Min illər bundan qabaq Fales adlı bir filosof olub. Fales indiki Türkiyənin ərazisində yerləşən Milet şəhərində yaşadığından onu hamı Miletli Fales kimi tanıyır. Bu şəxs fəlsəfə tarixində Milet məktəbi kimi qalmış cərəyanın banisi, məşhur Anaksimandrın müəllimi olub. Və xeyli iş görüb.
O həm yaxşı alimmiş, həm də fərasətli adammış. Pul qazana bilirmiş.
Rəvayətə görə, günlərin bir günü Falesdən soruşurlar ki, o belə ağıllı olduğu halda niyə kasıbdır. (O zaman ABŞ-ın izi-tozu da yox idi. Amma belə məlum olur ki, amerikalıların ”Əgər sən belə ağıllısansa, niyə kasıbsan?” sualı onda da verilirmiş. Fales qalır ki, nə desin. Başa düşür ki, əgər ağılla pul qazanmağın mümkünsüzlüyünü etiraf etsə, onda miletlilərin Miletə olan etibarı azala bilər. Həmdə özü hörmətdən düşər.
Nə başınızı ağrıdım, Fales başlayır pul qazanmaq barə də fikirləşməyə. Araşdırmalar aparıb aydınlaşdırır ki, gələn il zeytun bol olacaq. Əlində olan pulları götürüb gedir yağ emal edən yerlərə. Və həmin yerlərin hamısını icarəyə götürür. İcarə müqavilələrini də aparıb gizlədir evində. Zeytunun bol olacağını ondan başqa heç kim bilmədiyindən, icarə haqqı da yüksək olmur, Falesin bütün yerləri icarəyə götürməyə pulu çatır.
Elə ki, zeytun yığımı başlayır, o vaxtın fermerləri başa düşürlər ki, məhsul həddən artıq çoxdur. Və üz tuturlar yağ emal edən yerlərə. Hara gedirlər kor-peşman qayıdırlar. Çünki, məlum olur ki, Fales bütün emal yerlərini icarəyə götürüb, müqavilələri də aparıb gizlədib evində. Yəni monopoliyanı alıb ələ. Ona görə də fermerlər gedib Faleslə sövdələşməyə məcbur olurlar. Fales gözünə döndüyüm də, ağlına gələn qiyməti oxuyur həmin bu fermerlərə. Bunlar da neyləsinlər? Mal tələf olur axı. Qərara alırlar ki, Fales deyən qiyməti ödəsinlər və bankrot olmasınlar.
Fales də qazandığı pulları ona rişxənd eləyən adamlara göstərir və təxminən aşağıdakı sözləri deyir: “İndi gördünüz ki, müdrik adamlar da pul qazana bilirlər?”
Birdə yadınıza salıram ki,bu hadisə minillər bundan qabaq olub. Milet şəhərində.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 52-53)