– Faiq müəllim, niyə teatrda işləmirsiniz?
– Teatrda ona görə işləmirəm ki, teatra gəlişim çox ağır illərə təsadüf etdi – 1990-cı illərin əvvəllərinə. Musiqili teatr aktyoru fakültəsini bitirmişdim. Təyinatım verilmişdi Dövlət Musiqili Komediya Teatrına. Belə oldu ki, orada rus bölməsində tamaşalar oynadım. Sonra məni paralel olaraq Gənc Tamaşaçılar Teatrına və eyni zamanda o vaxt açılmış “İlham” Miniatür Teatrına dəvət etdilər.Yəni paralel olaraq üç teatrda işlədim. Təbii ki ağır idi, xüsusilə gənc, yeni ailə qurmuş insan üçün. Bir az da səhhətimdə, sağlamlığımda problemlər yarandı. Səhnədə atılıb-düşmək, qaçmaq, hoppanmaq tələb olunur, sağlamlığım isə buna imkan vermirdi. Çox sevdiyim teatrdan, səhnədən ayrılmalı oldum. Azərbaycanda “İnternews” təşkilatı fəaliyyətə başlamışdı. Televizya kadrları yetişdirməklə məşğul idi. Mən də öz profilimi televizya sahəsinə dəyişdim. Artıq o vaxtlar Azərbaycanda yeni-yeni televiziyalar fəaliyyətə başlamışdı. Beləcə “İnternews”da öyrəndim televiziya işini. Amma paytaxt televiziyalarına düşə bilmədim. O vaxt bölgələrdə də televiziya kanalları fəaliyyətə başlayırdı. Mən də Qubadakı “Xəyal” və “Qütb” televiziyalarında çalışmağa başladım. Bölgə televiziyalarında ilk canlı xəbər aparıcısı mən olmuşam. Beləcə teatrdan ayrıldım və televizya məni özünə çəkdi.
İSTƏR GƏNC TAMAŞAÇILAR TEATRINDA, İSTƏR MUSİQİLİ KOMEDİYA TEATRINDA, İSTƏRSƏ DƏ MİNİATÜR TEATRINDA ÇOX TAMAŞALARDA OYNAYIRDIM.
– Teatrda işləməsəniz də, xeyli filmlərə, seriallara çəkilmisiniz.
Teatrda az işlədim. Amma hesab edirəm ki, o illər mənim üçün məshuldar dövr idi. Üç teatrın səhnəsində çalışırdım. O teatrdan bu teatra qaçır, intensiv olaraq məşqlər və tamaşalarda iştirak edirdim. Musiqili Komediya Teatrında iş daha ağırdır. Orkestrlə işləyirsən, əgər operetta qoyulursa, rəqslərin üzərində çalışmalısan, axşam tamaşa və davamlı məşq. Hərdən fikirləşirəm ki, o qədər işin altından çıxmaq üçün böyük enerji və vaxt lazım idi. Bilmirəm, bunlar nəyin bahasına başa gəlirdi mənə, amma çatdırırdım. Təəccüblü olsa da çatdırırdım. İstər Gənc Tamaşaçılar Teatrında, istər Musiqili Komediya Teatrında, istərsə də Miniatür Teatrında çox tamaşalarda oynayırdım. Hər bir aktyorun arzusudur ki, tamaşa ilə bərabər, filmlərdə və seriallarda da çəkilsin. İnanın ki, mənim seriala düşmə şansım heç vaxt olmayıb. Yalnız 45-46 yaşımdan sonra dəvətlər gəlməyə başladı. Əvvəl kiçik həcmli rollar alırdım, sonra bu rollar da böyüdü. İndi maşallah, demək olar ki, hər ay dəvət alıram. Bilmirəm bu taledir, yoxsa şansdır?
– Teatrda işləmirsiniz və fəal aktyorluqla məşğul deyilsiniz. Bəs bu rolları necə tapırsınız və ya onlar Sizi necə tapır?
