Azərbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı qırğınları ayrıca yer tutur.
İndiki Şamaxı, Ağsu, İsmayıllı, Qobustan və Hacıqabul rayonlarının ərazilərini əhatə edən Şamaxı qəzasında 1917-ci ilin əvvəlləri üçün, Şamaxı şəhəri də daxil olmaqla 161 552 nəfər əhali yaşayırdı ki, onların da 72,8 %-ni müsəlmanlar, 13,8 %-ni ermənilər, 12 %-ni ruslar (o cümlədən, sektantlar-molokanlar), qalan əhalini isə dağ xalqları nümayəndələri və yəhudilər təşkil edirdilər. Şamaxı şəhərinin özünün 27752 nəfər əhalisinin 21 127 nəfəri – müsəlman, 4534 – erməni, 1737 – rus, 214- Qafqaz dağlıları, 136 nəfəri isə yəhudilərdən ibarət idi. Əhalinin bu etnik-dini nisbəti tam mənası ilə müsəlman əhalisinin xeyrinə olsa da, qəzanın və şəhərin inzibati-idarəçilik sistemində rusların, eləcə də bütün idarə strukturlarında geniş təmsil olunan və mühüm mövqeləri tutan ermənilərin mövqeyi daha yüksək idi. Şamaxı şəhərinin şərti olaraq iki hissəyə bölünməsi, “Aşağı” yaxud “Müsəlman” hissəsi adlanan məhəllələrdə yalnız azərbaycanlıların, özü də əsasən kasıb təbəqələrin yaşaması, “Yuxarı” və ya “Erməni” hissəsində isə erməni, rus və yəhudilərin, qismən də zəngin azərbaycanlıların məskunlaşması şəhərin etnik baxımdan özünəməxsusluğunu göstərirdi. Bu iki hissə arasında – mərkəzdə isə “Piran-Şirvan” adlanan və yalnız kübar və imkanlı təbəqələrə məxsus azərbaycanlıların mülklərindən ibarət ən abad yaşayış massivi yerləşirdi və Şamaxının idarəçiliyində təmsil olunan azərbaycanlı xadimlərin məhz burada yaşaması şəhərin iki hissəsi arasında olan fərqi sanki bir qədər tənzimləyirdi.
Rusiyada çarizmin devrilməsi, daha sonra bolşeviklər tərəfindən hakimiyyət çevrilişi nəticəsində bütün Cənubi Qafqaz regionlarında olduğu kimi Bakı quberniyasına daxil olan Şamaxı qəzasında da idarə-struktur dəyişikləri baş verir, nəticədə şəhər başçısı, Şamaxı şəhər Duması, qəza komissarı kimi vəzifələri azərbaycanlılar tuturlar. Eyni zamanda şəhərin və qəzanın ictimai-siyasi həyatı nəzərəçarpacaq dərəcədə canlanır, qəzanın demək olar ki, bütün əsas xalqlarının nümayəndələri öz milli təşkilatlarını yaradırlar. Şamaxının müsəlman əhalisi ermənilərin müsəlmanlara qarşı rəftarının açıq-aydın dəyişməyə baladığını, saymazlıq, həqarət, təhqir kimi halların artdığını görsələr də ilk vaxtlar bunun səbəbini anlamırlar. Şamaxıda fəaliyyət göstərən Müsəlman, Erməni Milli Şuraları və Rus Cəmiyyəti Komitəsi ölkədə baş verən qarışıqlıq və hərc-mərclik şəraitində əmin-amanlığı saxlamağa çalışırlar. Lakin 1918-ci ilin əvvəllərindən qəzada iqtisadi problemlərin güc toplaması, xüsusilə ərzaq məhsullarının qıtlığı və aclığın başlanması nəticəsində Şamaxı cəmiyyətində hökm sürən nisbi sakitlik narazılıq və gərginliklə əvəz olunur. Qəzanın ərzaqla təminatının pozulmasında Şamaxı Ərzaq Komitəsinin komissarı Atabekyanın əli olduğu faktı aşkar edildikdə bu gərginlik daha da artır. Müsəlman xadimləri, o cümlədən İcraiyyə Komitəsinin üzvü, tanınmış şair və müəllim Abbas Səhhət Atabekyanın hərəkətini açıq-aydın təxribat adlandırır. Atabekyanın tutduğu vəzifədən azad edilməsi qəzanın erməni əhalisinin müsəlmanlara qarşı artıq gizlətmək istəmədikləri düşmənçilik hisslərini gücləndirir. Erməni Milli Şurası və “Daşnaksütun” partiyasının yerli təşkilatı azərbaycanlıların geniş təmsil olunduqları şəhər hakimiyyətinə yönəlmiş məqsədyönlü şantaj və böhtan kampaniyasını qızışdırır, müsəlmanların tezliklə qəzanın xristian əhalisinə qarşı çıxış edəcəkləri barədə şayiələr yaymaqla rus-molokan əhalisini də bu təxribatlara sövq edirlər. Müsəlman və xristian əhalisi arasında ilk açıq münaqişə artıq 1917-ci ilin sonlarında – Şamaxıda yerləşən rus hərbi qarnizonunun şəhəri tərk edərkən silah və sursat anbarını ermənilərə təhvil verməsi və ermənilərin milis dəstələri adı altında hərbi qarnizon yaratması ilə başlayır. İcraiyyə Komitəsinin azərbaycanlı üzvləri bu özbaşınalığa qarşı çıxdıqda ermənilər azərbaycanlıların müharibədə iştirak etmədiyini bəhanə edərək yalnız molokanları hərbi qarnizona buraxacaqlarını bildirirlər. Müsəlmanlar azərbaycanlı-ların