Qondarma erməni soyqırımının 100 iliyi ərəfəsində bütün dünya erməni yalanları ilə çalxalanır. 100 illiyə hazırlaşan Ermənistan erməni diaspor təşkilatlarının dəstəyi ilə xüsusi fəaliyyət proqramı çərçivəsində dünyanın müxtəlif ölkələrində genişmiqyslı tədbirlərə hazırlaşırlar.
Belə bir zamanda Türkiyə tarixinin ən çətin zamanları ilə üz-üzə dayanaraq qondarma soyqırım iddialarının əsassız olduğunu sübut etməlidir. Tarixi araşdırmalar göstərir ki, 1915-ci ildə Türkiyədə erməni soyqırımı törədilməyib, əksinə müharibə edən dövlət yüksək imkanlar tanıdığı vətəndaşları tərəfindən xəyanətə məruz qalıb. Türk Tarix Kurumundan verilən məlumata görə, ermənilər tarixdə Makedoniya, Roma, Sasani, Bizans, ərəb və türklərin hakimiyyəti altında yaşayaraq eramızın 301-ci ilində xristianlığı ilk dəfə rəsmi din kimi qəbul ediblər. Məhz buna görə də daha sonralar bunu qabardaraq xristian dünyasında özlərinə dəstək axtarışında uğur qazanıblar: “Ermənilər öz rahatlıqlarının pozulması və müstəqilliklərini itirmələrini türklərin Anadoluya gəlişi ilə əlaqələndirilər. Halbuki Erməni Krallığına son verən də, onları Anadolunun içərisinə doğru sürgün edən də öz dindaşları olan Bizans İmperiyası olub. Erməni xalqı Anadolunun tarixinə gömülən digər Hind-Avropa tayfaları kimi əriyib getmək üzrə ikən, Səlcuq hökmdarı Alparslan Bizans İmperiyasının bölgədəki hakimiyyətinə son qoyub”.
Ermənilərin ilk xəyanətləri
Türk tarixçilərinin araşdırmalarını təqdim edən Tarix Kurumu bildirib ki, ermənilərin öz xilaskarlarına dönük çıxması üçün ilk fürsəti monqollar verib. Belə ki, səlcuq sultanı 2-ci Qiyasəddin Keyxosrov 1243-cü ildə Anadolunu tərk edərkən ermənilərin xəyanəti ilə qarşılaşıb və ermənilər onu tutaraq monqollara təslim edib. Osmanlı imperiyası yarandıqdan sonra ermənilər üçün daha yaxşı şərait yaradılıb. Fateh Sultan Mehmet dönəmində ermənilərə din və vicdan azadlığı verilib, erməni Patrikliyi yaradılıb. Bundan sonra İstanbula və digər Osmanlı topraqlarına xaricdən çox sayda erməni köç edib. Tarixdə ermənilər bəlkə də ilk dəfə dini azadlıqlarına qovuşub.
“Sadiq millət” necə xəyanətkara çevrildi?
Qurumun məlumatına görə, ermənilər 19-cu əsrin sonlarına qədər Osmanlı rəhbərliyi altında yaşayıb. Əsgərlik etməyən və qismən vergidən azad olunan ermənilər ticarətlə gəlir əldə edib, bir çox dövlət qurumlarında yüksək vəzifələr tutublar. “Cəbhədə məhv olan türklərin yerinə bürokratik vəzifələr tutan ermənilər arasında 5 nazir, 22 paşa, 33 millət vəkili, 7 səfir, 11 konsul, 8 tibbi general, 42 yüksək dərəcəli məmur var idi. Rum üsyanından sonra Osmanlıya yerləşdirilən ermənilərə Osmanlı dövlətinə xidmətlərinə görə “sadiq millət” (“millet-i sadıka”) adı verildi. 19-cu əsrin sonuna qədər Osmanlıda erməni problemi yox idi. 1878-ci ildə baş verən Osmanlı-türk müharibəsində ruslar sürətlə ölkənin içərisinə doğru irəliləyirdi. Məhz bu müharibədə Osmanlı dövləti öz sadiq millətini, yəni erməniləri də itirdi. Ermənilər bir tərəfdən Şərqi Anadoluda ruslara qarşı savaşan osmanlıların yollarını kəsdi, digər tərəfdən də üsyan etdi”.
1915-ci il aprelin 24-də əslində nə baş vermişdi?
