“1905.az” Diskussiya klubunda bu dəfə azərbaycanlıların 1918-ci ildə məruz qaldıqları soyqırımı müzakirə etdik. Müzakirələrdə tarix üzrə elmlər doktoru Vaqif Abışov, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli və A.A.Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin kiçik elmi işçisi Nigar Camalova iştirak edirdi.
Fuad Babayev: 1918-ci il soyqırımı əslində bizim çox tez-tez müzakirə etdiyimiz mövzudur. Son 1 ildə hansı yeniliklər olub? Dissertasiya işləri, xarici alimlərin bu mövzuya müraciəti və yaxud bizim tədqiqatçıların xarici tədbirlərdəki çıxışları barədə nə deyə bilərsiniz?
Vaqif Abışov: Əslində 1918-ci il soyqırımı hər zaman diqqətdə olan bir məsələdir. Həm dünya ictimaiyyəti, həm beynəlxalq təşkilatlar, həm də Azərbaycan tarixçiləri üçün. Çünki baş vermiş tarixi hadisə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar tərəfindən tam formada qəbul edilməyibsə o proses daim təkrarlanmalıdır. Yadınıza salım ki, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda 5 beynəlxalq elmi konfrans keçirib. Həmçinin Tarix İnstitutunda “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsi də fəaliyyət göstərir. Şöbənin araşdırdığı mövzular sırasında 1918-1920-ci illərdə azərbaycanlıların soyqırımı tarixinin tədqiqi: Bakı Sovetinin cinayətləri, Ermənistan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzü, Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlıların soyqırımı və s. məsələlər var. Yəni bu məsələlərə tez-tez toxunulur.
Fuad Babayev: 1918-ci il soyqırımının 100 illiyindən sonra səngimə yoxdur ki, bu sahədə? Konfranslar 2018-ci ilə qədər keçirilib səhv etmirəmsə.
Güntəkin Nəcəfli: Konfranslar 2013-cü ildən etibarən keçirilməyə başlayıb. İlk dəfə 2013-cü ildə martın 29-da AMEA Tarix İnstitutu Quba Rayon İcra Hakimiyyəti ilə birgə Quba şəhərində Heydər Əliyev Mərkəzində “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda Beynəlxalq elmi konfrans keçirib. Konfransda Türkiyə, Almaniya, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan və İrandan tanınmış tarixçi alimlər iştirak edirdilər.
Növbəti dəfə 2015-ci ildə 09-11 aprel tarixlərində yenidən Quba şəhərində “Heydər Əliyev mərkəzi”ndə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, A.A.Bakıxanov adına Tarix İnstitutu, “Türkiyə Cumhuriyəti Başbakanlık Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu Atatürk Araştırma Merkezi” və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar” (1914-1920-ci illər) adlı II Beynəlxalq elmi konfrans keçirilib. Çalışılırdı ki, bu konfranslar kütləvi şəkildə cinayətlərin baş verdiyi, soyqırım aktlarının törədildiyi ərazilərdə keçirilsin. 2016-cı ildə Şamaxıda, 2017-ci ildə Lənkəranda, 2018-ci ildə isə Qusar şəhərində növbəti beynəlxalq konfranslar keçirildi. 2019-cu ildə isə Türkiyənin Giresun şəhərində daha bir konfrans keçirildi və Tarix İnstitutu ora dəvət olunmuşdu.
Fuad Babayev: O konfrans nə ilə bağlı idi?
Güntəkin Nəcəfli: Xocalı soyqırımı ilə bağlı konfrans idi. Ancaq baxmayaraq ki, Xocalı soyqırımına həsr olunmuşdu, biz hökmən 1918-ci il hadisələrinə də toxunduq.
Vaqif Abışov: Onu da qeyd edim ki, bunlar respublika daxilində beynəlxalq xarakter daşıyan konfranslardır. Ancaq respublikadan kənar 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycanın Gürcüstandakı səfirliyi və Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə Tbilisidə “Soyqırımı hadisələri müasir elmi araşdırmalarda” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Mən Tarix İnstitutun xətti ilə ora göndərilmişdim. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı Azad Rzayev də orada iştirak edirdi. Çox möhtəşəm bir konfrans oldu. Xaricdə də bu soyqırımın tanıdılması üçün çalışırlar.
Fuad Babayev: Və bütün bunlar 2018-ci ilə qədər olub.