da bu qarnizona daxil edilməyinə müvəffəq olsalar da, qarşıdurma nəinki səngiyir, əksinə Bakıdan Şamaxının erməni kəndlərinə fasiləsiz olaraq silah-sursat göndərildiyi haqda məlumatlar nəticəsində getdikcə daha kəskin xarakter alır. Qəza komissarı Azad bəy Qocamanbəyov, şəhər başçısı Teymur bəy Xudaverdiyev, dini rəhbərlər -Axund, Müfti və d. nüfuzlu azərbaycanlıların müsəlman və erməni əhali arasında əvvəlki dinc qonşuluq və mehribanlıq əlaqələrini bərpa etmək sahəsində gördükləri tədbirlər, o cümlədən erməni xadimləri ilə birgə keçirilən müzakirə və yığıncaqlar bir nəticə vermir. Qəzada yaşayan xalqlar arasında sülhün qorunması üçün azərbaycanlıların təklifi ilə yaradılan və şəhərin hər üç icmasının nümayəndələrinin daxil olduğu Şamaxı Millətlərarası Şuranın fəaliyyəti tezliklə ermənilərin məkrli siyasəti sayəsində heçə endirilir. Ermənilərin açıq-aydın silahlandığı faktını gizlətmək artıq mümkün olmadıqda erməni xadimləri bunun müsəlmanlara qarşı yönəlmədiyini, yalnız qəzanın xristian əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi güddüyünü iddia edirlər.
1918-ci ilin əvvəllərində şəhərin müsəlman əhalisi Şamaxı ermənilərinin fəal surətdə öz evlərini və əmlaklarını sataraq başqa yerlərə, xüsusilə qəzanın erməni kəndlərinə köçdüklərini, Mədrəsə, Sagiyan və d. erməni kəndlərinin silahlı erməni əsgərlərlə və hərbi-sursatla möhkəmləndirildiyini müşahidə edirlər. Böyük həyəcan və təşviş doğuran bu hallar Bakıdakı Azərbaycan Milli Şurasının və müxtəlif müsəlman təşkilatlarının üzvləri, Bakıda yaşayan şamaxılılardan gələn yeni-yeni məlumatlarla təsdiqlənir. 1918-ci ilin yanvar ayında tanınmış ictimai-siyasi xadim İsa bəy Aşurbəyov şamaxılı Məmməd Əli bəy Veysovu Bakıdan Şamaxıya erməni kəndliləri arasında paylanmaq üçün 12 furqondan ibarət müxtəlif silah-sursat karvanının göndərildiyi barədə xəbərdar edir. Şamaxı Millətlərarası Şuranın erməni üzvləri ilə həmin furqonlardan heç olmasa ikisinin silahlarını müsəlman kəndlilərinə paylamaq barədə razılıq əldə etmiş azərbaycanlı xadimlər karvana hücum edərək silahları ələ keçirmək istəyən ətraf müsəlman kəndlərinin sakinlərini bu fikirdən daşındırsalar da, nəticədə silah dolu furqonların nə qarşısını, nə də bir hissəsini almaq mümkün olmur. Silahlar öz ünvanlarına – erməni və molokan kəndlərinə çatdırılır.
Bu epizod 1917-ci ilin sonlarından başlayaraq Şamaxı qəzasının erməni və molokan kəndlərinin məqsədyönlü surətdə silahlandırıldığı göstərən onlarla faktlardan biri idi. Silahların Bakıdan, Erməni Milli Şurası tərəfindən, “Daşnaksütun” partiyasının yaxından iştirakı ilə göndərildiyi də məlum idi. Qəzanın azərbaycanlı rəhbərləri bütün bu silahların gec-tez müsəlman əhalisinə qarşı yönələcəyini başa düşsələr də, bu məsələləri tənzimləmək iqtidarında deyildilər.Həmin dövr Azərbaycan milli qüvvələrinin nəinki qəzalardakı müsəlman əhalisini silahlandırmaq, hətta yaratmaqda olduqları Azərbaycan ordusunu lazımi silah-sursatla təmin etmək imkanları son dərəcə məhdud idi. 1917-ci ildə rus ordusu Qafqazdan çıxdıqdan sonra bu ordudan qalan bütün əmlak bölüşdürülərkən azərbaycanlıların Rus ordusunda xidmət etmədiklərini bəhanə edən Zaqafqaziya hökumətinin gürcü və erməni nümayəndələri Azərbaycan əhalisinin silah payını verməkdən imtina etmişdilər. Hətta Bakı quberniyasının hökumət milisi üçün 500 tüfəng almaq xahişi də rədd olunmuşdu. (Bakıdakı erməni təşkilatlarına silah müxtəlif adlar altında həmçinin Petroqraddan, rus ordusunda xidmət edən yüksək rütbəli erməni hərbçiləri tərəfindən göndərilirdi.) Zaqafqaziya Seyminin və hökumətinin azərbaycanlı nümayəndələrinin bu məsələ ilə bağlı israrlı tələbləri qarşısında onlara Türkiyə-Qafqaz cəbhəsindən qayıdan rus hərbi eşelonları tərksilah etmək təklif olunmuşdu. Bu tərksilah əməliyyatların biri 1918-ci il yanvarın 8-10-da qanlı Şamxor stansiyası yaxınlığında silahlı qarşıdurma və hər iki tərəfdən çoxsaylı itkilərlə nəticələnmiş, silahlarını vermək istəməyən rus hərbçilərinin Bakıda mart hadisələri zamanı azərbaycanlılara qarşı vuruşlarda iştirakını şərtləndirmişdi.
