Bugünkü qonaqlarımız – fəlsəfə üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi Mətanət Şəkixanova və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, “Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabının müəllifi İradə Vəzirova ilə Abbasqulu ağa Bakıxanov haqqında söhbət etdik.
Fuad Babayev: Abbasqulu ağa Bakıxanov haqqında danışacağıq. Bu il Abbasqulu ağa Bakıxanovun yubileyidir, yəni 230 yaşı tamamdır. 2024-cü il başa çatmaq üzrədir. İl ərzində yubileylə bağlı hansı işlər görülüb?
Mətanət Şəkixanova: Bu il məzuniyyətə çıxmazdan öncə Abbasqulu ağa Bakıxanova həsr olunmuş konfrans keçirdik. Tədbirdə digər institutlardan xeyli alim iştirak edirdi.
Mən hələ 2014-cü ildə Bakıxanova həsr olunmuş plan işi yazmışam. Daha sonra, yenə həmin ildə Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları qarşısında Abbasqulu ağa Bakıxanova həsr olunmuş bir seminarda çıxış etmişəm.
2019-cu ildə çıxan kitabımda – “Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” əsərində 2014-cü ildəki tədqiqatlarım öz əksini tapıb.
Fuad Babayev: İradə xanım, Sizə də eyni sualı ünvanlayıram. Əməkdaşı olduğunuz Əlyazmalar İnstitutunda Bakıxanovun ildönümü necə qeyd edildi?
İradə Vəzirova: Məzuniyyətdən əvvəl İnstitumuzun direktor muavini Əzizağa Nəcəfov məni “Carçı” jurnalının bir nömrəsini məhz Abbasqulu ağa Bakıxanovun 230 illiyinə həsr etməyi planlaşdırdığı ilə bağlı məlumatlandırdı. Dedi ki, jurnalın yaradıcı heyəti Bakıxanovun yaradıcılığına yeni səpkidən yanaşmaq istəyir, onun daha çox irfani görüşlərinə ışıq salmaq niyyətindədir. Mən də böyük məmnuniyyətlə iştirak etməyə razılıq verdim. Nəzərə alsaq ki, 2017-ci ildə İnstitutumuz tərəfindən “Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” adlı kitab işıq üzü görüb, həmçinin, bildiyim qədər, Abbasqulu ağa Bakıxanovun şəxsi arxiv materialları ancaq Əlyazmalar İnstitutunda toplanıb, ona görə də bu il mənə müraciət olundu. Mən də məqalə ilə çıxış etdim, jurnalda dərc olundu. “Carçı” jurnalı ışıq üzü gördükdən sonra jurnalın baş redaktoru Sərxan Carçı təqdimat mərasimi ilə bağlı bizə müraciət etdi. Milli Ensiklopediyanın binasında təqdimat mərasimi keçirildi. Mərasimə həm jurnalda məqalələri dərc edilən müəlliflər dəvət olunmuşdu, həm də Mətanət xanım kimi Abbasqulu ağa Bakıxanovun həyatı və yaradıcılığı ilə maraqlanan, onu tədqiq edən alimlərimiz iştlrak edirdilər. Mütəfəkkirin nəslindən bir neçə nümayəndə də var idi. Çox gözəl təqdimat mərasimi oldu və bəlli oldu ki, jurnalın bu sayının sponsoru Xalq artisti Eyyub Yagubovdur. O, təqdimat mərasimində təsəvvüflə (Təsəvvüf və ya Sufizm — İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan – red). bağlı çıxış etdi.
Fuad Babayev: Bakıxanov ilk növbədə tarixçidir. Belə demək olarmı? O, Azərbaycan tarixini hissələrə, mərhələlərə bölüb və s. Onun əsas missiyası nə olub? Orta statistik oxucu onun haqqında nəyi bilməlidir? Bakıxanov barədə Wikipediyada geniş məlumat var, barəsində kitablar yazılıb, “Gülüstani-İrəm” əsəri kütləvi tirajla çap olunub, o cümlədən rus dilində. Bəs Bakıxanovun bir tarixçi kimi əsas missiyası nə idi?
