Aprelin 29-da “Gülüstan” sarayında “ADA” Universitetinin məzun buraxılışı və “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
“ADA” Universitetinin məzun buraxılışı daha bir vacib ənənə ilə üst-üstə düşdü – “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi. Bu gün həm də “ADA” Universiteti milli təhsilimizdə göstərdiyi xidmətin 10 illik yubileyini qeyd etdi.
Tədbir Azərbaycan Dövlət bayrağının salona gətirilməsi ilə başlandı. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndi.
“ADA” Universitetinin prorektoru Emin Hüseynov bildirdi ki, bu gün universitet üçün böyük hadisədir. Bu il bakalavr üzrə ilk buraxılışdır. “Beynəlxalq təhsil sənəti” bakalavrı üzrə 20, “Biznes idarəçiliyi” bakalavrı üzrə 38 məzun buraxılır. Həmçinin 2 ixtisas üzrə 29 magistr olub. Onlar Azərbaycan, Əfqanıstan, Yaponiya, Keniya, Monteneqro, Qırğızıstan, Rusiya, Serbiya, Suriya, Zambiya ölkələrindəndir.
Məzunlara diplomlar təqdim edildi.
Rektor Hafiz Paşayev məzunları təbrik etdi.
“ADA” Universitetinin builki məzun buraxılışı Fikrət Əmirovun “1001 gecə” baletindən fraqmentin səsləndirilməsi ilə müşayiət olundu.
Sonra çıxış edən “ADA” Universitetinin birinci prorektoru Qalib Məmmədov Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı apardığı mübarizədən danışdı. Vətən uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qalib Məmmədov bildirdi ki, “ADA” Universiteti bu dövlətin, bu xalqın sayəsində yaradılıb. Buna görə də təhsil ocağı istedadlı gəncləri tapıb oxutmalıdır. Bu məqsədlə təqaüd fondu təsis edib. İki həftə ərzində bu fonda 1 milyon manatdan çox vəsait toplanıb. İlin sonunadək həmin vəsaitin 3 milyon manata çatacağı gözlənilir. Bu vəsaitin hesabına Vətən uğrunda şəhid olanların övladları təhsil alacaq.
Qeyd edək ki, “ADA” Universitetinin tələbələri tədris ili ərzində vətəndaşlıq məsuliyyəti və ictimai fəallığa istiqamətlənən layihələr həyata keçirir. Bu il də istisna olmayıb. Ən yaxşı layihələr müəllim və tələbələrdən ibarət münsiflər heyəti tərəfindən seçilib və Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülüb. Builki qaliblər 22 layihə arasından seçilib. Mükafata layiq görülən layihələrlə tanışlıqdan sonra Hacı Zeynalabdin Tağıyev mükafatının təqdimatı keçirildi. İki layihə birinci yerə layiq görüldü.
Tədbirdə Azərbaycan maarifçiliyində xidmətləri olan şəxslər haqqında məlumat verildi. “ADA” Universitetinin məzunları haqqında videoçarx nümayiş olundu.
Tədbirin bayram əhval-ruhiyyəsini artıran dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin ifasında Aqşin Əlizadənin “Cəngi”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən musiqi parçaları oldu.
Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə dəfələrlə qayıdıldı. Bildirildi ki, aprelin əvvəlində bütün dünyanın gözü Azərbaycanda idi. Dörd gün bütün Azərbaycan ayaq üstə idi. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 il ərzində ən irimiqyaslı döyüşlər baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçirildi. Milli Ordumuz bizə qələbə sevinci yaşatdı. Amma bunun ağrı-acısı da oldu. Şəhidlik zirvəsinə ucalmış igid oğulların xatirəsi Qara Qarayevin “Matəm odası” əsərinin müşayiəti ilə anıldı.
“ADA” Universitetinin 10 illik yubileyi ilə əlaqədar çıxış edən akademik Roald Saqdeyev universitetin rektoru, professor Hafiz Paşayevlə onun hələ müstəqil Azərbaycanın Birləşmiş Ştatlarda ilk səfiri olarkən görüşlərini, söhbətlərini xatırlatdı. Diqqətə çatdırdı ki, söhbətlərdən birində Hafiz Paşayev öz arzusu ilə bölüşdü və bu arzusunun Azərbaycanda diplomatik akademiyanın açılması olduğunu bildirdi. Bu gün isə bu arzu artıq reallığa çevrilib və “ADA” Universiteti öz 10 illik yubileyini qeyd edir. “Mən bu arzunun gerçəkləşəcəyinə inanırdım, amma özümün burada dərs deyəcəyimi təsəvvür etməzdim”, – deyən Roald Saqdeyev çıxışını Benjamin Franklinin “Öz pul kisəni beyninə boşalt. Biliyə sərmayədən yaxşı heç nə yoxdur” sözləri ilə yekunlaşdırdı.
“ADA” Universitetinin rektoru Hafiz Paşayev universitetin ilk bakalavr sinfinin məzun olması münasibətilə sevinc hissi keçirdiklərini bildirdi. Qeyd etdi ki, tədbirin bu əzəmətli sarayda keçirilməsinin rəmzi mənası var. Belə ki, 1994-cü ildə “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin imzalanması olub. Məhz bu zalda uzaqgörən lider Heydər Əliyev müasir Azərbaycanın təməl daşını qoyub. Məhz burada ölkənin “qara qızıl” sərvətinin çətinliklə qazanılmış müstəqilliyimizin möhkəmlənməsinə yönəlməsi haqda qərar imzalanıb. Onun nəticəsidir ki, bu məkanda keçirilən mərasim “insan qızılı” haqqındadır. Prezident İlham Əliyevin Diplomatik Akademiyanın yaradılması ilə bağlı tapşırığından söhbət açan Hafiz Paşayev o vaxt bu istiqamətdə atılan addımlardan danışdı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi. Məzunları və valideynləri təbrik edən Mehriban Əliyeva ölkəmizdə təhsil sahəsinə göstərilən diqqətdən danışdı. Hər bir ölkənin, millətin gücünün onun intellektual potensialında olduğunu deyən Azərbaycanın birinci xanımı ölkəmizin bütün sahələrdə inkişaf etdiyini bildirdi.
Tədbirdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndi.
Mərasim atəşfəşanlıqla yekunlaşdı.
AZƏRTAC