ABŞ və Fransa sorğu mərkəzlərinin rəyinə görə, ölkə əhalisinin mütləq əksəriyyəti Prezidentin fəaliyyətini və Konstitusiya islahatlarını tam dəstəkləyir:
96 % – prezident kimi İlham Əliyev öz vəzifəsini uğurla icra edir;
82 % – ölkədə siyasi sistemin fəaliyyəti düzgündür;
93 % – Azərbaycanda həyata keçirilən proseslər düzgün istiqamətdədir;
92,8 % – Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verir;
82,9 % – referendumda iştirak edəcək;
92,8 % – Konstitusiya islahatlarının lehinədir;
87 % – Əsas Qanuna təklif edilən əlavə və dəyişikliklər zəruridir;
88 % – dəyişikliklər müvafiq sahələrin inkişafına müsbət təsir göstərəcək;
95 % – referendum barədə tam məlumatlıdır;
91,4 % – ölkədə inkişaf meyli var;
98,4 % – ölkə rəhbərliyi xalqı terror aktlarından tam qoruyur;
95,9 % – dünyada qeyri-sabit vəziyyət olduğu halda Azərbaycan regionda ən sabit ölkədir…
Azərbaycan növbəti seçim ərəfəsindədir. Sosial-iqtisadi inkişafın, siyasi-hüquqi və demokratik tərəqqinin, müstəqil dövlət quruculuğunun daha effektiv mərhələsinə keçidin əsasını qoyacaq Konstitusiya islahatları ümumxalq səsverməsinə çıxarılıb. 9 gün sonra baş tutacaq referendum həm də Əsas Qanuna dəyişikliklərin müəllifi olan mövcud hakim komandaya xalqın etimadını da göstərən mühüm faktor olacaq.
Güclü dövlət – güclü xalq – güclü hakimiyyət
25-ci ildönümü tamam olan müstəqillik tariximiz hazırda özünün ən möhtəşəm və güclü dövrünü yaşayır. Dünyanın yeni nüfuz və əməkdaşlıq məkanına çevrilmiş ölkəmiz həm də uzun illərdir bölgənin şəriksiz lider dövləti, iqtisadi güc mərkəzi, siyasi paytaxtıdır. Qlobal miqyasda tüğyan edən sosial-iqtisadi çətinliklərin, maliyyə böhranının fəsadlarından qorunmaq üçün həyata keçirilən yeni iqtisadi kurs da artıq öz səmərəli nəticələrini verir.
Şübhəsiz, bu nailiyyətlərin əldə olunması asan başa gəlməyib. Antiazərbaycançı şəbəkənin davamlı hal alan təfriqələri, dünya erməniliyinin bitməyən qərəzli kampaniyaları qarşısında məğrurluqla dirəniş göstərən Azərbaycan və onun Lideri bütün bu təxribatları puça çıxarmaqla bərabər, ölkənin hərtərəfli yüksəlişinə də nail olmuşlar. Ötən gün Prezident İlham Əliyev müəllim və gənclərlə görüşündə dövlətin əsas prioritetlərini bir daha bəyan edərkən bu mövzuya toxundu: “Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz”.
Bu, İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin, Azərbaycan xalqının mövqeyi, mübarizəsi və qələbəsidir!
“Güclü dövlət – güclü xalq – güclü hakimiyyət” formulunun real təzahürü də məhz bugünkü Azərbaycan, onun uğurları, beynəlxalq nüfuzu, qlobal miqyasda daşıdığı strateji əhəmiyyətdir!
Referendum öncəsi müəyyən xarici qüvvələrin ölkəmizdə sabitliyi pozmaq cəhdləri aşkar görünür. Amma bütün bu “təşəbbüslər” də, əvvəlkilər kimi, uğursuzluğa düçar olacağından olduqca əhəmiyyətsiz görünür. Çünki bu dövlətə sahib çıxan xalqın və Liderin əzmi, fədakarlığı xarici qruplara da, onların ölkəmizdəki “beşinci kolon”larına da yaxşı məlumdur.
Məlum ölkələrdə tətbiq olunan və qanlı proseslərə rəvac verən “ssenarilərin” Azərbaycanda baş tutmayacağına ən böyük təminat isə məhz xalqın öz Liderinə bəslədiyi sonsuz inam, onun siyasi kursuna birmənalı etimadıdır!
İlham Əliyev tam alternativsiz liderdir!