İradə Vəzirova: Siz bir tarixçi kimi deyirsiniz. Amma qeyd etmək istərdim ki, Bakıxanovun əsas işi maarifçilik olub. Bəlkə belə desək daha düzgün olardı, tarix maarifçilik üçün bir alət olub. Bakıxanov təbii ki, tarixçi idi, çünki “Gülüstani-İrəm” əsərini qələmə alıb və orada bir yerdə qeyd olunub ki, kitab Moisey Zaxaroviçin (knyaz Moisey Zaxaroviç Arqutinskiy-Dolqorukiy və ya Arqutinskiy-Dolqorukov — 20.02.1797 – 1855 — erməni əsilli rus generalı) sifarişi ilə yazılıb. Bu faktı da mütləq bilmək lazımdır. Bu şəxsin Abbasqulu ağa Bakıxanova etimadı vardı və ensiklopedik biliyinə arxayın idi ki, ona bu cür kitab yazmağı təklif edib.
Bakıxanov təkcə Azərbaycanın deyil, Dağıstanın tarixini də qələmə alıb. O, “Gülüstani-İrəm”in son fəslini Şirvandan çıxan görkəmli şəxsiyyətlərə həsr edib. Bu tarixi şəxsiyyətləri qələmə almaq, onların həyatı haqqında qısa da olsa analiz vermək tariximiz üçün çox əhəmiyyətlidir. Bu, həm də maarifçiliyin önəmli bir hissəsidir.
Fuad Babayev: Yəni Siz onu daha çox maarifçi hesab edirsiniz.
İradə Vəzirova: Tarix onun üçün bir alət olub ki, xalqını maarifləndirsin. Çünki Abbasqulu ağa Bakıxanov deyirdi ki, Avropanı gəzib və Avropa xalqlarının onun xalqından fərqi ondadır ki, onlar daha savadlıdırlar. Bunu məyusluq hissi ilə ifadə edən Bakıxanov qərara alır ki, xalqını maarifləndirməlidir. O, müasir Azərbaycan tarixşünaslığının banisi kimi qəbul olunur.
Mətanət Şəkixanova: Bakıxanov həqiqətən böyük bir mütəfəkkirdir. Onun yaradcılıq diapazonu o qədər genişdir ki… Amma İradə xanımla da razıyam, onun bir maarifçi, vətənpərvər olduğunu, ürək yanğısıyla xalqının dərdinə yandığını deməmək olmur. Hesab edirəm ki, Bakıxanov kimliyimizin fəlsəfəsini işləyən mütəfəkkirlərin tacıdarıdır. Tarix doğrudan da onun əlində maarifçiliyi genişləndirmək, xalqını oyatmaq, onu silkələmək üçün bir alət idi və o bunu çox gözəl bacardı.
Bakıxanov dünyanı külli anlamağa çalışdığı, Allah eşqi ilə yaşayan adamlardan biri olduğu üçün, hərtərəfli insan idi.
Fuad Babayev: Onu ensiklopedist adlandlırmaq olar?
Mətanət Şəkixanova: Əlbəttə elə idi. Onun bu tarix əsərini, ümumiyyətlə, yaracılığının bütün sahələrini açmağa çalışan və onun haqqında ilk elmi iş yazan Çatur Ağayan (1912-1982 – sovet tarixçisi – red.) adlı bir erməni əsilli tədqiqatçı olub.
Fuad Babayev: Bakıxanov 1847-ci ildə ziyarət zamanı 52 yaşında dünyasını dəyişib və orada da dəfn olunub. Orada məzarlar qalıb, qalmır, bilmirəm.
İradə Vəzirova: Bu yaxınlarda Firudun Qurbansoy bu barədə çıxış etdi, daha sonra İltifaq Mirzəbəyli dedi ki, Bakıxanovun məzarını tapıb və onu ziyarət edib. Hal-hazırda da insanlarımızın oranı ziyarət etmək imkanı var.
