“Bu yay ərzində Rumıniyada hərbi təlimlər keçirmək planımız var. Azərbaycan hərbçiləri də bu təlimlərdə iştirak edəcəklər”.
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının rəhbəri, general Ben Hodces deyib. O bildirib ki, Azərbaycanın hərbi nümayəndələri ilə hərbi sahədə gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb: “Gürcüstanda “Noble Partner” adlı təlimlər keçirilib. Gələn il keçiriləcək təlimlərə Azərbaycan hərbçilərinin də cəlb edilməsi ilə bağlı müzakirələr aparılıb”.
B. Hodcesin sözlərinə görə, müzakirələr zamanı Azərbaycanı hərbi sahədə təmsil edən şəxslərə bildirib ki, dəvət gələcəyi təqdirdə, ABŞ hərbçiləri Azərbaycana gəlib, birgə təlimlərdə iştirak də bilər: “Mən də istəyirəm bizim hərbçilər Azərbaycana gəlib təlim keçsinlər və bu bölgəyə xas olan təcrübəni qazana bilsinlər”.
Qeyd edək ki, Gürcüstanda ABŞ və Britaniya hərbçilərinin və döyüş texnikasının iştirakı ilə keçirilən təlimlər başa çatıb.