
22 may – Beynəlxalq Biomüxtəliflik Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiyası qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir. Hər il bir deviz altında qeyd edilən bu günün cari ildəki şüarı “Həllin bir parçasıyıq #TəbiətÜçün”dür.
AZƏRTAC xəbər verir ki, 1992-ci ildə Keniyanın paytaxtı Nayrobidə əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan 2000-ci ildə qoşulub. Konvensiya dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə yaradılıb.
Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilib, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılıb, həmin ərazilərdə mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti respublika ərazisində və Xəzər dənizinin ölkəmizə mənsub olan bölməsində bioloji müxtəlifliyin, genetik fondun və təbii ekoloji sistemin qorunub saxlanılması, bərpası, artırılması, davamlı inkişafı, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən məqsədli istifadə, heyvanlar aləminin və ovçuluq təsərrüfatlarının inkişafı, maarifləndirmə, ekoturizmin və rekreasiyanın təşkili və inkişafı sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən qurumdur.
Ölkəmizin bioloji müxtəlifliyi
Azərbaycan flora növlərinin ümumi sayına görə Cənubi Qafqazın ən zəngin ölkəsidir. Burada rast gəlinən bitki növləri Cənubi Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 faizini təşkil edir.
Respublikamız üçüncü dövrə aid olan relikt (qədim bitkilər) cinslərlə də zəngindir ki, bunların nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonasında daha çox rast gəlinir. Dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, bigəvər, şümşad və s. misal göstərmək olar.
Ölkəmizdə 240 endemik, yəni dünyanın başqa yerlərində rast gəlinməyən bitki növü mövcuddur ki, bu isə ümumi floranın 6 faizə qədərini təşkil edir.
Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Onların 618 növünü onurğalı heyvanlar, o cümlədən 97 növünü məməlilər təşkil edir. Ölkədə qeydə alınan heyvanların 58 növü sürünənlərdən, 11 növü suda-quruda yaşayanlardan, 357 növü quşlardan, qalanı onurğasız heyvanlardan ibarətdir. Həşəratların isə ölkədə 12 min növü yayılıb.
Xəzərin ən qiymətli varlığı – planetimizin relikt, yəni ən qədim canlılarından olan və təkamülü 300 milyon il təşkil edən nərə balıqlarıdır. Onlar 65 milyon il əvvəl yaşayan dinozavrlardan da qədimdirlər. Xəzər dənizində nərələrin mövcud dünya ehtiyatının 80 faizi cəmləşib. Dənizin hövzəsində, çaylar daxil olmaqla, cəmi 153 balıq növü var ki, bunların 81 növü endemikdir, yəni planetin heç bir yerində yoxdur və yalnız Xəzər dənizində yaşayırlar. Xəzərin Azərbaycan sektorunda 90-a qədər balıq növü var. Xəzər dənizində relikt və endemik olan 6 növ nərə cinsli balıq yaşayır: bölgə, rus nərəsi, Kür nərəsi, kələmo, uzunburun və çökə.
Xəzər dənizində nərəkimilərin ehtiyatı son 15-20 ildə kəskin azalıb. Belə ki, nərəkimilərin ehtiyatı keçən əsrin 80-ci ili ilə müqayisədə 30 dəfə azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatıb. 2011-ci ildən başlayaraq Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovunu həyata keçirmir. Balıq ovu ancaq balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir.
Son 10-15 il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində nərə balıq ehtiyatlarının artırılması ilə məşğul olan 3 nərə balıqartırma müəssisələrində süni üsulla alınmış və yetkin yaşadək böyüdülmüş ana-törədici balıq fondları yaradılıb. Nərə balıq ehtiyatlarının qorunub saxlanılmasına yönəldilmiş tədbirlər çərçivəsində bu nərə balıqartırma zavodları tərəfindən Kür çayının Xəzər dənizinə düşən aşağı axarına hər il nərəcinsli balıq körpələri buraxılır.
Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri
Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinə – milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları daxildir. Respublikamızda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir və ölkə ərazisinin 10,31 faizini təşkil edir.
Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir.
Ölkəmizdə milli parkların yaradılmasına isə 2003-cü ildən etibarən başlanılıb, son olaraq 2018-ci ilin sentyabr ayında Xəzər dənizinin Azərbaycan sektorunda 99 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park – Qızılağac Milli Parkı yaradılıb.
Bununla yanaşı, planlaşdırılan işlər çərçivəsində ölkədə ilk olaraq seçiləcək palçıq vulkanlarından ibarət geopark statuslu xüsusi mühafizə olunan təbiət ərazisi kateqoriyası formalaşdırılacaq. Hazırda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Hirkan meşələri üçün nominasiya sənədi və geopark statusu veriləcək vulkanlarla bağlı təkliflər paketi hazırlanır.
İşğaldan azad olunmuş torpaqlarımızda 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Onlardan ikisi dövlət təbiət qoruğudur – Bəsitçay və Qaragöl qoruqları, dördü isə yasaqlıqdır – Daşaltı, Laçın, Qubadlı, Arazboyu. 30 ilə yaxın müddətdə həmin qoruq və yasaqlıqlar talan olunub, onların əksər hissəsi məhv edilib. İşğaldan azad olunmuş torpaqlarımızda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinə dəymiş ziyanın hesablanması məqsədilə monitorinqlər aparılır. Həmçinin həmin ərazilərdəki qoruqlar, yasaqlıqlar yenidən qurulacaq, bərpa olunacaq.
Cənubi Qafqazda ilk biosfer rezervatı Azərbaycanda yaradılacaq
Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət cığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.
Biosfer rezervatı Türkiyə, Rusiya, Belarusda da mövcud olsa da, Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacaq.
Bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatında müasir tələblərə cavab verən infrastruktur qurulacaq, alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat da mövcud olacaq.
“Qırmızı kitab”ın üçüncü nəşri çap olunacaq
“Qırmızı kitab”ın birinci nəşri 1989-cu, ikinci nəşri isə 2013-cü ildə işıq üzü görüb. “Qırmızı kitab”ın üçüncü nəşrinin 2023-cü ildə çap olunması nəzərdə tutulub. Birinci “Qırmızı kitab”da 108 fauna və 140 flora növü qeydə alınıb. İkinci kitaba isə 223 fauna və 300 flora növü daxil edilib. Üçüncü “Qırmızı kitab”a daxil ediləcək flora və fauna növlərinin sayının artması istisna deyil. İlkin siyahılar hazırdır və üçüncü nəşrə 600-dən çox bitki növünün salınması nəzərdə tutulur. Yeni nəşrdə göbələk növlərinin sayı da artırılacaq.
Azərbaycanda antropogen və iqlim təsirlərin güclü olması bəzi həssas növlərin sayının kritik həddə yaxınlaşmasına səbəb olub. Yeni kitabda rəqəmlər dəyişəcək. Bəzi növlər var ki, tək-tək də olsa, fərdlərin sayı artıq kitabdan çıxarılıb, xüsusi siyahılara salınacaq. Yeni kitab daha müasir, yüksəkkeyfiyyətli və daha əhatəli olacaq. Qiymətləndirmə beynəlxalq meyarlara uyğun aparılacaq. Növlərin bəzilərinin şəkilləri rəssamlar tərəfindən çəkiləcək. Üçüncü “Qırmızı kitab” yeni çağırışa əsasən işğaldan azad edilmiş əraziləri əhatə etməklə daha təfsilatlı, daha informativ olacaq. İşğaldan azad edilmiş ərazilərin fauna və flora növlərinin monitorinqlərinin aparılması və düzgün qiymətləndirilməklə “Qırmızı kitab”da təmsil olunmasına ciddi diqqət yetiriləcək.