Ermənistanın Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn cinayət əməlləri ümumilikdə bəşəriyyətə qarşı soyqırımıdır
İki əsrdən artıqdır Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimizdir. Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problem olaraq qalır. Çünki Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir.
Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 6 yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.
Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən 500 milyard ABŞ dollarından çoxdur (bu rəqəm Beynəlxalq Qiymətləndiricilər Assosiasiyası tərəfindən dəqiqləşdirilir).
İşğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda dağıdılan muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu, bəşər mədəniyyətinə qarşı təcavüzdür. 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonrakı 23 il ərzində işğal altındakı ərazilərdə dağıdılan mədəniyyət, tarixi-dini abidələrin sayı hərbi münaqişə zamanı dağıdılmış abidələrin sayından çoxdur. Ermənistan planetin mühafizəsində duran 300-dən çox beynəlxalq konvensiyanın bir çox müddəalarını pozub. Təəssüf ki, dünya ictimaiyyəti ermənilərin ölkəmizin təbiətinin başına gətirdiyi bəlalara biganə münasibət göstərir. Erməni vandalizmi, onların işğal olunmuş Azərbaycan ərazilərində, eləcə də Ermənistanda mədəniyyət, tarixi-dini abidələrə qarşı törətdikləri vəhşiliklər haqqında kifayət qədər əsaslı fakt var. Bu gün isə məqsəd bu faktları müxtəlif dillərdə dünya ictimai rəyinə çatdırmaqdır. Bununla bağlı Heydər Əliyev Fondu böyük işlər görür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif dillərdə kitablar nəşr etdirilir. Eləcə də Azərbaycan ziyalıları, alimləri, tarixçiləri elmi sübutlara, tarixi faktlara əsaslanan kitablar yazaraq beynəlxalq akademiyalara, institutlara, QHT-lərə, dünya ictimaiyyətinə çatdırmağı özlərinin vətəndaşlıq borcu hesab edirlər.
İşğal olunmuş ərazilərimizdə 67 məscid, 144 məbəd, 192 ziyarətgah məhv edilib
Belə kitablardan biri də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çapdan çıxan “İşğal altındakı tarixi-dini abidələrimiz” nəşridir. Kitabın ön sözünün müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sərdi Mübariz Qurbanlı, müəllifi isə Nahid Məmmədovdur.
Mübariz Qurbanlı ön sözdə qeyd edir ki, bu gün tarixən erməni təcavüzünün qurbanı olmuş dini-mədəni abidələrimizin ümumi sayını müəyyənləşdirmək və onlar barədə tam məlumat toplamaq qeyri-mümkündür. Çünki XIX əsrdən etibarən Qarabağa və Qərbi Azərbaycan ərazilərinə köçürülən ermənilər müxtəlif vaxtlarda, mərhələ-mərhələ öncə azərbaycanlıların torpaqlarını, sonra da orada yaşayan soydaşlarımızı, daha sonra abidələrimizi təcavüzə məruz qoymuşlar. XX əsrin əvvəllərində, 1905-ci, 1918-ci illərdə bu təcavüz aktiv fazada aparılmış, nəhayət, 1988-ci ildən etibarən kulminasiya nöqtəsinə çatmışdır.
Tarixi abidələr xalqın keçmişinə işıq tutan, onun yaddaşını həmişə təzə saxlayan canlı arxivlərdir. Tarixi-dini abidələr isə xalqın təkcə tarixi deyil, həm də mənəvi, ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Bu baxımdan ermənilərin tarixi-mədəni abidələri, o cümlədən məbədlərimizi məhv etmələri məqsədlidir. Onlar bu yolla minilliklər ərzində yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək istəyirlər. Ermənilər işğal olunmuş ərazilərimizdə qalan tarixi-dini, mədəniyyət abidələrini ya dağıdaraq izlərini silir, ya da onları erməni abidələri adı altında saxtalaşdırır. İşğal olunmuş ərazilərimizdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur. Bəzi məlumatlara görə, dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500-dən çox, beynəlxalq əhəmiyyətli abidələrin sayı onlarladır, qəbiristanların sayı isə 900-dən artıqdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən işğal altındakı torpaqlarımızda təsbit edilmiş tarixi-dini abidələrin təqribi sayı isə 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-i isə ziyarətgahdır.
