Davamı (əvvəli bu linkdə http://www.azerbaijan-news.az/index.php?mod=3&id=100449)
Hnçak erməni terrorçu dəstəsi, 2 mart 1915
Suallar və cavablar
Son vaxtlar qondarma erməni “soyqırımı” ilə bağlı avantüralar yenidən dünya gündəmindədir. Real tarixi faktları görməzdən gələrək, heç bir əsası olmayan saxta “dəlillərlə” beynəlxalq ictimaiyyətin mövqeyini çaşdırmağa yönələn bu kimi bədnam kampaniyalar çərçivəsində əsl həqiqətlərin daha geniş miqyasda təbliğinə zəruri ehtiyac yaranır. 2011-ci ildə Ankarada “Center for Strategic Research” tərəfindən ingilis dilində nəşr edilən “Armenian allegations and historical facts. Questions and answers” (“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”) kitabı bu baxımdan erməni yalanlarına qarşı mübarizədə əsas vasitələrdən biri hesab oluna bilər.
Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər BAXŞƏLİYEVA tərəfindən Azərbaycan dilinə tərcümə olunan və dərci üçün müəyyən ixtisarla redaksiyamıza təqdim edilən bu kitab yalnız elmi ictimaiyyətə deyil, ümumilikdə hər bir azərbaycanlı üçün əsl tarixi gerçəkləri öyrənmək baxımından dəyərli istinad mənbəyidir. Onu müəyyən hissələrlə diqqətinizə təqdim edirik.
8-ci sual:
Birinci Dünya müharibəsi dövründə 1,5 milyon erməni həlak olmuşdur?
Erməni təbliğatçılarının iddiasına görə 1,5 milyondan 2 milyona qədər erməni “soyqırımı” nəticəsində öldürülmüşdür. Onların digər iddiaları kimi, bu da zaman keçdikcə rəqəmləri şişirdilmiş əsassız iddiadır. Müharibədən dərhal sonra ermənilər 600.000 erməninin öldürüldüyünü iddia etdilər. Daha sonra bu rəqəm 800.000-nə qaldırıldı, indi 1,5 milyon insandan bəhs edirlər, sabah isə 3 milyondan danışa bilərlər. Britaniya Ensiklopediyasının (Encyclopedia Britannica) 1918-ci ildəki nəşrində 600.000 erməninin öldürüldüyü qeyd olunur, ensiklopediyanın 1968-ci ildəki nəşrində bu rəqəm 1,5 milyona qaldırılmışdır.
Nə qədər erməni ölmüşdür? Həmin illərin dəqiq ölüm statistikası olmadığından bu rəqəmi dəqiq göstərmək qeyri-mümkündür. Üzərində hesablama oluna bilən yeganə mənbə həmin dövrdə Osmanlı imperiyasında yaşayan erməni sakinlərinin sayıdır. Hətta burada belə rəqəmlər ermənilərin iddialarının digər mənbələrlə müqayisədə çoxluğu ilə fərqlənir.
İddia olunan erməni sakinlərinin sayı:
1. Erməni müəllifi Lartın İstanbulun patriarxı tərəfindən təqdim olunmuş rəqəmlərə əsaslanaraq – 2.560.000
2. Erməni tarixçisi Basmacyan -2.380.000
3. Paris Sülh Konfransında Milli Erməni Komitəsi – 2.250.000
4. Erməni tarixçisi Gevork Asyan – 1.800.000
5. Fransız Sarı Kitabı – 1.555.000
6. Britaniya Ensiklopediyası – 1.500.000
7. Konstenson – 1.400.000
8. Linç – 1.345.000
9. 1914-cü il rəsmi Osmanlı statistik məlumatı – 1.295.000
10. İllik qeydiyyat (London) – 1.056.000
Ermənilərin şişirdilmiş rəqəmlərini kənara qoysaq, Qərb hesablamaları 1.056.000 və 1.555.000 arasında dəyişərək 1.295.000 rəsmi Osmanlı siyahısı ilə az və ya çox dərəcədə uyğunlaşır. İmperiyada hər bir erməninin öldürüldüyü qeyd olunan (təbii ki, bu, baş verməyib) erməni soyqırımı necə baş verə bilər?