Güntəkin Nəcəfli: Onu da qeyd edim ki, 2018-ci ilin dekabrında Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başladı. Mərkəzin rəsmi açılış mərasimində Tarix İnstitutunun direktoru Yaqub Mahmudov da iştirak etmişdi. Həmin mərkəzdə professor Tofiq Mustafazadənin “Tarixdə erməni məsələsi” kitabının təqdimatı keçirilib. Bu əsər “Erməni məsələsi”ndən erməni terrorizminə” kitabının ingilis dilinə tərcüməsidir və Varşavada çap olunub. Kitabda “Erməni məsələsi”nin meydana gəlməsi, bu uydurma məsələnin beynəlxalq diplomatiyanın gündəminə gətirilməsi, ermənilərin silahlandırılaraq qiyamlara və terror əməlləri törətməyə təşviq edilməsi prosesi əsaslı faktlarla təsvir olunub.
Fuad Babayev: Nigar xanım, buyurun, sizi dinləyək.
Nigar Camalova: Həmkarlarımın da dediyi kimi institutumuzda bu məsələ, yəni 1918-ci il soyqırımları daim diqqət mərkəzindədir. İnstitutumuzun direktoru Yaqub Mahmudov da həmçinin bu məsələni diqqət mərkəzində saxlayır. Tədqiqatlar aparılır və onların nəticəsi il ərzində keçirilən konfranslarda işıqlandırılır, nəticələrimiz geniş ictimaiyyətə tanıdılır. Dünən isə “Ararat Respublikasının Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi soyqırım və etnik təmizləmə siyasəti” adlı məqalə elmi şuramızdan keçdi və beynəlxalq indeksli jurnalda çapa hazırlanır.
Fuad Babayev: Kimə aidddir məqalə?
Nigar Camalova: Məqalə mənə aiddir. Namizədlik işimdir. İnstitutda doktorantlara, dissertantlara tədqiqat aparmaq üçün müxtəlif mövzular verilir. Elə mənim mövzum da soyqırımla bağlı idi. Qeyd etdiyim məqalə “Akademik tarix və düşüncə dərgisi”ndə çapa hazırlanır.
Fuad Babayev: Sırf soyqırım problemləri ilə bağlı azərbaycanlı alimlərin xarici tədqiqatçılarla hansısa bir beynəlxalq qrupda təmsil olunmasının və ya əməkdaşlığının örnəyi varmı?
Vaqif Abışov: Əvvəlcə bir məsələni qeyd edim ki, Azərbaycan müstəqillik qazandıqdan sonra sanki, yenidən doğuldu. Çünki sovet dövründə bizim baş verənlərdən xəbərimiz yox idi. Ermənilər isə 1915-ci ildən etibarən aktiv dünya dövlətlərində öz planlarına uyğun şəkildə işlər görürdülər. 1991-ci ildə müstəqillik qazandığımızı nəzərə alsaq bizim hələ 29 yaşımız var. Və bu 29 ildə bir çox hadisələr baş verdi. Onlar içərisində bizim axsamağımıza səbəb olan hadisələr də çox idi. Azərbaycan özünü müəyyən qədər toparladıqdan, daxili, xarici təhlükələrdən bir qədər uzaqlaşdıqdan sonra öz hədəflərini müəyyənləşdirdi. O hədəfin ana xətlərindən biri də bu soyqırımdır. Bu proseslər heç də asan deyil, olduqca zəhmətli və vaxt tələb edən işlərdir. Rusiyada, Almaniyada, Avropada, dünyanın müxtəlif yerlərində, hətta Türkiyənin özündə belə tədqiqatçıların qrup şəklində fəaliyyəti çox çətindir. Çox adi bir məsələni misal gətirim. Keçən ilə qədər Türkiyədə soyqırım sözünün işlədilməsi belə sanki, qadağan idi.
Güntəkin Nəcəfli: Onlar Xocalı soyqırımı yerinə Xocalı qətliamı ifadəsini işlədirdilər.
Vaqif Abışov: Azərbaycan öz yükünü özü çəkməlidir. Digər tərəfdən isə qarşıda mərhələli hədəflər olmalıdır və bu dövlət tərəfindən mütləq şəkildə müdafiə olunmalıdır. Düşmənin məkrli planları bu gün də davam edir. Biz əlimizdəki bütün silahları istifadə etməliyik. Bu gün ermənilər Şuşada beynəlxalq konfrans keçirmək üçün hazırlıq görür. Amerikadan, Rusiyadan nümayəndə heyəti dəvət edirlər. Bunlara göz yuma bilmərik.
Güntəkin Nəcəfli: Mən də bayaqkı sualınıza bəzi əlavələr etmək istəyirəm. Beynəlxalq işçi qruplar olmasa da bəzi konkret qurumlar arasında belə örnəklər var. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu ilə Türkiyə Atatürk Araşdırma Mərkəzi, Türk Tarix Qurumu arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqavilələr imzalanıb. Yəni bizim üçün onların arxivləri, onlar üçün də bizim arxivlər açıqdır.