1917-ci ilin sonlarından başlayaraq cəbhədən dönən erməni və rus, eləcə də molokan əsgərlərinin dinc həyata qayıtmayaraq Bakıda təşkil olunan erməni və Qızıl Ordu sıralarına cəlb olunması tam sürətlə gedirdi və bu hərbi birləşmələrin bir hissəsi regionlara, o cümlədən Şamaxı qəzasına göndərilirdi. 1918-ci il fevral ayının ortalarında Şamaxıdakı Müsəlman və Erməni Milli şuraları Bakıdan keçmiş erməni əsgərlərindən ibarət dəstəsinin Şamaxıya gəldiyi və onların təhlükəsizliyinin təmin edilməsi barədə teleqramlar alır. Müsəlmanlardan fərqli olaraq Erməni şurasına həmin dəstənin silahla dolu nəqliyyat vasitələrini müşayiət etdiyi və hansı yolla gəldiyi xəbər verilir. Dəstənin gəldiyi marşrutu bilməyən Azərbaycan Milli Komitəsi Kürdəmir və Mərəzədəki bölmələrinə diqqətli olmağı və hər hansı münaqişəyə yol verməməyi tapşırır.
Nəticədə məlum olur ki, dəstə bu yolların heç biri ilə hərəkət etməyərək Kürdəmirə çatmamış Padar yarımstansiyada qatardan enmiş və müşayiət etdiyi silah karvanları diqqəti cəlb etməsin deyə çöllüklə erməni dağ kəndinə yönəlib. Lakin dəstənin yolda təsadüfən rast gəldikləri iki çobanı – Koşad kənd sakinlərini öldürməsi xəbəri yaxınlıqdakı Bicov kəndinə çatır. Bicovlular İran tərəfdən köçəri şahsevən tayfalarının kəndə hücum etməyə hazırlaşdığını düşünərək, kəndin girəcəyindəki səngərlərdə pusqu qurur və bir neçə kənd ağsaqqallarını danışıqlar aparmaq üçün dəstənin qabağına göndərirlər. Ağsaqqallar geri qayıtmır, erməni dəstəsi isə kəndə yaxınlaşır. Bu zaman səngərdəki kəndlilərin havaya atdığı bir neçə tüfəng atəşinə erməni dəstəsi topdan atəşlə cavab verir. On nəfərdən artıq bicovlunun dərhal həlak olması kəndin bütün kişilərinin səngərlərə girməsinə və atışmanın başlanmasına səbəb olur. Hər iki tərəfdən itkilər verilsə də erməni dəstəsi silahlarla birlikdə kənddən uzaqlaşmağa müvəffəq olur.
Bicov hadisələri Şamaxının müsəlman və erməni əhalisi arasında ilk silahlı münaqişə sayılı bilər. Hətta 1905-1907-ci illərdə, Cənubi Qafqazın bir çox şəhər və kəndlərində erməni-müsəlman qarşıdurması baş verəndə Şamaxının müsəlman əhalisi, say və güc baxımdan qat-qat üstün olmalarına baxmayaraq ermənilərə qarşı çıxış etməmişdilər və bu məqamı həmişə qeyd edirdilər. Təsadüfi deyil ki, Bicov kəndlilərinin öldürülməsindən hiddətlənən qəzanın bütün azərbaycanlı cəmiyyəti öz nümayəndələrindən qətiyyətli addımlar görməyi tələb edir. Şamaxının erməni əhalisi üçün də bu cür münaqişələr arzuolunmaz idi, çünki azərbaycanlıları cavab tədbirləri görməyə vadar edir, ən başlıcası, “qəfildən hücum” amilini heçə endirirdi. Odur ki, hər iki icmanın rəhbərləri bu hadisəni ciddi müzakirə edərək, bir də belə hallara yol verməmək barədə razılıq əldə edirlər. Azərbaycanlı rəhbərlər bu dəfə də müsəlman əhalisini sakitləşdirə və hər hansı hücumlardan çəkindirə bilir.
Lakin istər azərbaycanlı, istər erməni cəmiyyətləri arasında gərginlik azalmırdı. Öz soydaşlarının niyyətlərindən az-çox məlumatı olan sadə ermənilər təsadüfən ağızdan qaçırmaqla, bəzən də açıq şəkildə tanış azərbaycanlılara qarşıda “böyük hadisələrin”, “zəlzələdən də dəhşəti faciələrin”, “görünməmiş yanğınların” baş verəcəyini bildirirdilər. Kolaxanı kəndinin erməni qocaları Şıxəlibəyov mülkədarlarını yaxınlaşmaqda olan təhlükə barədə xəbərdarlıq edərək daha əmin-aman yerlərə getməyi məsləhət görmüşdülər.