Odur ki, həqiqi erməni tələfatı nə qədərdir? Tələt Paşanın “Bilik və inkişaf partiyası”nın son konqresinə təqdim olunan hesabatında bu rəqəm 300.000 civarında hesablanmışdır. Fransız ruhanisi Monsenyor Tuşet 1916-cı ilin fevralında “Uvrdorient”in (“Oeuevred’Orient”) konqresində ölənlərin siyahısının 500.000 olduğunu qeyd edərək bu rəqəmin şişirdilə biləcəyini də əlavə etmişdir.
Toynbi erməni itkisinin 600.000 olduğunu qeyd etmişdir. Eyni rəqəmə Britaniya Ensiklopediyasının 1918-ci ildəki nəşrində də rast gəlmək olar. Həmçinin ermənilərin özləri də eyni rəqəmi əvvəllər təsdiq etmişdilər. Paris Sülh Konfransında erməni nümayəndə heyətinin başçısı Boqos Nubar qeyd etmişdi ki, müharibədən sonra 280.000 erməni Türkiyədə yaşayırdı, 700.000 erməni isə müxtəlif ölkələrə köçmüşdü. Boqos Nubarın hesablamalarına görə, müharibədən əvvəl erməni əhalisinin sayı 1.300.000 olmuşdur. Bu səbəbdən belə nəticəyə gəlmək olar ki, erməni tələfatı 300.000 idi. Bu rəqəm həmin dövrdə 3 milyon türkün qətlinə uyğun olaraq onların ümumi sayının eyni tənasübün göstərir. Bir daha faktlar erməni iddiaları ilə uyğunlaşmır.
Adapazarında ermənilərdən toplanan silah və bombaların bir qismi
9-cu sual:
Sevr müqaviləsi hələ də qüvvədədirmi
Erməni təşviqatçıları iddia edirlər ki, Şərqi Anadoluda erməni dövlətinin yaranmasını təmin edən Sevr müqaviləsi hələ də qanuni qüvvədədir və bunu “erməni torpaqları”nı “qaytarmaq” üçün bünövrə kimi istifadə edirlər. Əslində isə bu müqavilə heç vaxt qüvvəyə minməmişdir. O dəyişdirilərək Lozanna müqaviləsi ilə əvəzlənmiş və bu səbəbdən artıq qanuni gücünü itirmişdir. Əlavə olaraq, daşnaklar 28 may 1918-ci ildə İrəvanda Ermənistan Respublikasını qurandan sonra 4 iyun 1918-ci ildə Osmanlı dövləti ilə Batum müqaviləsini imzalayır. Bu müqavilə Ermənistan Respublikasının xarici işlər naziri Hadisyan tərəfindən ermənilər də daxil olmaqla Osmanlı imperiyasının ərazisinə və əhalisinə olan bütün iddiaların erməni millətçiləri tərəfindən tamamilə rədd olunması belə təsvir olunub:
“Türkiyə erməniləri Osmanlı imperiyasından ayrılmaq barədə artıq fikirləşmirlər. Onların problemləri Ermənistan Respublikası və Osmanlılar arasında nigarançılığa səbəb deyil, Osmanlı İmperiyası və Ermənistan Respublikası arasında münasibətlər əladır və bu, gələcəkdə də belə qalmalıdır. Bütün erməni siyasi partiyaları eyni fikirdədir. Belə yaxşı qonşuluq ruhunun davam etdirilməsi mənim xarici işlər naziri olduğum erməni hökumətinin bu yaxınlarda elan etdiyi proqramın prinsipial hədəflərindən biridir”.
1918-ci il 28 iyunda daşnak orqanı “Hayreniq” yazır:
“Rusiya siyasətinin Türkiyəyə qarşı düşmənçiliyi Qafqaz ermənilərinin xoşuna gəldi, bu səbəbdən Qafqaz erməniləri iki mehriban xalq arasında konfliktə sövq olundular. Şükürlər olsun ki, bu vəziyyət çox çəkmədi. Rusiya inqilabından sonra Qafqaz erməniləri onların təhlükəsizliyi ancaq Türkiyə ilə yaxşı münasibətlər əldə etməklə mümkün olacağını bilib əllərini Türkiyəyə uzatdılar. Türkiyə də keçmişin hadisələrini unutmaq istəyirdi və uzadılan əlləri dostluqla qəbul etdi. Biz erməni məsələsinin həll olunub keçmişə gömüldüyü ilə razılaşırıq. Xarici agentlər tərəfindən yaradılmış qarşılıqlı şübhə və ədavət hissləri aradan qaldırılmışdır”.