Fuad Babayev: 1847-ci ilə dünyasını dəyişmiş Bakıxanovun irsi ola bilsin ki, hansısa formada Çar Rusiyası, Sovet və əlbəttə ki, müstəqillik dövründə tədqiq edilib. Oktyabr çevrilişinə qədərki mərhələdə Bakıxanovun irsinin öyrənilməsi ilə bağlı bilgiləriniz var?
Mətanət Şəkixanova: Mən Bakıxanovla bağlı bir neçə konfransda çıxış etmişəm. Onun 220 illiyinə həsr olunmuş belə bir məqaləm var ki, Bakıxanova minnət borcumuz var. Məqalənin girişində belə bir başlıq yazmışdım ki, Azərbaycan tarixinin elə görkəmli şəxsiyyətləri var ki, onların elə təkcə şəxsiyyəti tariximizin bir hissəsidir, parçasıdır. Həqiqətən də Bakıxanov nəinki öz yaradıcılığı ilə, eyni zamanda şəxsiyyəti ilə tariximizin bir parçasıdır.
O, yaşadığı dövrdə çox fəal olub. Ancaq iki yüz il bundan əvvəl bu adam bu qədər ölkədə olmağı, bu qədər insanla əlaqə saxlamağı necə bacarıb… İndi sizə bir neçəsinin adını sayacam. Lada Zabloski (Tadeuş Lada (Faddey) Zabloski – 1811 – 1847 – polyak şairi, etnoqrafı, tərcüməçisi – red.) Bakıxanovun “Gülüstani-İrəm” əsərini polyak dilinə tərcümə edib və dost olublar. Abbasqulu ağa Aleksandr Qriboyedov (1795 – 1829), Aleksandr Çavçavadze (1786 – 1846), fars şairi Fazil xan Şeyda (1784 – 1852) kimi yazarlarla yaxın olub. Daha sonra erməni əsilli Mirzəcan Mədətov (1809 – 1851), alman şairi Fridrix Bodenştedt (1819-1892)…
Fuad Babayev: Mirzə Şəfi Vazehin “dost”u.
Mətanət Şəkixanova: Bəli. O Vazehin ki, şeirlərini öz adına çıxmışdı. Amma Almaniyada Bakıxanov haqqında onun yazıları da dərc olunub. Daha sonra Abbasqulu ağa rus şərqşünası İlya Nikolayeviç Berezinlə (1818-1896), alman botaniki Karl Henrix Emil Koxla (1809-1879) və digər insanlarla tanış idi. Çoxdur, saymaqla qurtarmaz. Aleksandr Sergeeviç Puşkinlə (1799-1837), onun ailəsi ilə də tanış olub. Bu insanlarla danışmaq üçün bir neçə dildən istifadə etmək lazımdır ki, Bakıxanov da o dilləri bilirdi: rus, ərəb, fars, gürcü, türk, Azərbaycan dilləri.
Mehman İbrahimov: Siz bayaq maarifçilikdən danışdınız. O dövrdə Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və başqaları bu cərəyanı başlatdılar. Mənə maraqlıdır ki, Abbasqulu ağa 1819-cu ildə Qubanın Amsar kəndindən çıxıb Tiflisə gedib. Həmin il təqribən 25 yaşında olardı. Təbii ki, fars və ərəb dillərini kənddə öyrənib. Bəs Bakıxanov coğrafiya, tarix, astronomiya, fəlsəfə, psixologiya, riyaziyyat və digər elmi bilikləri nə zaman və harada öyrənib?