Təbii ki, Şamaxının azərbaycanlı və erməni cəmiyyətləri Bakıdakı Azərbaycan və Erməni Milli Şuraları ilə sıx təmas saxlayırdılar və həmin vaxt Bakıdakı mövcud vəziyyəti – müxtəlif siyasi qüvvələr arasındakı ziddiyyətlərin gündən-günə gücləndiyini yaxşı bilirdilər. Şamaxı qəzasında siyasi zəmində hər hansı qarşıdurma olmasa da, 1918-ci ilin əvvəllərindən Bakıda və Şamaxıda baş verən hadisələrin xronologiyası hər iki şəhərin və qəzanın azərbaycanlı əhalisinə və Azərbaycan milli qüvvələrinə dair vahid plan və ssenarinin bolşevik-daşnak qüvvələri tərəfindən məhz Bakıda hazırlandığı və məqsədyönlü şəkildə həyata keçirildiyini söyləməyə əsas verir. Aydındır ki, erməni-bolşevik cütlüyünün fəaliyyətini diqqətlə izləyən Azərbaycan xadimləri imkan dairəsində Şamaxı nümayəndələrini də gözlənilən təhlükələr barədə xəbərdar edirdilər. Bu xəbərdarlıqların isə artıq arası kəsilmirdi.
1918-ci il mart ayının ikinci yarısında Şamaxıya Bakıdan, özü də bir neçə mənbədən, 3 minədək erməni qoşununun 60 furqon top və pulemyotlarla dolu silah və sursatla Şamaxıya hərəkət etdiyi barədə məlumatlar gəlir. Şamaxıdakı azərbaycanlı nümayəndələr bu məlumatları erməni nümayəndələrlə bölüşür, ermənilər bu məsələ ilə bağlı Bakıda Erməni Milli Şurasına verdikləri sorğuya müsbət cavab alırlar. Məlum olur ki, qoşun Bakı Soveti tərəfindən göndərilib və ünvanına da yetişəcək. Belə olan halda azərbaycanlı və ermənilərdən ibarət bir heyət təşkil edərək onu gələn qoşunun qabağına göndərmək, onun nə məqsəd güddüyünü müəyyənləşdirmək və şəhərdən yan keçərək bütün silahın Şamaxı qarnizonuna təhvil verilməsini təklif etmək qərara alınır. Şamaxı qəza komissarı Azad bəy Qocamanbəyov və erməni yepiskopu Baqrat, eləcə də nüfuzlu azərbaycanlı və erməni nümayəndələrdən ibarət Heyət dəstənin dayandığı Mərəzə (molokan) kəndinə yollanır. Səhər saat 5-də Azad bəyin göndərdiyi çapar məlumat gözləyən azərbaycanlı nümayəndələrə 600 at, 8 top və 12 pulemyotla gələn hərbi dəstənin tam döyüş hazırlığında olduğu, yol boyu rast gəldiyi müsəlmanları – 8 kişi, bir qadın və iki uşağı öldürdüyü, Şamaxını təhlükə gözlədiyi və təcili tədbirlər görülməsinin vacibliyi barədə xəbər gətirir. Şəhərin azərbaycanlı rəhbərləri Ağsuda qaçaq dəstələrini tərksilah edən milis rəisi Tərlan bəy Əliyarbəyovu dərhal geri çağırırlar, ətraf kəndlərin silahlı kəndliləri Şamaxıya axışmağa başlayır. Ertəsi gün nümayəndə heyəti Şamaxıya qayıdır və məlum olur ki, qoşun silahları təhvil verməkdən imtina edib, uzun və ağır danışıqlardan sonra yalnız şəhərə girməyərək birbaşa Mədrəsə kəndinə getməklə razılaşıb. Erməni yepiskopu Baqratın dəstənin evlərinə qayıdan 300 molokan və 900 nəfər ermənidən ibarət olduğu və qəzada əmin-amanlığı bərpa etmək məqsədi güddüyünə dair sakitləşdirici şərhlərinə baxmayaraq, erməni komandirlərinin heyəti çox aqressiv qarşıladığı, Azərbaycan nümayəndələrini girov götürmək istədiyi, Baqratın çətinliklə onları bu addımdan çəkindirdiyi barədə məlumatlar, nəhayət “bu torpağın sahibi siz yox, bizik və sizə hakimiyyətə necə tabe olmağı göstərərik”, “on gündən sonra Bakıdan iki zirehli maşın Kürdəmiri dağıdaraq müsəlmanları hər tərəfdən mühasirəyə alacaq”, “biz Şamaxını bütünlüklə təslim etmək və müsəlman əhalisini qırmaq üçün gəlmişik” kimi açıq səsləndirilən bəyanatlar təhlükənin çox ciddi olduğunu göstərir. Yaran-mış vəziyyəti müzakirə edən azərbaycanlılar hərbi dəstənin Şamaxıya girməmək haqda vədinin inandırıcı olmadığını və qüvvələr nisbətini götür-qoy edərək ilk növbədə Tiflisə, Zaqafqaziya Komissarlığına müsəlman əhalinin müdafiəsi üçün kömək göndərilməsi haqda müraciət etməyi qərara alırlar. Lakin hadisələrin sürətli inkişafı Tiflisdən kömək barədə ümidlərin doğrulmasına vaxt qoymur.