Bu bəyanatlar aydın göstərir ki, Birinci Dünya müharibəsindən sonra erməni məsələsi müqavilələrlə tamamlanmışdır. Baş verən hadisələr türklərin deyil, rusların və ermənilərin məsuliyyətində idi, pis rəftara məruz qalanlar isə türklərdən qeyrisi deyildi.
Doğrudur, Birinci Dünya müharibəsindən bir müddət sonra Ermənistan Respublikası bu məsələni yenidən qaldırmışdır. Daşnak bəyannaməsinə baxmayaraq, 1918-ci ilin yayında erməni dəstələri Şərqi Anadoluya axın etməyə başladılar. Daşnaklar tərəfindən Ermənistan Respublikasının yaranmasının birinci ildönümü – 28 may 1919-cu ildə “Ermənistan Şərqi Anadolunu birləşdirmişdir” elan olundu, bu isə öz növbəsində (guya) Brest-Litovsk müqaviləsi ilə Osmanlı imperiyasına qaytarılmış Şərqi Anadolu torpaqlarına iddianı əks etdirirdi. Erməni iddialarını tədqiq edib tənzimləmə tövsiyə etmək üçün Amerika Prezidenti Vilson 1919-cu ilin payızı Anadoluya general Ceyms G.Harbordun başçılığı ilə amerikan araşdırma komissiyası göndərir. Komissiya sentyabr və oktyabr ayları ərzində Anadolunu başdan-başa gəzib konqresə belə raport göndərir:
“Türklər və ermənilər əsrlər boyu yanaşı sülh şəraitində yaşayıblar, sürgün zamanı türklər ermənilər qədər əziyyət çəkmişlər və müharibəyə getmiş kəndlilərin ancaq 20%-i öz evlərinə qayıda bilmişlər. Birinci Dünya müharibəsi başlanarkən və daha əvvəl ermənilər erməni əraziləri adlandırılan yerlərdə çoxluq təşkil etməmiş, onlar hətta əgər bütün sürgün olunmuş ermənilər qayıtsa belə, çoxluğa sahib olmazlar, qayıdan ermənilərin təhlükədə olacaqları haqda iddia isə təsdiq olunmamışdır”.
Bu protokol nəticəsində 1920-ci ilin aprelində Amerika Konqresi Şərqdə ermənilərin öz dövlətini qurmaları üçün Anadolu üzərində bu məqsədə çatmaqdan ötrü imkan verən Amerika Mandatı təklifini rədd etdi.
1920-ci il avqustun 10-da ermənilər prezident Vilson tərəfindən sərhədləri müəyyənləşdirilən Osmanlı dövləti tərəfindən müstəqil Ermənistan dövlətinin qurulmasının tanınacağına çoxdan ümid bəslənilən Sevr müqaviləsinin imzalanmasına qoşuldular. Bu müqavilə isə ancaq İstanbuldakı Osmanlı hökuməti tərəfindən imzalandı, halbuki türklərin və ölkənin çoxu Mustafa Kamalın rəhbərlik etdiyi və aktiv şəkildə bu müqaviləyə və onun müddəalarına qarşı çıxan Ankara hökumətinin hakimiyyətini tanıyırdı.
Bu arada 1918-ci ildə Birinci Dünya müharibəsinə son qoyan Mudros müqaviləsinin ardınca Adana vilayəti fransızlar tərəfindən tutuldu. İngilislər Urfa, Maraş və Antepi tutdular, lakin sonra onları da fransızlara verdilər.