– Siz düzgün vurğulayırsınız. Aktyoru adətən teatrda, tamaşada, səhnədə görürlər, bəyənirlər və kastinqlərə dəvət edirlər. Mənim isə səhnəm yoxdur, səhnədə deyiləm. Amma görürlər, çağırırlar. Bu özü bir az təəccüb yaradır. Rejissorların özlərinin dediyinə görə, onları cəlb eləyən fakturadır. Baxırlar ki, vizual baxımdan filmdə konkret obraza uyğundur. Təbii ki, indi internet əsridir. İndi yalnız teatra gedib, aktyor seçməklə kifayətlənmirlər. Sosial şəbəkələr var, şəkillər var. Çoxları mənə deyirlər ki, sizi Facebook səhifəsində gördük, şəklinizə baxdıq, bəyəndik. Yaxud hansısa bir işdə, filmdə görürlər, bəyənirlər, təsdiqləyirlər. Bu yay bir film çəkirdik. Günlərin bir günü dedilər ki, bir tələbə oğlanla, qız gəlib, sizi görmək istəyirlər. Görüşdük, məlum oldu ki, İncəsənət Universtetinin sonuncu kursunda təhsil alırlar. Bildirdilər ki, Qarabağ hadisələri ilə bağlı diplom işi çəkirlər və maliyyə imkanları yoxdur. Məni bu filmdə çəkmək istəyirdilər. Soruşdum ki, bəs məni harda görüblər, axı teatrda işləmirəm. Bildirdilər ki, başqa bir tələbənin diplom işi olan filmdən tanıyırlar. Əvvəl də kömək məqsədi ilə bir tələbənin filmində çəkilmişdim. Gənclərdir, tələbələrdir, gəlirlər, müraciət edirlər. Həmişə qazanc dalınca qaçmalı deyilik ki. Gənclərə kömək eləməliyik ki, kinomuz inkişaf eləsin. Bilmək olmaz, bəlkə onların da içərisindən gələcəyin Həsən Seyidbəyliləri, Rasim Ocaqovları çıxacaq. Və o baxımdan mən heç bir zaman gənclərə etiraz etmirəm. Əgər gəliblərsə, məni bəyəniblərsə, seçiblərsə deyə bilmərəm ki, yox, çəkilmirəm. Bu dəfə də işimin çoxluğuna rəğmən, imtina edə bilmədim. Ssenarini oxudum. Bir yerdə oturub, müzakirə etdik. Dedim ki, sizinləyəm. Mən onlara hər bir şeydə kömək eləyirdim. Demək istəyirəm ki, beləcə görürlər və tanıyırlar. Aktyor yoldaşlarım zarafatla deyirlər ki, 45 yaşdan sonra bəxtin açılıb. Məndə kinoyla seriala çəkilmək belə başlayıb.
VƏZİYYƏT KOMEDİYASINI SEVİRƏM.
– Mövzusu və ya ssenarisi Sizə maraqlı olmayan filmə, seriala çəkilirsiniz?
– Maraqlı sualdır. Mən son dövrlər ümumiyyətlə komediyaya çəkilməkdən imtina etmişəm. Hətta ssenarisi çox gözəl olsa belə. Yayda iki ssenari gətirdilər. Çox xoşuma gəldi. Ssenarist əla yazıb, amma bunun həlli, bunun rejissor işi də var axı. Çox təəssüflər olsun ki, bizdə komediya öyrəndiyimiz, vaxtilə gördüyümüz komediyalar səviyyəsində çəkilmir. İndi çəkilənlər mənim dediyim, gördüyüm, düşündüyüm komediya deyil. Mən hərəkət və söz komediyasını sevmirəm. Vəziyyət komediyasını sevirəm. Mənim qəhrəmanım faciəli bir insan ola bilər, amma çox gülməli vəziyyətə düşə bilər. Məşədi İbad, “ O olmasın bu olsun” kimi. O film, ya əsər boyu nəsə bir şit hərəkət edir? Heç nə etmir. Onun düşdüyü vəziyyətin özü komediyadır. Onlarla bələ nümunələr göstərmək olar. İstər bizim klassik ədəbiyyatımızdan, istər Avropa, istərsə də dünya ədəbiyyatından. Yəni belə əsərlər var, amma kim onun ekran həllini tapır. Söhbət bundan gedir. Gülünc zarafatlar, şit –şit söhbətlər, yersiz dialoqlar, bir-birilərini aşağılamalar ola bilsin ki, kimdəsə gülüş yaratsın. Amma bu, mənə aid deyil.
– “Qanlı Yanvar” filmindəki rolunuzu çox bəyənirəm, KQB zabiti rolunu. Mənə elə gəlir ki, bu rolda çox rahat idiniz.
– Mən sizinlə tam razıyam. Hər bir aktyorun, müğəninin, sirk artistinin bir əsas rolu olur. Rusca “koronnıy nomer” deyirlər. Və bununla da o tanınır, sevilir. Hesab edirəm ki, “Qanlı Yanvar” filmindəki Nəcəf Nərimanov rolu mənim əsas rolumdur. Bu obrazla daha çox sevildim və daha çox tanındım. Hərçənd bu rolu oynamaq istəmirdim. Çünki məsuliyyətin böyüklüyünü əvvəlcədən başa düşürdüm. Tarixi filmlərdə tarixi şəxsiyyətləri oynamaq asan başa gəlmir. Bunu gecə-gündüz fikirləşirsən, başqalaşırsan və girirsən uzun müddət onun cildinə. Yəni muasirimizi oynamaq çox asandır. Klassik əsərlərdə də kimisə oynamaq rahatdır. Nəyə görə? Səndən qabaq oynayıblar; görmüsən, baxmısan. Artıq bilirsən ki, o kimdir, nəçidir. Amma belə obrazı ilk dəfə, həm də Azərbaycan üçün tale yüklü bir filmdə oynamaq çətin idi. İstər-istəməz insanı xof, məsuliyyət və qorxu hissi bürüyürdü. Dediyim kimi, bu obraza çəkilmək istəmirdim. Baxmayaraq ki, otuz-qırx aktyorun içində məni təsdiqləmişdilər.
