Mən bilirdim ki, bu işlərin axırı yaxşı olmayacaq.
“Bu işlər” deyəndə illərdən bəri 100 manatlıq əskinasları yığmağımı nəzərdə tuturam. Bu qırmızımtıl kağız parçalarına olan böyük marağım böyük problemlərin ortaya çıxmasına səbəb olub. Və mən söz verirəm ki, daha belə etməyəcəyəm. Çünki, səhvimi başa düşmüşəm.
Necə oldu ki, səhvimi başa düşdüm?
Mən səhvimi bugünlərdə yayılmış bir xəbəri oxuduqdan sonra başa düşdüm. Güman edirəmki, “APA-Economics”in yaydığı xəbəri siz də oxumusunuz. Və məlumatınız var ki, “Azərbaycanda banklardan nağd pulun 100 manatlıq əskinaslarla götürülməsi üçün komissiya haqqı müəyyən edilib”. Bu nə deməkdir? Bu o deməkdir ki, “fevralın 1-dən etibarən Mərkəzi Bank tərəfindən 100 manatlıq əskinasların nağd məxarici üzrə 0,3% tarif müəyyən olunub”. Bə bu niyə belə olub? Ona görə ki, “son 7 il ərzində 100 manatlıq əskinasların tədavüldə xüsusi çəkisi 75%-ə çatıb, bu isə beynəlxalq təcrübədə qəbul edilmiş normadan yüksəkdir”. Təsəvvür edirsinizmi?
Onu qeyd etməyi unutdum ki, “100 manatlıq əskinasa tariflərin tətbiqi banklar tərəfindən tranzaksiyalarda digər əskinasların payını artıracaq” və “bu da əhalinin nağd pulun strukturuna olan tələbinin ödənilməsi zamanı adekvatlığı təmin edə bilər.”
Kim düşünərdi ki, mənim dünyanın ən etibarlı valyutalarından biri olan Azərbaycan manatına marağım belə fəsadlara, yəni bunca mühüm məsələdə adekvatlığın itməsinə gətirib çıxara bilər?
El diliylə desək, “milyon faiz” bu işdə kiçik, orta və böyük ölçülü dəfinələr formalaşdıran təqaüdçülərin, əla məvacib alan alimlərin,həkimlərin və müəllimlərin, eləcə də digər yüksək təminatlı insanların rolu olub.
Bu aksiomdur. Teorem-zad deyil ki, isbata ehtiyacı olsun.
Daha bir xəbər də oxumuşam. Bu da şad xəbərdir.Və yenə də əskinaslarla bağlıdır. Eşidin və agaholun. Tezliklə təzə pullar çıxmalıdır, daha böyük nominallı. 200 və 500 manatlıq.
Hamımızı düşündürən əskinas məsələsi tam həllini bu pullar çıxandan sonra tapa bilər. Elə tapacaq da.
Hə, bir də, manatın avrodan nəyi əskikdir? 200 və 500 avroluq pullar ola bilər, 200 və 500 manatlıqlar yox?!
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 56-57)