Fransız qoşunlarının bu əraziləri zəbt etməsi Anadolunun cənub və cənub-şərqində fransız uniforması geymiş ermənilərin gəlməsi ilə müşayiət olundu və onlar dərhal Türkiyə vilayətlərini dağıdıb bir çox türkləri qətlə yetirdilər. Bu vəhşiliklər türkləri müqavimət göstərməyə sövq etdi və bir daha Avropada türklərin erməniləri qətliam etməsi barədə təbliğatın yayılmasına səbəb oldu. Bu dəfə ancaq fransızların özləri bu vəhşiliklərə son qoymaq üçün erməniləri arxa cəbhəyə göndərməyə məcbur oldular. Erməni iddiaları açıqcasına saxta idi və heç kəs həqiqətdə ona inanmırdı.
Amerika Konqresinin Anadolu üzərində mandatı qəbul etməməsindən sonra 1920-ci ilin iyun ayından başlayaraq Qafqazda Ermənistan Respublikası Türkiyəyə hücum etdi, Şərqi Anadoluya partizan dəstələri və yaxşı nizamlanmış qoşun dəstələri göndərərək, yerli əhalinin genişmiqyaslı qətliamını həyata keçirdilər. Ankara hökuməti sentyabr ayında müdafiəyə başladı və qısa müddət ərzində erməni qüvvələri məğlub edildi, Şərqi Anadolu geri qaytarıldı, asayiş və təhlükəsizlik yenidən bərpa olundu. Ankara hökuməti və Ermənistan Respublikası arasında 3 dekabr 1920-ci ildə imzalanmış Gümrü (Aleksandropol) müqaviləsi ilə hər iki tərəf yeni sərhədlər qəbul edib Sevr müqaviləsini etibarsız elan etdilər. Ermənilər həmçinin Türkiyəyə qarşı bütün ərazi iddialarını geri götürdülər.
Bundan qısa müddət sonra Qırmızı Ordu İrəvana daxil olaraq Sovet Ermənistanı yaratdı. 18 fevral 1921-ci ildə İrəvandakı üsyanda daşnaklar yenidən Ermənistan üzərində nəzarəti ələ aldılar. Yeni Vratziyan hökuməti 18 martda Ankaraya nümayəndələr göndərərək bolşeviklərə qarşı Türkiyədən kömək istədi. Daşnaklar tərəfindən 2 il əvvəl Türkiyənin ermənilər tərəfdən işğalını nəzərə alsaq, bunu doğrudan da qəribə hadisə hesab etmək olar. Daşnak hökuməti yaşamadı, Sovetlər yenidən İrəvanda nəzarəti ələ aldılar.
1921-ci il martın 16-da Türkiyə Sovetlərlə Moskva müqaviləsi imzaladı, bununla da Türkiyə və Sovet İttifaqı arasında dəqiq sərhədlər müəyyənləşdirildi. Beləliklə, 13 oktyabr 1921-ci ildə Türkiyə Sovet Ermənistanı ilə yeni sərhədləri və həmçinin Sevr müqaviləsinin həmişəlik etibarsızlığını göstərən Qars müqaviləsini imzaladı.
Cənub cəbhəsində vəziyyət Ankara tərəfindən Fransa ilə 20 oktyabr 1921-ci ildə müqavilə ilə müəyyənləşdirildi. Fransa nəinki öz ordusunu, həmçinin onlarla əməkdaşlıq edən erməni partizan və könüllülərini ölkədən çıxardı. Ermənistan dövlətini qurmaq ümidi ilə Adanada toplaşan ermənilərin əksəriyyəti Livanda yerləşdilər. Bu müqavilə Hatayın Türkiyəyə sonrakı qaytarılmasını və Mustafa Kamal və “Müstəqillik uğrunda Türkiyə müharibəsi” aparan liderləri tərəfindən tərtib olunmuş “Türkiyə Milli Paktı”nın şərtlərini yerinə yetirilməsini mümkün etdi.
Bütün bu qaydalar effektiv şəkildə Şərqi Anadoluda erməni dövlətinin yaradılması ambisiyalarını heçə endirdi. 29 iyul 1923-cü ildə Sevr müqaviləsinin yerinə imzalanmış Lozanna müqaviləsi heç ermənilərin adını çəkmədi, bu səbəbdən erməni millətçiləri bu gün də heç vaxt qüvvəyə minməmiş Sevr müqaviləsini bərpa etməyə çalışırlar.
