
Azərbaycan Ordusu Şuşaya üç istiqamətdən daxil olmağı planlaşdırmışdı. Onlardan biri Xocavənd meşələri ilə irəliləməklə mümkün idi. Laçın dəhlizini nəzarətə alandan sonra Xankəndi yolu istiqamətində irəlilədik. Xankəndi yolunun üstündən noyabrın 5-i hava qaralanda hücuma keçdik. Yüngül atışmadan sonra texnikalarına qədər hər şeyi qoyub qaçdılar. Komandirlərinin “Niva” markalı maşınına qədər hər şeyi qoyub getmişdilər. Onlar Xankəndi tərəfə qaçmışdılar. O zaman orada onların briqadası var idi. Hər şeyin belə asan olacağını düşünmürdük”.
Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi qazisi, Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin çavuşu Orxan Həsənov deyib.
2014-cü ildə Daxili Qoşunlarda xidmətə başlayan O.Həsənov əvvəlcə Xüsusi Vasitələrin Tətbiqi Bölməsində işləyib. 2016-cı ildən 2022-ci ilə qədər isə Xüsusi Təyinatlı Dəstədə xidmət edib. Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə ezam olunan Daxili Qoşunların 300 mənsubundan biri olan O.Həsənov Vətən müharibəsində Cəbrayıl, Füzuli, Xocavənd, Laçın və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda, o cümlədən ermənilərin kapitulyasiya aktı imzalamasından sonra Kəlbəcərin təhvil-təslim prosesində iştirak edib. O, həm düşmənə qarşı döyüşüb, həm də sanitar kimi yaralı hərbi qulluqçularımıza ilkin tibbi yardım göstərərək, onları həyata qaytarıb.
Şuşa əməliyyatından bəhs edən çavuş fikirlərinə belə davam edib: “Az dumanlı hava hökm sürürdü. Biz Şuşa qalasının altında mövqelənmişdik. İki gün idi ki, ac-susuz qalmışdıq. Aşağı düşüb ermənilərin maşınlarından qida və su taparaq mövqeyimizə qayıtdıq. Gecə saat 1-ə işləmiş ermənilər biz olan tərəfə hücum etdilər. Biz tankın atış mövqeyində dayandığımızdan olduğumuz yeri sərbəst vura bilirdilər. Bizim tank əleyhinə idarəolunan raket (TƏİR) heyətimiz geridə qalmışdı. Şuşaya qayalardan dırmaşıb daxil olduğumuza görə, ağır artilleriyanın qaldırılması mümkünsüz idi. Üstümüzdə yalnız yüngül silahlar var idi ki, onlar da tanka təsir etmirdi. Düşmən gördü ki, tank vurulmur və sərbəst atışlar edir, bu zaman digərini də gətirdi. Artıq bir deyil, iki tank bizi hədəf almışdı. Bu azmış kimi həmin vaxt minaatan mərmiləri üzərimizə dolu kimi yağırdı. Atəş hər zamankından ikiqat ağır idi. Məqsədləri o idi ki, biz geri çəkilək, onlar isə irəliləyib Şuşa qalasını tutsunlar. Noyabrın 6-sı gecə ikinin yarısından atəş gücləndi. Səhər tezdən saat 6-ya qalmışa kimi atışdıq.
Bizim qrupdan Vətən Müharibəsi Qəhrəmanı gizir Orxan Cabbarov qolundan snayper yarası aldı. Çox qan itirmişdi. Ona ilkin tibbi yardım göstərdim, atışmanın ortasında sistem qoşdum. Düz dayansın deyə avtomatın qundağını yerə dirəyib yanına süngü-bıçaq qoydum. Avtomatın ucuna isə sistemi bağladım. Atışma getdikcə güclənirdi. Yaralıları yavaş-yavaş oradan uzaqlaşdırmalı, daha təhlükəsiz əraziyə aparmalı idik. Hava işıqlanırdı və bir növ ölüm bölgəsində – açıq ərazidə qalmışdıq. Təpənin ətəyi idi və düşmən bizi asanlıqla görə bilirdi. Şuşa qalasına doğru irəlilədik. Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri də olduğumuz əraziyə gəldilər. Yaralıları erməni futbolçu Henrix Mxitaryanın Şuşadakı villasına yerləşdirdik. Atışma davam edirdi. Biz 300 nəfərlik şəxsi heyətlə Xankəndi briqadasından gələn 2 min nəfərə qarşı döyüşdük. Bizim TƏİR heyəti iki gün sonra gəlib özünü çatdırdı. Tanklardan birini sıradan çıxaran kimi o biri qaçdı. Biz ovaxta qədər şans əsəri sağ qalmışdıq. Çünki tankların vuruşu qalanı tutmurdu.