Şamaxı qarnizonunun erməni və rus əsgərləri silah anbarını yararaq silahları daşımağa başlayırlar. Bundan xəbər tutan müsəlmanlar – silahlı şəhər və kənd sakinləri əsgərlərə mane olmağa çalışır və atışma başlayır. Hər iki tərəfdən yaralananlar olur. Hadisə yerinə gələn A.b.Qocamanbəyov və T.b.Əliyarbəyov çətinliklə məsələni yoluna qoyurlar, lakin elə bu vaxt erməni birləşmələrinin Qozlu-çay (Hilmilli) molokan kəndi tərəfdən Şamaxı istiqamətində hərəkət etdiyi barədə məlumat alınır. Çuxur-Yurdun molokan qocaları da Şamaxıya ən yaxın Əngəxaran kəndinin sakinlərini yaxınlaşmaqda olan hücum barədə xəbərdar edərək onlara kənddən çıxmağı məsləhət görürlər. Tərlan bəyin rəhbərliyi altında keşikçi və milis, eyni zamanda şəhər və kənd sakinlərindən təşkil olunan könüllü dəstələr Şamaxıya gələn yollarda səngərlərə girirlər. Dəstələrə yalnız erməni birləşmələ-rinin Şamaxıya girəcəyi halda atəş açmaq tapşırılır. Şamaxı dini rəhbərləri – Müfti Mustafa Əfəndi, Hacı Şıx-Həbib və Axund Cəfər Qulu öz çalmalarına and verərək kəndliləri hər hansı təxribata uymamaq, dəstə Şamaxıdan yan keçərsə atəş açmamağa çağırırlar. Ertəsi gün, martın 27-də, səhər saat 5-də erməni birləşmələ-rinin Əngəxarandan sakitcə keçdiyi və Meysarı yolu ilə Mədrəsəyə getdiyi barədə xəbər gəlir. Lakin 1 saatdan sonra ermənilərin Şamaxıya hücuma keçəcəkləri haqda xəbər yenidən şəhərdə həyəcan yaradır. Mədrəsə tərəfdən Şamaxıya atılan bir neçə top atəşi şübhə yeri qoymadığından səngərlərdə oturan müsəlmanlar da cavab atəşi açırlar. 4 saat davam edən atışma zamanı hər iki tərəfdən itkilər verilsə də, müsəlmanların öz mövqelərini tərk etməməsi nəticəsində ermənilər həmin gün şəhəri tuta bilmirlər və Mədrəsə kəndinə çəkilirlər. Lakin qarşıdurma bununla bitmir. Səngərlərdən çıxaraq şəhərə qayıdan müsəlman sakinlər gözlənilmədən erməni hissəsindəki evlərin damlarından və həyətlərindən atılan atəşə məruz qalırlar. Cavab atəşi veriləndə yenidən, artıq şəhərin müsəlman və erməni əhalisi arasında silahlı qarşıdurma başlayır. Atışma şəhərin Yuxarı hissəsində baş verdiyindən azərbaycanlı rəhbərlik işə qarışana və sakitlik yaradana qədər bir neçə ev yandırılır. Bu münaqişə, xüsusilə hər iki tərəfdən dinc əhalinin həlak olması – ölənlərin arasında erməni lüteran keşişi Qəhrəmanyans da var idi –, eləcə də müsəlmanların böyük hörmət bəslədiyi rus həkimi Sazonovun evinin yandırılması bütün şəhər cəmiyyətində ağır təəssürat yaradır.
Beləliklə, bir çox obyektiv səbəblər üzündən Şamaxının azərbaycanlı rəhbərlərinin nə erməni birləşmələrini tərksilah edib zərərsizləşdirmək, nə də Mədrəsə kəndində yerləşməsinin qarşısını almaq cəhdləri baş tutmur. Bununla belə, həmin günlər şəhərdə bir neçə yüz silahlı kəndlilərin, döyüşə hazır milis dəstələrinin olması, müsəlman sakinlərin şəhəri əldə silah qorumaq qətiyyəti, digər tərəfdən, açıq münaqişə nəticəsində şəhərin erməni əhalisinin əsas qisas hədəfinə çevriləcəyi ehtimalı erməniləri ən ciddi surətdə düşünməyə vadar edir. Yəqin ki, məhz bu səbəblərdən erməni-bolşevik qoşunlarının həmin gün Şamaxı şəhərinə hücumu baş vermir. Əksinə, elə həmin axşam arxiyepiskop Baqrat şəhər başçısı Teymur bəy Xudaverdiyevə məktub yazaraq baş vermiş kədərli hadisələrdən təəssüfləndiyini bildirir və barışıq yaratmaq təkliflərini irəli sürür. Uzun müzakirə-lərdən sonra Şamaxının azərbaycanlı, erməni və rus əhalisinin nümayəndələri əvvəlki dostluq əlaqələrini bərpa etmək qərarı verərək Sülh Aktı imzalayırlar. Eyni zamanda 2 azərbaycanlı və 1 nəfə ermənidən ibarət bir heyət hərbi birləşmələrlə münasibətləri tənzimləmək məqsədilə Mədrəsəyə göndərilir.
Martın 28-də şəhərdə sülh bağlanması münasibətilə musiqi və nitqlərlə müşayiət olunan təntənəli gəzinti təşkil olunur. Baqrat öz nitqində “əgər ermənilər tərəfdən müsəlmanlar əleyhinə hər hansı bir çıxış olarsa, mən başımla cavab verəcəyəm” deyə bəyan edir. Müsəlman əhali sakitləşir, silahlı kəndlilər şəhəri tərk etməyə başlayır. Martın 29-da şəhərin bütün sakinləri 2 gün əvvəl öldürülmüş erməni keşişi Kaxramanyanın dəfn mərasiminə yığışırlar. Yenə nitqlər səslənir, ermənilər bir daha müsəlmanları belə münaqişələrin baş verməyəcəyinə arxayın edirlər. Lakin elə bu günlər erməni birləşmələri ilə danışıqlar aparmalı olan heyətdən narahatlıq doğuran məlumatlar gəlir. Azərbaycanlı xadimlər Baqratdan bu məsələni aydınlaşdırmağı tələb etdikdə, Baqrat öz təəccüb və narazılığını ifadə etməklə, şəxsən Mədrəsəyə gedəcəyini və erməni hərbçilərini bağlanmış Sülhü qəbul etməyə inandıracağını və azərbaycanlılara xəbər verəcəyini bildirir. Həmin gün axşam erməni yepiskopu Baqrat Mədrəsə yollanır, lakin ondan daha heç bir xəbər çıxmır.