Tarixə gəlincə isə, araşdırmalara görə, hər şey Sarıqamışda başlayıb. 1914 – cü ilin dekabr ayında Allahu-Əkbər dağlarında Ənvər paşa və əsgərləri qarşılarında rus ordusunu görəcəyini düşünürdü, ancaq arxadan ermənilərin xəyanəti ilə üzləşdilər. Şəhidlərin sayı 65 minə çatmışdı. Könüllü erməni birliklərinin Sarıqamışda Ənvər paşanın rəhbərliyi altındakı Osmanlı ordusuna dəstəyin kəsilməsi nətisəcində 90 min əsgər donaraq şəhid oldu. Çanaqqalada amansız döyüş davam edərkən ermənilər əllərinə silah alıb Osmanlı ordusuna arxadan zərbə vururdu. Müharibə davam edərkən düşmənlə işbirliyi edənlərə göz yumula bilməzdi. Rus ordusu irəlilədikcə ermənilərin müsəlmanlara qarşı soyqırımı başladı. Müharibə bölgəsindən ermənilərin çıxarılması artıq vacib idi. 1915-ci il aprelin 15-də Vanda ermənilər türklərə qarşı qətliam törətdi. Aprelin 24-də 235 nəfəri İstanbulda olmaqla çox sayda erməni həbs olundu. Ermənilər bu həbslərin həyata keçirildiyi 24 apreli qondarma erməni soyqırımı günü elan etdi. Həmin il mayın 27-də çıxarılan qanuna görə, ermənilərin Osmanlı imperiyasının şərq torpaqlarından daha içərilərdəki İraq, Suriya və Livan bölgələrinə köçürülməsi qərara alındı. 1918-ci il 19 dekabrda çıxarılan geri dönüş qərarı ilə Osmanlı ermənilərinin bir çoxu Anadoluya geri qayıtdı. Geri dönən 350-400 min erməniyə həm evləri geri verildi, həm də rəsmi sənədlərlə ambarlarda saxlanılan malları qaytarıldı. Düşmən dövlətlərin ermənilərə vəd etdikləri “Böyük Ermənistan” artıq onlar üçün bir xəyal idi. Şərqi Anadoluda dəhşətli soyqırım törədən ermənilərlə 3 dekabr 1920-ci ildə Gümrü müqaviləsi imzalandı. Beləliklə ermənilər onlara vəd edilən torpaqlardan vaz keçdiklərini rəsmən qəbul etmiş oldular. Türk ,Tarix Qurumunun məlumatına görə, 1960-cı ildən başlayaraq erməni lobbisinin Amerika və digər qərb ölkələrindən dəstək alaraq başladıqları kampaniya daha sonralar terrora çevrildi. 1973- 1994-cü illərdə 36 türk dövlət məmuru qətlə yetirildi. Uzun illərdir ki, ermənilərin iddia etdikləri soyqırım tarixinin birgə araşdırılması üçün edilən müraciətlərə erməni tərəfi müsbət cavab vermir. Türkiyə bu gün Ermənistanla sərhədləri açmaq üçün Dağlıq Qarabağın işğalına son verilməsini, soyqırım iddialarından vaz keçilməsini tələb edir.
Erməni həqiqəti arxiv sənədlərində
Türk Tarix Qurumunun erməni araşdırmaları başqanı olmuş professor, doktor Hikmət Özdəmirin sözlərinə görə, 1918-ci ilə qədər osmanlılar Rusiya ilə 7 dəfə müharibə edib. Bu müharibələrdən 6-da məğlubiyyətə uğrayıb. 1885-ci ildə Vanda bir erməni partiyası yaradılıb. Ardınca 1887 və 1890-cı ildə daha iki belə partiya yaradılıb: “Bu partiyaların yaradılmasından sonra 1890-cı ildə üsyanlar başlayıb. Bunların arasında hətta padşaha sui- qəsdlər belə olub. 1914 –cü ildə müharibə başlayanda səfərbərlik elan edildi və 5 dəfə erməni üsyanı baş verdi. Bu üsyanların başında isə Osmanlı Məclisində təmsil olunan erməni əsilli Qaragen Basdırmaşıyan və digər ermənilər dayanırdı. Ermənilər, erməni lobbisi bir dəfə də olsun bu üsyanlardan, on minlərlə türkün qətlə yetirilməsindən danışmırlar. Türkiyə dünyada ən alçaq iftiraya məruz qalıb. Əgər ortada dövlət tərəfindən həyata keçirilən bir soyqırım varsa, bunu isbat etmək lazımdır. Osmanlı dövlətinin köçürülmə siyasəti təkcə ermənilərə qarşı həyata keçirilməyib. O dönəmdə Rusiya 700 min türkü köçürüb. Ermənilərin həmin dönəmdə türklərə qarşı xəyanəti və onlara qarşı cəbhədə yer almalarının bır çox arxiv sənədləri ilə təsdiqlənidiyini deyən Özdəmir bu sənədlərin bir çoxunun xarici ölkələrdə saxlanıldığını bildirib. Belə sənədlərdən biri Fransanın Misir səfiri Defrencenin yazısıdır. Həmin arxiv sənədinə əsasən erməni milli nümayəndə heyətinin rəhbəri Nübar paşa Adana və Mərsində əhalinin 40 faizinin erməni olduğu və Osmanlı ilə müharibə edən dövlətlərə kömək edəcəyini bildirdiyini yazıb. Bu arxiv sənədi 1914-cü il 14 noyabr tarixini əhatə edir. 1914-1915-ci illərdə “Horizon” qəzetində yayımlanan bir erməni məktubu isə Van, Bitlis və Muşda erməni üsyanının davam etdiyini xəbər verir. Başqa bir arxiv sənədi Rusiyanın Fransadakı səfiri Sazanovun 14 may 1915-ci ildə göndərdiyi məktubdur. Həmin məktubda ermənilərin Van və Çatakda üsyan etdiyi, 6 min nəfərin öldürülüdüyü əks olunub. İngiltərənin İstanbul səfirliyinin 1921-ci ildə dünyadakı ermənilərin sayı və onların arasında Osmanlı ermənilərinin tutduğu yer barədəki hesabatında da da həmin dövrdə çıxan erməni üsyanları barədə məqamlar yer alıb. ABŞ-ın Hələb konsulu Ceksonun bu şəhərə gələn yardım qurumları vasitəsilə kömək göstərilən erməni köçkünlərlə bağlı məktubu da arxivdə saxlanlan və həmin dövrün gerçəkliklərini əks etdirən sənəddir. Konsul bu hesabatı ABŞ-ın İstanbuldakı səfiri Henri Morqenthauya 8 fevral 1916-cı il tarixdə göndərib. Bütün bu və digər arxiv sənədləri ermənilərin 1915-ci ildə Türkiyədə soyqırımın qurbanı olduqları iddialarını təkzib edir.
Elnarə ƏLOSMANQIZI