10-cu sual:
Türkiyədə yaşayan ermənilərin şəraiti necə idi
Erməni millətçi təbliğatı Türkiyədə ermənilərin zülmə məruz qaldıqlarını tez-tez iddia edirlər. Onların bu taktikaya müraciəti tək türklərin tarix boyu erməniləri təqib etməsi iddiasını gücləndirmək deyil, həm də erməni qruplarının birləşdirici fəaliyyətini təmin etmək və xarici dövlətlərin Türkiyənin daxili işlərinə müdaxilə etməsini təmin etməkdir. Digər erməni iddiaları kimi bu da faktlara əsaslanmır.
Türkiyədə bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Onlar eyni hüquqlara malikdirlər və hər hansı ayrı-seçkilik olmadan eyni öhdəlikləri var. Bu hüquq və azadlıqların həyata keçirilməsi konstitusiya zəmanəti altındadır. Türkiyədə ermənilər digər qeyri-müsəlman dini icmalar kimi Lozan Sülh Müqaviləsinin azlıqlara aid təminatlarından faydalana bilirlər.
Bu gün Türkiyədə yaşayan 60000 ermənilərin digər vətəndaşlardan heç bir ayrı-seçkiliyi yoxdur. Onlar digər Türkiyə vətəndaşları kimi eyni hüquq və imtiyazlara malikdirlər və qanun tərəfindən təmin edilmiş hüquq və azadlıqlardan faydalana bilirlər. Türkiyədə ermənilər öz kilsələrində ibadət edir, ana dillərində olan məktəblərə gedə bilirlər. Digər Türkiyə vətəndaşları kimi onlar qəzet, kitab və jurnalları erməni dilində nəşr edirlər, özlərinə məxsus sosial və mədəni institutlardan faydalana bilirlər. İstanbulda erməni icmasının 18 məktəbi, 17 mədəni və ictimai birliyi, üç gündəlik qəzeti, beş dövri mətbuatı, 2 idman klubu, 57 kilsəsi, 58 təməl binası və 2 xəstəxanası vardır.
Bu çərçivədə Türkiyədə dini azlıqlara aid qanunvericiliyin təkmilləşməsi ilə bağlı əhəmiyyətli irəliləyişlər baş verir. 2003-cü ilin yanvar ayında qəbul edilmiş Dördüncü AB uyğunlaşma paketinə əsasən qeyri-müsəlman dini qurumlara dəstək olaraq daşınmaz əmlakın alınması nəzərdə tutulmuşdur. Eyni paket yenidən qeyri-müsəlman din və təriqətlərin ibadət yerlərinə ehtiyaclarını təmin etmək üçün “Tikinti haqda” qanunda əksini tapmışdır. 2005-ci il yanvar ayında dini azlıqlarla bağlı məsələlərə aid qəbul edilmiş qətnamə Baş Təhlükəsizlik Müdirliyinin və müvafiq sub-qubernatorluğun səlahiyyətlərinə təhvil verilmişdir.
Türkiyə əsasən müsəlman əhalisi olan dünyəvi dövlətdir. Avropa Şurası Parlament Assambleyasının 1380 (2004) №-li qətnaməsinə əsasən, “… bu unikal vəziyyət onun tolerantlıq və qarşılıqlı hörmətə əsaslanan Avropa demokratik dəyərlərinə önəm verdiyini təsdiq edir”.
Dünyəvilik Türkiyə Respublikasının əsas prinsipi kimi vətəndaşlarının hər hansı dini etiqadlarına neytrallığını təmin edir.
Türkiyə erməniləri digər fərqli dini mənsubiyyəti olan Türkiyə vətəndaşları kimi azad cəmiyyətin firavan və xoşbəxt yaşamaq fürsətindən faydalana bilirlər. Onların bir çoxu imkanlı tacirlər, görkəmli incəsənət xadimləri və nüfuzlu elm adamlarıdırlar. Türkiyədəki ermənilər türklər kimi Türkiyə vətəndaşı olmağından fəxr edirlər və erməni millətçiləri tərəfindən bu ölkə haqqında xaricdə onların adından yayılan yalanlara dərin qəzəb hissi duyurlar.