Bayaq qeyd etdiyimiz 5 beynəlxalq konfransa dünyanın bütün ölkələrindən tədqiqatçılar dəvət olunmuşdu, əsasən də xristian ölkələrindən. Alman tədqiqatçıları, rus tədqiqatçıları, gürcü tədqiqatçılar həmin konfranslarda daha çox iştirak edib. O cümlədən Avropanın bir çox ölkələrindən, hətta Amerikadan da qonaqlarımız olub. Hətta bu konfranslarda iştirak edən və bizim sözümüzü deyən alimlərdən Yaqub müəllim bir qurum da təşkil etmişdi.
Onu da qeyd edim ki, biz Berlində Xarici İşlər Nazirliyinin siyasi arxivindən çox sayda sənədlər gətirmişik. Müxtəlif konfranslarda bu sənədlərə istinad edirik. Mən özüm şəxsən Türkiyədə, Şimali Makedoniyada, Macarıstanda həmin arxiv sənədlərə əsasən çıxışlar etmişəm. Alman sənədləri özü təsdiq edir ki, ermənilər Azərbaycan və Türkiyə türklərinə qarşı soyqırım törədib. I Dünya müharibəsində Osmanlı dövləti ilə Almaniya müttəfiq olduğu üçün bu sənədlər həmin arxivdə saxlanılır. Alman nümayəndələrinin gördüyü hadisələr, həmin dövrün alman qəzetlərində çıxan xəbərlər – bunlar hamısı sübut edir ki, ermənilər həm Şərqi Anadoluda, həm Azərbaycanda kütləvi şəkildə soyqırımlar həyata keçirib. Gətirdiyimiz arxiv sənədləri əsasında artıq bir kitab da hazırlanıb. Ancaq hələ ki məqalələrlə çıxış edirik.
Vaqif Abışov: Bildiyiniz kimi 1918-ci il iyulun 15-də erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün Azərbaycan hökuməti tərəfindən Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Fəaliyyət göstərdiyi dövr ərzində komissiya tərəfindən 36 cilddən (3500 vərəq) ibarət istintaq materialı toplanıb. Onun 6 cildi ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks etdirirdi.
Bir faktı qeyd etmək istəyirəm. 1918-ci ildə noyabrın 17-də Antantanın nümayəndəliyi cüzi qoşunla Bakıya daxil olduqdan sonra Şamaxıda soyqırım törədilməsinə rəhbərlik edən Lalayanla bağlı Azərbaycan hökuməti həmin sənədlərə istinad edərək general Tomsona müraciət etmiş və həmin nümayəndənin göstərişi ilə Lalayan həbs edilmişdi. Bu faktdan biz beynəlxalq təşkilatlarda istifadə etməmişik.
Həmçinin komissiyasının sədri Ə.Xasməmmədov Paris sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Quba və Şamaxı şəhərlərində, Şamaxı, Göyçay, Cavad, Quba qəzalarında ermənilər tərəfindən müsəlmanlara qarşı törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatları məktubla birlikdə xarici işlər nazirinə göndərmişdi.
Bu gün doğrudan da əlimizdə çox sayda tutarlı hüquqi sənəd var. O sənədlərə istinad etməklə biz 1918-ci il hadisələrini soyqırım kimi beynəlxalq aləmdə qaldıra bilərik. Ermənilər ortada heç bir hüquqi fakt olmadığı halda Qərbin dəstəyinə arxalanaraq bütün dünyaya öz yalançı həqiqətlərini car çəkirlər.
Güntəkin Nəcəfli: Soyqırım hadisələri ilə bağlı bizim həm rus, həm də ingilis dilində buraxdığımız kitablar var. Və biz öz gücümüzə həmin kitabları sadəcə olaraq müxtəlif dövlətlərin kitabxanalarına yerləşdirə bilirik.
Fuad Babayev: Müasir tarix elminin həmin dövrü öyrənən nümayəndələri içində fikri birmənalı şəkildə qəbul olunan hansı alimlərin adını çəkə bilərsiniz? Əlbəttə, söhbət bizim tarixi həqiqətləri müdafiə edən alimlərdən gedir.
Gültəkin Nəcəfli: Yohannes Rau adlı alman tarixçisinin adını çəkə bilərəm. O bizi çox dəstəkləyirdi. Bundan başqa Potsdam Universitetinin professoru Vilfred Furmanı qeyd edə bilərəm.