– Bəlkə ona görə obraz yaxşı alınıb ki, o dövrü yaşamısınız, yaxud da tanıdığınız bir insana bənzətmisiniz onu?
– Bəli, mən o həyatı iki dəfə yaşamışam və o obrazda olanları mənə zaman, yaşadıqlarım öyrətmişdi. 20 Yanvar hadisələri baş verəndə biz tələbə idik, üçüncü kursda oxuyurduq. Və biz meydanda gecələmişik, tankların üstünə çıxmışıq. Hüsü Hacıyev küçəsində qərargah qurmuşduq. Və bir il sonra eyni ssenari, eyni hadisələri mən Litvanın Vilnus şəhərində yaşamışam. Getmişdik Litva konservatoriyasına təcrübəyə. Gedib, düşmüşdük o od-alovun içərisinə. İnanın ki, orada da meydanda, barrikadada olmuşam. Bunların hamısı həkk olunub şüur altına. Və o rolu oynayanda demək olar ki psixoloji cəhətdən hazır idim. Amma ilk mərhələdə içimdə bir hiss var idi ki, bu rol mənlik deyil. Mən bunu bacarmayacağam. Ona görə bir az inamsız başladım. Çəkiliş qrupuna Amerikadan Leyn Devis dəvət olunmuşdu – ”Santa Barbara” serialında oynayan amerikalı aktyor. Çəkilişdən sonra mənə yaxınlaşdı dedi ki, siz narahat olmayın, bu rol sizin üstünüzə biçilib və bu obrazı oynayacaqsınız, həm də istədiyinizdən də yaxşı. Onun sözü məndə çox böyük bir inam yaratdı.
– Faiq müəllim, kino, teatr, yoxsa televiziya Sizə yaxındır?
– Siz elə gözəl suallar verirsiniz ki. Hər üçü. Bu yaxınlarda dövlət sifarişi ilə Nicat Kazımov “Sarı gəlin” tamaşasını hazırlamışdı. Azərbaycan Milli Dram Teatrında. İnanın ki, az qalırdı hoppanım çıxım səhnəyə, mən də oynayım. Səhnə də çəkir. Yaxşı film görürəm, deyirəm ki, mən niyə orada yoxam. Yaxşı veriliş, yaxşı aparıcı, yaxşı tele-layihə görürəm, mən də orada olmaq istəyirəm. Bu baxımdan hər üçü mənə əzizdir. Və yaş artıq özünü göstərir. O gənclik dövrlərində olan enerji get-gedə azalır. Teatrda, kinoda ola bilər ki, bu obraz kiməsə lazımdır. Amma televizya vizual görünüşü sevir. Sən artıq yaşlandıqca fərqli olursan. Amma içəridə hər üçündə nəsə eləmək həvəsi, istəyi, sevgisi var. Yəni hər üç sahəni sevirəm.
– Sizcə, pulsuz, əlaqələrsiz, himayəsiz, yalnız istedad hesabına aktyor uğur qazana bilərmi?
– Qazana bilər. Elə özümü misal göstərmək istəyirəm. Dostlar sağ olsunlar. Əlaqələr – dostlardır. Amma bu əlaqə o əlaqə deyil ki, sən müt’madi olaraq onunla görüşmüsən. Sadəcə universitetdən tanışıq. Amma indi onlardan biri məni dəvət eləyir. Və baxıb görürəm ki, bu, dostluq müstəvisində qurulan əlaqə deyil. Sadəcə o görür ki, mən onun işini yarıdacağam. Bu, dostluqdan çox, tanışlıqdır. İndiki gənclər bir qədər hövsələsizdir. Hər şeyə elə indi nail olmaq istəyirlər. Söhbətin başlanğıcında da dedim ki, mən 45 il gözləmişəm. 45 il qulağım səsdə olub. Amma səsimi çıxarmamışam. Zamanımı gözləmişəm. Bu baxımdan mən o fikirlə razı deyiləm ki, qabağa getmək üçün kimsə təkan verməlidir, nəsə eləməlisən.
– Gələcək planlarınız necədir?
– Planlar çoxdur. Təkliflər var, gəlir. Təkliflərin əksəriyyəti komediya ilə bağlıdır, amma mən imtina edirəm. O xof var ki, mənim istədiyim olmayacaq. Hal-hazırda ”Məryəm” serialında çəkilirəm. Paralel olaraq bir neçə serialdan da təklif gəlib. Dedim, çatdırmaram. Həm də ki, eyni mövsümdə bir neçə serialda da görünməyi məqbul saymıram, maraqsızlaşırsan. Mənim sənət müəllimlərim Məlik Dadaşov, Şəfiqə Məmmədova, Mikayıl Mirzə həmişə deyirdilər ki, çalışın bayramdan bayrama görünəsiniz. Qoy sizi gözləsinlər. Qoy sizi tamaşaçının gözü axtarsın. Hə, düzdür, bəxtim açılıb, çağırırlar. Amma onu elə etməlisin ki, tamaşaçı deməsin: Yenə də bu?!
Dadaş Musayev, 1905.az