Subatanda ermənilər tərəfindən soyqırıma məruz qalmış türklər, 25 aprel 1918
11-ci sual:
Türkiyə və Ermənistan arasında indiki münasibətləri necə təsvir etmək olar
Türkiyə 1991-ci ildə Ermənistanın müstəqilliyini tanımış və bu ölkənin dünya birliyinin tamhüquqlu üzvü olmasına yönəldilmiş səylərinə tammiqyaslı dəstək göstərmiş ölkələrdən biri olmuşdur.
Lakin az qala on beş ildən sonra bu ölkə ilə diplomatik əlaqələri qurmaq hələ mümkün deyil.
Türkiyə və Ermənistan arasında münasibətlərə üç amil təsir göstərir.
1) Ermənistan Türkiyə ilə sərhədlərini rəsmi tanımaqdan imtina edir və bununla əlaqədar Türkiyəyə qarşı ərazi iddialarını irəli sürür.
Türkiyə və Ermənistan arasında sərhəd 1921-ci ilin Qars sazişinə görə müəyyənləşmişdir. Ermənistan, Azərbaycan, Gürcüstan Sovet Respublikaları və Türkiyə arasında imzalanmış bu beynəlxalq saziş həmçinin Türkiyənin Gürcüstan və Azərbaycan ilə hazırkı sərhədlərini müəyyənləşdirir.
Lakin öz müstəqilliyinə nail olmasından bəri Ermənistan bu sazişin etibarlılığını rəsmi tanımaqdan imtina edir. Beləliklə, Yerevan bir tərəfdən sərhədlərin açılmasına çağırır, digər tərəfdən isə özünə zidd olaraq həmin sərhədi rəsmi tanımaqdan imtina edir.
Ermənistanın Müstəqillik Bəyannaməsinin 11-ci maddəsini və Konstitusiyasının 13-cü maddəsini də qeyd etmək lazımdır. Ermənistanın Müstəqillik Bəyannaməsində Türkiyənin Şərqi Anadolu regionu “Qərbi Ermənistan” adlandırılır. Bundan başqa, Ermənistan Konstitusiyasının 11-ci maddəsinin 2-ci bəndi Türkiyədə yerləşən Ağrı dağı Ermənistanın dövlət rəmzi olmasını bildirir.
Qonşu ölkə ilə sərhədin tanınmaması və Konstitusiya səviyyəsində sənədlərdə həmin qonşu ölkəyə qarşı bu cür iddialar ərazi iddiası kimi qiymətləndirilməlidir.
2) Əsassız tarixi iddialar:
Doğru tarixi faktları inkar edən Ermənistan Türkiyəni “genosid” (“soyqırımı”) törətməsində ittiham edir və həmin “genosidin” beynəlxalq səviyyədə tanınmasını istəyir. Bu uydurma həmçinin Ermənistanın Müstəqillik haqqında Bəyannaməsinə daxildir. Bu yalan iddianın bütün dünya tərəfindən həqiqi fakt kimi tanınması Ermənistan xarici siyasətinin əsas məqsədlərindən biridir.
3) Ermənistan beynəlxalq hüquq və prinsiplərə riayət etməkdən imtina edir.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini illərlə işğal edir.
Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri Ermənistanı işğala son qoymağa çağırır və Ermənistanı regionun başqa ölkələrinin ərazi bütövlüyünə hörmət etməyə dəvət edir, Ermənistan beynəlxalq səviyyədə qəbul edilmiş normalara və prinsiplərə uyğun siyasət aparmaqdan imtina edir və regionda sülh və təhlükəsizliyi pozur.
Türkiyə Ermənistandan beynəlxalq birliyin məsuliyyətli üzvü olmasını, qonşularına qarşı düşmən siyasətini dayandırmasını və Cənubi Qafqazda sülh və sabitlik mühitini yaradan addımlara kömək etməsini gözləyir.