Ertəsi gün sübh tezdən yatmış şəhər toplardan atılan atəş səslərinə oyanır. Məlum olur ki, Şamaxı iki tərəfdən – erməni kəndi Mədrəsə və molokan kəndi Çobanı-rus – mühasirəyə alınıb. Şamaxının özündə şəhərin Aşağı-müsəlman hissəsi Yuxarı- erməni hissəsinin şiddətli atəşinə məruz qalır. Ermənilər Mədrəsə tərəfdən hücuma keçirlər. Azərbaycanlı sakinlər kəndlərinə qayıtmağa macal tapmamış azsaylı kəndlilərlə birlikdə silaha sarılırlar. Qəza komissarı, keçmiş çar polkovniki Azad bəy Qocamanbəyovun rəhbərliyi altında döyüşən dəstələr Şamaxının girəcəyində erməni dəstələrinin hücumunun qarşısını almağa və dinc əhalinin şəhərdən çıxmasına imkan yaratmağa çalışır. Bu hadisələrdən az əvvəl yerli cavanları hərbi işə hazırlamaq məqsədilə dəvət edilmiş iki türk zabiti də şamaxılıların kiçik dəstələri ilə birlikdə Mədrəsə erməniləri ilə döyüşə girir və bir neçə saat onların qarşısını kəsir. Tərlan bəy Əliyarbəyovun milis dəstələri müsəlman əhalinin müdafiəsini təşkil edir. Müsəlmanlar günorta saat 12-dək müqavimət göstərirlər. Lakin Çobanı kəndinin molokanlarının top atəşləri ilə arxadan hücuma keçməsi müsəlmanlar arasında böyük çaşqınlıq yaradır. Bundan istifadə edən şəhərli ermənilər Yuxarı hissədən Aşağı hissəyə enir və şəhəri hücumla alırlar. Yanğınlar, talanlar və qarətlər başlayır, qaçmağa, xilas olmağa cəhd edən hər müsəlman yerindəcə güllələnir.
Şamaxının 2 tərəfdən – erməni və molokan kəndlərindən top və pulemyotlar-dan atəşə tutulması axşama kimi davam edir, nəticədə şəhərin ən abad hissəsi – zəngin müsəlmanlara məxsus Piran-Şirvan yaşayış məhəllələri yanğınla tamamilə məhv edilir. Şəhərin küçələri insan cəsədləri ilə örtülür. Gecə müsəlman xadimləri şəhər başçısı Teymur bəyin evində məsləhətə yığışır, dinc əhalinin qırılmasının qarşısını almaq məqsədilə hər hansı şərt qoymadan təslim olmaq və ermənilərə nümayəndə göndərmək qərara alınır. Axund Cəfərqulu və həkim Sazonovdan ibarət nümayəndələr qarşısında ermənilər əvvəl səhər saat 9-a, sonra saat 2-yə qədər müsəlmanların tərksilah olunması şərtini qoyurlar. Ertəsi gün şəhərin azərbaycanlı əhalisi əldə olan bütün silahlarını təhvil verir, lakin qırğınlar, yanğınlar və qarətlər nəinki kəsilmir, daha da qəddar hal alır. Erməni və molokan əsgərləri müsəlmanların evlərinə soxulur, qorxu içində olan insanlardan silah gücünə bütün qiymətli əşyalarını, zinət şeylərini, pullarını alır, sonra ailəni bütünlüklə, yaxud bir neçə nəfəri qətlə yetirirlər. Qarət olunmuş əmlak araba və furqonlarda erməni və molokan kəndlərinə daşınır. Qəzanın tanınmış azərbaycanlı xadimlərinin axtarışı, həbsi və qətlləri başlayanda, onlar gizlənməyə və ya müxtəlif yollarla şəhərdən çıxmağa məcbur olurlar. Talanların üçüncü günü molokanlar bir qədər sakitləşərək şəhərdə qayda yaratmağa çalışsalar da, zorakılıq və talanlar 4 gün, Gəncədən Şamaxı müsəlmanlarının köməyinə gələn azərbaycanlı qoşunları şəhərə daxil olana qədər davam edir.