Mətanət Şəkixanova: O, xan övladı idi. Güman ki, müəllimlərdən evdə dərs alıb. Əgər Maksim Qorki deyirsə, kitablar mənim universitetlərimdir, Bakıxanova bu aid ola bilməz? Məsələn, mənim ana babam adicə yüzbaşı olub. Xalam danışırdı ki, sovet vaxtı evimiz müsadirə olunanda zirzəmidə o qədər kitab var idi… Sandıqların içərisi kitabla dolu idi. Əgər bir yüzbaşının evində sandıqlarla dolu kitab olursa, bir xanın evində nələr olar? Bundan başqa, müəllimləri və mürəbbiyələri də yüksək bilikli olmazmı?
Mehman İbrahimov: 1828-ci ildə Ərdəbildə Şeyx Səfinin kitabxanasında tətqiqat aparıb, çoxlu sayda kitablarla tanış olub. Bunun da rolu olmamış olmaz.
İradə Vəzirova: Mədrəsələr o zaman kifayət qədər yaxşı təhsil verirdi. Qubaya gəlmiş alman alimi Karl Kox Bakıxanov haqqında yazırdı ki, rus dilini bildiyinə görə, o, rus dilində astronomiyaya aid bütün əsərləri oxuyub. Sonra, təbii ki, Tiflisdə bu adam öz üzərində işləyib. Təhsili o qədər yüksək olub ki, müsəlman məktəbinin açılması üçün 1829-cu ildə 11 bənddən ibarət bir layihə də yazıb.
Mətanət Şəkixanova: Əslində, hazırlanmış layihəyə rəhbərlik edib və onu təqdim edib. Orada M.F.Axundzadə iştirak edib, redaktəsini də edib, doğru deyil?
İradə Vəzirova: Bildiyim qədər, Axundzadə ondan sonra layihədə iştirak edib, ona görə də müsəlman məktəbinin layihəsini M.F.Axundzadənin adına çıxıblar. Amma xronoloji olaraq baxanda, Bakıxanov ondan əvvəl layihə təklif edib və bizim arxivdə o sənədlərin surətləri var.
Fuad Babayev: Ənvər Əhmədovun “Bakıxanov – dövrü, həyatı, fəaliyyəti” kitabı 1989-cu ildə işıq üzü görüb. Demək, sovet dövrünün araşdırmasıdır. Sovet dövrü və müstəqillik dövrü tədqiqatları arasında fərq var? Və bu fərq nədən ibarətdir? Adətən sovet dövrü ideoloji amili əsas götürərək nələrisə qabardır, nələrisə arxa plana keçirdirdilər. Bu kitabla müstəqillik dövründə çıxan xəyali başqa bir kitabın prinsipial fərqi nədən ibarətdir?
Mətanət Şəkixanova: Əvvəla, minnətdaram ki, Bakıxanov araşdırmaçıları cərgəsində məni də dəvət etmisiniz. Amma mən özümü fundamental olaraq Bakıxanov araşdırmaçısı hesab etmirəm. Bununla bərabər, Bakıxanov irsini araşdırmağa cəhd etdiyim üçün bir çox nüansları özüm üçün aça bilmişəm.
Sovetlər dövründə yazılmış kitablarda onu təbii ki, türkçülüyün banisi kimi təqdim edə bilməzdilər. Aybəniz xanım Kəngərliinin “Azərbaycan romantiklərinin yaradıcılığında türkçülük” adlı bir kitabı var. Aybəniz xanım onu türkçülüyün banisi hesab edir. Sonra orada iki Türkiyə türkçüsünün adını verir. Yazır ki, Bakıxanov türkçülükdən yazanda onlardan birinin 5 yaşı digərinin, səhv etmirəmsə, 20 yaşı var idi. Yəni sovetlər dövründə türkçülük ideyasına, türk adını belə işlətməyə qadağa qoyduqları üçün mahiyyət xarakterli fərq buradadır.
