Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) www.1905.az portalının redaksiyasında “1905.az kitabı” seriyasından nəşr edilən “23 aylıq yol 23 müsahibədə” kitabının təqdimat mərasimi keçirilib.
Seriyanın ideya müəllifi və naşiri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovdur.
Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixini tədqiq edən alim və tədqiqatçılarımızın www.1905.az portalında verilmiş müsahibələri yer alıb. Müsahibələr həsr olunduğu hadisələrin xronoloji ardıcıllığına müvafiq şəkildə verilib.
Mərasimdə çıxış edən seriyanın tərtibçisi və elmi redaktoru, 1905.az saytının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamının önəmindən danışıb və Cümhuriyyətin tariximizdəki müstəsna rolunu vurğulayıb.
Həmçinin o, kitabın ərsəyə gəlməsində müstəsna xidmətləri olan və kitabda toplanan müsahibələrin mütləq əksəriyyətinin müəllifi araşdırmaçı-jurnalist Gündüz Nəsibovun dünyasını dəyişməsini təəssüflə qeyd edib.
Assosiasiyanın vitse-prezidenti Dəyanət Musayev bu qurumun fəaliyyəti, həyata keçirdiyi layihələrdən danışıb, “23 aylıq yol 23 müsahibədə” kitabında yer alan materiallar barədə məlumat verib.
Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi 1919-cu ilin Cumhuriyyətin dövlət quruculuğu sahəsində ən məhsuldar və əsas il olduğunu, Parlamentin fəaliyyəti, universitetin açılması və bir çox məsələlərin bu illə bağlı olduğunu bildirib. Qeyd edib ki, o zaman yaşanan qaçqın və köçkün problemləri, Cumhuriyyətin bu problemi həll etməsi təcrübəsi tam öyrənilməyib. Onu da bildirib ki, kitabın formatı çox maraqlı və oxunaqlıdır və bunu daha çox gənclər arasında yaymaq lazımdır.
Professor Qabil Əliyev Cumhuriyyət tarixində qonşu dövlətlərlə münasibətlərin çox önəmli olduğunu deyərək, Dağlı respublikasına yardım edilməsi, Gürcüstanla hərbi pakt imzalanması, Ermənistanla danışıqlara gedilməsi kimi faktlara diqqəti çəkib. Bildirib ki, bu insanların dövlətçilik təcrübəsinin olmamasına rəğmən, xalqına, millətinə, dövlətinə böyük sevgi məsələlərin, problemlərin dövlətçilik baxımından uğurlu həllinə gətirib çıxarıb.
Tarix üzrə elmlər doktoru Nurulla Əliyev Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq sərəncamının əhəmiyyətindən danışıb. O dövrdə hərbi təhlükəsizlik məsələləri, ordu quruculuğu məsələlərini qeyd edərək Cumhuriyyətin hərbi diplomatiya sahəsindəki uğurlarını qeyd edib.
Tarix üzrə elmlər doktoru, professor Sevda Süleymanova dərc olunmuş kitabı Cumhuriyyət ili üçün böyük töhfə adlandırıb. O, Cumhuriyyət dövrünün 1919-cu ilində tariximiz üçün əhəmiyyətli hadisələri xüsusi olaraq qeyd edib, bu dövrdə fəaliyyət göstərən parlament və Azərbaycan bayrağı məsələlərinə diqqət çəkib. Bildirib ki, Azərbaycan prezidentinin fərmanı ilə Bayraq Meydanının yaradılması, Bayraq gününün xüsusi qeyd edilməsi, dövlət səviyyəsində bayrağa bu dərəcədə hörmət göstərilməsi və gənclərdə də bayrağa məhəbbətin artması təqdirəlayiqdir.
Tarix üzrə elmlər doktoru Mehman Süleymanov Cumhuriyyətin ordu quruculuğu məsələlərini və bu sahədə Mehmandarov və Şıxlınski kimi sərkərdələrin fəaliyyətini xüsusi olaraq qeyd edib. O, Mehmandarovun parlamentdə debatlar zamanı onu tənqid edən KİV-lərin bağlanması fikirlərinə qarşı çıxmasını onun böyük insan olması kimi səciyyələndirib.
Filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov kitabda Cumhuriyyətimiz dövründə dilin vəziyyəti ilə bağlı məsələlərə aydınlıq gətirib. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından heç bir ay keçməmiş verdiyi ilk qərarın bayraq və dil ilə bağlı olduğunu və dövlətimizin dil məsələsinə çox həssas yanaşdığını xüsusi qeyd edib. Həmçinin o dövrdə latın əlifbasının qəbul olunması, ancaq Cumhuriyyətin süqutunun bunun həyata keçirilməsini dayandırmasından və sonrakl taleyindən ətraflı bəhs edib.
Tarix üzrə fəlsəfə doktoru, dosent Kəmalə Nəcəfova Azərbaycan Xalq Cumhuriyyətinə gedən məşəqqətli yoldan və bu yolda Azərbaycan ziyalılarının zəhmətindən bəhs edib. Cumhuriyyət qurucularının ziyalı əxlaqını isbat etdiyini və gələcək nəsillərə ötürdüyünü qeyd edib. Daha sonra o, erməni millətçi şovinist təşkilatlarının 1905-ci ildən başladığı müharibənin hələ də davam etməsi və bu baxımdan “1905.az” saytının maarifləndirici fəaliyyətini yüksək qiymətləndirib.
Tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı AVCİYA-nın seçki qərargahının fəaliyyətindən, həmçinin Elxan Süleymanovun rəhbərliyi ilə təşkilatın gördüyü tədbirlərdən bəhs edib. Qeyd edib ki, Göyçay döyüşləri ilə bağlı iki kitabın müəllifidir və o zaman baş verən Göyçay döyüşləri əhəmiyyətinə görə bizim üçün Böyük Vətən Müharibəsindəki Stalinqrad döyüşləri ilə müqayisə oluna bilər, çünki ermənilərin Göyçayda qarşısı alınmasa idi, Cumhuriyyət uzun müddət yaşaya bilməyəcəkdi.
Tarix üzrə fəlsəfə doktoru Zəfər Kərimov Azərbaycan Xalq Cumhuriyyətinin zəngin tarixi olduğunu qeyd edərək bildirib ki, 70 illik sovet dövründə şərəfli Cumhuriyyət tariximiz, onun görkəmli şəxsiyyətləri M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyski və digərlərini unutdurmağa çalışmışlar. Qeyd edib ki, bu gün də təəssüf ki, bəzi Azərbaycan ziyalılarında Cumhuriyyəti dərk etmək fəlsəfəsinin olmadığını görürük.
Tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov Cumhuriyyətin dövlətçilik tarixindən danışaraq hakimiyyətin bölgü prinsipində parlamentin yerini xüsusi qeyd edib və burada dövlətin qurucularının nə dərəcədə elmi biliyə, savada malik olduqlarından bəhs edib. Parlamentin 17 aylıq fəaliyyəti dövründə müzakirələrə 270-dən çox qanun layihəsi çıxarılmış və bunlardan 230-unun qəbul olunduğu vurğulanıb.
Tədbirin sonunda qeyd edilib ki, Cumhuriyyətlə bağlı araşdırmalar dayanmamalı, 1919-cu ildə həddən artıq tarixi hadisələrin olduğu nəzərə alınaraq bu il də bu istiqamətdə işlər aparılmalıdır.