1943-cü il Tehran Konfransı zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən, erməni diasporu SSRİ Xarici İşlər naziri V. Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdir.
Molotov Tehranda məsələni SSRİ KP MK-nın sədri İ. Stalinə çatdırır və ermənilərin köçürülməsinə razılıq verilir. Ermənistan KP MK-nın katibi Q. Arutyunov bundan istifadə edərək xaricdəki ermənilərin ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olur.
1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qəra çıxarır.
Stalin tərəfindən 1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ermənilərin xüsusi ilə diqqət mərkəzində saxladıqları məsələ iqtisadi, sosial və mənəvi cəhətdən küçlü, strateji əhəmiyyətli azərbaycanlı yaşayış məntəqələrinin boşaldılması idi. Bu səbəbdən ilk mərhələdən İravan şəhəri yaxınlığındakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.
Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş 10 minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır.
Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə “Böyük Ermənistan” ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Dağlıq Qarabağdan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür.
Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət oçaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir. 1947-1953-cü illərdə azərbaycanlılar yaşayan 60 məntəqənin adı dəyişdirilmişdir. Ümumiyyətlə isə, 1921-1988-ci illərdə Ermənistanda 100-lə türk mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir.
Deportasiya zamanı ermənilərin həyata keçirdikləri hiyləgərlik isə ondan ibarət idi ki, rayon və şəhərlərin əhalisi az sayda azərbaycanlı qalmaq şərti ilə köçürülmüşdür. Azlıqda qalan əhali isə növbəti mərhələdə ermənistan ərazisinin tamamilə azərbaycanlılardan “təmizlənməsi” əməliyyatı zamanı ölkədən çıxarılmışdır.
www.ryl.az