Bu danılmaz faktı sübut edən çoxsaylı amillərdən biri elə ABŞ və Fransa tədqiqat mərkəzlərinin ölkəmizdə keçirdikləri son rəy sorğusunun nəticələridir. ABŞ-ın “AJF&Associates, Inc.” Təşkilatı və Fransanın “Opinon Way” Tədqiqatlar İnstitutunun hər birinin ayrılıqdakı rəyləri Prezident İlham Əliyevin etimad göstəricisinin ən yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Əhalinin 92,8 faizi Konstitusiya islahatlarını dəstəkləyir
Fransanın “Opinon Way” Tədqiqatlar İnstitutunun Azərbaycanın bütün ərazisini əhatə etməklə kvotalı təsadüfi seçmə metodologiyası əsasında müəyyənləşdirilmiş 1200 respondentlə üzbəüz apardığı müsahibəyə görə, rəyi soruşulanların 96 faizi prezident kimi
İlham Əliyevin öz vəzifəsini uğurla icra etdiyini göstərib. Respondentlərin 82 faizi ölkədə siyasi sistemin fəaliyyətindən razı olduğunu bildirib, 93 faizi hazırda Azərbaycanda həyata keçirilən işlərin düzgün istiqamətdə aparıldığı qənaətindədir.
ABŞ-ın “AJF&Associates, Inc.” Təşkilatının Azərbaycanın müxtəlif rayonlarından 1000 respondenti cəlb etməklə apardığı sorğuda isə rəyi soruşulanların 92,8 faizi Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdiklərini bildiriblər. Bu isə əhalinin mövcud siyasi hakimiyyətdən növbəti razılıq əlamətidir. Həmçinin respondentlərin 98,4 faizi əmindir ki, ölkə rəhbərliyi xalqı terror aktlarından qoruyur, 95,9 faizi inanır ki, bir çox ölkədə qeyri-sabit vəziyyət olduğu halda Azərbaycan regionda ən sabit ölkədir.
Ən maraqlı nəticələr isə xalqın Konstitusiya islahatları ilə bağlı keçiriləcək referenduma münasibəti ilə bağlı olub. Belə ki, Fransanın “Opinon Way” Tədqiqatlar İnstitutunun rəyini öyrəndiyi respondentlərin 81 faizi referendumda iştirak edəcəyini, yalnız 5 faizi hələ də səsvermə prosesinə qatılmaq barəsində yekun qərar vermədiyini bildirib. Vətəndaşların 87 faizi Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ümumilikdə zəruri olduğunu qeyd edib, 88 faizi isə bu dəyişikliklərin müvafiq sahələrin inkişafına müsbət təsir göstərəcəyinə əminliklərini söyləyiblər.
ABŞ-ın “AJF&Associates, Inc.” Təşkilatının hesabatına görə isə seçicilərin 82,9 faizi ümumxalq səsverməsində iştirak edəcək. Respondentlərin 95 faizi referendum barədə tam məlumatı olduğunu, təbliğat, təşviqat kampaniyasının düzgün qurulduğunu qeyd edib. Rəyi soruşulanların 92,8 faizi Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin lehinə olduğunu bildirib. Respondentlərin 86,4 faizi Azərbaycanda icra hakimiyyətinin quruluşunda, 89,1 faizi respublikanın təhlükəsizliyi və müdafiəsi ilə bağlı, 88,9 faizi İnsan hüquqları və onların təminatı sahəsində və 84,2 faizi Azərbaycanda sosial təminatlarla bağlı dəyişikliklər edilməsinə razı olduğunu bildirib.
“Ümumiyyətlə, Azərbaycanda görülən tədbirlər nəticəsində proseslər necə cərəyan edir” sualına respondentlərin 91,4 faizi ölkədə inkişaf meylinin olduğunu göstərib. Təhlil əsasında belə nəticəyə gəlmək olar ki, ölkədə aparılan islahatlar əhalinin yaşayış səviyyəsinə əsaslı dərəcədə mənfi təsir göstərməyib. Azərbaycanın qarşısında duran ən vacib məsələ barədə isə respondentlərin cavabı belə olub: 77,4 faiz – Dağlıq Qarabağ münaqişəsi; 5,8 faiz – məşğulluq; 5,3 faiz – iqtisadi məsələlər.
Göründüyü kimi, ölkə əhalisinin mütləq əksəriyyəti Prezidentin fəaliyyətini, onun təşəbbüslərini, o cümlədən Konstitusiya islahatlarını tam dəstəkləyir. Son sorğu bir daha sübut edir ki, Azərbaycanda İlham Əliyev siyasi lider kimi alternativsizdir və xalqın yeganə inam, etimad ünvanıdır. Əhalinin ölkənin düzgün kursla inkişafa doğru getdiyini düşünməsi isə ümumilikdə cəmiyyətdə hökm sürən yüksək əhvali-ruhiyyənin konkret təzahürüdür.
Bu rəy – xalqın bu münasibəti Azərbaycanın müstəqilliyinin əbədiliyini göstərməklə yanaşı, həm də hakim siyasi kursun davamlılığının ən real təsbitidir…
İxtiyar HÜSEYNLİ,
“Azərbaycan” qəzeti, 19 sentyabr 2016