Ermənilər tərəfindən bir çox nadir tarixi mədəniyyət abidələrinin dağıdılması, İslam dininə aid olan nümunələrin məhv edilməsi və hətta tarixi abidələrin restavrasiyası adı altında Qafqaz Albaniyasına aid mədəni irsin saxtalaşdırılması, erməniləşdirilməsi prosesi bu gün də davam edir. İşğal altında olan torpaqlarımızda təcavüzə məruz qalmış, erməni vandalizmi nəticəsində məhv edilmiş tarixi mədəniyyət və tarixi-dini abidələrimizə bir daha nəzər yetirək.
Yaşı 1500 ildən artıq olan məbədlər, qədim alban monastırı…
Üçoğlantəpə adlanan ərazidə aparılan tədqiqatlar nəticəsində qədim insanların Eneolit dövründə (m.ə IV-VI minillik) məskunlaşmağa başladığı qeyd edilən Ağdam rayonunda onlarla tarixi-dini və memarlıq abidələri mövcuddur. Kəngərli və Şahbulaq kəndlərində VI-VIII əsrlərə aid məbədlər, Madagiz kəndində “Yeğiş Arakel” və “Ureq” (XII əsr), Maqavuz kəndində (XIII əsrə aid) məbədlər, Xaçındərbətli kəndində Qutlu Musa türbəsi (1314-cü il), Ağdam şəhərindəki (XVIII əsr) Xanoğlu türbəsi, Uğrulla bəyin türbəsi, eləcə də pirlər, qəbiristanlar darmadağın edilib. Dağıdılan tarixi memarlıq abidələri sırasında isə Hatəm Məlik qalası (XII əsr), Sərdabə, iki sandığabənzər abidə, Pənah xanın imarəti, İqamətgah, Karvansara və Bürc (XVIII əsr), Xurşudbanu Natəvanın qəbirüstü abidəsi və s. bu kimi abidələr var. 1868-1870-ci illərdə tikilmiş Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir.
İslam istiqamətli bir sıra abidələrin mövcud olduğu Ağdərə rayonunda isə pirlərin sayı daha çoxdur. Rayon mərkəzindən 10 kilometr aralıda yerləşən “Ulduz təpə” piri bölgədə tanınan ziyarət yerlərindən olub. Ağdərə rayonu da digər bölgələrimiz kimi tarixi-dini abidələrlə zəngindir. Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilmişdir. Bunlardan bizim günədək gəlib çatanlardan biri də Ağdərə rayonundakı Müqəddəs Yelisey monastır kompleksidir. Uca bir dağın zirvəsində tikilmiş və qala divarları ilə əhatə olunmuş monastır kompleksinin əsası V əsrdə qoyulub. Hazırda ermənilərin bu məbəddə qriqoryanlaşdırma işləri davam edir. Onlar məbədin müxtəlif yerlərində qriqoryan xaçlarının təfsirlərini yerləşdirmişlər.
Erməni vandalizminin qurbanı olan Xudafərin körpüsü, məhv edilən Şah Abbas karvansarayı
Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin olan Cəbrayıl rayonunda isə “Şəhərşik qalıqları”, “Qışlaq yerləri” (m.ə. II minillik), Siklop tikililəri (m.ə. III minillik), Şıxbaba türbəsi (XIV əsr), Səkkizguşəli türbə və müxtəlif ziyarətgahlar, qəbiristanlar, eləcə də tarixi memarlıq abidələrinin sırasında olan Ağoğlan nekropolu, Məscidtəpə kurqanı, Qız qalası, Qala bürcü, “Divlər sarayı”, Başıkəsik günbəz, Xanəgah və bir çox kurqanlar işğal nəticəsində məhv edilmişdir.