Gənc alman alimi Matias Dorenfeld özü ilə arxivlərdən bəzi sənədlər də gətirmişdi və bizə bildirdi ki, belə tutarlı sənədlərimiz ola-ola ermənilər bütün dünyaya əksini qəbul etdirməyə çalışır. Və bizə mediada bu faktlarla tanınmadığımız üçün irad tutdu. Daha sonra Rusiyada İqor Turitsin, Gürcüstanda Quram Marxuliya da obyektiv mövqe sərgiləyən alimlərdəndir. Türkiyədə belə tarixçilər çoxdur, onların adlarını çəkmirəm. Adını çəkdiyim tarixçilərin hər biri soyqırım sözünü işlədən və dəqiq faktlarla çıxış edən alimlərdir.
Vaqif Abışov: Bir məqama da toxunum ki, konfransda iştirakı formal xarakter daşıyanlar da var. Yəni konfransda iştirak etmək, hesabat vermək hələ bütün məsələ demək deyil. Təəssüf ki, belələri də var.
Nigar Camalova: Sənədlərlə bağlı bəzi məqamları əlavə etmək istəyirəm. 15 avqust 1919-cu il tarixində Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında razılıq əldə olunmuşdu. Həmin razılığın bəndlərindən birində qeyd olunub ki, ermənilərin törətdiyi qanunsuz hərəkətlərə görə öz yerlərindən didərgin düşmüş azərbaycanlılar geri qaytarıla bilər. Yəni razılaşmaya görə buna icazə verilirdi. Bu o deməkdir ki, özləri də etiraf edir ki, biz azərbaycanlılara qarşı qanunsuz hərəkətlər etmişik.
Vaqif Abışov: Nigar xanım çox doğru qeyd etdi. Mən fikirləşirəm ki, bundan sonrakı mərhələdə də ermənilərin, onlara dəm tutan dövlətlərin qarşısına sipər çəkmək üçün hökmən əlimizdə olan sənədləri beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə daşımaq lazımdır.
Güntəkin Nəcəfli: Elektron variantlarda əməkdaşlıq olmalıdır.
Vaqif Abışov: Bəli, hüquqi cəhətdən işlər görmək lazımdır. Məsələn, hüquqşünaslar müvafiq qurum və ya birlik yarada bilərlər, hansı ki, bayaq sizin də misal çəkdiyiniz kimi müxtəlif dövlətlərdən olan hüquqşünaslar cəmləşsin. Və həmin sənədləri beynəlxalq aləmə daşımaq üçün işçi qruplar formalaşdırılsın.
Güntəkin Nəcəfli: Biz hərbi prokurorluqla birlikdə bir kitab da hazırladıq.
Vaqif Abışov: Hətta muzey də yaradıldı.
Güntəkin Nəcəfli: Kitab Xocalı soyqırımına aid olsa da orada 1918-ci il hadisələrinə də yer verilib. Hətta 1905-1906-cı il hadisələrindən də bəhs edilir.
Vaqif Abışov: Ermənilərin xarici ölkələrdəki fəaliyyətinin əsas aparıcı qüvvəsi diaspor təşkilatlarıdır.
Güntəkin Nəcəfli: Ümumiyyətlə, 1918-ci il mart soyqırımı ilə bağlı Heydər Əliyevin fərmanına (“Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanı – red.) qədər bu işlər heç vaxt açılmamışdı. Sənədlər hamısı gizli saxlanılırdı. Hətta öz arxivlərimiz belə. 1998-ci ildən sonrakı mərhələ dövlət dəstəyinin nəticəsi idi. Bu kimi miqysaslı işlər mütləq dövlət dəstəyi ilə həyata keçirlməlidir. Keçirdiyimiz 5 beynəlxalq konfransın hər birini də dövlət dəstəyi ilə etmişik. Əks halda onları da reallaşdıra bilməzdik.
Vaqif Abışov: Biz özümüz də bacardığımız qədər bu məsələlərin üstünə getməliyik, əks təqdirdə bu barədə hələ çox danışacağıq. Əlimizdə sənədlər çoxdur, bu işlə məşğul olan təşkilatlarımız da həmçinin. Alimlərimiz də öz növbəsində, hər biri öz işinin peşəkarıdır.
Təmkin Məmmədli: Vaqif müəllim, 1918-ci il mart soyqırımları zamanı Bakıda həlak olan soydaşlarımız bəzi sənədlərdə 8 min, bəzilərində 12 min, bəzilərində isə 20 min göstərilir? Bu barədə dəqiq məlumat var?
Vaqif Abışov: Fövqəladə Təhqiqat Komissiyasının məlumatına əsasən Bakıda 12 mindir. Şamaxıda 8 mindən bir qədər çoxdur. Qubada isə 4162-dir.
Hazırladı: Aytac Hüseynova, 1905.az
Söhbət 5 mart 2020-ci ildə baş tutub.