deportasiyasının keçirilməsi əvəzinə onları yaşadığı yerlərdə qətlə yetirib məhv edərək məqsədinə daha asan yolla çata bilərdi.
Beləliklə, Osmanlı hökumətinin imperiyada ermənilərin kütləvi qırğınını sifariş etməsi və bunun həyata keçirilməsi haqqında iddialar dəlillərlə sübut edilmir və faktlar bu iddiaları təkzib edir.
(ardı var)
“Azərbaycan” qəzeti, 2 iyul 2016