Hörmətli həmvətənlər!
Bu gün Azərbaycan öz müstəqilliyinin səkkizinci ilini yaşayır. Müstəqillik dövründə qazandığımız mühüm nailiyyətlərdən biri tariximizin uzun illər gizli saxlanılan, saxtalaşdırılan və təhrif edilən dövr və hadisələrinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etməyimizdir.
Belə hadisələrdən biri də dövlətimiz tərəfindən artıq öz siyasi və hüquqi qiymətini almış və bu gün ildönümünü qeyd etdiyimiz azərbaycanlıların soyqırımı günüdür.
Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik.
XIX-XX əsrlərdə xalqımızın başına bir sıra ağır faciələr gətirilib. Böyük dövlətlərin yeritdikləri imperiya siyasətinin qəddar və məkrli icraçısı olan ermənilərin əli ilə dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı törədilmiş, xalqımızı ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə düçar etmişlər. Yüz minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilmiş, öz ata-baba yurdundan didərgin salınmış, Azərbaycanın qədim yaşayış məskənləri xarabalığa çevrilmişdir.
Erməni millətçilərinin əsrin əvvəllərində çar Rusiyasının imperiya siyasətindən, 40-50-ci illərdə sovet rejimindən bəhrələnərək həyata keçirdikləri soyqırımı siyasəti 80-ci illərin ortalarından başlayaraq yenidənqurma pərdəsi altında daha da güclənmiş və Azərbaycan xalqına yeni-yeni faciələr gətirmişdir. Təəssüflər olsun ki, bu qanlı aksiyalara nə beynəlxalq ictimaiyyət, nə də ki, Azərbaycan Respublikasının rəhbərliyi vaxtında prinsipial qiymət verməmiş və beləliklə də, millətçi-separatçı qüvvələrin qol-qanad açmasına şərait yaratmışdır. Elə bunun nəticəsidir ki, 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilmiş və öz tarixi torpaqlarından qovulmuş, 1990-cı ilin yanvarında Bakıda və Azərbaycanın digər yerlərində bu haqsızlığa etiraz səsini ucaldan xalqa qarşı vəhşi cinayətlər törədilmiş, 1992-ci ildə qanlı Xocalı soyqırımı baş vermişdir.
Erməni təcavüzkarlarının və böyük Ermənistan ideoloqlarının etnik təmizləmə avantürist hərəkətinin nəticəsi olaraq bir milyondan artıq soydaşımız öz yurd-yuvasından didərgin salınaraq hər cür qeyri-insani məhrumiyyətlərə düçar edilmişdir. Təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə düşmənlərimizin yürütdükləri mənfur soyqırımı siyasətinin ağır təsirinə məruz qalmışdır. Lakin bu faciələrə, çətinliklərə, haqsızlıqlara baxmayaraq, xalqımız yaşamış, öz müstəqillik əzmini qorumuş və möhkəm iradə nümayiş etdirmişdir.
Bu gün biz tariximizə bir daha nəzər salırıq. Uğurlarımızla fəxr edir, itkilərimizə görə kədərlənirik. İndi Azərbaycanın müstəqil dövlət kimi yaşaması, öz haqq səsini bütün dünyaya yayması və keçmişdə baş vermiş ədalətsizliklərin aradan qaldırılmasına çalışması üçün bütün əsaslar yaranıbdır.
Qarşımızda duran əsas vəzifələrdən biri son əsrdə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik. Xalqımıza qarşı törədilə biləcək hər cür xəyanətin və təcavüzün qarşısını hamımız üçün ali məqsəd olan müstəqil Azərbaycan dövləti uğrunda dönməz mübarizə əzmi və iradəsi ilə almaq olar.
Sizi birliyə, xalqımızın milli maraqlarının və hüquqlarının qorunması uğrunda yenilməz mübarizəyə səsləyirəm.
“Azərbaycan” qəzeti, 1 aprel 1999-cu il