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonundan başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir.
Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin olan Füzuli rayonunda XIII əsrə aid türbələr, Mirəli türbəsi, orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşı üzərindəki türbə, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsi, Hacı Ələkbər məscidi, Qiyasəddin məscidi dağıdılıb. Alı körpüsü, Kərəm körpüsü, Sandığabənzər başdaşı, Oğuz qəbri, Karvansara rayonun tarixi memarlıq abidələridir. 1681-ci ildə inşa olunan karvansaray (bu tarixi abidəyə bəzən Şah Abbas karvansarayı da deyirlər) işğaldan sonra ermənilər tərəfindən mal tövləsinə çevrilib.
Dağıdılan Urud abidələri, “Ağoğlan” məbədi
Digər bölgələrimiz kimi, tarixi-dini abidələrlə zəngin olan Kəlbəcər rayonunda isə onlarla Alban məbədləri, kilsələr mövcud olub. Rayonda V-XVII əsrlərə aid Alban məbədləri, Müqəddəs Yaqub kilsəsi, Qırmızı məbəd, Urek məbədi, onlarla məscid, qəbiristan, ziyarətgahlar və bir çox tarixi-dini abidələr məhv edilib. Erməni işğalçıları rayonda mövcud olan bir çox tarixi memarlıq abidələrini – Dovşanlı nekropolu (Son Tunc və İlk Dəmir dövrü), Balıqaya nekropolu (Son Tunc və İlk Dəmir dövrü), ərəb yazısı ilə 4 ədəd Daş qoç fiqurları, Celabert qalası, Lök qalası, Uluxan qalası, Qalaboynu qalası, Comərd qalası, Keşikçi qalası, eləcə də Zar, Zəylik, Keşdək kəndlərindəki Urud abidələrini darmadağın ediblər.
Respublikamızın təbii sərvətlərilə zəngin guşələrindən biri olan Laçın rayonu ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri və tarixi-dini, memarlıq abidələri vardı. Rayonda V-VI əsrlərə aid alban monastırı olan “Ağoğlan” məbədi, Mağara məbədi (V əsr), Məlik Əjdər türbəsi (XIV əsr), Xəlifə türbəsi (XVII əsr), Soltanbaba və Şeyx Əhməd türbələri, orta əsrlərə aid “Aşığ” qəbiristanlığı və müxtəlif tarixi-dini abidələr mövcud olub. Həmçinin Dəmir dövrünə aid kurqanlar, Körpü (X əsr), Qala (XV əsr), ərəb yazıları olan daş at fiqurları (XVI əsr), daş qoyun fiquru, Soltan Əhməd sarayı, Həmzə Soltan sarayı, Kafir-qala, Birtağlı, İkitağlı körpülər, Sarı Aşığın ev-muzeyi, Laçın şəhərində Laçın Tarix-Diyarşünaslıq Muzeyi və digər tarixi memarlıq abidələri məhv edilib. Rayonun işğalından sonra erməni qəsbkarları “Ağoğlan” məbədini özününküləşdiriblər. 2007-ci ildə İrəvan şəhərində Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskopları daxili qərarla abidəyə erməni qriqoryan kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı soyqırımı siyasəti yürütdüklərini bir daha əyani şəkildə göstərdilər.
İlk dünyəvi məktəb, məhv edilən xan sarayları, məqbərələr, muzeylər
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qubadlı rayonu ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən çoxdur. Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. V əsrə aid Qalalı qalası, Göy qala abidələri, XIV əsrə aid Cavanşir türbəsi rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir. Rayonda tarixi memarlıq abidələri də çoxluq təşkil edir. Bunların sırasında IV əsrə aid Sığınacaqlar, Göy qala, Qalalı qalası, Qız qalası (V əsr), Laləzar körpüsü (1867-ci il), Hacı Bədəl körpüsü, Qara-Qaya sığınacağı, Qədim daş qoç fiquru, Daş sənduqə, qədim Haramı qəbiristanlığı və başqaları da var.
Təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biri olan Şuşa müdafiə məqsədilə tikilmiş qala-şəhərdir. Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna yüzlərlə tarixi abidəmiz daxildir. Lakin əfsuslar olsun ki, abidələrin bir çoxu erməni vandalizminin qurbanına çevrilib. Onların sırasında Hacı Yusifli məscidi, “Çöl Qala” məscidi, Xoca Mərcanlı, Quyuluq, Seyidli məscidləri, “Yuxarı Gövhər Ağa”, “Aşağı Gövhər Ağa”, “Saatlı məscidi” (XVIII əsr), Mədrəsə (XVIII əsr), Yuxarı məscid mədrəsəsi (XVIII əsr), Qız monastırı (XVIII-XIX əsrlər), Qazançı kilsəsi (XIX əsr), Heydər türbəsi, Həzrət Əli kahası, Həzrət Abbas şəfa ocağı və onlarla ziyarətgahlar, Tunc dövrünə aid kurqan, Dəmir dövrünə aid Daş qutusu nekropolu, Qala divarı (uzunluğu 8 kilometr, 1754-cü il), Pənah xanın sarayı (XVIII əsr), Qara Böyük Xanım bürcü (XVIII əsr), Natəvanın evi (XVIII əsr), ikimərtəbəli karvansaray (XIX əsr), Mehmandarovların malikanə kompleksi: məscid, kiçik yaşayış evi, böyük yaşayış evi (XVIII əsr), İsa bulağı (XIX əsr), İbrahim xanın qəsri (XVIII əsr), M.P.Vaqifin məqbərəsi (XX əsr) və s. tarixi memarlıq abidələri darmadağın edilib.
Azərbaycanı dünyada tanıdan Azıx mağarası, dağıdılmış mədəniyyət abidələri və kilsələr…
Tarixən insanların yaşayış məskəni olmuş Xocalı rayonu da ən qədim dini, memarlıq və mədəniyyət abidələri ilə zəngindir. Xocalının yaxınlığında bizim m. ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyəti abidələri yerləşir. Burada Son Bürünc və İlkin Dəmir dövrlərinə aid olunan dəfn abidələri – daş qutular, kurqanlar və daş kitabələr tapılmışdır. Rayonda VII əsrə aid Məbəd kompleksi, altı alban məbədi, Dairəvi məbəd, kilsə (XIII əsr), Günbəz, “Börgün qayasında olan kilsə”, “Yeddi kilsə” (alban kilsəsi), “Durpasuda olan kilsə” (alban kilsəsi), “Balaca suda olan kilsə” (alban kilsəsi), “Əvəzin yurdunda olan kilsə” (alban kilsəsi) və onlarla digər tarixi-dini abidələr təcavüzə məruz qalmışdır. Ermənilər həmçinin rayonda Dəmir dövrünə aid kurqan, Tunc dövrünə aid Daş qutu nekropolunu, İlk və Orta tunc dövrünə aid nekropolu, ilk orta əsrlərə aid Küp qəbirlər nekropolunu, Qala (X əsr), Aslan qalası (IX əsr), Qırxlar qalası, Qoç və yəhər şəkilli qəbir daşları və digər tarixi memarlıq, arxeoloji abidələri də dağıtmışlar.
Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri Azıx mağarası Xocavənd rayonu ərazisindədir. Uzunluğu 190 metr, əhəng daşları Oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Rayonun Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları Oksfordkimeric dövrünə aid olan Tağlar mağarası tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir. Xocavənddə həmçinin IV – XIII əsrlərə aid alban məbədləri, Amaras monastırı (IV əsr), alban məbədi (675-ci il), XII əsrə aid iki kilsə, 30-a yaxın məbəd, 20-ə yaxın ziyarətgah ermənilər tərəfindən məhv edilib. İlk və Orta Tunc dövrünə aid olan Nərgiztəpə yaşayış yeri, Son Tunc və İlk Dəmir dövrünə aid nekropol, Tağlar mağarası (daş dövrü), Qala (III əsr), Ərgüşən qalası və digər tarixi memarlıq abidələri də dağıdılıb.