Gəncə qoşunlarına Azərbaycanın və Rusiyanın tanınmış siyasi-ictimai xadimi, hüquqşünas, I Dövlət Dumasının deputatı İsmayıl Xan Ziyadxanov şəxsən başçılıq edirdi. Bir neçə yüz silahlı atlılardan ibarət olan dəstə yandırılmış və dağıdılmış Şamaxıya girəndə erməni və molokanlar artıq şəhəri tələsik tərk etmişdilər. Şəhər əhali ölülərini dəfn etməyə başlayır. Şamaxıya qayıdan azərbaycanlı xadimlərlə vəziyyəti müzakirə edən İsmayıl Xan öz dəstəsi ilə erməni-rus qoşunlarının qərargahı olan Mədrəsəyə hücum edir, döyüş başlayır və ermənilər Qozlu-Çay molokan kəndinə çəkilirlər. Gəncə qoşunları Mədrəsəni dağıtsalar da, yandırmırlar. İsmayıl Xan molokanların nümayəndələrini çağırtdıraraq erməniləri təhvil verməyi və ya onları kənddən çıxarmağı təklif edir. Fikirləşməyə vaxt istəyən molokanlar 2 gündən sonra erməniləri verməkdən imtina edirlər və yolun açılmasını tələb edirlər. Bu tələblə razılaşmayan İsmayıl Xan Qozlu-Çaya hücum edir və erməni-molokan hissələri ilə vuruşa başlayır. Lakin az sonra qüvvələr nisbətinin bir neçə dəfə erməni-molokan dəstələrinin xeyrinə olduğu aydınlaşır. Eyni zamanda Bakıdan böyük silah-sursatla təchiz edilmiş yeni erməni hərbi birləşmələrinin gəldiyini öyrənən İsmayıl Xan Şamaxıya qayıdır. Burada bütün sakinlərini toplayaraq Şamaxıya hücum başlanacağını və heç kəsə rəhm olunmayacağını bildirərək təcili surətdə şəhəri tərk etməyi məsləhət görən İsmayıl Xan həmin gecə öz qoşunları ilə Şamaxıdan çıxır. Böyük təlaş və qorxu içində olan şəhər əhalisinin böyük hissəsi yığışmağa belə macal tapmayaraq onunla birlikdə şəhəri tərk edir. Şamaxıda yalnız əhalinin getməyə yeri olmayan kasıb hissəsi və ailələrini şəhərdən çıxararaq ev və əmlakını qorumağa qərar verən çoxlu sayda kişilər qalırlar. Azərbaycanlı xadimlərin bir hissəsi də şəhərdən çıxır və beləliklə, öz həyatlarını xilas etmiş olurlar. Lakin sonrakı 3 gün ərzində heç bir hücum baş vermir. Yaranmış sakitlikdən aldanan şəhər sakinlərinin demək olar ki, yarısı – 3 min nəfərə qədər əhali, ətraf kəndlərdən və Kürdəmirdən Şamaxıya qayıdır və öz evlərində daha iki, sonradan məlum olduğu kimi, son günlərini yaşayır. Aprelin 10-da günorta saat 3-də Bakı qırğınlarında ağlasığmaz vəhşilikləri ilə məşhur olan Stepan Lalayev və Tatevos Əmirovun başçılıq etdiyi erməni və molokanlardan ibarət qoşunlar qəfildən Şamaxını mühasirəyə alır və az sonra dağıdıcı qasırğa kimi şəhərin üstündən keçirlər. İstisnasız olaraq müsəlmanlara məxsus bütün evlər, ticarət və mülki obyektlər yandırılır və dağıdılır. Yanğına bürünmüş şəhər bir neçə saatdan sonra xarabazarlığa çevrilir. Şamaxıda qalmış müsəlman əhali, qadın, uşaq və qocalara rəhm edilmədən, başdan tutma güllələnir, doğranır və yandırılır. Erməni əsgərləri Bakıda olduğu kimi, əllərində siyahılar şəhərin tanınmış, fəal və zəngin müsəlmanların evlərinə hücum edərək onları xüsusi nəş’ə ilə qarət edib, sonra yandırır, şəhərdən çıxmamış ev sahiblərini isə əvvəlcə təhqir, işgəncə və zorakılığa məruz qoyaraq, sonra xüsusi qəddarlıqla öldürürlər. Bu yolla şəhər başçısı Teymur bəy Xudaverdiyev, Şamaxının fəxri vətəndaşı, tanınmış dövlət və ictimai xadim, I Dövlət Dumasının deputatı Məmməd Tağı Əliyev, Şamaxının bütün məşhur kübar ailələrinin – Veysov, Şıxəlibəyov, Ağalarov, Cəbrayılbəyov, Məlikbəyov, Əzimbəyov, Əyyubbəyov, Hüseynbəyov, Fəttahbəyov, Fətəlibəyov, Sadıqbəyov və s., zəngin tacirlər zümrəsinin nümayəndələri, bir çox hallarda ailə üzvləri ilə birlikdə qətlə yetirilirlər. Şamaxının ən nüfuzlu dini xadimlərindən Axund Cəfərqulunun qətli xüsusi qəddarlığı ilə fərqlənir. Axundu olduğu “Yuxarıqala” məscidinin yerləşdiyi məhəllə sakinlərinin xətrinə şəhəri tərk etməyən bu din xadimi özünün sülhsevər fəaliyyəti və barışdırıcı nitqləri ilə məşhur idi və bir neçə dəfə baş verə biləcək milli münaqişələrin qarşısını almışdı. Yalnız öz dindarları deyil, ermənilər arasında da olan hörmətinə ümid edən Axund evində, həyətində və məsciddə bir neçə yüz qadın və uşaqlara sığınacaq verərək bu yolla onları ölümdən xilas edəcəyini düşünürdü. Ermənilər Axundun evinə və məscidə hücum edərək içəridə olan insanlarla birlikdə yandırırlar, Axundun özünü isə ağır işgəncələr verməklə – dilini, qulaqlarını, burnunu kəsir, gözlərini çıxarır və saqqal qarışıq dərisini soyurlar – öldürürlər.
