
Aprelin 30-da doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə köçürülən 158 nəfərdən ibarət 35 ailəyə yeni tikilmiş evlərinin açarları təqdim olunub.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
07:10
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 35 ailə – 158 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, 30.04.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Sarıcalı kəndinə cəmi 184 ailə (767 nəfər) köçürülüb.