Təcavüzə məruz qalan sərdabələr, orta əsr qəbiristanları, türbələr
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindən olan Zəngilan rayonunun əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Zəngilan ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə vardır. Bunlardan rayonun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin məzarı var. Rayonda İmam Hüseyn məscidi (XVII əsr), Xanazor və Yeməzli kəndlərində alban kilsələri, Malatkeşin və Qırıq Muşlan, Muşlan, Rəzdərə kəndlərindəki məscidlər, ziyarətgahlar və onlarla tarixi-dini abidələr, eləcə də Küp qəbirlər (m.ə. IV-II əsrlər), Nekropol (m.ə VI-IV əsrlər), Koroğlu daşı (VII-VIII əsrlər), Şəhri Şərifan yaşayış yeri (orta əsrlər), Ağca Aşıq yaşayış yeri (orta əsrlər), Qız qalası (orta əsrlər), Qəsr qalası (orta əsrlər), Şərifan abidələri (IX-XVI əsrlər), Şərifan sərdabəsi (XII əsr) kimi tarixi memarlıq abidələri mövcud olub.
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndində m.ə. II minilliyə aid yaşayış yeri və qala, eləcə də Kərki nekropolu (m.ə. II minillik), Qazax rayonunun Yuxarı Əskipara kəndindəki məbəd (V-VIII əsrlər) erməni təcavüzünə məruz qalib.
Tarixi hadisələrin düzgün işıqlandırılması problemi bu gün bəşəriyyəti düşündürən vacib məsələlərdəndir. Həm Azərbaycan xalqına, həm də tarixi mədəniyyət, tarixi-dini abidələrinə qarşı ermənilərin törətdikləri elə böyük faciələr var ki, onlar haqqında hələ də gənc nəslin, eləcə də dünya ictimaiyyətinin lazımi səviyyədə məlumatı yoxdur. Ziyalılarımız, alimlərimiz, tarixçilərimiz uzaq və yaxın keçmişimizdə baş verən hadisələri yazmaq, təfsilatı ilə gələcək nəslə çatdırmaq üçün öz vətəndaşlıq borcunu yerinə yetirməlidirlər. Bu mənada ermənilərin əsrlərdən bəri bəşəriyyət əleyhinə törətdikləri cinayətləri, xüsusilə azərbaycanlılara qarşı apardıqları soyqırımı siyasətini araşdırıb beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq mühüm vəzifələrdəndir. Çünki açıq-aydın ermənilərin işğal etdikləri ərazilərdə qədim Azərbaycan abidələrini məhv etmələri, yerli toponimləri planlı şəkildə dəyişdirmələri danılmaz faktdır. Məhz buna görə də Azərbaycan dövlətinin hücum diplomatiyasının prioritetlərindən biri işğal olunmuş torpaqlarımızda erməni vəhşiliyini, vandalizmini dünya ictimaiyyətinə çatdırmaqdır. Hesab edirik ki, bunun üçün həm də tarixi faktlara, tutarlı mənbələrə əsaslanaraq yazılan kitabların sayı da artmalıdır. Bu kitablar tarixi torpağımız olan Dağlıq Qarabağda məhv edilən mədəni və mənəvi irsimiz barədə tutarlı mənbələrə çevrilməli və həqiqətin carçısı qismində çıxış etməlidir. Belə olan halda erməni vandalizmi barədə dünya ictimaiyyətini daha dolğun məlumatlandırıb, Azərbaycan həqiqətlərini olduğu kimi çatdırmağa nail ola bilərik.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan” qəzeti, 9 fevral 2015-ci il