Ali təhsil müəssisələrinə qəbul imtahanı başlayıb. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 8-də keçirilən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 18 min 623 abituriyentin iştirakı nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, abituriyentlərdən 16 min 942 nəfər Azərbaycan, 1681 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 4720 nəfəri oğlan, 13903 nəfəri isə qızdır. 16358 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2265 nəfər əvvəlki illərin məzunudur. 39 nəfər ali təhsil müəssisələrinin, 361 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 72 abituriyent xarici ölkələrin vətəndaşıdır.
İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahan keçirilən şəhər və rayonlarda 76 imtahan binası, 1387 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 76 ümumi imtahan rəhbəri, 229 imtahan rəhbəri, 1733 nəzarətçi–müəllim, 236 buraxılış rejimi əməkdaşı, 76 bina nümayəndəsi cəlb edilib.