Türkiyə Ermənistan ilə münasibətlərini normallaşdırmaq istəyir. Lakin xüsusi qeyd etmək lazımdır ki, bu, yalnız yuxarıda göstərilən məsələlərin həll olunmasında müəyyən irəliləyiş şərtilə mümkündür. Bunu nəzərə alaraq Ermənistan dövlət təmsilçiləri ilə müzakirə üçün kanallar açıq saxlanılır.
Ermənistan ilə münasibətlərinin tədricən normallaşması şərtlərinə uyğun olaraq, Türkiyə iki ölkənin xarici işlər nazirlikləri və nazirləri arasında müzakirə prosesi çərçivəsində birgə razılaşdırılmış “yol xəritəsinə” daxil etimada doğru müxtəlif tədbirləri qüvvəyə saldı.
Lakin qarşılıqlı münasibətlərin normallaşması həmçinin Ermənistanın siyasi iradəsindən, Türkiyə və başqa qonşuları ilə münasibətlərinin beynəlxalq hüququn əsas prinsiplərinə və qonşuluq ruhuna uyğun konstruktiv yanaşmasından və uzun illərlə davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına kömək etməyə hazır olmasından asılıdır.
Nə vaxt Ermənistan Türkiyənin addımlarına layiqli cavab vermək iradəsini bildirsə, o zaman Türkiyə də öz addımlarını davam edəcəkdir.
12-ci sual:
Türkiyə və Ermənistan arasında birgə keçmiş ilə bağlı dialoqun hansı perspektivləri var
Əksər hallarda dostluq, tolerantlıq və dinc qonşuluq ruhunda olmuş Türkiyə və Ermənistan arasında münasibətlər təqribən min il bundan əvvəl başlamışdır. Lakin hazırda bu əlaqələr 1915-ci ilin faciəvi hadisələrinin ittihamedici versiyasının prizmasından təqdim olunur. Belə bir mühit bu iki ölkənin Birinci Dünya müharibəsi zamanı baş vermiş hadisələr barədə açıq danışmağı, birgə tarixdən düşmənçilik əvəzinə düzgün dərs alması və dostluğu bərpa etməsini çətinləşdirir.
Osmanlı imperiyasının son illəri xalq üçün faciəli bir dövr idi. Türklər, ermənilər və başqa xalqlar xeyli əzab çəkdilər. Bu dövrü ancaq bütövlükdə dərk etmək olar.
Ermənilərə görə isə ancaq onların çəkdiyi əzablar nəzərə alınır, müxtəlif üslublar vasitəsilə saxtalaşdırılır və beləliklə, türklər tərəfindən ermənilərə qarşı genosid kimi təsvir olunur. Ermənilərin söylədikləri nağıllara qarşı əsaslı cavab, elmi tədqiqata, yaxud müxtəlif izahatlara əsaslanarsa, “yanlış təbliğat” kimi pislənilir. Bu cür hərəkətlər, eyni zamanda, erməni diasporu tərəfindən türklərə qarşı çıxış və yazılarla, Türkiyə tarixinə və mirasına böhtan atılması ilə müşayiət olunur.
Əslində, Türkiyə ermənilərin əzab çəkdiklərini inkar etmir. O, 1915-ci ilin faciəli hadisələrinin bir tərəfin digər tərəfə qarşı törətdiyi genosid kimi təqdim edilməsini inkar edir. Bu cür birtərəfli yanaşma erməni milli əfsanələrinə üstünlük verir və türklərin arasındakı itkiləri nəzərə almır.
Milli xatirələr vacibdir, lakin reallığı ancaq xatirələrdən yaratmaq olmaz. Türklər və ermənilərin xatirələri arasındakı kimi ziddiyyətlər olanda, sanballı elmi tədqiqat xüsusi əhəmiyyət kəsb edir. Çoxlu insanların xatirələrinə hörmət etmək, tarixdən düzgün dərs almaq və qarşılıqlı acıma hiss etmək üçün etibarlı və obyektiv faktoloji zəmin lazımdır.
Belə zəmini yalnız Türkiyə və Ermənistan arasında qarşılıqlı razılaşdırılmış, bu məsələnin tarixi üzrə ixtisaslaşmış mütəxəssislərdən ibarət bir komissiya yarada bilər.