H.Mxitaryanın villasında toplanan heyət arasında cəmi iki ixtisaslaşmış sanitar var idi. Biri mən idim, digəri isə XTQ mənsubu idi. İki nəfər isə köməkçi idi. Biz orada çətin şəraitdə, hətta alışqanın işığında yaralılara baxırdıq. Həmin vaxt orada tibbi yardım göstərdiyimiz 100-dən çox yaralını xilas etdik. Yaralıları 2-3 gün saxladıq, ondan sonra təxliyə ilə geri göndərdik. Hətta ikinci təxliyə maşını yolda ermənilərin hədəfinə çevrilmişdi.
Villada müalicə alan yüzlərlə ağır yaralıdan dördü təəssüf ki, şəhid oldu: Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyev, baş leytenant Xəyyam Əzizov, Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsindən kapitan Şamil Babayev və çavuş Ceyhun Rzayev. Ən ağrılı məqam o idi ki, Xəyyam Əzizov öz doğum gününə şəhidliyini hədiyyə etmişdi. Hərdən düşünürəm ki, kaş əlimizdə daha geniş imkanlar olardı onları xilas edə bilərdik…
Hətta sonradan mən güllə altında sistem qoşduğum gizir Orxan Cabbarovun da şəhid olduğunu eşitdim. O, bundan əvvəl Cəbrayılda çiynindən yaralanmışdı. Müalicəsini tamamlayıb döyüşə qayıtsa da Şuşada qolunun qatlanacağından yaralandı. Sonra biz onunla bir-birimizi itirdik. Təxliyə qrupu tapanda isə kürəyindən ürək istiqamətinə girən qəlpəyə görə artıq şəhid olmuşdu. Bu, mənim üçün növbəti ağır məqam idi.
Noyabrın 9-da isə binalarda mövqelənməyi tapşırdılar. Milli Ordunun hərbi qulluqçuları postlarda xidmət edirdilər. Gündüz onların yanında olurduq, gecə isə növbə ilə qruplarımız onlarla birlikdə keşik çəkirdilər. Noyabrın 9-dan 10-na keçən gecə saat 3-4-də aşağıdan qışqırıq, sevinc səsləri gəldi. Buna anlam verə bilmədim. Səhər tezdən bizə toplanış əmri verildi. Hamı yığılandan sonra müharibənin bitdiyi, ermənilərin ağ bayraq qaldıraraq təslim olduğu xəbərini aldıq. Binalardan birinin zirzəmisindən radio tapıb işə saldıq. Üçtərəfli Bəyanatın imzalanması xəbərini tam dinlədikdən sonra sevincimizin həddi-hüdudu yox idi. Biz Qələbəyə çox ac idik. Bu xəbər bizim günlərdir çəkdiyimiz əziyyətin bəhrəsi idi, bununla da yorğunluğumuz, yuxusuzluğumuz, ac-susuzluğumuz anidən yox oldu. Həm sevinir, həm də bu günü görə bilməyən qardaşlarımıza görə məyus olurduq.
Əslində hər birimiz döyüşə həvəslə atılmışdıq. Lakin döyüş meydanı elə bir yerdir ki, o mühitə düşən insan istər-istəməz dəyişir. Əgər əvvəllər qarışqanı belə incitməyəcək qədər mərhəmətli idinsə, artıq orada yaşadığın hadisələr səni qəddarlaşdırır. Mənim üçün dönüş nöqtələrindən biri dostum – Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin çavuşu Abas Şahbazovun Cəbrayılda şəhadətə yüksəlməsi oldu. Ondan sonra içimdəki qəzəb, intiqam hissi gözümü elə bürümüşdü ki, ölümlə burun-buruna dayananda belə qorxunun nə olduğunu hiss eləmirdim. Bugünkü gündə də şəhid yoldaşlarımın acısını içimdə daşıyır, onların xatirəsini hər zaman yad edirəm”.
Qeyd edək ki, Vətən müharibəsi zamanı Füzulidə və Şuşada qapalı beyin travması alan O.Həsənov müalicə almaqdan imtina edərək döyüşü davam etdirib. O, 2022-ci ildə səhhəti ilə əlaqədar olaraq ordu sıralarından tərxis olunub.
O.Həsənov Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.










 
         
         
        





 
                 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





 
                    


 
 
    
   
  
     
		   
		   
		

