…1988-ci ildə erməni terrorçuları tərəfindən sonuncu deportasiya zamanı Allahverdi rayonunda – 4, Araratda – 7, Amasiyada – 12, Basarkeçərdə – 45, Quqarkda – 22, Qafanda – 7, Kalininoda – 10, Krasnoseloda – 16, Kirovakanda – 2, Gorusda – 3, Əzizbəyovda – 15, İcevanda – 7, İrəvanda – 4, Noyemberyanda – 4, Masisdə – 21, Yeğeqnadzorda – 1, Razdanda – 3, Sisianda – 5, Spitakda – 15, Stepanavanda – 9 azərbaycanlı qətlə yetirilib. Rəsmi məlumata görə, soydaşlarımız yalnız azərbaycanlılar yaşayan 171 kənddən, qarışıq yaşadıqları 89 yaşayış məntəqəsindən zorla çıxarılıblar. 217 nəfər həlak olub. Qaçqın düşmüş soydaşlarımızın sayı 200 min, bəzən də 300 min deyilir. Əlbəttə, vətəndən qovulanların dərədə, dağda, uçqunda qalanı, şaxtada donub öləni, qurda-quşa yem olanı, itkin düşəni bu siyahılara düşməyib. Bir fakt: “Ermənistan azərbaycanlılarının soyqırımı” kitabında oxuyuruq ki, Spitakda 1988-ci il noyabr ayının 27-də 5 yaşından 12 yaşınadək olan uşaqları analarının əlindən alaraq 20 metr uzunluğunda boruya doldurublar. Amma bu 70 uşağın adı heç yerə yazılmayıb. Eləcə də həmin kitabda şahidlər söyləyirlər ki, boru dolduqdan sonra yerdə qalan uşaqları avtobusa yığıb harasa apardılar. Uşağını istəyən analara isə “Amerikaya göndərəcəyik” – dedilər. Salamat qurtarıb Bakıya gələn Mədinə adlı bir qadın o zaman bizimlə söhbətində yana-yana söylədi ki, 8 yaşlı oğlu Əruzu, 6 yaşlı qızı Aygünü ermənilər əlindən alaraq boruya salmışdılar. Qadın onu da deyirdi ki, ermənilər borunu aparıb bir çayın kənarında qoyub gediblər. O cümlədən, girov qalanların, sonradan ölümlə üzləşərək dünyasını dəyişənlərin siyahısı hələ də dəqiq deyil. Bir faktı da vurğulayaq ki, doğma yurdlarından didərgin düşən soydaşlarımızın o dövrdə övladları müxtəlif şəhərlərdə ali təhsil alırdılar, müvəqqəti işləyirdilər, hərbi xidmətdə öz borclarını yetirənlər də var idi. Bax, həmin insanların da adları o siyahıya düşməyib. Halbuki elə onlar da doğma torpağını, doğulduqları yurdu itiriblər.
Beləliklə, 1988-ci il noyabrın sonu dekabrın əvvəlində cəmi iki həftə ərzində 300 mindən çox azərbaycanlı ermənilər tərəfindən silah gücünə öz doğma yurdundan qovuldu. Özü də necə? Qışın soyuğunda yurd-yuvalarından əliboş, pal-paltarsız, ayaqyalın, işgəncələrə məruz qala-qala…
Bir-iki kəlmə də respublikamızdan getmiş erməni “qaçqınları” barədə. Azərbaycanda tarixən ermənilərə qarşı pis münasibət olmayıb. Həmişə dava-dalaşı, milli qırğını, qanlı olayları, iğtişaşları ermənilər törədib. Bıçaq sümüyə dirənəndə azərbaycanlıların səbri daşıb üzlərini bozardanda ermənilər dərhal başlayıblar hay-küy qoparmağa, qara-qışqırıq salmağa: “Ay aman, qoymayın, türklər bizi qırdılar”. Ermənilər Bakıda respublikaya məxsus hökumət evlərini dəyişmək adı altında çox baha qiymətə satandan sonra niyə o “dəyişdikləri” (guya Ermənistandan qovulanlarla dəyişirdilər) evlərə yox, məhz Moskvaya, Rostova, Krasnodara və digər şəhərlərə üz tutdular? Ermənistandan qovulan azərbaycanlılar üstü açıq maşınlarda, pay-piyada uçurumlu, sıldırımlı dağ yollarında qarda-tufanda itə-itə, dona-dona Azərbaycana üz tutublar. Amma Bakı erməniləri evlərini sataraq, əşyalarını konteynerə yığaraq istədikləri ünvana göndərdilər. Özləri də yumşaq vaqonlarda, rahat təyyarələrdə, isti paltarlarda, cibləri dolu, kefləri çağ çoxdan arzusunda olduqları ünvanlara təşrif apardılar. Bunlar elə dəqiq faktlardır ki, maraqlananlar onu nəqliyyat vasitələrinin vağzallarındakı qeydiyyat kitabçalarından öyrənə bilər.
1988-ci il xalqımızın həyatında çox dəhşətli oldu. Soydaşlarımız indiki Ermənistandan – dədə-baba torpaqlarından kütləvi surətdə min bir işgəncə ilə qovuldu. Türklərin vətəni türksüz qaldı. Amma bu gün də Bakıda 30 minə yaxın erməni yaşamaqdadır. Bir millət və xalq olaraq bizim təbiətimizdə şovinistlik yoxdur. Amma faktlar göstərir ki, bizi daşlayan yağını aşla qarşılamağın zamanı arxivə verilib!
28.10.2015
Flora Xəlilzadənin “Qərbi Azərbaycan deportasiyası” məqaləsindən
“Azərbaycan” qəzeti, 3 dekabr 2011-ci il