“1905.az” Diskussiya klubunun növbəti toplantısında “Son nəfəsədək” (https://www.youtube.com/watch?v=tok6GGPnvEQ) filminə baxdıq. Müzakirələrdə filmin prodüseri və ssenari müəllifi Nurəddin Aslanov, baş rolun ifaçısı, əməkdar artist İlqar Cahangir və aktyor İlqar Musayev iştirak edirdi.
“Frame” Production şirkətinin 2018-ci ildə istehsal etdiyi “Son nəfəsədək” filminin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam isə Mehriban Əfəndidir.
Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Məhərrəm Qurbanov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov, Novruz Cəfərov, Vaqif Kərimov kimi aktyorlar rol alıb.
Real hadisələr əsasında çəkilən “Son nəfəsədək” filmində birinci Qarabağ müharibəsi dövründə qəhrəmanların göstərdiyi rəşadət canlandırılıb. Film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir. Film Qarabağ müharibəsinin lap ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə edir.
“1905.az” portalının direktoru, əməkdar jurnalist Fuad Babayev “Son nəfəsədək” kimi ekran əsərlərinə indiki dövrdə böyük ehtiyac olduğunu vurğuladı. Nurəddin Aslanovun belə filmlərin gəlir gətirməməsi ilə bağlı mətbuatda getmiş fikrinə münasibət bildirən çıxışçı qeyd etdi ki, blokbastr, əkşn filmər tamaşaçılar tərəfindən çox maraqla qarşılanır, filmdə topoqrafik dəqiqliyin olması da onun izlənməsini maraqlı edən amillərdəndir.
Filmin prodüseri və ssenari müəllifi Nurəddin Aslanov filmin şahidi olduğu real hadisələr əsasında lentə alındığını vurğuladı. O qeyd etdi ki, Fuzuli rayonunun Yuxarı Veysəlli və ətraf kəndlərin erməni işğalına qarşı qeyri-bərabər mübarizəsini, Yavər İsgəndərovun qəhrəmanlığını ekranlaşdırmağı özünə borc bilib.
Filmdə baş rolun ifaçısı əməkdar artist İlqar Cahangir Yavər İsgəndərov obrazı ilə bağlı onun dostları, qohumları ilə ünsiyyətindən danışdı. Zahirən rəhmətlik Yavərə bənzədiyindən filmdə qrimdən az istifadə edildiyini vurğulayan əməkdar artist qeyd etdi ki, belə qəhrəmanları oynamaq bir aktyor kimi mənim üçün çox vacibdir. İlqar Cahangirin fikrincə, kino ən böyük ideologiyadır. Əgər real olaraq 15-20 belə film çəkilsəydi, onda qəhrəmanlarımızı xalq tanıyardı. Təbii ki, komediyalar, əyləncələr də olmalıdır. Amma bu gun bizim problemimiz varsa, belə filmlər mütləq olmalıdır.
Filmdə əsas rollardan birini oynayan İlqar Musayev də bu qəbildən olan filmlərin çox olmasına arzuladı. Azərbaycanda Qarabağ mövzusunda çəkilmiş “Dolu”, “Xoca”, “Yaddaş”, “Bulağıstan” kimi filmlərdə rol alan aktyor belə filmlərə böyük dəstək göstərilməsinin vacibliyinə diqqət çəkdi. Daha sonra aktyor kinoteatrların bu filmin hətta pulsuz nümayişinə belə biganə münasibətindən gileyləndi.
1905.az