Dialoq təşəbbüsü 2005-ci il aprelin 10-da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən Ermənistan prezidenti Robert Koçaryana təkcə Türkiyə və Ermənistanın yox, həmçinin digər ölkələrin arxivlərində 1915-ci il hadisələri və proseslərindən bəhs edən və öz tapıntılarını dünyaya yaymalı olan tarixçilərdən ibarət birgə komissiyanı təsis etmək dəvəti kimi yaranmışdır. Bu komissiya eyni zamanda, digər ölkə alimləri üçün də açıq idi. Türkiyənin Böyük Millət Məclisi də baş nazirin təşəbbüsünü qətiyyətlə dəstəklədi. Ümid yarandı ki, bu təşəbbüs mübahisəli bir dövrə aydınlıq gətirib iki ölkə arasında münasibətlərin normallaşmasına doğru addım olacaq. Bu addım ilə Türkiyə öz keçmişindən qorxmadığını və təklif etdiyi birgə tarix komissiyasının nəticələri ilə üzləşməyə hazır olduğunu göstərdi.
Bu dəvət Avropa Birliyinə daxil olan ölkələrin hökumətləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Strasburqda Avropa Şurası Parlament Assambleyasının 97 üzvü Ermənistanı Türkiyənin təklifini qəbul etməsinə çağıran bəyanat imzaladılar. Amerika Birləşmiş Ştatları Türkiyənin təşəbbüsünü tolerantlıq və əməkdaşlıq ruhuna doğru təşəbbüs kimi alqışladı və ümid etdi ki, bu, yeni və faydalı dialoqun başlanğıcı olacaq.
Erməni diasporunun daxilində mövcud barışmaz qrupların göstərdiyi müqavimətə baxmayaraq, Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmaq istəyirdi. İsveçrənin köməyi ilə Türkiyə və Ermənistan arasında danışıqlar 2009-cu il oktyabrın 10-da “Diplomatik münasibətlərin qurulması haqqında” və “Münasibətlərin inkişafı haqqında” adlı protokolların imzalanması ilə nəticələnmişdir.
Həmin protokollarla iki ölkə bərabərlik, suverenlik, bir-birinin daxili işlərinə qarışmama, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət, mövcud sərhədləri qarşılıqlı qəbul etmə və həmin sərhədlərin açılması qərarını bildirmə, qonşuluq münasibətləri ruhuna zidd hər cür siyasətdən uzaqlaşma, qarşılıqlı münasibətlərin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və tarixi aspektlər də daxil olmaqla bir neçə sahə üzrə də komissiya yaratmağa razılaşdılar. Nəqliyyat, energetika, elm, təhsil, ticarət, turizm, ətraf mühit məsələləri geniş əməkdaşlıq çərçivəsində faydalı sahələr kimi qeyd olunmuşdur.
Türkiyə normallaşma prosesinə və bu protokollara türklər və ermənilər arasında ənənəvi dostluq münasibətlərini yenidən qurmaq, habelə Cənubi Qafqazda sülh və əməkdaşlıq mədəniyyətinin yaradılmasına yardım göstərmək imkanı kimi baxır.
Bu protokolların həm Türkiyə, həm də Ermənistanda ratifikasiyası iki ölkə arasında münasibətlərin normallaşması üçün əsas olacaqdır. Bu prosesin uğurla başa çatması həmçinin regionda sülh, sabitlik və barış mühitinə yardım göstərəcəkdir.
“Mövcud problemlərin və müvafiq tövsiyələrin müəyyənləşdirilməsi məqsədilə tarixi yazıların və arxivlərin obyektiv elmi araşdırılması daxil olmaqla iki millət arasında qarşılıqlı etimadı bərpa etmək üçün dialoq aparmalı” tarix komissiyasının təsis edilməsi barədə “Münasibətlərin inkişafı haqqında” adlı protokolda razılıq xüsusilə vacibdir. Bu komissiyanın məqsədi türklərin və ermənilərin birgə keçmişinə aid iki xalqın yaddaşı arasında fərqləri aradan qaldırmaq və onlara sadəcə, birgə yaddaşa nail olmağa kömək göstərməkdir.
“Azərbaycan” qəzeti, 3 iyul 2016