Postsovet məkanını lərzəyə salmış, Kalininqraddan Kamçatkaya qədər saysız-hesabsız ürəkləri ehtizaza gətirmiş (deyilənə görə bu proses hələ də davam edir), “Tı, kto takoy?! Davay, do svidaniya!” əsərinin qeyri-adi uğuru meyxana janrına marağı kəskin surətdə artırdı. Əlbəttə, bu şedevr yaranmazdan əvvəl də ölkəmizdə meyxana janrına maraq defisiti müşahidə olunmurdu. Amma, bu əsər əsl partlayış effekti yaratdı. Və indi Azərbaycanda təkcə daxili istehlak üçün deyil, həm də nəhəng xarici bazar üçün meyxana istehsal etmək imkanları yaranıb. Bu tarixi fürsətdir. Düşünürəm ki, bu tarixi imkandan yararlana bilməsək,gələcək nəsillər bizi bağışlamaz. Özü də söhbət təkcə orijinal meyxanaların deyil, həm də cürbəcür malların istehsalından gedir.
Ədalət naminə deməliyəm ki, xalqımızın dəyərli oğulları “papağı günə yandırmaq” kimi perspektivsiz işlərlə məşğul olmurlar. Və bu çox sevindiricidir.
Diqqət yetirin, ölməz meyxana 2011-ci ilin 5 noyabrında yaranıb. Artıq 2012-ci ilin 16 iyulunda xəbər yayılmışdı ki, məşhur «Tı kto takoy? Davay, do svidaniya» ifadəsinin və eyni meyxana qafiyəsinin müəlliflərini İtiqam və Ehtiram Rüstəmov qardaşları bu ifadəyə görəm müəlliflik hüququ almaq niyyətindədirlər. İntiqam Rüstəmov «APA-ECONOMICS»ə bu barədə məlumat verərək “uğurlu ifadələrdən istifadənin gəlir gətirdiyi barədə məlumatlı” olduğunu gizlətməmişdi və qeyd etmişdi ki, müəlliflik hüququnu təsdiqlətməkdə məqsəd də bu ifadələrin sonrakı istifadəsindən patent gəliri əldə etməkdir: «Bu, mənim zəhmətimin məhsuludur, əziyyət çəkib o meyxananı yaratmışam və fikrim var ki, onu qeydiyyatdan keçirim və onun istifadəsindən gəlir də əldə edim».
Bu xəbərin yayılmasından xeyli vaxt keçir. Şübhə etmirəm ki, qardaşların müəlliflik hüquqları artıq qeydə alınıb. Bizim meyxanaçılar repçi Timatidən niyə geri qalmalıdırlar? Repçi «Давай, до свидания» əmtəə nişanını qeydiyyatdan keçirib bu ad altında paltarlar, ayaqqabılar, zinət əşyaları, çantalar və digər əşyalar istehsal etməyi planlaşdıra bilər, biz bacarmarıq?
Bu balaca yazını yazanda özümü saxlaya bilməyib www.youtube.com saytında ölməz əsəri bir daha dinləmək qərarına gəldim. Dinlədim də. Və insanı ruhən qidalandıran şedevr saytda 6232099-cu dəfə səsləndi.
Buna deyərəm auditoriya!
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 50-51)