İradə Vəzirova: Mən məsələnin başqa bir tərəfini demək istəyirəm. Düzdür, sovet dövründə Abbasqulu ağa Bakıxanovun hərbi və diplomatik fəaliyyətindən daha çox yazılırdı, amma müştəqillik dönəmində artıq onun daxili aləminə daha dərin nəzər salınır. “Carçı” jurnalının Bakıxanova həsr edilmiş sayının təqdimat mərasimində də mən qeyd etdim ki, Sovet dönəmində kimsə Abbasqulu ağa Bakıxanovun irfani görüşlərindən danışsaydı… ona təəccüblə baxardılar. Nə gözəldir ki, biz bugün Abbasqulu ağa Bakıxanova layiqli qiymət verə, onun düşüncə sistemini daha dərindən, daha yaxından öyrənə və onu Şərq fəlsəfəsini və Şərq ədəbiyyatını dərindən bilən bir insan kimi qəbul edə bilirik.
Fuad Babayev: O, “Qüdsi” təxəllüsü ilə əsərlər yazıb, həm də şair olub. Orta və ali məktəblərdə Bakıxanovın bədii yaradıcılığı öyrənilir?
İradə Vəzirova: Yəqin ki, çəkisinə uyğun tədris olunmur. Yəni mən məktəbdə rus bölməsini bitirmişəm və biz Bakıxanovı çox səthi keçmişdik. Vaxtilə bununla maraqlanmışdım, yəni Azərbaycan bölməsində Bakıxanovun adı keçir, amma çox səthi.
Mətanət Şəkixanova: Bakıxanov ilk əsərini, “Riyazül-Qüds”-ü 25-26 yaşında yazıb. O əsər də bilirsiniz ki, Peyğəmbər övladlarına həsr olunub. Onları bu əsərdə öyür, mədh edir. Bakıxanov 52 yaşında çar hökumətindən xahiş edib ki, onu Məkkəyə göndərsinlər. Səyahətinin də planını cızıb. Yəni sanki son yolculuğunu edirmiş kimi planlı surətdə bu səfərə çıxıb. Səfərdə də Məhəmməd ağa adlı Dağıstan axundu ona yol yoldaşı olub. Bakıxanov onun yanında Allaha yalvarıb xahiş edir ki, Allahım, hansı ölkədə olmuşamsa, o ölkə padişahından mükafat almışam, sənin də mükafatını istəyirəm. Axund soruşur ki, ay Abbasqulu ağa, burada nə mükafat istəyirsən?
Fuad Babayev: Yəni orada dünyasını dəyişmək istəyib.
Mətanət Şəkixanova: Bəli, deyir ki, burada ölmək istəyirəm. Bakıxanov vəfat etdiyi il orada vəbadan 6 min adam ölür.
İradə Vəzirova: “Əsrarül-məlaküt” əsərinin son fəslində müqəddəs kitabımızın göy cisimlərinə aid olan bütün ayələrini ora əlavə edib.
Fuad Babayev: Bəs Bakıxanovun irsinin öyrənilməsində hansı aspektlər boş qalıb?
İradə Vəzirova: İlk olaraq onu deyək ki, Bakıxanov həqiqətən vətənpərvər olub. “Gülüstani-İrəm”də onun son sözündə bu diyarın övladı olmağı ilə fəxr etdiyini yazıb. Bu ifadə kifayətdir ki, biz Bakıxanovla dərindən maraqlanaq, onun düşüncəsini, fikrini, təfəkkürünü öyrənək. Yəni ilk olaraq Bakıxanovu buradan öyrənməyə başlamalıyıq. İkincisi, onun maarifçiliyini təkrarən qeyd etmək istərdim. Müsəlman məktəbinin 11 bəndli layihəsini verib və layihədə hansı fənlərin tədris olunması, o fənləri kimlərin tədris edəcəyi yazılıb. Bununla yanaşı, orada kasıb ailələrdən olan uşaqların pansionat kimi yerdə qalmasını xüsusi qeyd edib. Yəni bu insan xalqına nə qədər yaxın olub, onu nə qədər sevib ki, onun gələcəyini düşünərək bu layihəni qələmə alıb.