Şamaxı məscidləri erməni talançılarının məqsədli hədəfi olur. Müsəlmanların təhlükə zamanı məscidlərə – Allahın evinə sığınmaq adətini yaxşı bilən şamaxılı S.Lalayevin əmri ilə erməni əsgərləri şəhərin bütün məscidlərini mühasirəyə alır, bir çox hallarda özləri şəhər sakinlərini – qadın, uşaq və qocaları- məscidlərə yığır, sonra binalara od vururlar. Məscidlərdən çıxmağa və xilas olmağa çalışanlar güllə-lənir. S.Lalayev özü bu aksiyalarda şəxsən iştirak edir. Nəticədə Şamaxının bütün 12 məhəllə məscidləri və 800 illik tarixi olan Cümə Məscidi yanğın və dağıntılara məruz qalır. Bu məscidlərdə 2000-nə qədər Şamaxı sakini diri-diri yandırılır.
Ümumilikdə isə, Şamaxıda iki dəfə törədilmiş azərbaycanlı qırğınları zamanı şəhərin 21.127 nəfər müsəlman əhalisindən 8-10 min arasında insan qətlə yetirilmişdir. Qalan əhalisi qaçqın halında Azərbaycanın müxtəlif şəhər və qəzalarına dağılmışdır. Yaşayış məhəllələri və məscidlərlə yanaşı, şəhərdə bütün ictimai binalar, bazarlar, yüzlərlə dükan, anbar, dəyirman, əyirici və boya fabrikləri, tütün, kibrit zavodları və d. mülki obyektlər yandırılmış və tamamilə məhv edilmişdir. Şamaxı şəhərinin müsəlman əhalisinə vurulan maddi zərərin həcmi, orta hesabla, bir milyard rubldan artıq təşkil etmişdir.
Bakıda olduğu kimi, Şamaxı qırğınlarında da şəhərin və qəzanın 21 erməni kəndindən hamısının əhalisi, yaxından iştirak etmişdir. Şamaxının erməni icmasının başçıları həmin qırğınların birbaşa təşkilatçıları və rəhbərləri olmuşlar. Şamaxı ictimaiyyəti bu təşkilatçılar arasında Şamaxı, sonradan Bakı erməni yepiskopu olmuş Baqratın xüsusi rolunu qeyd edirdilər.
1918-ci il Şamaxı qırğınları yalnız şəhəri deyil, qəzanın kəndlərini də əhatə etmiş və 1918-ci ilin iyul ayının ortalarınadək, bu ərazilər Türk-Azərbaycan qoşunları tərəfindən azad olunana qədər davam etmişdir. Həmin dövr ərzində ümumilikdə Şamaxı qəzasının 106 kəndi yandırılmış və dağıdılmış, 110 kəndin sakinləri isə erməni-molokan quldur dəstələrinin hücumundan zərər çəkmişlər. Həlak olmuş kənd sakinlərinin – yalnız hücumlar zamanı və əsirlikdə öldürülənlərin – ümumi sayı, 4359 nəfəri qadın və uşaq olmaqla, 10.341 nəfər təşkil etmişdir. Bir neçə ay ərzində dağlarda, meşələrdə, düzənliklərdə dolaşan, həmçinin digər qəzaların şəhər və kəndlərinə dağılışmış qaçqınlar arasında soyuqdan, aclıqdan və xəstəliklərdən ölənlərin sayı isə on minlərlə ölçülürdü. Şamaxı qəzasının müsəlman kəndlərinin sakinlərinə vurulan maddi ziyanın ümumi həcmi yalnız təsbit edilən zərərlər üzrə 607.167.420 rubl təşkil etmişdir.
Şamaxı qəzasındakı Azərbaycan qırğınlarını görünməmiş miqyası və nəticələrinə görə milli fəlakət adlandırmaq olar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət idarələri qəzalarda fəaliyyətə başlayanda büsbütün dağıdılmış Şamaxı şəhərində bir salamat bina belə tapılmamış, ağır maliyyə çətinliklərinə baxmayaraq hökumət şəhərin bərpası, qaçqınların öz evlərinə, xüsusilə kəndlərinə qayıtması sahəsində xeyli iş görmüşdür. Bununla belə, şəhərin əvvəlki mövqeyini, xüsusilə dərin tarixi ənənələri olan Şamaxı cəmiyyətinin əvvəlki statusunu bərpa etmək artıq mümkün olmamışdır. 1921-ci ildə Şamaxı şəhərinin əhalisinin 1700 nəfərdən ibarət olması buna sübutdur.
Şamaxı faciələrini Azərbaycanın digər bölgələrindəki qırğınlardan fərqləndirən daha bir cəhət qəzanın molokan-rus əhalisinin bu hadisələrdə ermənilər tərəfində fəal iştirakıdır. Ayrıca mövzu olan bu məsələ Azərbaycan Hökuməti Fövqəladə Təhqiqat Komissiyasının Şamaxıya dair tədqiqatlarında xüsusi diqqət mərkəzində olsa da, ona dəqiq cavab tapılmamışdır. Şamaxı qırğınlarına dair Komissiyanın sənədləri ümumilikdə, 22 cild istintaq materialı və 63 foto-şəkil təşkil etmişdir. Bu sənədlər 1918-ci il Şamaxı faciəsinin tam mənzərəsini yaratmaqla onun miqyasını, nəticələri və səbəblərini araşdırmağa imkan verir.
Solmaz Rüstəmova-Tohidi
tarix elmləri doktoru, professor.
Azərbaycan Milli Elmlər Akademiyası
akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun baş elmi işçi
“Azərbaycan” qəzeti