Sovet dönəmində bir nöqteyi-nəzər olub ki, Bakıxanov çar ordusunda xidmət edib, yəni imperiyaya xidmət edib. Abbasqulu ağa çar Rusiyasının medalları ilə təltif olunub. Bundan başqa, İran dövlətinin ikinci dərəcəli “Şiri-Xurşid medalı ilə təltif olunub, amma o medal Bakıxanova gəlib çatmayıb. Bizim arxivdə sənədlərin birində yazılıb ki, Bakıxanov bu medala layiq görülüb və karandaşla onun adının üstündə qeyd olunub ki, “O öldü, ona görə də medalı taxmayacaq” («он умер, следовательно, медаль носить не будет»). Çox istərdim ki, o medalın tarixi deyil, aqibəti araşdırılsın.. Qoy həmin medal Azərbaycana gətirilsin və onun muzeyində nümayiş etdirilsin.
Fuad Babayev: Bu məsələ, əslində jurnalist tədqiqatının mövzusudur, amma alim də bu missyanı üzərinə götürə bilər.
İradə Vəzirova: Abbasqulu ağa Bakıxanov Qubada “Gülüstan” ədəbi məclisi təsis etmişdi və o, müəyyən müddət fəaliyyət göstərib. Hal-hazırda yenidən onun fəaliyyətini bərpa ediblər və ayda bir dəfə orada gözəl bir ədəbi məclis geçirilir.
Mətanət Şəkixanova: Abbasqulu ağa Bakıxanov haqqında çox danışmaq olar. Məsələn, mən bir yazımda belə bir nüansı qeyd etmişdim ki, o, çar hökumətinin göydə axtardığı, nə hikmət isə yerdə əlinə düşən personaydı. Bilirdilər ki, onda vətənpərvərlik hissi çox yüksəkdir. Məsələn, Quba üsyanında onu təqsirləndirirdilər ki, üsyana rəhbərliyi o edib. Amma o qədər güclü siyasətçi idi ki, vəziyyətdən asanlıqla çıxa bildi. Bəlkə də ruslar özlərini bilməməzliyə vurdular. Çünki onun xidmətinə çox ehtiyacları var idi.
Mən kitabımdan bir cümlə oxumaq istərdim: “Azərbaycan türklərinin tarixində bir çox şəxsiyyətlər var ki, onların nəinki yaradıcılığı, varlığı, yaşam mücadiləsi belə tariximizin çözülməsi üçün zəngin mənbədir. Belə şəxsiyyətlərimizdən biri 2014-cü ildə ölkə prezidentinin 220 illik yubileyinin bir sıra tədbirlərlə keçirilməsi üçün fərmanı verilmiş, Bakı xanlarından Dərgahqulu xanın nəvəsi, İkinci Mirzə Məhəmməd xanın oğlu, Fətəli xanın bacısı oğlu Abbasqulu ağa Bakıxanovdur.
O zaman bizim üçün Abbasqulu ağa Bakıxanov kimdir? Publikaya onu necə tanıtmalı? Abbasqulu ağa Bakıxanov bizim mənəvi atamızdır. O, bizi düzgünlüyə, ləyaqətə, imana, vəfakarlığa dəvət edən babalarımızdandır.
İradə Vəzirova: Mən “Carçı” jurnalında məqaləmi Bakıxanovun düzlük şeiri ilə başlamışdım, istəyirəm sizə oxuyum.
Düzlükdən qüdrətli bir dövlət yoxdur,
Ey Qudsi, düzlükdə səadət çoxdur.
Düz iş yoxlanarsa, nə qorxusu var?
Düşmən də düz işi eyləməz inkar.
Deyək, heç yoxlanmış olmayacaqdır,
Düzlük özü qəlbə möhkəm dayaqdır…
Yəni düzlüyə bu qiyməti verən insanın bizim həqiqətən mənəvi atamız olmasını nəzərə alaraq, onun irsini təbliğ etməliyik. Bu, əli qələm tutan insanlarımızın mənəvi borcudur.
Hazırladı: Mehman İbrahimov, 1905.az
Söhbət 20 sentyabr 2024-cü ildə baş tutub.